MƏQALƏLƏR

Azərbaycan Ağsaqallar Şurasında 27 sentyabr - Anım Gününə həsr edilmiş tədbir keçirilib

  • 29.09.2022

27 sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan Ağsaqqallar Şurasının iclası keçirilib.
Tədbirdə Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavini, deputat, akademik Əhliman Əmiraslanov, müavinlər – deputat, professor Eldar İbrahimov, professor Elmira Süleymanova, Bayram Yusifov, professor Vahid Novruzov, İdarə Heyətinin üzvləri – deputat, akademik Ziyad Səmədzadə, deputat, professor Aqiyə Naxçıvanlı, akademik Arif Həşimov, professorlar Misir Mərdanov və İbrahim Quliyev, Akif Rəfiyev, həmçinin Şuranın Aparat rəhbəri Ramin Həsənli, böyük məsləhətçi-hüquqşünas Kamal Əliyev, təşkilatın digər rəsmi şəxsləri Zahid Abbasov, Rafiq Rzayev, Vüqar Əmiraslanov, Elşad Quliyev və o cümlədən Bakı şəhərinin  rayonlarının Ağsaqqallar şuralarının sədrləri iştirak ediblər.
Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş bütün qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra çıxış edən Əhliman Əmiraslanov qeyd edib ki, Ermənistanın Azərbaycana qarşı 2020-ci il sentyabrın 27-də həyata keçirdiyi növbəti hərbi təcavüzə cavab olaraq, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuz işğal altındakı torpaqlarımızın azad edilməsinə başlayıb. Qəhrəman əsgər və zabitlərimiz, bütövlükdə xalqımız 44 günlük Vətən müharibəsində yüksək əzm və iradə ilə bir yumruq kimi birləşib, düşmənə sarsıdıcı zərbələr endirərək, ərazi bütövlüyümüzü bərpa ediblər. Müharibə dövründə və sonra Azərbaycana qarşı güclü beynəlxalq təzyiqlərin olduğunu deyən natiq qardaş Türkiyənin ölkəmizə göstərdiyi əvəzsiz dəstəkdən, cənab İlham Əliyev və cənab Rəcəb Tayyib Ərdoğan arasındakı dostluq, qardaşlıq münasibətlərindən, Şuşa Bəyannaməsinin yüksək əhəmiyyətindən söz açıb. Azərbaycan üçün belə həssas dönəmlərdə “sapı özümüzdən olan baltaların”, “düşmən dəyirmanına su tökən” vətən xainlərinin olduğunu da təəssüflə vurğulayan Respublika Ağsaqqallar Şurası sədrinin birinci müavini Əhliman Əmiraslanov hər bir vətəndaş kimi ağsaqqallarımızın da onlara qarşı barışmaz mövqe tutmalarının, bu şəxslərin cavablarını ciddi və qətiyyətli şəkildə vermələrinin vacib olduğunu bildirib.
Sonra çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Eldar İbrahimov Vətən müharibəsində müzəffər Ali Baş Komandan, ölkə Prezidenti cənab İlham Əliyevin başçılıq etdiyi Azərbaycan Ordusu, qəhrəman əsgərlərimiz sayəsində işğal altında olan yurd yerlərimizin mənfur erməni tapdağından azad edilməsindən, 30 illik münaqişəyə 44 gün ərzində, özü də heç kimin köməyi olmadan son qoyulmasından bəhs edib. Vurğulayıb ki, tarixi ədaləti bərpa edən ordumuzun şücaəti, cənab İlham Əliyevin qətiyyəti, iradəsi, güclü dövlət siyasəti nəticəsində artıq Qarabağ adlı münaqişəyə son qoyulub. Hal-hazırda ölkəmizdə bütün sahələrdə gedən inkişaf prosesindən, işğaldan azad edilmiş topaqlarımızdakı böyük quruculuq işlərindən söz açan natiq qeyd edib ki, tezliklə bütün soydaşlarımız öz doğma el-obalarına dönəcəklər.
Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Elmira Süleymanova öz çıxışında xalqımızı Zəfərə aparan yoldan – Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətdən, ciddi iqtisadi islahatlardan, mükəmməl ordu quruculuğundan bəhs edib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu məsuliyyətli və şərəfli yolu böyük müvəffəqiyyətlə davam etdirməsindən və nəticədə qazanılan möhtəşəm Qələbədən söz açıb. Vurğulayıb ki, biz – ağsaqqallar, ağbirçəklər gənclərimizə keçdiyimiz bu çətin yollardan, görülən işlərdən bəhs etməliyik, onları maarifləndirməliyik: “Onlar bilməlidirlər ki, bu Zəfər asanlıqla əldə olunmayıb, bu şərəfli yol asanlıqla qət edilməyib. Biz xoşbəxt xalqıq ki, bizim Ulu Öndər Heydər Əliyev kimi böyük şəxsiyyətimiz olub və bu gün onun işıqlı yolunun layiqli davamçısı cənab İlham Əliyev kimi müzəffər Ali Baş Komandanımız, möhtərəm Prezidentimiz var.”
Daha sonra çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvləri – akademiklər Arif Həşimov və Ziyad Səmədzadə, professor Misir Mərdanov, Akif Rəfiyev və başqaları qeyd ediblər ki, son illərdə biz xalq olaraq tariximizin ən mürəkkəb, ən çətin və eyni zamanda ən məsuliyyətli və şərəfli dövrünü yaşayırıq. 44 günlük Vətən müharibəsində bütün Azərbaycan xalqı, rəşadətli Ordumuz ölkəmizin müdrik rəhbəri cənab İlham Əliyevin ətrafında bir yumruq kimi sıx birləşərək, misli olmayan Zəfər qazanıb. Vətən müharibəsində igidlik göstərib, tarix yazan mərd övladlarımızı – qəhrəman şəhidlərimizi və qazilərimizi heç zaman unutmayacağıq.
Sonda Yasamal Rayon Ağsaqqallar Şurasının sədri, “Cabir Novruz” Mədəniyyət fondunun rəhbəri Cavanşir Qurbanov fondun adından Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyevə güc və həmrəylik rəmzi olan “Dəmir yumruq” hədiyyəsi bağışlayıb.
İclasdan sonra tədbir iştirakçıları II Şəhidlər Xiyabanını ziyarət edib, şəhidlərin məzarları önünə gül dəstələri düzüblər.