Azərbaycanda sığortalanmayan əmanətlərin həcmi artır
Samir Əliyev: “Əmanətlərin Sığortalanması Fonduna üzv olmayan bankların əmanət yığımına qadağa qoyulmalıdır”
Sığortalanmayan əmanətlərin həcminin getdikcə artması təhlükəli tendensiyadır və gələcəkdə bir sıra problemlər yarada bilər. Bu isə əhalinin banklara qarşı kövrək olan inamını bir daha sarsıda bilər. Bu barədə açıqlamasında İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev bildirib. Onun sözlərinə görə, Əmanətlərin Sığortalanması Fondu qorunan əmanətlərin faiz dərəcəsini 12 faizə salmasına baxmayaraq, banklar böyük həvəslə yüksək faizlə əmanət cəlbinin davam etdirir, məlumatsız əhali isə yüksək faizə şirnikləşərək pullarının gələcək taleyini diqqətdən qaçırırlar. Ekspertin fikrincə, bu işdə əhalinin məlumatlandırılması vacibdir: “Əhali hər hansı bankın Sığortalanma Fondunun üzvü olması ilə əmanətlərin sığortalanması məsələsini qarışdırır. Bir sıra hallarda əmanətçilər hesab edirlər ki, əgər bank Fondun üzvüdürsə, deməli, onun yatıracağı vəsait də sığortalanır. Təsadüfi deyil ki, sığortalanmayan əmanətlərin həcmi getdikcə artır. Çünki insanlar yüksək faizə aldanırlar, ancaq əmanətlərinin taleyini bəzən düşünmürlər. Əhalinin az məlumatlı olması belə hallara rəvac verir”
S.Əliyevə görə, son aylar sığortalanmayan əmanətlər kəskin artıb: “2011-ci ilin birinci rübündə qorunmayan əmanətlərin payı 36 faizdən 39 faizə yüksəlib. Bu 3 ay ərzində Fonda üzv olan banklar əhalidən 261,4 milyon manat həcmində vəsait cəlb edə bilib. Bu vəsaitin yalnız 1/3-i 12 faizdən yuxarı olmayan faizlə yığılıb. Bu isə qorunan əmanətin həcminin 82,1 milyon manat olduğunu göstərir. Yerdə qalan 179,4 milyon manatlıq əmanətlər isə daha yüksək faizlə cəlb edilib və qorunmur. Ümumilikdə hazırda 1,2 milyard manat həcmində olan əmanətlər qorunmur. Deməli, həmin vəsaitlərin geri qaytarılacağına tam zəmanət yoxdur”.
Bu gün ölkədə 43 bankın Əmanətlərin Sığortalanması Fondunun üzvü olduğunu xatırladan ekspert hesab edir ki, üzv olmayan bankların əmanət yığımına qadağa qoyulmalıdır: “Aprelin 1-nə ölkə üzrə əmanətlərin həcmi 3,3 milyard manat təşkil edir. Fiziki şəxslərin üzv banklarda olan cəmi əmanətləri isə 3,2 milyard manata bərabərdir. Üzv olmayan banklarda yığılan əmanətlərin həcmi 116 milyon manatdan çoxdur. Bu o deməkdir ki, ölkə üzrə qorunmayan əmanətlərin həcmi 1,4 milyard manat edir. Buna görə də Mərkəzi Bank Fonda üzv olmayan banklarda əmanət cəlbini qadağan etməlidir. Əks halda bu, Mərkəzi Bankın özünə problem yarada bilər”.
Bundan əvvəl 3 bankın lisenziyasının geri alındığını və hazırda 5 bankın ləğv etmə prosesində olduğunu xatırladan ekspert əhalini ayıq-sayıq olmağa, yüksək faizlərə yox, etibarlı əllərə üstünlük verməyə çağırdı.
Xatırladaq ki, 1 iyun 2010-cu il tarixdən üzv banklarda illik 12 faizdən yuxarı faiz dərəcəsi ilə yerləşdirilmiş əmanətlər Fond tərəfindən sığorta olunmur və onlara görə kompensasiya ödənilmir. Kompensasiya məbləğinin maksimum həddi 30 min manatdır. Əmanətçilər əmanətlərin sığortalanması üçün heç bir ödəniş etmirlər. Sığorta haqları yalnız banklar tərəfindən ödənilir.
|