MƏQALƏLƏR

Ziyad Səmədzadə: Neft strategiyası xalqımızı əbədi yüksəlişə aparır YENİLƏNDİ

  • 29.09.2022

Hər bir ölkənin enerji ehtiyatları onun siyasi müstəqilliyinin, iqtisadi təhlükəsizliyinin və dirçəlişinin təməlini təşkil edir. Enerji resurslarının tərkibində isə xam neft əsas yer tutur və yaxın gələcəkdə bu üstünlük dəyişməz qalacaqdır. Dünyada yanacaq-enerji resurslarının istehsalı quru ilə yanaşı, dəniz və okeanlarda da genişlənməkdədir.
Müstəqilliyin ilk illərində respublikamızda hökm sürən siyasi-iqtisadi xaos nəticəsində neft hasilatının həcmi 10 milyon tona, qaz hasilatının həcmi isə 6 milyard kubmetrə düşmüşdü. Müstəqilliyin ilk illərində respublikada mövcud ictimai-siyasi durum, Qarabağ, qaçqınların problemləri, qonşu dövlətlərin Xəzərin statusu ilə bağlı təzyiqləri və nəhayət, buradakı ehtiyatlara şübhəli münasibət də işlərin ümumi gedişinə öz təsirini göstərirdi. Üstəlik, yaranmış ağır şərait, ictimai-siyasi sahədə qeyri-sabitlik müstəqilliyinin heç 2 ili tamam olmayan Azərbaycanın beynəlxalq aləmdə imicini çox aşağı salmışdı.
Məhz belə şəraitdə zəngin dövlətçilik təcrübəsinə malik olan Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışından sonra ölkədə ictimai-siyasi sabitliyin təmin edilməsi ilə bağlı taleyüklü işlər görüldü, beynəlxalq təşkilatlar və inkişaf etmiş ölkələrlə formalaşan əməkdaşlıq ön plana çəkildi. Dünyanın aparıcı dövlətlərinin Azərbaycana, Heydər Əliyevə dövrünün güclü liderlərindən biri kimi inamı yuxarıda qeyd edilən mənfi təsiredici amillərin gücünü qat-qat azaltdı. Liderə inamın nə qədər güclü bir amil olduğu Heydər Əliyev şəxsiyyəti ilə bir daha təsdiq olundu.
Bir maraqlı cəhəti də qeyd edirəm, xarici şirkətlərin demək olar hamısı gözləyirdi ki, Heydər Əliyev ondan əvvəl hazırlanmış neft kontraktlarını tez bir zamanda imzalayacaqdır. Amma dövlət başçısı bunu etmədi və çıxışlarının birində dedi ki, biz milli mənafelərimizin əksinə gedə bilmərik, çünki təklif edilən şərtlər Azərbaycanın maraqlarına cavab vermir. Heydər Əliyev bilirdi ki, bütün bu çətinliklərə baxmayaraq, Azərbaycan özünün əsas sərvəti olan neftdən səmərəli istifadə etmək üçün gərgin mübarizə aparmalı olacaqdır.
Heydər Əliyev onu da nəzərə çatdırırdı ki, Azərbaycan, xüsusilə, neft sahəsinə Qərbin investisiya yatırmasında maraqlıdır. Həmçinin onu da bildirirdi ki, Azərbaycan hökumətinin Qərb şirkətləri ilə danışıqlar haqqında son qərarı ləngimə deyil, yeni hakimiyyətin imzalamalı olduğu müqavilənin məzmunu ilə ətraflı və müfəssəl tanış olmaq arzusundan irəli gələn addımdır: Azərbaycanın dövlət müstəqilliyi bərpa edildikdən sonra neft ilk dəfə Azərbaycan xalqının əsl sərvəti olmuşdur. Bununla birlikdə, heç kəs şübhə etməməlidir ki, burada təmsil olunmuş bütün xarici şirkətlərin Azərbaycanın neft yataqlarının işlənməsində iştirakı təmin olunacaq və onların maraqlarına riayət ediləcəkdir.
Artıq Azərbaycan Prezidenti seçilmiş Heydər Əliyev 1993-cü il oktyabrın 11-də Xəzər şelfinin Azərbaycan hissəsində üç böyük yatağın – “Azəri-Çıraq-Günəşli” yataqlarının işlənilməsi haqqında ARDNŞ (indiki SOCAR) ilə danışıqlar aparan Qərb neft şirkətlərinin təmsilçilərindən ibarət nümayəndə heyətini qəbul etdi. Xarici şirkətlərin nümayəndə heyətinə BP-Statoil alyan­sı (Böyük Britaniya-Norveç), Amoco (ABŞ), Pennzoil-Ramco alyansı (ABŞ-Böyük Britaniya), UNOCAL (ABŞ), McDermott (ABŞ), Turkish Petro­leum Corporation (Türkiyə), Chevron (ABŞ) və başqa şirkətlərin nümayəndələri daxil idi.
Heydər Əliyev görüşdə qeyd etdi ki, böyük təbii potensiala malik olan Azərbaycan xarici şirkətlərin irəli sürdükləri bütün təşəbbüsləri məmnuniyyətlə qəbul edir, lakin bu halda Azərbaycanın milli maraqlarının prioriteti, həmçinin ətraf mühitin müdafiəsi əməkdaşlığın mühüm şərti olmalıdır: “Azərbaycan Qərbin neftçıxarma şirkətlərinin nümayəndələrini əmin edir ki, ölkədə xarici investisiyaların cəlb edilməsi üçün daha əlverişli şərait yaradılacaq”, – deyə Heydər Əliyev sözügedən tarixi görüşdə bildirdi.
1994-cü ilin sentyabrında Heydər Əliyevin və dünyanın aparıcı transmilli şirkətlərinin iştirakı ilə “Gülüstan” sarayında “Əsrin müqaviləsi”nin imzalanması mərasimi keçirildi. Mərasimdə çıxış edən Heydər Əliyev dedi: “Bu gün bu təntənəli və möhtəşəm mərasimdə mən Azərbaycan neftçilərini, Azərbaycan xalqını, bütün Azərbaycan vətəndaşlarını bu əlamətdar tarixi hadisə münasibətilə təbrik edirəm.
Biz bu müqavilə əsasında sıx birləşir, böyük əməkdaşlığa başlayırıq və mən şübhə etmirəm ki, əməkdaşlığımız uğurlu olacaqdır, buna maneçilik törədən bütün qüvvələr dəf ediləcəkdir, müstəqil Azərbaycan Respublikası öz taleyinin, öz sərvətlərinin sahibi kimi, bu əməkdaşlıq sayəsində dünya birliyində, dünya iqtisadi birliyində öz layiqli yerini tutacaqdır.
Sizi, bu mərasimə toplaşanları, bütün bu məsələlərə müsbət maraq göstərənlərin hamısını bir daha ürəkdən təbrik edir, müqavilənin imzalanması üçün xeyir-dua verirəm. Xeyirli olsun, uğurlu olsun. Azərbaycan xalqının xoşbəxt gələcəyi naminə bu müqavilənin bu gün burada imzalanmasını ürəkdən təbrik edirəm”.
1996-cı ildə Azərbaycan daha bir uğura imza atdı. “Şahdəniz” qaz kondensat layihəsi ilə bağlı müqavilə imzalandı. 1996-cı ildə atılan addım da tariximizdə mühüm hadisə oldu, çünki bu, yenidən milyardlarla dollar investisiya cəlb etməyimizə kömək etdi.
1996-cı il avqustun 24-də “Əsrin müqaviləsi”nin yeni mərhələsi olan “Dədə Qorqud” yarımdalma qazma qurğusu istismara buraxıldı. “Dədə Qorqud” qazma qurğusunun fəaliyyətə başlamasına həsr olunmuş mitinqdə Heydər Əliyev söyləmişdir: “Mən bu qurğuya “Dədə Qorqud” adı verilməsi barədə qərar qəbul etdim. Hesab edirəm ki, hər bir azərbaycanlı üçün bu, müqəddəs və əziz, qurğu üçün ən dəyərli addır”.
Məlumdur ki, 1970-ci illərin ortalarında Moskvada qəbul edilmiş strateji qərara görə, neft sənayesinə qoyulan sərmayələr Xəzərdən ayrılaraq Qərbi Sibirə yönəldilirdi. Bununla əlaqədar Xəzərdə aparılan neft axtarışları məhdudlaşdırılmış və beləliklə, dünya səviyyəli bir çox perspektiv strukturlarda aparılmış tədqiqatlar yarımçıq qalmışdı. Bundan başqa, keçmiş Sovetlər İttifaqındakı texnologiyalar suyun dərin qatlarında əməliyyatlar aparmağa imkan vermirdi. Həmçinin bu nəhəng yataqlarda genişmiqyaslı işlərin görülməsi üçün mövcud daxili imkanlar yetərli deyildi. Azərbaycanın neft sənayesinə yeni texnologiyaların alınması, müasir qurğuların inşası isə xarici sərmayəsiz mümkünsüz idi. Bütün bu işlər yalnız Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra mümkün oldu. Bu baxımdan Xəzərin dərinliklərində yerləşən neft yataqlarında yeni neft quyularının qazılması üçün dünyanın ən müasir qazma qurğularından istifadə olunması obyektiv zərurətdən irəli gəlirdi və bu işdə “Dədə Qorqud” qazma qurğusunun rolu əvəzedilməz idi.
1996-cı il yanvarın 18-də Moskvada Azərbaycanla Rusiya arasında Azərbaycanın “Azəri”, “Çıraq” və “Günəşli” dəniz yataqlarından erkən neftin Rusiyaya məxsus boru kəməri ilə Qara dənizdəki terminala nəql edilməsi haqqında saziş imzalandı.
