MƏQALƏLƏR

Ziyad Səmədzadə: GÜCLÜ DÖVLƏT, QALİB XALQ, MÜZƏFFƏR ALİ BAŞ KOMANDAN… YENİLƏNDİ

  • 06.10.2022

 Bütün qlobal siyasi platformalarda milli maraqlarını qətiyyətlə təmin edən Azərbaycan döyüş meydanında da yeni zəfərlər qazanır

 

Vətən müharibəsini Zəfərlə başa vuran Azərbaycan bölgədə tamamilə yeni reallıqlar yaradıb. Ən böyük reallıq, əlbəttə ki, torpaqlarımızın azad edilməsi, Ermənistanın işğalçı siyasətinə son qoyulmasıdır. Yeni reallıqlar zəminində qarşıda duran digər məsələlər bölgədə kommunikasiyaların açılması, sərhədlərin delimitasiya və demarkasiyası, sülhün təmin olunmasıdır. Bu prosesdə isə artıq söz diplomatiyanındır.
Əlbəttə, «Dəmir yumruq» da yerindədir və istər avqustun 3-də Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu «Qisas» əməliyyatı, istərsə də sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistanın hərbi təxribatlarının qarşısının alınması ilə bağlı görülən tədbirlər bunu təsdiq edir. Görünən odur ki, İrəvanın hərbi avantüraları, regionda formalaşmış yeni reallığın dəyişdirilməsi isitqamətində atılan istənilən addım Ermənistanın özü üçün yeni faciələrə gətirib çıxarır.

Azərbaycanın əzəli torpaqlarını işğaldan azad etməsi bütün beynəlxalq səviyyələrdə qəbul olunur
Ümumilikdə, rəsmi Bakı Vətən müharibəsindən sonrakı prosesləri diplomatik müstəvidə nizamlamağa tərəfdardır və bu məsələdə ən böyük nailiyyət odur ki, artıq bütün dünya 44 günlük müharibənin nəticələrini tanıyır, regionda yaranmış yeni reallıqları bölüşür. Azərbaycanın yürütdüyü qətiyyətli siyasətin nəticəsi olaraq ermənipərəst mövqeyi ilə tanınan Qərb siyasi dairələri də müharibənin nəticələrini qəbul edir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin fəal və müdrik diplomatiyası Ermənistanın müdafiəsinə qalxmış bəzi dövlətlərin və siyasi mərkəzlərin savaşın nəticəsi ilə uzlaşan mövqe ortaya qoymaları ilə nəticələndi. Bununla həm də sübut olundu ki, Azərbaycanı öz yolundan heç bir qüvvə dayandıra bilməz və dövlətimiz istənilən vasitə ilə milli maraqlarını təmin etməyə qadirdir. «Nəticədə bu gün beynəlxalq təşkilatlar – BMT, Qoşulmama Hərəkatı, ATƏT, Avropa İttifaqı, MDB bu reallıqları tamamilə qəbul ediblər. Biz bunu həm formal mənada, həm də xalis ünsiyyətdə görürük. Üstəlik, mən beynəlxalq strukturların çoxsaylı rəhbərləri və dövlət başçıları ilə əlaqədə olarkən müşahidə edirəm, indi biz öz haqq işimizə qat-qat artıq dəstək görürük», - deyə Prezident İlham Əliyev bildirib.
Artıq Azərbaycanın qələbəsi bütün beynəlxalq səviyyələrdə tam qəbul olunur. Əlbəttə ki, Azərbaycanın hakimiyyət orqanlarının siyasi-diplomatik fəaliyyəti bu məsələdə əhəmiyyətli rol oynadı. Belə ki, müharibənin başa çatmasından dərhal sonra xarici diplomatik korpusun nümayəndələrinin, respublikamıza gələn əcnəbi qonaqların işğaldan azad olunmuş ərazilərə səfərləri təşkil olundu. Bununla da döyüşlərin başa çatmasından sonra dünya erməni vəhşiliyinə, Ermənistanın işğal altında saxladığı Azərbaycan torpaqlarında törətdiyi cinayətlərə şahidlik etdi.
Bütün bunların fonunda belə bir həqiqət də öz təsdiqini tapdı ki, güclü və müdrik lideri olan dövlət qarşısında duran bütün məqsədələrə çata bilir. Bu baxımdan Vətən müharibəsindən sonrakı prosesləri Prezident İlham Əliyevin siyasi-diplomatik fəaliyyəti kontekstindən nəzərdən keçirdikdə onun güclü lider kriteriyalarına cavab verən siyasi lider olduğu bir daha qabarıq görünür.

