MƏQALƏLƏR

“Azərbaycan İqtisadçılar İttifaqı” İctimai Birliyi layihənin icrasını davam etdirir

  • 25.08.2022

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Şuşa ili” çərçivəsində elan etdiyi xüsusi qrant müsabiqəsinin qalibi olan “Azərbaycan İqtisadçılar İttifaqı” İctimai Birliyi “Şuşa rayonunun demoqrafik, sosial-iqtisadi inkişaf vəziyyəti və prespektivləri” adlı layihənin icrasını davam etdirir.
Layihədə Şuşanın iqtisadi, sosial, demoqrafik göstəricilərinin son 100 illiyin ayrı-ayrı dövrləri üzrə kompleks araşdırılması, onun dünəni, bu günü və gələcək inkişafı barədə təklif və tövsiyələrin hazırlanması nəzərdə tutulur. Qarabağ regionunun, xüsusən Şuşanın kompleks göstəricilərinin müqayisəli təhlili əsasında kurort imkanlarının araşdırılması, burada beynəlxalq miqyaslı müalicə ocaqlarının yaradılması ilə bağlı təkliflərin hazırlanması üzərində işlər gedir. Ekspertlər tərəfindən Şuşa rayonunda tarixən formalaşmış məskunlaşmanın ümumi və fərqli xüsusiyyətləri müəyyənləşdiriləcək, burada yaşayacaq əhalinin optimal sayı barədə müvafiq proqnozlar veriləcək və işğala qədər Şuşa rayonunda kənd təsərrüfatı istehsalının dinamikası, şəhər əhalisinin ərzaq məhsulları ilə təmin edilməsi, ekoloji təmiz məhsul istehsalının təşkili imkanları araşdırılacaq. İşğaldan azad olunmuş ərazilərdə məskunlaşacaq əhalinin keyfiyyət tərkibinin, potensialının öyrənilməsi, regionun davamlı və keyfiyyətli inkişafı üçün mütəxəssislərə olan ehtiyacın müəyyən edilməsi nəzərdə tutulur.
Layihənin sonrakı icrasını müzakirə etmək məqsədilə təşkil edilən iclasda əməkdaşlar öz fikir və mülahizələrini bölüşdülər və onların hər biri görəcəyi işlər barədə tapşırıqlar aldılar. Layihənin gedişatı təşkilatın orqanı olan “İqtisadiyyat” qəzetində, digər qəzet və saytlarda mütəmadi olaraq dərc ediləcək.