1997-ci il iyulun 11-də isə Bakıda Azərbaycan, Rusiya və Çeçenistan respublikaları arasında neftin Bakı-Novorossiysk boru kəməri ilə nəql edilməsi haqqında üçtərəfli sazişin imzalanması mərasimi keçirildi. Prezident Heydər Əliyev imzalanma mərasimindən əvvəl Rusiya nümayəndə heyəti ilə görüşdə demişdi: “Biz öz neftimizin ixracına çoxdan başlamalı idik”. Dövlət başçısı xatırlatmışdı ki, boru kəmərinin Azərbaycan hissəsi 1997-ci ilin fevralında istismara hazır olsa da, ləngimə Rusiyanın “Transneft” sirkətinin təqsiri üzündən baş verdi və bu sirkət müəyyən səbəblərə görə öz öhdəliklərini yerinə yetirə bilmədi. Ardınca isə Azərbaycan Prezidenti xəbərdarlıq etdi: “Mən sizə səmimi deyirəm, əgər siz bizim üçün bu marşrut üzrə yolu açmasanız, bizim öz neftimizi daha iki marşrut üzrə nəql etməyə imkanımız var – Gürcüstan vasitəsilə Supsa limanına və Türkiyə vasitəsilə Ceyhan limanına”.
Amma qarşıda daha irimiqyaslı işlər dururdu. Əsas ixrac boru kəmərinin marşrutunun qəti olaraq müəyyən edilməsində son söz deyilməli idi. Qeyd edək ki, bu işlə bağlı Azərbaycan Prezidenti Heydər Əliyevin sərəncamına əsasən 1997-ci il sentyabrın 5-də işçi qrupu yaradıldı. Sözügedən sərəncama əsasən əsas ixrac neft kəməri marşrutunun seçilməsini, onun idarə edilməsi üzrə müvafiq şirkətin yaradılmasına dair təkliflərin hazırlanmasını və sərmayəçilərin, digər əlaqədar təşkilatların iştirakı ilə neft kəmərinin çəkilişi zamanı ortaya çıxan məsələlərin operativ həllini təmin etmək üçün işçi qrupu yaradıldı.
1997-ci ilin oktyabrında ölkənin iqtisadi-siyasi həyatında daha bir mühüm hadisə baş verdi. Oktyabrın 27-də əvvəllər fəaliyyət göstərmiş Bakı-Qroznı boru kəməri bazasında qurulmuş Bakı-Novorossiysk neft kəməri istifadəyə verildi.
1998-ci il yanvarın əvvəlində Bakının ətrafında Dübəndi dəmiryol neft terminal kompleksi istifadəyə verildi. Bununla xam neftin Xəzər dənizi vasitəsilə tankerlərlə Bakıya, oradan isə dəmiryolu və boru kəməri ilə Gürcüstanın Qara dəniz limanlarına daşınması təmin edildi. Bu terminalın işə salınması Qafqaz regionu vasitəsilə Avrasiya nəqliyyat dəhlizi layihəsinin həyata keçirilməsi üçün də böyük əhəmiyyət kəsb edirdi.
1998-ci il avqustun 21-də Londonda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin və Böyük Britaniyanın Baş Naziri Toni Bleyerin iştirakı ilə Dauninq Stritdə (Hökumət evində) Xəzər dənizinin Azərbaycan sektorundakı “Araz”, “Alov” və Şərq strukturlarının, “İnam” sektorunun quruda yerləşən “Muradxanlı” və “Cəfərli” neft yataqlarının və “Zərdab” sektorunun birgə işlənməsi haqqında üç saziş imzalandı.
1998-ci il sentyabrın 2-də “İstiqlal” qazma qurğusu işə salındı. XX əsrin 70-80-ci illərində dənizdə neft və qaz yataqlarının işlənilməsi, suyun dərinliklərində olan yataqlardan neft hasil etmək üçün yeni qurğuların, cihazların, texnikanın yaradılması zərurəti meydana çıxmışdı. Bu məqsədlə “Şelf-1” üzən qazma qurğusu, sonra isə ardıcıl olaraq “Şelf-2”, “Şelf-3”, “Şelf-4” və “Şelf-5” qazma qurğuları tikilib istifadəyə verilmişdir. Dənizin dərin qatlarından neft hasil etmək üçün daha mütərəqqi texnologiyalar əsasında yaradılmış qurğulara ehtiyac vardı.
“İstiqlal” qurğusunun işə salınması bir daha sübut etdi ki, qısa müddət ərzində beynəlxalq aləmdə Azərbaycana qarşı olan mənfi rəyi dəyişmək, dağılmaqda olan bir ölkəni dünyanın maraq mərkəzinə çevirmək, dünyanın ən məşhur şirkətlərini ölkəmizə külli miqdarda investisiya qoymağa təşviq etmək, bütün siyasi maneələrə baxmayaraq, əsrin ən böyük layihələrindən birini reallaşdırmaq kimi möhtəşəm uğurlara yalnız Heydər Əliyev nail ola bilərdi. Məhz Heydər Əliyevin fəaliyyəti sayəsində 1998-ci il dekabrın 25-də daha bir mühüm tədbir – “Xəzərin Azərbaycan sektorundakı “Yanan Tava”, “Atəşgah” və “Muğan-Dəniz” blokunun kəşfiyyatı, işlənilməsi və hasilatın pay bölgüsü haqqında ARDNŞ və Yaponiyanın “Capan Petroleum”, “İndoneziya Petroleum”, “İtoçu Oyl Eksploreyşn” və “Teykoku Oyl” şirkətləri arasında müqavilə imzalandı. Neft yataqlarında görülən müştərək işlər bu müqavilədə Azərbaycanın yeni neft strategiyasının uğurla reallaşdırılması istiqamətində mühüm amil rolunu oynadı.
1999-cu il aprelin 17-də Bakı-Supsa neft kəməri istifadəyə verildi. Bu, Bakı-Haşuri boru kəmərinin bazasında qurulmuşdu və Azərbaycan neftinin dünya bazarına çıxarılmasında alternativ marşrut idi. 833 km-lik kəmər (Azərbaycan ərazisində – 480 km) dünya standartlarına uyğun müasir nəqliyyat sistemidir.
1998-ci il oktyabrın 29-da isə Ankarada Türkiyə Böyük Millət Məclisinin binasında Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan, Özbəkistan prezidentləri və ABŞ-ın energetika naziri tərəfindən Bakı-Tbilisi-Ceyhan marşrutu ilə əsas ixrac neft kəmərinin çəkilməsini dəstəkləyən “Ankara Bəyannaməsi”nin imzalanması ilə bu layihənin ilkin razılaşdırılması əldə olundu.
Prezident Heydər Əliyev Neft kəmərinin açılışına hərs olunmuş təntənəli mərasimdə demişdir:
“Bu gün mən son dərəcə sevinc hissi keçirirəm ki, neftin hasilatına və ixracına dair çox böyük proqramı dörd ildən bir qədər artıq müddətdə reallaşdırmağa müvəffəq ola bilmişik. Təbii ki, bunların hamısı ümumi səylərin nəticəsidir. Beləliklə, 1994-cü ildə başlanmış işlər artıq öz praktiki nəticələrini verir. Bakı-Supsa neft kəməri, burada tikilmiş gözəl terminal, müvəffəqqiyyətlə işləmək və nefti fasiləsiz olaraq vurmaq, onu dünya bazarlarına daşımaq üçün yaradılmış gözəl şərait buna inandırıcı sübutdur...
Bakı-Supsa Gürcüstan ilə Azərbaycan ara­sında dostluğa, əməkdaşlığa parlaq misaldır. Bizim xalqlarımız həmişə səmə­rəli və müvəffəqiyyətlə əməkdaşlıq etmiş­lər. Gürcü və Azərbaycan xalqlarının çox­əsrlik dostluğu bizim əvəzsiz sərvətimizdir. Biz bu dostluğu qoruyur və yeni şəraitdə inkişaf etdirir, genişləndiririk. Gürcüstanın və Azərbaycanın səmərəli əməkdaşlığına dair misallar çoxdur. Lakin Bakı-Supsa neft kəməri, şübhəsiz ki, indiki mərhələdə bu əməkdaşlığın zirvəsidir. Bütün bu işlər, indiki halda Bakı-Supsa neft kəməri Qafqazda sabitliyin və sülhün möhkəmlənməsinə mühüm töhfə olmuşdur. Sülh bizə çox gərəkdir, bizə dinc Qafqaz gərəkdir, bizə sabitlik gərəkdir, biz silahlı münaqişələrə son qoymalı, Qafqaz ölkələri ilə regionumuzu əhatə edən ölkələr arasında ən yaxşı və mehriban münasibətlər yaratmalıyıq”.
Heydər Əliyevin Vaşinqtonda ABŞ prezidenti Bill Klinton, senatorlar, görkəmli ictimai-siyasi xadimlər ilə görüşləri çox maraqlı olmuşdu.
Bir faktı qeyd edim. Amerikalı senator Lourens İqlberger Heydər Əliyevlə görüşdükdən sonra demişdi: “Dünyada çox az prezident olubdur ki, onlarla görüşlərdən sonra mən belə qənaətə gəlmişəm ki, nə isə öyrəndim. Siz sayca çox az olan belə prezidentlərdən birisiniz.
Sizinlə ünsiyyətdə olduğumuzdan məmnunluq hissini ifadə edirik. Maraqlı söhbətə görə Sizə öz təşəkkürümüzü bildiririk. Sizin gərgin və çoxcəhətli fəaliyyətinizi yüksək qiymətləndiririk. Sizə və Azərbaycan xalqına yeni-yeni uğurlar arzulayırıq”.