Moskva görüşü: müzəffər İlham Əliyev və çaşqın Paşinyan
Hazırda müharibədən sonra yaranmış yeni reallıqlar zəminində Ermənistanda münasibətlərin normallaşdırılması ilə bağlı müzakirələrdə milli mənafelərimiz qətiyyətlə bildirilir. Ötən ilin yanvarında Moskvada, noyabr ayında Soçidə və daha sonra Brüsseldə keçirilən üçtərəfli görüşlər bunu təsdiq edir.
2020-ci il noyabr ayının 10-da imzalanan üçtərəfli Bəyanat Azərbaycanın hərbi qələbəsinin, Ermənistanın isə məğlubiyyətinin hüquqi-siyasi təsdiqi oldu. Ermənistan müxalifəti bu sənədlə razılaşmaq istəməsə də, vəziyyətdən başqa çıxış yolu yoxdur. Ermənistanda iqtidarda Nikol Paşinyanın və ya qeyrisinin olmasından asılı olmayaraq, hakimiyyət üçtərəfli razılaşmaya əməl etməyə məcburdur. Rusiya Prezidenti Vladimir Putin də 2020-ci ilin noyabrında müsahibəsində bildirdi ki, Ermənistanın Qarabağla bağlı razılaşmadan imtina etməsi ölkə üçün intihar olar. Elə bugünkü hadisələrin də gedişatı Ermənistanın qalib Azərbaycanın yaratdığı reallıqlarla barışmaqdan, region dövlətləri ilə sivil əməkdaşlıqdan başqa yolu olmadığını təsdiq edir.
Rusiya Prezidenti Vladimir Putinin təklifi ilə ötən il yanvarın 11-də Moskvada Azərbaycan və Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin iştirakı ilə keçirilən üçtərəfli görüşün də məqsədi noyabrın 10-da imzalanış üçtərəfli Bəyanatda göstərilmiş əsas nizamlama istiqamətləri üzrə növbəti addımların razılaşdırılması idi. Bütün bunlar isə regionda sülhün, təhlükəsizliyin və inkişafın təmin olunmasına xidmət edəcək tədbirlərin həyata keçirilməsini özündə ehtiva etdi ki, bu da Azərbaycanın maraqlarına, Qarabağ və regional əməkdaşlığa dair siyasətinin məzmununa uyğundur.
Moskvada aparılan üçtərəfli danışıqlardan sonra Azərbaycan və Rusiya prezidentləri və Ermənistanın baş naziri üçtərəfli Bəyanat imzaladılar. İqtisadi və regional əməkadaşlıq məsələlərini nəzərdə tutan bu Bəyanatın qəbul olunması ilə bir daha təsdiq edildi ki, regionun gələcəyi hazırkı nəticələrin təftişi deyil, perspektivə istiqamətlənmiş məsələlərin həyata keçirilməsi ilə bağlıdır. Eyni zamanda, bu sənəd bir daha ona dəlalət etdi ki, Ermənistanın işğal siyasətindən əl çəkməkdən, regional əməkdaşlıqdan başqa yolu yoxdur. Çünki Bəyanat 2020-ci il 10 noyabr tarixli Bəyanatın 9-cu bəndinin regionda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı hissəsinin reallaşdırılması ilə bağlı idi. Həmin bənd bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunmasını, Azərbaycanın qərb rayonları və Naxçıvan arasında nəqliyyat əlaqəsinin yaradılması məqsədilə yeni nəqliyyat kommunikasiyalarının inşasını nəzərdə tutur.
Bu Bəyanat Ermənistanı reallıqlarla barışmağa məcbur edən mühüm siyasi-hüquqi öhdəlik oldu. Ermənistanda müxalifət bu Bəyanata qarşı çıxış etsə də, baş nazir Nikol Paşinyanın başqa yolu yox idi. Çünki Ermənistan müxalifətinin variantı əvvəldə qeyd edildiyi kimi, intihardan başqa bir şey deyil.
Rusiya Prezidenti Vladimir Putin heç bir çıxışında status və digər bu kimi məsələlərə ümumiyyətlə toxunmadı. Həmin məsələlər birgə Bəyanatda da əksini tapmadı. Çünki Qarabağ Azərbaycandır və Ermənistanın status xülyasına birdəfəlik son qoyulub.
Paşinyanın toxunduğu hərbi əsirlər məsələsinə gəldikdə isə Vladimir Putin üçtərəfli görüşdə «Əsirlər və həlak olanların cəsədləri Rusiyanın vasitəçiliyi ilə dəyişdirilib» deməklə bu mövzunun qapandığını bildirdi. 2020-ci il noyabrın 10-dan sonra işğal olunmuş Azərbaycan ərazilərində ələ keçirilən erməni silahlıları hərbi əsir sayıla bilməz, onlar terrorçu və diversantlardır.
Ötən ilin yanvarında Moskvada imzalanan üçtərəfli Bəyanat ilk növbədə Ermənistanın işğal siyasətinə qarşı hüquqi sədd çəkdi. Eyni zamanda sənədə əsasən regionda yeni nəqliyyat dəhlizinin yaradılması istiqamətində prioritetlər də dəqiqləşdirildi. Ona görə Moskvada imzalanan Bəyanat Prezident İlham Əliyevin siyasi-diplomatik uğuru oldu.

İlham Əliyevin qətiyyətli mövqeyi Soçi Bəyanatında da əksini tapdı
Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin 2021-ci il noyabrın 26-da Soçidə keçirilən növbəti üçtərəfli görüşü vacib razılaşmaların əldə olunması ilə nəticələndi.
Qeyd edək ki, Ermənistan hakimiyyəti Moskva görüşündən sonra ara-sıra pozitiv fikirlər səsləndirsə də, konkret fəaliyyətdən uzaq olub. 2021-ci il ərzində sərhəddə baş verən insidentlər də məhz Ermənistanın qeyri-adekvat hərəkətləri səbəbindən meydana çıxıb. Düzdür, insidentlər sistemli xarakter daşımayıb. Bununla belə, Azərbaycan-Ermənistan dövlət sərhədində baş vermiş toqquşmalar risklərə nəzarət etmək, onları minimallaşdırmaq və yekun sülh razılaşması üzərində işləməklə bağlı məsələlərin müzakirəsini, o cümlədən üçtərəfli formatda müzakirəsini zəruri edirdi. Soçi görüşü də bu baxımdan əhəmiyyət daşıyırdı.
Soçi görüşünün əsas müzakirə mövzusu 2020-ci il noyabr Bəyanatının, həmçinin regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası haqqında 2021-ci il 11 yanvar tarixli Bəyanatın yerinə yetirilməsinin gedişi barədə oldu. Prezident İlham Əliyev üçtərəfli görüşdə Azərbaycanın mövqeyini bir daha diqqətə çatdıraraq deyib: «Ermənistan ilə Azərbaycan arasında sərhəd delimitasiya edilməyib. Buna görə biz dəfələrlə açıq bildirmişik ki, delimitasiya prosesinə təxirə salınmadan başlamağa hazırıq. Üstəlik, biz Ermənistan tərəfinə açıq təklif etmişik ki, qarşıdurmaya son qoymaq, bir-birinin ərazi bütövlüyünü, suverenliyini tanımaq və gələcəkdə qonşular kimi yaşamağı, yenidən qonşular kimi yaşamağı təşviq etmək üçün sülh müqaviləsi üzərində işə başlayaq».
Rusiya Prezidenti Vladimir Putin də mətbuata bəyanatında Prezident İlham Əliyevin toxunduğu məsələlər ətrafında danışdı. Məsələn, Rusiya Prezidenti də iki dövlət arasında sərhədin demarkasiyası və delimitasiya işlərinin başlanılmasını vacib hesab etdi. Eyni zamanda, Vladimir Putin nəqliyyat dəhlizlərinin açılmasından bəhs etdi və bunun həm dəmir yoluna, həm də avtomobil yollarına aid olduğunu xüsusi vurğuladı. Rusiya Prezidentinin fikirləri bir daha göstərdi ki, Zəngəzur dəhlizi layihəsi rəsmi Moskva tərəfindən ən ali səviyyədə dəstəklənir.
Ermənistanı baş naziri Nikol Paşinyan isə hələ Moskva görüşündə olduğu kimi, bu dəfəki üçtərəfli görüşdə də gündəlikdə olmayan məsələyə toxunmaqla Azərbaycanı ittiham etməyə cəhdlər göstərdi.  Bütövlükdə, Soçidəki üçtərəfli görüşün nəticələri Azərbaycan üçün müsbət və əhəmiyyətli oldu. Yeni bəyanatda da məhz Prezident İlham Əliyevin mövqeyi və irəli sürdüyü, Rusiya Prezidentinin də dəstəklədiyi məsələlər öz əksini tapdı. Məsələn, bəyanata əsasən tərəflər Azərbaycan-Ermənistan sərhədində sabitlik və təhlükəsizlik səviyyəsinin artırılması üzrə addımlar atılması və dövlət sərhədinin delimitasiyası üzrə ikitərəfli komissiyanın yaradılması barədə şərtləşdilər. Eyni zamanda, tərəflər regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası üzrə təsis edilmiş Üçtərəfli İşçi Qrupunun fəaliyyətini yüksək qiymətləndirdilər və regionun iqtisadi potensialının üzə çıxarılması məqsədilə konkret layihələrin tezliklə həyata keçirilməsinin zəruriliyini vurğuladılar.
Soçidəki üçtərəfli görüşün nəticələri Azərbaycanın növbəti siyasi-diplomatik uğuru oldu. Prezident İlham Əliyevin regiondakı reallıqlara dair mövqeyi bəyanatda tam şəkildə öz əksini tapdı. Bəyanatda Qarabağ ifadəsinin olmaması da, erməni tərəfinin iddia etdiyi əsir və ya girovlar məsələsinə toxunulmaması da Azərbaycanın haqlı və qətiyyətli mövqeyinin təntənəsidir.
Beləliklə, Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin 2021-ci il noyabrın 26-da Soçidə keçirilən növbəti üçtərəfli görüşü vacib razılaşmaların əldə olunması ilə nəticələndi. Bizim üçün mühüm olan həm də odur ki, bu ilin yanvarında Moskvada keçirilən ilk görüşdə olduğu kimi, Prezident İlham Əliyev Soçidə də müzakirə olunan bütün məsələlərdə Azərbaycanın maraq və mənafelərini qətiyyətlə təmin etdi.

Prosesə Avropa İttifaqı qoşulur
Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinə ötən ilin dekabr ayından Avropa İttifaqı da qoşulub. Avropanın bu aparıcı təşkilatının əsas təsisatlarından olan Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə aparılan danışıqlar normallaşma prosesini yeni keyfiyyət mərhələsinə yüksəldib. Addım-addım olsa da, prosesdə uğurlu nəticələr görünməkdədir.
Bu məqamda onu qeyd edək ki, qlobal siyasi və iqtisadi güc mərkəzlərindən biri olan Aİ Azərbaycanın ən vacib tərəfdaşlarından biridir. Təsadüfi deyil ki, Aİ-yə üzv dövlətlərin üçdə bir hissəsi ilə Azərbaycan arasında Strateji Tərəfdaşlıq adlanan sənədlər və bəyannamələr imzalanıb. 
Azərbaycanla Aİ arasında paraflanan “Tərəfdaşlıq prioritetləri” sənədi isə Prezident İlham Əliyevin diplomatiyasının mühüm nailiyyətidir. “Tərəfdaşlıq prioritetləri”ndə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünə və suverenliyinə bir daha dəstək ifadə olunub.
Ötən ilin iyul ayında Aİ Şurasının Prezidenti Şarl Mişelin Azərbaycana səfəri respublikamızla bu təşkilat arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyini göstərdi. Şarl Mişelin Azərbaycana səfəri çərçivəsində “Azərkosmos” ASC-ni ziyarət etməsi, İpək yolu və Ələt Azad İqtisadi Zonası ilə bağlı təqdimatda iştirakı Aİ-nin ölkəmizin inkişaf səviyyəsi, eyni zamanda perspektiv inkişaf istiqamətləri ilə maraqlanmasından xəbər verdi. Aİ Şurası Prezidentinin Azərbaycanın regionlarına getməsi, Şamaxıda olması, Cümə məscidini ziyarət etməsi Azərbaycan xalqının dəyərlərinə hörmətinin göstəricisi idi.
Şarl Mişelin Azərbaycana səfəri zamanı keçirilən birgə mətbuat konfransında Prezident İlham Əliyevin açıqladığı rəqəmlər iki tərəf arasındakı münasibətlərin nə qədər genişmiqyaslı olduğunu göstərir. «Avropa İttifaqı bizim üçün yaxın tərəfdaşdır. Biz uzun illərdir müxtəlif sahələrdə işləyirik. Gündəlik çox genişdir və bizim güclü siyasi təmaslarımız, əlbəttə ki, əməkdaşlığımızın şaxələndirilməsi üçün çox yaxşı təməl yaradır. Avropa İttifaqı bizim əsas ticarət tərəfdaşımızdır. Ticarətimizin demək olar ki, 40 faizi Avropa İttifaqı ilə aparılır. Ötən ilki ticarət dövriyyəsi demək olar ki, 9,5 milyard ABŞ dolları idi. Azərbaycanın Avropa İttifaqına üzv dövlətlərlə ixracının həcmi 6,8 milyard ABŞ dolları təşkil edir. Üzv dövlətlərdən 1700-dən çox şirkət Azərbaycanda fəaliyyət göstərir. Bu, həmçinin bizim iqtisadi fəaliyyətimizin miqyasını nümayiş etdirir. Biz üzv dövlətlərlə ikitərəfli əlaqələrdə çox fəalıq. Azərbaycan Avropa İttifaqının 9 üzv dövləti ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalayıb və ya qəbul edib. Beləliklə, Avropa İttifaqına üzv dövlətlərin üçdə biri Azərbaycanı strateji tərəfdaş hesab edir. Düşünürəm ki, bu, bizim hökumətimizin çox böyük nailiyyətidir. Bu, həmçinin əməkdaşlıq üçün əlavə imkanlar yaradır», - deyə Prezident İlham Əliyev bildirib.
Azərbaycanla Aİ arasında tərəfdaşlığın əsas istiqamətlərindən birini enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq təşkil edir. Məlum olduğu kimi, uzun müddətdir ki, enerji təhlükəsizliyi ilə bağlı məsələlər dünyada ən aktual müzakirə mövzusuna çevrilib. Hətta enerji təhlükəsizliyi milli təhlükəsizliyin əsas tərkib hissələrindən biri kimi nəzərdən keçirilir. Elə buna görədir ki, son onilliklərdə iqtisadi və siyasi məzmunlu beynəlxalq konfransların gündəliyinin başlıca müzakirə predmetlərindən biri enerji təhlükəsizliyi ilə bağlı olur. Xüsusən Ukraynada baş verənlərdən sonra Avropa dövlətləri öz enerji təhlükəsizliklərinin daha yüksək səviyyədə təmin olunmasına, bu məqsədlə alternativ mənbələrdən enerji dəhlizlərinin yaradılmasına ehtiyac duyurlar. Azərbaycanın isə zəngin karbohidrogen ehtiyatları və dünya bazarlarına çıxış yolları var. Elə buna görə hazırda enerji təhlükəsizliyi məsələsi Aİ-Azərbaycan əməkdaşlığının mühüm tərkib hissəsinə çevrilib. Qərbin Azərbaycanı özünün enerji təhlükəsizliyinin əsas təminatçılarından biri kimi qəbul etməsi Aİ-Azərbaycan əlaqələrini strateji səviyyəyə yüksəldib.
Bu gün Azərbaycanla Aİ arasında enerji dialoqu isə yüksələn xətlə davam edir və bunun ən mühüm nümunələrindən biri bu il iyul ayının 18-də Bakıda “Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu”nun imzalanmasıdır. Bu Anlaşma Memorandumu enerji təhlükəsizliyi sahəsində Aİ-Azərbaycan əməkdaşlığın ən yüksək səviyyəyə çatmasının təcəssümüdür. Aİ ilə imzalanan memorandum gələcək üçün bir növ yol xəritəsidir.
Bu baxımdan Aİ Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə aparılan danışıqlarda da Azərbaycanın beynəlxalq münasibətlərdəki ədalətli, güclü mövqeyi və tərəfdaşlığa sadiqliyi mühüm rol oynayır. Ən əsası odur ki, bu təşkilat 44 günlük müharibə dövründə də obyektiv mövqe tutdu. Aİ üzvlərindən yalnız Fransa ermənipərəst mövqeyini nümayiş etdirməkdə davam edir.
Fransanın istər Vətən müharibəsi günlərində BMT-də Azərbaycana qarşı sənədin qəbul olunması istiqamətində cəhdləri, istərsə də müharibədən sonra Senatın Qarabağdakı qondarma rejimin tanınması barədə qətnamə qəbul etməsi tarixə iflasa uğramış fəaliyyət kimi düşüb. Azərbaycan heç vaxt milli maraqlarımıza cavab verməyən ermənipərəst mövqe bildirənlərlə barışmayacaqdır.