“Əsrin müqaviləsi”nə əsasən, Azərbaycan Avropa bazarına çıxmaq imkanı əldə etdi. Beynəlxalq investisiya və kredit təşkilatları Azərbaycanı sabit ölkə kimi qəbul etməyə başladılar. Beləliklə, neftlə əlaqəli digər sahələrə böyük kapital qoyuluşu imkanları yarandı, Azərbaycanın isə yaxın vaxtlarda valyuta ehtiyatlarını artırmağa və özünün investisiya siyasətini həyata keçirməyə başlamaqla dünya iqtisadi birliyinə inteqrasiyası prosesini sürətləndirdi.
İqtisadiyyatın digər sahələrinə investisiyalar yatırmaq üçün əlverişli şərait yarandı. Bu müqavilə Azərbaycanın neft sənayesini dirçəltməklə, xeyli iş yerləri yaratdı ki, bu da bir milyondan artıq qaçqının yaşadığı ölkə üçün çox əhəmiyyətli idi. Həmçinin bu müqavilə sayəsində Azərbaycanın elmi və mədəni əlaqələri genişləndi, beynəlxalq meydanda siyasi çəkisi artdı, ölkəmiz dünya dövlətlərinin siyasi dəstəyini aldı. Qərb siyasi sabitlik sayəsində Azərbaycana bərabərhüquqlu tərəfdaş kimi qəbul olundu.

“Əsrin müqaviləsi” “Azəri-Çıraq-Gü­nəşli” yatağının geniş miqyasda işlən­mə­sinin fəallaşdırılması və Xəzər də­nizi sektorunda Azərbaycanın kar­bo­hidrogen ehtiyatlarının mənimsənməsi üçün yeni investisiyaların cəlb edilməsinə güclü təkan verdi. Nəticədə məhsulun pay bölgüsü haqqında beynəlxalq razılaşmaların sayı artaraq 22 müqaviləyə çatdı və onların çərçivəsində Azərbaycan şelfində kəşfiyyata cəlb olunan perspektivli strukturların sayı artdı. Ümumilikdə, bu müqavilələrin gerçəkləşməsi üçün 60 milyard ABŞ dolları məbləğində vəsaitin investisiyaya yönəldilməsi təmin edildi.

1999-cu il iyulun 12-də Xəzərin Azərbaycan sektorundakı “Şadəniz” yatağında əldə edilmiş nəticələrin təqdimat mərasimi keçirildi. Mərasimdə çıxış edən Heydər Əliyev demişdi:
“...Bu gün bizim üçün daha da əhəmiyyətli odur ki, “Şahdəniz” konsorsiumunun prezidenti bəyan etdi ki, “Şahdəniz” yatağı dünya əhəmiyyətli yataqdır… Biz “Şahdəniz” yatağının potensialını bilirdik. Ona görə də bu yatağın əsasında müqavilə imzalamışdıq və bilirdik ki, bundan yaxşı nəticələr əldə edəcəyik. Onlar hamısı proqnozlar idi. Amma indi görünür ki, bu proqnozlar əsaslı olub, düz olubdur. Bu, Azərbaycan neftçilərinin, alimlərinin, Azərbaycan geoloqlarının nə qədər yüksək səviyyəli biliyə malik olduqlarını göstərir ki, belə bir şəraitdə proqnoz verirlər və bu proqnoz da artıqlaması ilə təsdiq olunur.
Bu gün “Şahdəniz” konsorsiumunun prezidenti bəyan etdi ki, 400 milyard kubmetr qaz var, ancaq 700 milyard kubmetrə qədər çata bilər. Bizim çox hörmətli geoloqumuz isə – demək olar ki, Azərbaycanda Xəzər dənizini Yusifzadə kimi bilən ikinci adam yoxdur, – deyir ki, orada trilyon kubmetrə qədər qaz olacaqdır.
Bu gün fürsətdən istifadə edərək, “Şahdəniz” yatağını kəşf edənlərə və Xəzər dənizindəki bütün başqa yataqları kəşf edən bizim alimlərə, neftçilərə, geoloqlara, – dünyasını dəyişənlərə də, bu gün yaşayanlara da, bütün Azərbaycan neftçilərinə bir daha, bir daha təşəkkür edirəm.
1999-cu il sentyabrın 20-də ildə Gülüstan sarayında “Əsrin müqaviləsi”nin beşinci ildönümünə həsr edilmiş mərasim keçirildi. Tədbirdə çıxış edən Prezident Heydər Əliyev bildirdi ki, Azərbaycan müstəqilliyinə qədər heç vaxt öz neftinin sahibi olmamışdır, halbuki biz Xəzər dənizində neft yataqlarının aşkar olunmasında, onların sənaye üsulu ilə istismar edilməsində dünyada birinci olmuşuq. Heydər Əliyev xatırlatdı ki, Azərbaycanda neftin sənaye üsulu ilə hasil olunmasına başlanandan bu günədək yerin təkindən, dənizin dərinliklərindən 1 milyard 500 milyon tona qədər neft hasil edilmişdir. Bunun təxminən 450-500 milyon tonu Xəzər dənizindən çıxarılmışdır. Amma bütün bu zamanlarda neftimizdən Sovet İttifaqının tələbatını təmin etmək üçün istifadə olunmuşdur. Dövlət başçısı dedi ki, keçmişdə mən uzun illər Azərbaycanda işləmişəm və 1969-cu ildən Azərbaycanın başçısı olmuşam. Mən bunları yaxşı bilirəm və yaxşı xatırlayıram. Bizdən tələb olunurdu ki, neft-qaz hasilatını artıraq. Biz bunu edirdik. Ancaq bundan əldə olunan gəlirlərin hamısı Sovet İttifaqının vahid büdcəsinə gedirdi. Yəni, o illərdə neft sənayesinin Azərbaycana nə qədər mənfəət verməsinə baxmayaraq, respublikamız əldə olunan neftin faydasının çox hissəsini görməyibdir.

Bütün bu işlərin müəllifi olan Heydər Əliyev hər cür imkandan istifadə edərək əsas neftin ixracının Azərbaycanın milli maraqlara cavab verən boru kəməri vasitəsilə həyata keçirilməsinə nail oldu.