 

“Brüssel Prosesi”: Avropa İttifaqı Azərbaycanın yaratdığı yeni reallıqları qəbul edir
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş Naziri Nikol Paşinyan arasından indiyə kimi Brüsseldə 4 dəfə görüş keçirilib. “Brüssel Prosesi” adını alan bu formatda ilk görüş 2021-ci il dekabrın 14-də baş tutub. Bu görüşün gündəliyinə çıxarılan və müzakirə olunan məsələlər, əldə olunan razılaşmalar İkinci Qarabağ müharibəsindəki qələbəni postmüharibə dövründə siyasi sferada uğurla davam etdirən Azərbaycanın növbəti diplomatik nailiyyəti oldu.
Konstruktiv mühitdə keçən ilk Brüssel görüşündə münasibətlərin normallaşdırılması və kommunikasiyaların açılmasına dair önəmli məsələlər müzakirə olundu. Xüsusilə qeyd edilməlidir ki, Azərbaycanın işğaldan azad edilmiş əra­zilərinin minalardan təmizlənməsi mə­sələsi gündəliyə gətirildi, Avropa İtti­faqının bu istiqamətdə Azərbaycana texniki yardım göstərməyə hazır olduğu bildirildi.
Dövlət sərhədinin delimitasiyasına gəldikdə, bununla bağlı hər iki tərəf müvəqqəti işçi qrupun yaradılması ilə bağlı razılığa gəldilər. Eyni zamanda, kommunikasiya və nəqliyyat xətlərinin açılması məsələsi geniş müzakirə olundu və Ermənistan tərəfi öz ərazisindən dəmir yolu xəttinin çəkilməsi ilə bağlı üzərinə düşən öhdəliyi təsdiq etdi. Bildirildi ki, Ermənistan tərəfi dəmir yolunun çəkilişinə tezliklə start verəcək. Burada gömrük və sərhəd nəzarət məsələlərinin qarşılıqlı prinsip əsasında təmin olunması barədə razılıq əldə olundu.
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin üçtərəfli görüşün nəticəsinə dair bəyanatı da Azərbaycanın maraqlarını ehtiva etdi. Bəyanatda Aİ Şurasının Prezidenti tərəfindən Cənubi Qafqazda sülhün bərqərar olunması üçün Azərbaycanla Ermənistan arasında hərtərəfli sülh müqaviləsinin imzalanmasına çağırış edilib. Şarl Mişel bildirib ki, 2020-ci il 10 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr görüşləri və bəyanatlarından irəli gələn öhdəliklər yerinə yetirilməlidir.
Bəyanatda ilk dəfə olaraq Aİ-nin gündəliyinə itkin düşmüş şəxslər mövzusu daxil edildi, onların taleyinə aydınlıq gətirilməsinin zəruriliyi qeyd olundu.
Şarl Mişelin bəyanatında, həmçinin minatəmizləmə səylərinə, münaqişədən əziyyət çəkmiş insanlara, xüsusilə yenidənqurma fəaliyyətlərinə dəstək ifadə olundu. Habelə sərhədlərin demarkasiyası və delimitasiyası məsələsində Aİ tərəfindən məşvərətçi statusda dəstək verilə biləcəyi vurğulandı. Şarl Mişel regionda kommunikasiya infrastrukturunun yaradılmasına, ölkələr arasında əlaqəni təmin edən xətlərin açılmasına və inkişaf etdirilməsinə Aİ-nin dəstəyini ifadə etdi. Qurumun hətta iqtisadi və investisiya resursları vasitəsilə bu layihələri dəstəkləyəcəyi də vurğulandı. Bəyanatda dəmir yolu xəttinin çəkilməsi məsələsinə xüsusi toxunuldu. Həmçinin, dəmir yollarında gömrük və sərhəd nəzarətinin qarşılıqlılıq prinsipi əsasında təşkil olunacağı diqqətə çatdırıldı.
Bəyanatda səslənən bütün fikirlər Aİ-nin təşəbbüsü ilə keçirilmiş ilk Brüssel görüşündə Azərbaycanın haqlı mövqeyinin bir daha təsdiqləndiyini nümayiş etdirdi. Bu bəyanat Ermənistan tərəfini bir daha kapitulyasiya aktının şərtlərinə əməl etməyə vadar edir və bu ölkədə revanşist meyillərin baş qaldırma ehtimalının heç bir perspektivi olmadığını təsdiqləyir.
Aİ Şurasının Prezidenti bəyanatda «Dağlıq Qarabağ münaqişəsi», «status» kimi ifadədələrdən istifadə etmədi. O cümlədən, Minsk qrupunun da adı çəkilmədi. Bu da bir daha təsdiq etdi ki, status məsələsi tarixin arxivinə gömülüb və Avropa İttifaqı da Azərbaycanın yaratdığı yeni reallıqları bölüşür.
Beləliklə, Soçidəki Azərbaycanın maraqlarına cavab verən nəticələr Brüsseldə də təmin olundu. Bir daha təsdiq edildi ki, Prezident İlham Əliyevin bütün danışıqlarda diplomatik küncə sıxışdırdığı Ermənistanın öhdəlklərini yerinə yetirməkdən başqa yolu qalmayıb.


Yeni reallıqların məzmununu Azərbaycan müəyyən edir
2022-ci il aprelin 6-da Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş Naziri Nikol Paşinyan arasında növbəti üçtərəfli görüş keçirildi. Bu, Prezident İlham Əliyev və Baş Nazir Paşinyan arasında «Brüssel prosesi» çərçivəsində sayca ikinci, 44 günlük müharibədən sonra isə ümumilikdə altıncı görüş oldu.
Yazıda da qeyd olunduğu kimi, əvvəlki görüşlərin hər birinin məzmunu Azərbaycanın müharibədəki zəfərdən sonra yaratdığı yeni reallıqların mahiyyətinə uyğun olmuş, münasibətlərin normallaşdırılması, regionda kommunikasiyaların bərpası istiqamətində respublikamızın təşəbbüs və təklifləri həm Avropa İttifaqı, həm də Rusiya tərəfindən dəstəklənmişdi.
Xatırladım ki, bu görüşdən bir gün əvvəl - aprelin 5-də Amerika Birləşmiş Ştatlarının Dövlət Katibi Antoni Blinken Prezident İlham Əliyevə zəng etmiş, Brüsseldə Aİ-nin dəstəyi ilə Ermənistan və Azərbaycan arasında liderlər səviyyəsində keçiriləcək görüşə ABŞ-ın önəm verdiyini bildirmişdi. Öz növbəsində Prezident İlham Əliyev regionda sülhün və sabitliyin təmin olunması, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsi üzrə danışıqlara başlanması, nəqliyyat bağlantıları və kommunikasiyaların qurulması üçün Azərbaycanın irəli sürdüyü təklifləri və mövqeyini diqqətə çatdırmışdı. Dövlətimizin başçısı humanitar məsələlərə toxunaraq, Birinci Ermənistan-Azərbaycan müharibəsində itkin düşmüş hesab olunan 3890 nəfər azərbaycanlının taleyinə Ermənistan tərəfindən aydınlıq gətirilməsi və kütləvi məzarlıqların yerləri barədə məlumat verilməsinin vacibliyini bildirmişdi.
Əvvəlki görüşlərdə olduğu kimi, Prezident İlham Əliyev Brüsseldə növbəti dəfə Azərbaycanın maraq və mənafelərini qətiyyətlə təmin etdi. Görüşdə postmünaqişə mərhələsində bölgənin inkişafı ilə bağlı Azərbaycanın hər zaman çıxış etdiyi prinsiplər, o cümlədən 2020-ci ilin 10 noyabr bəyanatının müddəalarına tam riayət olunması, tərəflər arasında sülh və etimadın təşviq olunması üçün humanitar addımların davam etdirilməsi, iki dövlətin sərhədinin delimitasiya və demarkasiyası üçün konkret addımların atılması və nəqliyyat və kommunikasiyaların açılması məsələləri geniş müzakirə edildi. Humanitar tədbirlərin tərəflər arasında sülh və etimadın təşviq olunması baxımından əhəmiyyəti, o cümlədən itkin düşmüş şəxslərlə bağlı məsələlər, minaların təmizlənməsinin vacibliyi vurğulanaraq, Avropa İttifaqının bölgədə aparılan humanitar minatəmizləmə, eləcə də reabilitasiya və rekonstruksiya işlərinə dəstək verəcəyi qeyd olundu. Əldə olunmuş yeni razılaşmalar Azərbaycanın postmüharibə dövründə öz mənafelərini inamla təmin etməsindən xəbər verdi.

 