1999-cu ilin noyabr ayında İstanbulda keçirilən ATƏT-in zirvə görüşündə Azər­baycan, Türkiyə, Gürcüstan və Qazaxıstan rəhbərləri Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin inşasına başlamaq üçün anlaşma sənədi imzaladılar. Bundan əlavə, üç ölkə rəhbəri bəyanat qəbul etdi və Amerika Birləşmiş Ştatlarının Prezidenti Bill Klinton öz dövləti adından bu bəyanata imza atdı.
Amma Azərbaycan neftinin dünya bazarına Bakı-Tbilisi-Ceyhan boru kəmərinin vasitəsilə ixrac edilməsinə qarşı çıxanlar da vardı. Bu barədə Heydər Əliyev demişdi:
“Bizə, yəni birinci növbədə Azərbaycana mane olurdular. Çünki neftin sahibi bizik və nefti də haradan ixrac etmək, birinci növbədə, bizim hüququmuz idi. Bizə çox təzyiqlər etdilər. O vaxt Azərbaycanda ictimai-siyasi vəziyyət o qədər də sabit deyildi. 1993-cü ildə burada vətəndaş müharibəsi baş vermişdi. Biz onların qarşısını aldıq və müqaviləni imzaladıq. Ancaq müqaviləni imzalayanda hətta bizim daxilimizdə belə, yüksək vəzifəli şəxslər var idi ki, onlar müxtəlif xarici xidmət orqanlarına qulluq edirdilər, bu müqavilənin pozulması haqqında öz fikirlərini söyləmişdilər... Ancaq biz qorxmadıq. Onlar isə bu işlərini davam etdirirdilər. O vaxt məcburiyyət qarşısında mənimlə burada Baş nazir vəzifəsində çalışan Surət Hüseynov kimi bir şəxs oktyabr ayının 4-də Azərbaycanda silahlı dövlət çevrilişi etməyə başladı. Biz bunun qarşısını aldıq. Birinci növbədə, xalqın bizə dəstəyi ilə, xalqın köməyi ilə. 1995-ci ilin mart ayında yenidən silahlı dövlət çevrilişi etmək istədilər, qarşısını aldıq. Ondan sonra bəzi yerlərdə terror aktları törətmək, körpünü partlatmaq, təxribat etmək istədilər. Zərər çəkdik, amma qarşısını aldıq.
Bütün bunların hamısı və bizə göstərilən başqa siyasi təzyiqlər, müxtəlif təsirlər ona yönəldilmişdi ki, birincisi, bizim neft müqaviləsini, bu işə Xəzər dənizində ilk dəfə biz başladıq deyə qəbul etmək istəmirdilər. İkincisi isə, Bakı-Tbilisi-Ceyhan boru xəttinin çəkilməsinin əleyhinə çıxırdılar. Belə bir şəraitdə biz bunu başladıq, öz iradəmizi ortaya qoyduq və əvvəldən tutduğumuz yol ilə getdik”.
2000-ci il avqustun 29-da Bakıda Azərbaycanın həyatında daha bir əlamətdar tarixi hadisə baş verdi – yeni “Qurtuluş” qazma qurğusu istismara verildi. 175 milyon dollar vəsait sərf olunmuş bu qazma qurğusunun istismara verilməsinin Azərbaycan üçün böyük əhəmiyyəti vardır. Bu layihə bir daha sübut etdi ki, Azərbaycan xalqı, neftçiləri, mühəndisləri, mütəxəssisləri, fəhlələri nə qədər yüksək səviyyədədirlər və nə qədər böyük işlər görməyə qadirdirlər. Eyni zamanda, bu qurğunun tikilməsi ilə 1000-dən artıq insan yüksək əməkhaqqı verilən yeni iş yeri qazandı.
Qurğunun istismara verilməsi ilə bağlı keçirilən təntənəli mərasimdə çıxış edən Heydər Əliyev demişdir:
“Bu gün istismara verdiyimiz yeni qurğuya isə “Qurtuluş” adı verilmişdir. Bunun da böyük əhəmiyyəti vardır. Nə üçün “Qurtuluş”? Qurtuluş Azərbaycan xalqının azadlığa çıxması deməkdir. Qurtuluş son illərdə Azərbaycan xalqının başına gəlmiş bəlalardan çıxması deməkdir. Qurtuluş 1993-cü ildə Azərbaycanda yaranmış vətəndaş müharibəsindən qurtulmaq deməkdir. Qurtuluş Azərbyacanın parçalandığı zaman onun parçalanmasının qarşısını almaq deməkdir. Qurtuluş Azərbyacanın müstəqilliyi, azadlığı deməkdir. Ona görə də bu qurğu “Qurtuluş” adını daşıyır”.
2001-ci il avqustun 30-da Heydər Əliyevin iştirakı ilə “Şahdəniz” yatağından qazın dünya bazarlarına ixracı haqqında sazişin imzalanması mərasimi keçirildi.
Bu hadisədən bir az sonra 2001-ci ilin sentyabrında Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti “Azəri”, “Günəşli” və “Çıraq” yataqlarında neft hasilatına dair tammiqyaslı işlərin layihəsinin təqdimatını keçirdi. Aparılan hesablamalar, araşdırmalar sübut edirdi ki, daha güclü neft kəmərinin tikilməsinə artıq ehtiyac yaranmışdır. Belə neft kəməri isə Bakı-Ceyhan neft kəməri ola bilərdi. Amma konkret faktlarla qeyd etdiyimiz kimi, bu marşrutun tikilməsinə maneçilik törədənlər olsa da Heydər Əliyevin mövqeyi və qətiyyəti vardı – Azərbaycan nefti dünya bazarına Bakı-Tbilisi marşrutu ilə çıxarılmalıdır. Məhz bu qətiyyətli mövqeyin sayəsində Azərbaycan nüfuzlu Qərb şirkətlərinin etimadını qazandı və ona görə də BTC ilə bağlı çoxsaylı müqavilələr imzalandı.
2002-ci il iyunun 22-də İstanbulun “Konrad” hotelində “Üç Dənizin Əfsanəsi” konfransı keçirildi. Tədbirdə Azərbaycan Prezidenti Heydər Əliyev, Türkiyə Prezidenti Əhməd Necdət Sezər, Ukrayna Prezidenti Leonid Kuçma, Rumıniya Prezidenti İon İliyesku, Gürcüstan Prezidenti Eduard Şevardnadze iştirak etdilər. Mərasimdə çıxış edən Heydər Əliyev nəzərə çatdırdı ki, bu tədbirin keçirilməsinin istinad nöqtəsi 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi”dir. Azərbaycan müstəqillik qazandıqdan sonra Qara dənizə bir neçə neft kəməri-Bakı-Novorossiysk və Bakı-Supsa kəmərləri çəkilmişdir. Lakin həmin kəmərlər Azərbaycanı qane etmirdi, bu səbəbdən yeni bir kəmərin çəkilməsinə ehtiyac yaranmışdı.
Heydər Əliyev dedi: “Biz Bakı-Tbilisi-Ceyhan neft kəməri haqqında hələ 1994-cü ildən düşünürdük. Amma o vaxtlar buna inanan çox az idi. Mane olanlar da çox idi və bu günə qədər də bəziləri hesab edirlər ki, bu, xəyaldır. Yaxud da deyirlər ki, Bakı-Tbilisi-Ceyhan boru xətti, neft kəməri ilə ixrac edilməsi üçün Xəzər dənizində yetərli qədər neft yoxdur. Onlara cavab verərək, mən bu gün demək istəyirəm ki, 2010-cu ildə “Azəri-Çıraq-Günəşli” yataqlarından 50 milyon ton neft hasil olunacaqdır və bu da Bakı-Tbilisi-Ceyhan boru kəmərinin işləməsi üçün tamamilə bəsdir. Amma bir bu, deyil, başqa yataqlar da var”.
Heydər Əliyev bildirdi ki, vaxtilə Xəzər dənizindən Qara dənizə, oradan da Aralıq dənizinə qədər gedəcəyimizi təsəvvür etməzdik: “İndi 2 min kilometr uzunluğunda böyük bir neft kəməri çəkilir. Bu, həqiqətən, əfsanədir”. Çıxışının sonunda Heydər Əliyev qeyd etdi ki, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin tikintisinə də başlanılıb: “Bunlar reallıqdır, artıq əfsanə deyil, təklif edirəm ki, dostlarımız yeni bir əfsanənin gerçəyə çevrilməsi üzərində düşünsünlər”.
2002-ci il sentyabrın 17-də Bakının yaxınlığındakı Səngəçal sahil terminalında Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təməlinin qoyulması münasibətilə təntənəli mərasim keçirildi. Azərbaycan Prezidenti Heydər Əliyev, Türkiyə Prezidenti Əhməd Necdət Sezər, Gürcüstan Prezidenti Eduard Şevardnadze mərasimdə iştirak etdilər. Amerika Birləşmiş Ştatlarının energetika naziri Spenser Abraham, eləcə də bir çox xarici ölkələrdən gəlmiş qonaqlar mərasimdə iştirak edirdilər.
Tikintisinə 1996-cı ildə başlanmış bu terminalın ərazisi 255 hektardır. “Çıraq-1” platformasından sualtı boru kəməri ilə vurulan neft bu terminalda qəbul olunur, texniki emaldan keçirilir, daha sonra ixrac sisteminə vurulur.
Səngəçalda keçirilən mərasimdə işti­rak­çıların diqqətinə çatdırıldı ki, Bakı-Tbilisi-Ceyhan ixrac neft kəmərinə xüsusi dəstəkləri olan ABŞ Prezidenti Corc Buşdan, Fransa Prezidenti Jak Şirakdan, Böyük Britaniyanın Baş Naziri Toni Bleyerden, Norveçin Baş nazirindən təbrik məktubları daxil olmuşdur.
Bu, Azərbaycan xalqının, müstəqil dövlətimizin tarixində unudulmaz iz qoyan bir hadisə idi. Onun miqyası, əhatə dairəsi ölkəmizdən dəfələrlə böyük olan ölkələrin əhalisinin sayına, iqtisadi potensialına görə verəcəyi iqtisadi, siyasi dividendlərdən çox idi. Ona görə də bu hadisəni təfsilatı ilə təsvir etməyi çox vacib sayıram. Çünki neçə-neçə onilliklər keçəcək, bu hadisənin ölkəmiz üçün, müstəqilliyimiz üçün müstəsna rolu qalacaqdır.
Heydər Əliyev çıxışında Bakı-Tbilisi-Ceyhan layihəsinin qlobal və regional əhəmiyyətini, ölkələr arasında əməkdaşlığın genişlənməsində müstəsna rola malik olduğunu vurğulayaraq dedi: “Bu işlər bizim xalqlarımızın gələcəyi üçündür. Bizim bu işlərimiz yalnız və yalnız Azərbaycanın dövlət müstəqilliyi əldə etməsindən sonra mümkün olubdur. Siz bilirsiniz ki, Azərbaycan qədim neft ölkəsidir. 150 il bundan öncə Azərbaycanda sənaye üsulu ilə neft hasilatına başlanıbdır”.
Mərasimdə Türkiyə Prezidenti Əhməd Nəcdət Sezər, Gürcüstan prezidenti E.Şevardnadze çıxış etdilər.
ABŞ Prezidenti Corc Buşun tədbir iştirakçılarına ünvanladığı məktubda isə deyilirdi: “Prezident Heydər Əliyevin Azərbaycanın əsas ixrac boru kəmərinin işçi qrupunu yaratdığı vaxtdan, yəni 1997-ci il sentyabrın 5-dən bəri bugünkü tədbirin iştirakçıları uzun yol keçmişlər. Ötən müddət ərzində Prezident Heydər Əliyev neft və qaz ixrac dəhlizinə verdiyi dəstəkdən geri çəkilməmişdir. Onun boru kəmərlərinin reallığa çevrilməsində göstərdiyi uzaqgörənlik və qətiyyət bu böyük və mühüm işlərin düzgün istiqamətləndirilməsini mümkün etmişdir”.
İclasda çıxış edən Heydər Əliyev Bakı-Ceyhan layihəsi barədə tərəflər arasında tam razılıq əldə olunmasını təsdiq edərək bildirdi ki, bu layihə marşrut haradan keçəcək məsələsinə son nöqtə qoyub, Gürcüstan və Azərbaycan arasında heç bir problemli məsələ yoxdur.
Mərasimə Heydər Əliyev yekun vurdu: “Biz bu gün tarixi bir gün yaşayırıq. Tarixi bir hadisənin şahidiyik. Bu tarixi biz yazırıq. Bugünkü nəsillər, Azərbaycan, Türkiyə, Gürcüstan, Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Norveç, Fransa, İtaliya və digər dövlətlər, hamımız bir yerdə böyük bir tarix yazırıq. Bunların hamısı gələcək nəsillər üçündür. Şübhə yoxdur ki, gələcək nəsillər bizim gördüyümüz bu işlərdən bəhrələnərək, daha da firavan yaşayaraq, ölkələrimizdə, Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu şəraitində, vətəndaş cəmiyyəti şəraitində yaşayaraq bunların bəhrələrini görəcəklər”.
Üç ölkənin prezidentləri Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təməlqoyma mərasimində gələcək nəsilləri də unutmamış, bu boru kəmərinin ülvi amallara xidmət edərək, regionun simasını dəyişdirəcək, iqtisadi inkişafa təkan verəcək, xalqın rifahını yüksəldəcək bir layihə olacağını bildirmişdilər.