Aİ-nin təşəbbüsləri Azərbaycanın mövqeyi ilə uzlaşır
Prezident İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş Naziri Nikol Paşinyan arasında mayın 22-də «Brüssel prosesi» çərçivəsində Belçikanın paytaxtında növbəti - sayca üçüncü üçtərəfli görüş keçirildi. Görüşün yekunlarına dair Şarl Mişelin mətbuata verdiyi açıqlamalar bir daha göstərdi ki, ötən ilin dekabrından başlamış bu prosesin müzakirə mövzusu olan məsələlər regionda yaranmış yeni reallıqların prinsiplərini özündə ehtiva edir. Şarl Mişel açıqlamasında deyib: “Müzakirə səmimi və məhsuldar oldu, biz bütün məsələləri nəzərdən keçirdik. Bizim humanitar məsələlər, o cümlədən minaların təmizlənməsi və saxlanılanların azad edilməsi ilə bağlı səylərlə əlaqədar ətraflı müzakirəmiz oldu və biz itkin düşmüş insanların taleyinə də toxunduq.
Biz aşağıdakı nəticələrə nail olduq:
Sərhəd məsələləri ilə bağlı komissiyanın birinci birgə iclası dövlətlərarası sərhəddə yaxın günlərdə baş tutacaq. Bu iclasda sərhədin delimitasiyası və sabit vəziyyətin ən yaxşı şəkildə necə təmin edilməsi ilə bağlı bütün məsə­lələrə toxunulacaq.
Kommunikasiya ilə əlaqədar liderlər nəqliyyat əlaqələrinin açılması istiqa­mətində işlərin davam etdirilməsi, Azərbaycanın qərb hissəsi ilə Naxçıvan və Azərbaycan ərazisindən Ermənistanın müxtəlif hissələri arasında tranzitləri, habelə hər iki ölkənin kommunikasiya infrastrukturu vasitəsilə beynəlxalq nəqliyyat daşımalarını tənzimləyəcək prinsiplər üzərində razılığa gəldilər. Onlar xüsusilə beynəlxalq daşımalar kontekstində sərhəd idarəetmə prinsipləri, təhlükəsizlik, eləcə də gömrük rüsumları və qaydaları barədə razılıq əldə ediblər və yaxın günlərdə baş nazirlərin müavinləri bu işi davam etdirəcəklər.
Sülh sazişinə gəlincə, liderlər Ermənistan ilə Azərbaycan arasında dövlətlərarası münasibətləri tənzimləyən gələcək sülh müqaviləsinə dair müzakirəni davam etdirmək barədə də razılığa gəliblər. Yaxın həftələrdə xarici işlər nazirlərinin başçılıq etdikləri nümayəndə heyətləri bu prosesi davam etdirəcəklər.
Bunun davamı olaraq, mən hər iki liderə müraciətlə vurğuladım ki, zənnimcə, Qarabağdakı etnik erməni əhalinin hüquqları və təhlükəsizliyi məsələsinin həll olunması vacibdir.
Sosial-iqtisadi inkişafa gəlincə, Avropa İttifaqı tərəflərlə birlikdə hər iki ölkənin və onların xalqlarının rifahı naminə iqtisadi inkişafı təşviq etməyə çalışan İqtisadi Məşvərət Qrupunun işini inkişaf etdirəcək. Mən, həmçinin əhalinin uzunmüddətli davamlı sülhə hazırlanmasının vacibliyini də vurğuladım və Avropa İttifaqı öz dəstəyini gücləndirməyə hazırdır.
Biz sıx təmasda qalmağa razılaşdıq və iyul-avqust aylarına qədər eyni formatda yenidən görüşəcəyik”.
Göründüyü kimi, Qarabağdakı qondarma rejimin statusu ümumiyyətlə müzakirə olunmur, Minsk qrupunun adı çəkilmir, «Dağlıq Qarabağ» ifadəsindən istifadə olunmur və əlbəttə ki, bütün bunlar da proseslərin Azərbaycanın milli maraqlarına tam uyğun olması kimi izah oluna bilər.
Eyni zamanda, bu görüş bir daha təsdiq etdi ki, Aİ-nin dəstəyi və təşəbbüsləri ilə Azərbaycanla Ermənistan arasında birbaşa danışıqları nəzərdə tutan yeni mexanizm və format formalaşıb. Bu isə hələ müharibədən əvvəl mövcud olmuş formatlarla müqayisədə oybektiv və ədalətlidir. Aİ Şurasının Prezidenti Şarl Mişelin iki dövlət arasındakı münasibətlərin normallaşdırılması istiqamətində təşəbbüsləri, bu prosesə dəstəyi tamamilə tərəfsizdir. Bu baxımdan Aİ Şurası Prezidentinin mövqeyi bir vaxtlar Minsk qrupunun həmsədrlərinin ortaya qoyduqları mövqedən tamamilə fərqlənir və real nəticənin əldə olunmasına hesablanıb.
Elə buna görə də üçtərəfli görüşdən əvvəl Prezident İlham Əliyevlə Şarl Mişel arasında keçirilən təkbətək görüşdə dövlətimizin başçısı Aİ Şurası Prezidentinin Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin hazırlanması, iki ölkənin münasibətlərinin normallaşdırılması, nəqliyyat dəhlizlərinin açılması, sərhədlərin delimitasiyası və demarkasiyası proseslərinə verdiyi dəstəyi yüksək qiymətləndirdi.
Lakin Ermənistan tərəfdən aprelin 6-dan sonra əldə olunmuş razılaşmalara uyğun olaraq heç bir addım atılmadı. Aprelin 6-da Brüsseldə əldə olunan razılaşmaya görə, müvafiq görüşlər keçirilməli idi. Ermənistan sərhədlərin delimitasiyasına dair ilk görüşün iki ölkənin sərhədində keçirilməsi barədə təklif irəli sürmüşdü, Azərbaycan da bu təklifi dəstəkləmişdi. Amma Ermənistan aprelin 29-na razılaşdırılmış görüşü ləğv etdi, daha sonra isə 7-11 may tarixlərində sərhəddə yeni görüşün keçirilməsi barədə razılaşmanı icra etmədi. Bununla da, Ermənistan razılaşdırılmış görüşdən boyun qaçırdı.
Ona görə gözlənilən idi ki, bu məsələ Brüsseldə xüsusi müzakirə olunacaq və ilk növbədə Ermənistan rəhbərliyindən bütün bunlara aydınlıq gətirilməsi tələb ediləcək. Təsadüfi deyil ki, Şarl Mişel mayın 22-də keçirilmiş görüşün yekunlarına dair mətbuata açıqlamasında əldə edilən nəticələrdən bəhs edərkən ilk olaraq bu barədə danışdı. 
Əvvəlki razılaşdırılmış iclaslardan imtina edən Ermənistan may ayında keçirilən görüşdə üzərinə yeni öhdəlik götürdü. Bundan boyun qaçırmaq İrəvanın sülh prosesinə destruktiv yanaşması olacaqdı. Elə buna görə də üçüncü Brüssel görüşündən iki gün sonra əldə edilmiş razılaşmaların həyata keçirilməsi çərçivəsində dövlət sərhədində Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası üzrə Komissiya formatında birinci görüş keçirildi.  Görüşdə tərəflər delimitasiya və digər məsələlər üzrə Komissiya çərçivəsində işləməyə hazır olduqlarını təsdiq etdilər. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel bunu nəzərəçarpan irəliləyiş adlandırdı: “Bu gün Ermənistan-Azərbaycan sərhədində dövlətlərarası sərhədin delimitasiyası və vəziyyətin təhlükəsizliyinin ən yaxşı şəkildə təmin edilməsi ilə bağlı müzakirələrin aparılması üçün təşkil edilən Sərhəd Komissiyasının ilk iclasını səmimiyyətlə qarşılayıram. Sərhəd Komissiyasının ilk iclası Azərbaycan Prezidenti və Ermənistanın baş naziri ilə görüşdən sonra nəzərəçarpan irəliləyişdir”.
Avqustun 30-da isə Moskva şəhərində Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi ilə müvafiq olaraq, iki ölkə arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının, həmçinin Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası, sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın ikinci görüşü keçirildi. Görüşdə təşkilati və prosedur məsələləri müzakirə edilib, komissiyaların gələcək işi və birgə fəaliyyətinin reqlamenti üzrə predmetli fikir mübadiləsi aparılıb.
Beləliklə, may ayında keçirilən növbəti üçtərəfli görüşdə də razılaşdırılan bütün məsələlər «Brüssel prosesi»nin Azərbaycanın milli maraq və mənafelərinə uyğun getdiyini göstərdi. Məsələn, görüşdə Ermənistanın hələ 10 noyabr bəyanatında üzərinə götürdüyü öhdəliyə uyğun olaraq kommunikasiya ilə əlaqədar nəqliyyat əlaqələrinin açılması istiqamətində işlərin davam etdirilməsi zərurətindən bəhs olundu. Tərəflər Azərbaycanın qərb hissəsi ilə Naxçıvan arasında tranzitləri, habelə hər iki ölkənin kommunikasiya infrastrukturu vasitəsilə beynəlxalq nəqliyyat daşımalarını tənzimləyəcək prinsiplər üzərində razılığa gəldilər.
Bu görüşdə də Aİ Şurasının Prezidenti mətbuata açıqlmasında Ermənistanın son günlər yenidən qabartdığı status məsələsinə toxunmadı. Qarabağdakı mülki ermənilərin təhlükəsizliyinə isə Azərbaycan dövləti zəmanət verir. Bu baxımdan üçüncü görüş bir daha təsdiq etdi ki, Aİ Azərbaycanın yaratdığı yeni reallıqları bölüşür və «Brüssel prosesi» Bakının mövqeyinə uyğundur.