 

Bakı-Tbilisi-Ceyhan boru kəmərinin istifadəyə verilməsi dünya neft hasilatı tarixində yeni hadisəyə çevrildi

Azərbaycan dövlətinin başçısı İlham Əliyev ulu öndər Heydər Əliyevin müəyyən etdiyi neft strategiyasının həyata keçirilməsi ilə əlaqədar məsələlərə xüsusi fikir verirdi. Beynəlxalq aləmdə dünya neft siyasətinin incəliklərinə dərindən bələd olan mahir tədqiqatçı, bacarıqlı siyasi və dövlət xadimi kimi tanınan Prezident İlham Əliyev neft strategiyasının yaradıcısı və memarı olan Heydər Əliyevin arzularına sadiq qalaraq Azərbaycanın neft strategiyasının reallaşması ilə bağlı dünyanın ən nüfuzlu şirkətləri ilə fəal və işgüzar danışıqlar aparır, meydana çıxan problemlərə yüksək peşəkarlıqla müdaxilə edir və milli mənafeləri gözləməklə onların həllinə nail olurdu.
2004-cü il yanvarın 30-da Bakı-Tbilisi-Ceyhan Boru Kəməri Şirkətinin Direktorlar Şurası Londonda keçirilən yekun iclasında BTC-nin tikintisi layihəsinin maliyyə paketini təsdiqlədi. 2004-cü il fevralın 3-də isə “Gülüstan” sarayında Prezident İlham Əliyevin iştirakı ilə Bakı-Tbilisi-Ceyhan layihəsinin maliyyələşdirilməsi ilə bağlı sənədlərin imzalanması mərasimi keçirildi.
“Əsrin müqaviləsi”nin imzalanmasının 10 illiyinə həsr olunmuş tədbirdə İlham Əliyev qeyd etdi ki, “Əsrin müqaviləsi”ndə Azərbaycanın iqtisadi maraqları tam təmin olunub. Bununla yanaşı, xarici investorlar üçün də olduqca məqbul şərait yaradılmışdır. Əks təqdirdə belə həcmdə investisiyaları Azərbaycana gətirmək mümkün olmazdı. Bizim xarici investorlar əmindirlər ki, Azərabaycana qoyulmuş hər bir manat, hər bir dollar ölkə qanunvericiliyi ilə lazımi səviyyədə qorunur”.
Neft müqavilələrinin reallaşması göstərdi ki, beynəlxalq aləmdə Azərbaycan münbit investisiya mühiti yaratmış, kommersiya riskləri minimuma endirilmiş ölkə kimi tanınır. Bu fundamental nailiyyəti qısa müddətdə heç də hər bir ölkə əldə edə bilməzdi. Müstəqil Azəbaycanın siyasi və iqtisadi əsaslarını təşkil edən mövqeləri qoruyub saxlamaq çox vacibdir.
2006-cı il iyulun 13-də Türkiyənin Ceyhan şəhərində Heydər Əliyev Adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təntənəli açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev dedi:
“O vaxt Azərbaycan çox çətin, ağır durumda idi. Müstəqilliyi yenicə əldə etmiş ölkə iqtisadi böhran içərisində yaşayırdı. O cümlədən, siyasi vəziyyət o qədər də ürəkaçan deyildi. Ölkədə sabitlik hələ tam bərqərar olunmamışdı. Azərbaycan çox riskli bir ölkə kimi tanınırdı və o şəraitdə xarici sərmayəni Azərbaycana cəlb etmək, investorları inandırmaq ki, Azərbaycanda onların sərmayəsi batmayacaq, əksinə, əlavə sərmayə, əlavə gəlirlər gətirəcək – bu, əlbəttə ki, çox böyük siyasi bacarıq, müdriklik, uzaqgörənlik tələb edirdi. Azərbaycanın ümummilli lideri Heydər Əliyevin fəaliyyəti nəticəsində bu gün biz bu gözəl anları yaşayırıq. Nəzərə alsaq ki, həm ölkə daxilində, həm də bölgədə və bütövlükdə, müəyyən mənada dünyada Bakı-Tbilisi-Ceyhan neft kəmərinə inam o qədər böyük deyildi, onda görərik ki, bu işin həyata keçirilməsi nə qədər böyük çətinliklərlə müşayiət olunurdu. İnanmayanlar var idi, eyni zamanda Bakı-Tbilisi-Ceyhan neft kəmərinin inşasının qarşısının alınmasına çalışanlar var idi, problemlər, maneə törədənlər var idi. Ancaq xalqımızın iradəsi, Azərbaycan, Türkiyə, Gürcüstan rəhbərliyinin iradəsi, bizim birgə fəaliyyətimiz bu əfsanəni gerçəkliyə çevirdi.”
“Əsrin müqaviləsi”Azərbaycana xaricdən qaz idxal edilməsinin qarşısını aldı. Azərbaycan qaz idxal edən ölkədən qaz ixrac edən ölkəyə çevrildi. Prezident İlham Əliyevin aşağıdakı fikirləri dövlətimiz, xalqımız, hər birimiz üçün müstəsna əhəmiyyət kəsb edir.
Açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev bildirdi: “Heydər Əliyevin adını həm Bakı-Tbilisi-Ceyhan, həm də Ceyhan terminalı daşıyır. Heydər Əliyev bu layihələrin təşəbbüskarı, onların memarı olmuşdur. Mən bu gün çox təəssüf edirəm ki, o, bu günləri görmədi. Allah ona bunu nəsib etmədi. Amma inanıram ki, onun ruhu bu gün bizimlədir. Bizimlə bərabər onun ruhu bu gün şaddır. Azərbaycan, Gürcüstan və Türkiyənin işbirliyi, qardaşlığı, əməkdaşlığı bundan sonra da möhkəmlənəcək və bizim bölgəyə sülh, sabitlik gətirəcəkdir.
Əziz dostlar, bu gözəl, tarixi hadisə münasibətilə sizin hamınızı bir daha ürəkdən təbrik edirəm, qardaş türk, gürcü və doğma Azərbaycan xalqlarına sülh, əmin-amanlıq, xoşbəxtlik arzulayıram.”
“BTC daha bir qlobal ixrac kəmərinin – Bakı-Tbilisi-Ərzurum qaz xəttinin istifadəyə verilməsinə yol açdı. Əgər Bakı-Tbilisi-Ceyhan neft kəməri tikilməsəydi və bu dəhliz açılmasaydı, sınaqdan keçməsəydi, əlbəttə, qaz dəhlizinin açılması da böyük problemlərlə üzləşə bilərdi. Beləliklə, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin istismara verilməsi nəticəsində Azərbaycan nəinki yeni bazara çıxma imkanı əldə etdi, eyni zamanda ölkə iqtisadiyyatına böyük həcmdə vəsaitin investisiya axınını təmin etdi.