 

Ermənistan sülhə məcbur edilir

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın Baş Naziri Nikol Paşinyan arasında avqustun 31-də Brüsseldə dördüncü görüş keçirildi. Aİ Şurasının Prezidenti Şarl Mişelin üçtərəfli görüşün yekunlarına dair mətbuata verdiyi bəyanatdan göründüyü kimi, dördüncü görüşün əsas hadisəsi Ermənistan və Azərbaycan arasındakı dövlətlərarası münasibətləri nizamlayan sülh müqaviləsinin irəliləməsi istiqamətində substantiv işin sürətləndirilməsi ilə bağlı razılığa gəlinməsi oldu. Bununla əlaqədar olaraq xarici işlər nazirlərinə layihə mətnlərinin hazırlanması üçün bir ay ərzində görüşmək barədə tapşırıq verildi. Görüşdə humanitar məsələlər, eləcə də minaların təmizlənməsi, saxlanılan və itkin düşmüş şəxslərin taleyi barədə ətraflı müzakirələr aparıldı və Aİ bu məsələlərlə məşğul olmaqda davam edəcək. Danışıqlar zamanı sərhədlərin delimitasiyasına dair bütün məsələlərlə bağlı əldə olunmuş irəliləyişləri və sabit vəziyyəti daha yaxşı təmin etmək də nəzərdən keçirilib. Tərəflər Sərhəd Komissiyasının növbəti iclasının noyabrda Brüsseldə keçirilməsi ilə bağlı razılığa gəldilər.
Görüşdə nəqliyyat xətlərinin açılması ilə bağlı şərtlərin müzakirəsində əldə olunmuş nəticələr də nəzərdən keçirilib.
«Bütün bu müzakirələrlə qeyd etmək istəyirəm ki, hər iki tərəfin əhalisini uzunmüddətli və davamlı sülhə hazırlamaq vacibdir. Bu istiqamətdə ictimai mesaj çox əhəmiyyətlidir – bu cür həssas situasiyada digər tərəf ictimaiyyətdə danışılan hər bir sözü həqiqətən eşidir və qiymətləndirir. Avropa İttifaqı uzunmüddətli və davamlı sülh istiqamətində öz dəstəyini bundan sonra da göstərməyə hazırdır. Avropa İttifaqı hər iki ölkənin və onların əhalisinin rifahı naminə iqtisadi inkişafın irəliləyişinə təkan verməyə davam edəcək. Biz noyabrın sonunda yenidən bu formatda görüşməklə bağlı razılığa gəldik”, - deyə Şarl Mişel bəyanatında bildirib.
Bütövlükdə avqustun 31-də keçirilən Brüssel görüşün əsas məqamı Azərbaycanın təklif etdiyi 5 təməl prinsip əsasında Ermənistanla sülh sazişi layihəsinin hazırlanması və sentyabrda hər iki ölkənin xarici işlər nazirlərinin görüşərək, ilkin mətn üzərində müzakirələrin təşkili barədə razılığın əldə edilməsidir. Həmin beş prinsip isə bunlardır: dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması; bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi; dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək; dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması; nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması.
Məlumdur ki, üçüncü görüşdən sonra Ermənistanın guya “münaqişənin həll olunmadığı” kimi reallığı əks etdirməyən iddiaları, hərbi təxribatları, dağıdıcı davranışları, eyni zamanda sülh prosesinə maneə yaratmağa çalışan regional və digər aktorların çoxsaylı pozucu cəhdləri, ümumiyyətlə Cənubi Qafqazda davamlı sülhün və təhlükəsizliyin təmin edilməsinə qarşı çıxan qüvvələrin fəaliyyətlərini nəzərə alsaq, bu görüşün daha məhsuldar və effektiv olduğunu söyləmək olar.
Şübhəsiz, Azərbaycan dövlətinin gücü, prezidentinin qətiyyəti və iradəsi bu görüşə də öz təsirini göstərib. Əlbəttə ki, hazırda dünyada gedən geosiyasi, geostrateji və geoiqtisadi proseslərin fonunda ölkəmizin mövqeyi daha da güclənir. Eyni zamanda, 30 il davam edən erməni işğalına son qoyan Azərbaycan ərazi bütövlüyünü təmin etməklə yanaşı, dağıdılmış, xarabaya çevrilmiş kənd və şəhərləri tez bir zamanda yenidən tikib-qurmağa, keçmiş məcburi köçkünləri öz doğma yurd-yuvalarına qaytarmağa çalışır. Bu və digər səbəblərə görə, Azərbaycan Cənubi Qafqazda sülhün yaranması, təhlükəsizliyin təmin olunması üçün Ermənistanla sülh müqaviləsinin ən qısa zamanda imzalanmasında maraqlıdır.
Doğrudur, üçüncü görüşdə də münaqişənin sülh yolu ilə həll edilməsinə dair proqram irəli sürülmüşdü. Amma mayın 22-də keçirilən görüşlə bu görüşü fərqləndirən xüsusi amil var. Belə ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 2020-ci il noyabrın 10-da imzaladıqları Bəyanata əsasən, Azərbaycan öz üzərinə götürdüyü öhdəliklərə əməl edərək, yeni yolu çəkib və Azərbaycan Ordusu artıq Laçın şəhəri, Zabux və Sus kəndlərini tam nəzarətinə götürüb. Bu fakt isə keçirilən üçtərəfli görüşə, danışıqlar prosesinə yeni təkan verdi. Belə ki, Azərbaycan bir daha sübut etdi ki, məsələni sülh yolu ilə həll etmək istəyir və real tədbirlər görür. Lakin Azərbaycana qarşı hər hansı təxribat olarsa, yeni “Qisas” əməliyyatı keçirilə bilər.
Görüşdə sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması və bununla bağlı Ermənistanın öhdəliyi, işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi, Birinci Qarabağ müharibəsində itkin düşən Azərbaycan vətəndaşları ilə əlaqədar və digər humanitar məsələlərlə bağlı irəliləyişin əldə olunması istiqamətində aparılan mühüm müzakirələr bütövlükdə prosesin müsbət dinamika ilə inkişaf etdirildiyini deməyə əsas verir.