“Əsrin müqaviləsi”nin yeni mərhələsi: strateji hədəflər
Bu baxımdan Prezident İlham Əliyevin aşağıdakı fikrinə diqqəti çəkmək istərdim: “2006-cı ildə Azərbaycan xaricdən 4 milyard 500 milyon kubmetr qaz alırdı və böyük vəsait də ödəyirdi. 2006-cı ildə 11 min kubmetr qazın qiyməti 110 dollar təşkil edirdi. Ancaq 2006-cı ilin sonunda Azərbaycana qazı satan tərəf birdən-birə qiyməti 2 dəfədən çox artırdı və 2007-ci il üçün bizə elan olunmuş qiymət 230 dollar səviyyəsində idi. Bunu biz böyük sürpriz kimi qəbul etdik və dərhal danışıqlara başlamaq niyyətimizi göstərdik. Danışıqlar nəticəsində nəinki qiymət aşağı düşdü, qiymət daha da qalxdı. Bizə dedilər ki, 230 dollara almaq istəmirsinizsə, onda 235 dollara alacaqsınız. Bu, tamamilə dözülməz yanaşma idi. Belə olan halda, əlbəttə ki, Azərbaycan bundan imtina etdi. Biz əməli-praktik tədbirlər gördük. Baxmayaraq ki, bu tədbirlərin görülməsi üçün cəmi 1 ay, ondan da az vaxtımız var idi. Yəni, Azərbaycan bütün imkanlarını səfərbər edib, 2007-ci ilin qışını da uğurla yola verdi və bununla bərabər, 2007-ci ildə hətta Gürcüstana qaz nəqlinə başladı. Bax, budur bizim imkanlarımız, budur reallıq! Yəni, mən bütün bu məsələləri ona görə bir daha qeyd edirəm ki, bunu yaddan çıxarmaq lazım deyildir.”
2007-ci ildə Bakı-Tbilisi-Ceyhan neft kəməri tam gücü ilə işləməyə başladı. Onu da qeyd edək ki, enerji təhlükəsizliyinin təmin edilməsində ən mühüm hadisələrdən biri də 2007-ci ilə təsadüf edir. Çünki Azərbaycan ilk dəfə qaz ixracatçısı oldu. Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin açılışından sonra Azərbaycan qazı Gürcüstan və Türkiyə bazarlarına ixrac olunmağa başladı və bu, eyni zamanda “Şahdəniz” yatağının işlənilməsinin ikinci mərhələsi və “Cənub Qaz Dəhlizi” layihəsi üçün bünövrə yaratdı.
2007-ci ildə Davosda keçirilən İqtisadi Forumda iştirak edən ABŞ, Rusiya, Böyük Britaniya, Kanada, Fransa, Almaniya, İsveç, İsveçrə, Finlandiya, Braziliya, Malayziya, Niderland, Səudiyyə Ərəbistanı, Koreya Respublikası, Norveç, Çin, Küveyt, Qazaxıstan, Belçikanı təmsil edən nümayəndə heyətlərinin rəhbərləri çıxış etdilər. Onlar əsasən neft-qaz ölkəsi kimi tanınan ölkələrdə iqtisadi inkişafdan söhbət açdılar.
Tədbirin iştirakçısı olan Azərbaycan Prezidenti İlham Əliyev çıxışında ölkəmizdə qlobal enerji layihələrinin həyata keçirildiyini vurğuladı, enerji təhlükəsizliyi məsələsində Azərbaycanın rolunun günbəgün artdığından, energetika sahəsində əldə olunan uğurlardan, bütövlükdə ölkəmizin iqtisadi potensialından danışdı.
Müasir mərhələdə qlobal risklərin artdığı şəraitdə neft strategiyasının reallaşması ilə bağlı dünyanın ən nüfuzlu şirkətləri ilə fəal və işgüzar danışıqlar davam etdirilir, həlli vacib olan problemlərə yüksək peşəkarlıqla müdaxilə edilir və milli mənafeləri gözləməklə onların həllinə nail olunur.
Aşağıda qeyd olunan sazişlər bu dediklərimizi bir daha təsdiq edir:
2012-ci ildə İstanbulda Azərbaycan və Türkiyə hökumətləri Trans-Anadolu – TANAP kəmərinin tikintisi haqqında tarixi sənəd imzaladılar. TANAP “Cənub Qaz Dəhlizi”nin fundamental elementlərindən biridir və həmin dəhlizə dair sazişin imzalandığı 2012-ci il faktiki olaraq, “Şahdəniz-2” üçün əsas investisiyalara qapı açdı. Çünki bundan sonra – 2013-cü ildə “Şahdəniz-2”-yə investisiya yatırılması ilə bağlı qərar qəbul olundu. TANAP olmadan da bu, mümkün olmazdı. 2013-cü il Trans-Adriatik kəmərinin TANAP layihəsinin davamı kimi seçildiyi il oldu.
2014-cü ildə Səngəçalda Cənub Qaz Dəhlizinin təməli qoyuldu. 2015-ci ildə Azərbaycan Cənub Qaz Dəhlizi Məşvərət Şurasının yaradılması təşəbbüsü ilə çıxış etdi. Avropa Komissiyası Azərbaycanın bu mühüm təşəbbüsünü dərhal dəstəklədi. Bununla əlaqədar olaraq, Azərbaycan dövləti Avropa Komissiyasına, ABŞ və Birləşmiş Krallıq hökumətlərinə 1990-cı illərdə Azərbaycanın təşəbbüskarı olduğu enerji təhlükəsizliyi ilə bağlı bütün layihələrə, o cümlədən Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz layihələrinə verdikləri güclü dəstəyə görə minnətdarlığını bildirdi.
26 may 2014-cü ildə Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) genişlənməsi haqqında saziş imalandı.
17 mart 2015-ci ildə TANAP layihəsinin Kars şəhərində təməlatma mərasimi keçirildi (TANAP layihəsində Türkiyənin BOTAŞ şirkəti səhmdar şirkətdir).
“Cənub” Qaz Dəhlizi”nin təməlinin qoyulması mühüm tarixi hadisə kimi qiymətləndirildi. İlham Əliyev bəyan etdi ki, bu layihə “Əsrin müqaviləsi”nə bərabər olan bir layihədir:“Çox simvolik hal ondan ibarətdir ki, məhz 2014-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanmasından düz 20 il sonra “Cənub Qaz Dəhlizi”nin təməli qoyulmuşdur. Ulu öndər Heydər Əliyevin neft strategiyasının uğurlu icrası bu gün də təmin edilir. Görün, “Əsrin müqaviləsi”ndən sonrakı dövrdə nə qədər işlər görülmüşdür: Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, indi “Cənub Qaz Dəhlizi”, “Şahdəniz” yatağının işlənməsi. Azərbaycan burada öz liderlik rolunu bir daha təsdiqlədi. “Cənub Qaz Dəhlizi”nin müəllifi Azərbaycandır. Bu layihənin aparıcı qüvvəsi də Azərbaycandır. Bunu hamı bilməlidir. Azərbaycanın gücü olmasaydı, bu layihə heç vaxt reallaşmayacaqdı. Biz bu layihənin reallaşması ilə bağlı çox gərgin iş aparmışıq. Çox gərgin və fəal iş aparmışıq ki, artıq bu layihəni icra etməyə başlamışıq. Biz buna Azərbaycan üçün ən məqbul şərtlərlə və beynəlxalq əməkdaşlıq çərçivəsində nail ola bilmişik. Çünki bizim tərəfdaşlarımız olmadan bu layihə icra edilə bilməz. Ona görə bu layihə daha da böyük koordinasiya tələb edir. Çünki burada iştirak edən ölkələrin, şirkətlərin sayı çoxdur. Bakı-Tbilisi-Ceyhan layihəsinin icrasında üç ölkə – Azərbaycan, Gürcüstan, Türkiyə iştirak edirdi. Ancaq “Cənub Qaz Dəhlizi”nin icrasında 10-a yaxın ölkə iştirak edəcək. Çünki biz bu layihəni çox böyük və geniş layihə kimi görürük, bunu, əlbəttə ki, mərhələlərə bölürük. İlk növbədə, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin genişləndirilməsi, TANAP, TAP layihələri, ondan sonrakı dövrdə digər layihələr. Ona görə bu, tarixi hadisədir. Azərbaycan bu sahədə də liderlik keyfiyyətlərini göstərmişdir.”
2017-ci il sentyabrın 14-də Prezident İlham Əliyevin iştirakı ilə Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin (AÇG) birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında yeni saziş imzalandı. Bununla da “Əsrin müqaviləsi”nin davamına dair yeni müqavilə imzalandı və layihənin müddəti 2050-ci ilədək uzadıldı. İmzalanma mərasimində Prezident İlham Əliyev dedi: “Əsrin müqaviləsi” ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən biridir. Bu gün bütün Azərbaycan xalqı bu kontraktın gözəl nəticələrini öz həyatında görür. Hesab edirəm ki, bugünkü mərasimin ulu öndərin adını daşıyan Heydər Əliyev Mərkəzində keçirilməsi də rəmzi xarakter daşıyır. 1994-cü il sentyabrın 20-də - Gülüstan sarayında o tarixi gündə ulu öndər Heydər Əliyev öz çıxışında kontraktın əhəmiyyətini qeyd etmişdir. Qeyd etmişdir ki, bu kontraktın Azərbaycana çox böyük xeyri, faydası olacaq. 23 ildən sonra biz bunun əyani sübutunu görürük. 23 ildən sonra ulu öndərin adını daşıyan bu möhtəşəm, dünya miqyasında ən gözəl memarlıq abidələrindən olan Heydər Əliyev Mərkəzində imzalanma mərasimi keçirilir. Yenə də “Azəri-Çıraq-Günəşli” yatağı üzrə. Bu, eyni zamanda onu göstərir ki, bu gün Azərbaycanda Heydər Əliyev siyasəti yaşayır və yaşayacaq.”
Ölkə prezidentinin 2018-ci il fevral ayının15-də Bakıda Heydər Əliyev Mərkəzində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısında geniş nitqində bəyan etdiyi kimi, “Dənizə çıxışı olmayan ölkə kimi beynəlxalq bazarlara çıxışımız olmadığından, biz kəmərlər tikməli olduq və bunun üçün bizim artıq regional əməkdaşlığa ehtiyacımız yarandı. Düşünürəm ki, bu da planlarımızı yaxşı nümayiş etdirdi. Beləliklə, Bakı ilə Gürcüstanın Supsa dəniz limanını birləşdirən ilk kəmər 1990-cı illərin sonunda açılaraq, xam neft nəql edən kəmərlə Xəzər dənizi ilə Qara dəniz arasında ilk bağlantı yaratdı.
Lakin bu, yetərli deyildi, çünki bizim neft ehtiyatlarımızın tam şəkildə işlənməsi üçün bu kəmərin tutumu kifayət etmirdi. Bu səbəbdən də əsas neft kəmərinin tikintisi planlaşdırıldı və 2006-cı ildə Xəzər dənizi ilə Aralıq dənizini birləşdirən Bakı-Tbilisi-Ceyhan neft kəmərinin uğurlu açılışı oldu. Hazırda Bakı-Tbilisi-Ceyhan neft kəməri təkcə Azərbaycandan deyil, Xəzər dənizinin o biri tərəfində olan – Xəzərin şərq sahillərindəki yataqlardan neft nəql etməklə artıq Azərbaycan tranzit ölkəyə, tranzitdə etibarlı tərəfdaşa çevrilir...”.
2019-cu ildə Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin növbəti beşinci toplantısı keçirildi. Azərbaycan bu toplantılara uğurla ev sahibliyi etdi.
Ölkə Prezidenti cənab İlham Əliyevin də qeyd etdiyi kimi, artıq belə toplantıların və bu nəhəng layihənin irəli aparılması ilə bağlı görülməli işlərə dair geniş müzakirələrin faydasını görməkdəyik. Yəni, bu əməkdaşlıq formatı artıq səmərəli olduğunu və çox yaxşı nəticələrə yol açacağını sübut etdi.
Azərbaycan Prezidenti toplantıda bəyan etdi: “O dövlətlər ki xarici enerji mənbələrindən asılıdır, onlar əmin olmalıdırlar ki, bu marşrut dayanıqlı və uzunmüddətli olacaq.
(davamı 5-ci səhifədə)
(əvvəli 3-cü səhifədə)
Onlar özlərinin gələcəyini və sənaye inkişafını planlaşdırmalıdır. Eyni zamanda, təbii sərvətlərlə zəngin olan istehsalçı dövlətlər etibarlı bazarlar olmadan öz məqsədlərinə çata bilməzlər. Bu gün toplantının formatı onu nümayiş etdirir ki, biz çox geniş beynəlxalq əməkdaşlıq formatını yarada bilmişik. Maliyyə qurumları, şirkətlər və ölkələrin bir amalı var. Biz bu layihənin reallaşdırılmasına inanırıq və hesab edirik ki, hər birimiz üçün bu, uzunmüddətli uğur hekayəsi olacaq”.
Bu tədbirlər bir daha onu göstərir ki, Azərbaycan düzgün yoldadır, öz hədəflərindən heç zaman sapmayıb, həmin hədəflərə əzmlə, bir-bir çatmaqla, özünün uğurlu inkişafını təmin edib, eyni zamanda regionun və bütövlükdə dünyanın enerji təhlükəsizliyinin təmin edilməsinə əməli töhfələrini verib. Təsadüfi deyil ki, ölkəmiz bu gün Avropanın və dünyanın enerji təhlükəsizliyinin təmin edilməsinin əsas iştirakçılarından birinə çevrilib və bu funksiyanı uğurla icra etməkdədir. Bu baxımdan hesab edirik ki, Cənub Qaz Dəhlizinin Məşvərət Şurası formatında əməkdaşlıq bundan sonra da davam etdirilməlidir və etidiriləcəkdir. Buna bizim qədər Avropanın, dünyanın özünün də ehtiyacı var.