 

Artıq Minsk qrupunun dövranı deyil
Bütövlükdə, «Brüssel prosesi» regionda münasibətlərin normallaşdırılması baxımından mühüm hadisə, Azərbaycanın siyasi-diplomatik uğurudur. Brüssel gündəliyi həm də Ermənistanın müxtəlif iddialarla üçtərəfli razılaşmaların tələb etdiyi prosesləri ləngitmək cəhdlərinin iflasa uğramasından xəbər verir.
Brüssel gündəliyinin əsas önəmli tərəflərindən biri isə Aİ-nin Azərbaycanın yaratdığı yeni reallıqlara obyektiv yanaşmasıdır. Bunu Aİ Şurasının Prezidentinin üçtərəfli görüşlərdən sonra verdiyi bəyanatlarda Ermənistanın «status»la bağlı iddialarına yer verməməsi və artıq Azərbaycanın güc yolu ilə həll etdiyi problemin yoluna qoyulmasında bircə addım belə ata bilməyən ATƏT-in Minsk Qrupuna istinad etməməsi də təsdiq edir. Sonuncu Brüssel görüşündə də diqqət çəkən əsas məqamlardan biri Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin elan etdiyi sənəddə nə Qarabağ mövzusu, nə də ATƏT-in Minsk qrupu ilə bağlı heç bir fikrin yer almamasıdır. Bu, o deməkdir ki, Azərbaycan Minsk qrupu formatının artıq ləğv edildiyini həm Ermənistana, həm də Qərbə nümayiş etdirir. Həmçinin, artıq Avropa Qarabağın Azərbaycanın daxili işi olduğunu da qəbul edir. Bunlar da onu göstərir ki, Aİ 44 günlük müharibədən sonra yaranmış yeni geosiyasi reallığı qəbul edir və öz mövqeyində buna əsaslanır. Həmçinin, münaqişə həll olunduğuna görə keçmişin qalığı olan Minsk Qrupu artıq lazımsız təsisata çevrilib.
Bu mənada Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesində Aİ-nin obyektiv mövqeyini qeyd etmək lazımdır. Şarl Mişelin iki dövlət arasındakı münasibətlərin normalaşdırılması istiqamətində təşəbbüsləri tamamilə tərəfsizdir və bir vaxtlar Minsk qrupunun həmsədrlərinin ortaya qoyduqları mövqedən tamamilə fərqlənir. Aİ Şurası Prezidentinin bəyanatlarının məzmunu bir vaxtlar Minsk qrupunun həmsədrlərinin hər addımda ortaya qoyduqları ikili standartlardan uzaqdır və münasibətlərin normalaşdırılması üçün konkret hədəfləri ehtiva edir. Aİ-nin ortaya qoyduğu mövqe Azərbaycanın regionda təhlükəsizliyin və rifahın təmin edilməsinə hesablanmış təşəbbüsləri ilə uzlaşır. Aİ də hesab edir ki, artıq gələcəyə baxmaq, yeni reallıqlar çərçivəsində münasibətləri normallaşdırmaq lazımdır. Bu, Aİ-nin timsalında Azərbaycanla Ermənistan arasında sülhün təmin olunmasına hesablanmış vasitəçilik missiyasına olan etimadı təmin edən mühüm amildir.
Bütövlükdə, Aİ Şurasının Prezidentinin vasitəçiliyi ilə keçirilən Brüssel görüşlərinin hər biri Azərbaycanın maraqlarına uyğun olaraq və bölgənin gələcək sülh və əmin-amanlıq şəraitində inkişafının təmin olunması istiqamətində atılmış növbəti önəmli addımlardır. Xüsusilə qeyd etmək lazımdır ki, Aİ Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üçün başlanmış «Brüssel prosesi»nin obyektiv gedişatı Azərbaycan dövlətinə və onun rəhbərinə etibarlı tərəfdaşlıqdan irəli gələn ehtiramın nümunəsidir. Aİ-nin ortaya qoyduğu mövqe və yanaşma bu təşkilatla Bakı arasındakı strateji tərəfdaşlığa da mütənasibdir. Ən əsası isə odur ki, Aİ İlham Əliyevin regional liderliyini, qlobal nüfuzunu qəbul edir, Azərbaycan prezidenti ilə yaxın təmasları Cənubi Qafqaz regionunda sülh və sabitliyin bərqərar olunmasında mühüm amil kimi görür. Bu amil, o cümlədən Azərbaycanla Aİ arasında münasibətlərin yeni inkişaf səviyyəsinə yüksəlməsi, Aİ-nin enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolunun daha da yüksəlməsi, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində müvafiq mexanizmin formalaşması sülh müqaviləsi, sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması və digər məsələlərin həlli istiqamətində əməli addımlar atılması üçün mühüm şərtdir.
Hazırda Qarabağ və Şərqi Zəngəzurda sürətli bərpa və quruculuq işləri davam edir. Azərbaycan dövləti 30 ilə yaxın müddətdə ermənilər tərəfindən dağıdılmış, vandallığa məruz qalmış kənd və şəhərlərini qətiyyətlə, əzmlə bərpa edir. Bir çox xarici dövlətlərin nüfuzlu şirkətlərinin bərpa prosesində iştiraka hazır olduqlarını bəyan etmələri də Azərbaycanın haqq işinə olan beynəlxalq ehtiramın nümunəsidir. Bu da ondan xəbər verir ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət Vətən müharibəsində əldə edilmiş qələbəni qlobal diplomatik müstəvidə uğurla tanıdıb. Bunun nəticəsidir ki, beynəlxalq ictimaiyyət Azərbaycanın zəfərinə, ərazi bütövlüyünü təmin etməsinə ehtiramla yanaşır. Moskva, Soçi və Brüssel görüşləri bunu təsdiq edir. Bu görüşlər göstərir ki, Vətən müharibəsinin yaratdığı reallıqlar fonunda bütün proseslər Azərbaycanın milli maraqları və siyasi iradəsi çərçivəsində cərəyan edir.

 

 

Ziyad SƏMƏDZADƏ, akademik