 

Dövlət Neft Şirkəti mühüm transmilli şirkətdir
Müstəqilliyin təminatının əsas sütunla­rından biri iqtisadi güc və tərəqqidir. Dövlətin iqtisadi potensialı onun müs­təqilliyini möhkəmləndirirsə, müs­təqil­lik də öz növbəsində iqtisadi inkişaf və yüksəliş üçün münbit zəmin yaradır. Ölkə iqtisadiyyatının tərəqqisində, müstəqil dövlət siyasətimizin həyata keçirilməsində, xüsusilə, şöhrəti dünya ilə bir olan uğurlu neft strategiyasının inkişafında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti –SOCAR-ın müstəsna rolu vardır.
Bu gün SOCAR-ın həm də müxtəlif ölkələrdə genişmiqyaslı layihələr və əməliyyatlar həyata keçirməklə enerji bazarlarının mühüm iştirakçısına çevrilməsi dövlətimizin müstəqil xarici və daxili siyasəti nəticəsində mümkün olub. Hələ ötən əsrin 90-cı illərinin əvvəllərində lokal neft hasilatçısı olan SOCAR “Əsrin müqaviləsi”nin imzalanmasından ötən 25 il ərzində öz inkişafının növbəti tarixi mərhələsinin astanasına çatmışdır. Son illər Azərbaycan daxilində və xaricdə başladılan bir çox nəhəng layihələr tamamlanaraq istismara verilib.
Bəzən belə əsassız, populist fikirlər də səslənir ki, axı Dövlət Neft Şirkəti nəyə lazımdır, bölünməlidir, özəlləşdirilməlidir. Bu fikirlərin reallıqla heç bir bağlılığı yoxdur. Azərbaycan dövlətinin müstəqillik dövründə ən mühüm nailiyyətlərindən biri məhz Dövlət Neft Şirkətinin qorunub saxlanılması və inkişaf etdirilməsidir. Bu, ulu öndər Heydər Əliyevin müdrikliyi və uzaqgörənliyi sayəsində mümkün olmuşdur. Heydər Əliyev SOCAR-ın dövlət tabeliyindən çıxarılmasının hansı fəsadlara gətirib çıxaracağını hamıdan yaxşı bilir və təsəvvür edirdi. Odur ki, əgər zamanında belə bir müdrik və tarixi qərar verilməsəydi, tam əminliklə deyirəm ki, müstəqil neft siyasətindən, ümumən, müstəqil siyasi-iqtisadi inkişafımızdan danışmaq çətin olardı. Belə əsassız fikirləri səsləndirənlər də bir daha ötən dövrlərdə yaşananları göz önünə gətirsələr, yaxşı olar. O zaman dərk edər və anlayarlar ki, reallıqdan nə qədər uzaq düşüblər. SOCAR uzun illər ölkənin inkişafına töhfələrini verməkdə davam edəcəkdir.
Bu baxımdan ulu öndərin tarixi əhəmiyyət kəsb edən aşağıdakı fikirləri dərin mətləblərdən xəbər verir: “Siz o dövrü yaşamısınız, Allaha şükür ki, ondan da xilas olmusunuz. Həmin məsələlərdən mənim bir az xəbərim var. Sonralar bunları təhlil edəndə bildim ki, iş nə yerdə gedir.
Məsələn, xatirimdədir, biz 1995-1996-cı illərdə özəlləşdirmə proqramını həyata keçirməyə başlayanda bəziləri deyirdilər ki, gəlin hər şeyi bir ildə özəlləşdirək, nə varsa, hamısını dağıdaq, şəxsi mülkiyyətə verək, onda hər şey yaxşı olacaqdır. Mən isə bunlara yol vermədim. O vaxt bəzi adamlar bu cür müəssisələri, bizim neft sənayesini özəlləşdirmək istəyirdilər. Onlar Azərbaycan xalqının ən böyük sərvətini, bu gün də, 100, 200 il bundan sonra da xalqımıza xidmət göstərəcək və onun sosial inkişafını təmin edəcək neft sənayesini, neft şirkətini özəlləşdirmək istəyirdilər. Başa düşürsünüz? Mən o vaxt bunların qarşısını aldım.
Mən bunu nə üçün deyirəm? Bu cəhdlərin məqsədi o idi ki, demək, bir adam, bir neçə adam murdar fikirlərlə bu zavodu əlinə keçirsin, sonra nə cür istəyirsə, istifadə etsin. Mən bu barədə o vaxt da mövqeyimi bildirmişəm və bu gün də deyirəm. Hamı bilsin. Çünki bəzi yerlərdə müxtəlif fikirlər gəzir. Neft sənayesi Azərbaycanda özəlləşdirilə bilməz. Neft sənayesi, neft emalı sənayesi dövlətin əlində olmalıdır. Onu bilin, heç kəsə vermək olmaz.”
Bu gün SOCAR Azərbaycan dövlətinin mühüm qurumu kimi qonşu Gürcüstanda, qardaş Türkiyədə və bir sıra ölkələrdə önəmli layihələr həyata keçirir, investisiyalar yatırır. Sənayenin neft-qaz sektorunda 2019-cu ildə ümumilikdə 29,1 mlrd. manat dəyərində 37,5 mln. ton neft, 35,6 mlrd. m3qazhasil edilmişdir. 2013-cü illə müqayisədə 2019-cu ildə neft hasilatı 2,4 dəfədən çox, qaz hasilatı isə 6,9 dəfə artmışdır.
Cənub Qaz Dəhlizinin açılış mərasimindəki nitqində Prezident İlham Əliyev demişdir: “Biz bu günü burada – Səngəçal terminalının ərazisində qeyd edirik. Səngəçal terminalı dünyanın ən böyük neft-qaz terminalıdır və məhz burada dörd il bundan əvvəl “Cənub Qaz Dəhlizi”nin təməli qoyulmuşdur. O zaman mən tam əmin idim ki, bu layihə uğurla, vaxtında icra ediləcək, baxmayaraq ki, bu, çox nəhəng və texniki-iqtisadi cəhətdən çox mürəkkəb bir layihədir. “Cənub Qaz Dəhlizi”nin rəsmi açılışı onu göstərir ki, biz qarşımıza qoyduğumuz bütün hədəflərə çatdıq və bu gün ölkəmizin həyatında neft-qaz sənayesinin inkişafında yeni dövr başlayır”.
Ancaq Azərbaycan dövlətinin milli maraqlara cavab verən müstəqil, cəsarətli, uzaqgörən siyasəti nəticəsində bu layihə də uğurla icra olundu. Baxmayaraq ki, bu, çox nəhəng və texniki-iqtisadi cəhətdən çox mürəkkəb, həmçinin geniş beynəlxalq əməkdaşlıq tələb edən bir layihə idi, Azərbaycan onu da gerçəkləşdirməyi bacardı. Cənab İlham Əliyevin açılış mərasimində vurğuladığı kimi, “Azərbaycan qazı yeni mənbədir və Cənub Qaz Dəhlizi yeni enerji damarıdır, Avropanın enerji xəritəsini yenidən tərtib edən layihədir. Bu layihənin həyata keçirilməsində iştirak edən bütün tərəflərin maraqları təmin edilib. Bu da çox önəmlidir. Burada maraqlar balansı gözlənilib...”
ABŞ-ın da dəstək verdiyi Cənub Qaz Dəhlizi həm də nəhəng infrastruktur layihəsidir. Bu layihə Azərbaycanın təsdiq edilmiş 2,6 trilyon kubmetr qaz ehtiyatlarına hesablanıb. Amma proqnozlara görə, Azərbaycanın bundan da böyük həcmdə resursları var. Bu barədə Azərbaycanın dövlət başçısı demişdir: “Azərbaycan bu gün o ölkələrdəndir ki, öz hesabına yaşayır. Bizim kifayət qədər böyük valyuta ehtiyatlarımız var, iqtisadiyyat dinamik şəkildə inkişaf edir, iqtisadi şaxələndirmə, neft-qaz amilindən asılılığın azaldılması istiqamətində çox önəmli addımlar atılmışdır və ölkəmizin gələcək inkişafı üçün nə siyasi, nə iqtisadi, nə hər hansı bir başqa maneə və problem yoxdur. Azərbaycan bundan sonra ancaq uğurla inkişaf edəcək, ölkəmizin böyük potensialı var. Son illər ərzində biz bu potensialı gücləndirmişik və bu potensialın inkişafında “Əsrin kontraktı”nın xüsusi rolu vardır. İndi təsəvvür etmək çətindir ki, əgər 1994-cü ildə “Əsrin kontraktı” imzalanmasaydı, biz hansı vəziyyətlə üzləşə bilərdik. Biz bu gün müstəqil siyasət aparan ölkələrdənik. Bunun təməlində bizim güclü siyasi iradəmiz və iqtisadi müstəqilliyimiz dayanır. Biz heç kimdən asılı deyilik, öz taleyimiz öz əlimizdədir və müstəqil siyasət aparmaq imkanlarımız, ilk növbədə, iqtisadi imkanlarımızdan qaynaqlanır. Bu imkanları da bizə “Əsrin kontraktı” yaratdı.”
Ölkə rəhbəri açılış mərasimində bir məsələyə də diqqət çəkmişdir: “Bir çox ölkələr var ki, onların bizdən qat-qat böyük neft resursları, neft hasilatı var. Ancaq ölkələrin uğurlu inkişafını təbii resurslar həll etmir. Düşünülmüş siyasət, xalq-iqtidar birliyi, şəffaflıq, bütün azadlıqların təmin edilməsi, düzgün iqtisadi siyasət və regional əməkdaşlıq uğurlu inkişafın əsas amilləridir.
Azərbaycan artıq qazı ixrac edən ölkə kimi özünü təsdiqləyib və bizim tərəfdaşlarımızın sayı artır, ixracımızın istiqamətləri genişlənir. Azərbaycan həm mövcud olan bazarlara əlavə həcmdə qazın verilməsinə nail olmalıdır, eyni zamanda yeni bazarlara çıxmaq üçün əlavə tədbirlər görür. Respublikanın qaz ehtiyatları çox böyükdür. İndi onların ancaq cüzi hissəsindən istifadə olunur. Bundan sonra onilliklər ərzində, daha dəqiq, ən azı yüz il ərzində Azərbaycan özünü etibarlı qaz təchizatçısı kimi göstərəcəkdir”.
“Əsrin müqaviləsi”nin imzalanmasından sonra respublikamızda o qədər möhtəşəm, genişmiqyaslı layihələr, təd­birlər keçirilib ki, müstəqil inkişaf xəttimiz, müstəqil dövlət siyasətimiz olmadan onlara nail ola bilməzdik. Bütün bunlar ötən əsrdə ikinci dəfə əldə etdiyimiz dövlət müstəqilliyimizin, eləcə də 1993-cü ildən bəri həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının, digər sahələrdə olduğu kimi, energetika sahəsində də ölkə prezidentinin son dərəcə uğurlu siyasətinin bəhrələridir.

Akademik Ziyad Səmədzadə