MƏQALƏLƏR

“Rəqəmsal iqtisadiyyatda hesabatlılıq və şəffaflıq” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilmişdir

  • 29.09.2022

«Ümidvaram ki, keçirilən konfrans ölkə iqtisadiyyatının daha da şəffaflaşması, rəqabətin artması, dövlət vəsaitindən effektiv və təyinatına uyğun istifadə üzərində nəzarətin hərtərəfli gücləndirilməsi, dövlət və audit təsisatları arasında əməkdaşlığın dərinləşdirilməsi, auditin müstəqil nəzarət institutu kimi inkişaf etməsi və audit xidmətlərində rəqəmsallaşma işinə öz töhfəsini verəcək, bu sahədə mütərəqqi dünya təcrübəsinin öyrənilməsinə və tətbiqinə geniş imkanlar yaradacaqdır.»

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

 

Azərbaycanın iqtisadi inki­şaf modelini səciyyə­lən­dirən əsas xüsusiyyət­lər­dən biri tərəqqinin vacib amil­lərindən hesab edilən şəffaflığa xüsusi önəm verilməsidir. Bu baxımdan heç də təsadüfi deyil­dir ki, yeni şəraitdə aşkarlıq və şəffaflıq prinsipləri ölkəmizin iqtisadi-sosial inkişaf siyasətinin əsas hədəflərindən birini təşkil edir. Prezident İlham Əliyevin sözləri ilə desək, “Yeni dövr şəffaflıq dövrüdür, dürüstlük dövrüdür, inhisara son qoymaq dövrüdür.”
Ölkədə şəffaflığın təminatı və milli auditin təşəkkülü ümummilli liderimiz Heydər Əliyevin bazar iqtisadiyyatına keçid istiqamətində həyata keçirdiyi siyasətin, cəmiyyətdə maliyyə şəffaflığının təmin olunmasına və bazar infrastrukturlarına verdiyi qiymətin parlaq təzahürüdür.
Ölkə başçısı cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində sürətli və dayanıqlı iqtisadi inkişaf şəraitində maliyyə nəzarətinin, o cümlədən auditor xidmətinin əhatə dairəsi genişlənməkdə, maliyyə sistemində şəffaflığın artırılmasında və bütövlükdə, ölkə iqtisadiyyatının inkişafında onun rolu əhəmiyyətli dərəcədə yüksəlməkdədir. Şəffaflığın artırılması Azərbaycanda həyata keçirilən dövlət quruculuğu strategiyasının mühüm hədəfləri sırasında özünə möhkəm yer tutur. Prezident İlham Əliyevin söylədiyi “Şəffaflıq, təmizlik, dürüstlük həyat tərzi olmalıdır” sözləri Azərbaycanda iqtisadi inkişaf modelinin mühüm komponenti kimi şəffaflığa önəm verilməsinin bariz nümunəsi hesab edilə bilər.
Şəffaflıq iqtisadi inkişafın sürətlənməsində, səmərəliliyin artırılmasında və sosial ədalətin təmin edilməsində mühüm rol oynayan bir amil kimi həmişə yüksək dəyərləndirilmişdir. Eyni zamanda, ölkənin imicinin yüksəldilməsi, investisiya cəlbediciliyinin artırılması və bütövlükdə iqtisadi təhlükəsizliyin təmin edilməsi şəffaflığı daim diqqət mərkəzində saxlamağı zəruri edir. Heç də təsadüfi deyildir ki, Azərbaycan Respublikasında Prezident İlham Əliyevin iqtisadi strategiyasının mühüm istiqaməti kimi şəffaflıq durmadan yüksəlməkdə, kölgə iqtisadiyyatının azaldılması və korrupsiyaya qarşı mübarizənin artırılması istiqamətində mühüm tədbirlər həyata keçirilməkdədir. İqtisadiyyatın rəqəmsal transformasiyası və rəqəmsal iqtisadiyyata keçid öz növbəsində şəffaflığın təminatı problemlərinə yeni dövrün çağırışları baxımından yeni yanaşmanı labüd edir və qarşıya çıxan bir çox aktual problemlərin həlli müstəsna əhəmiyyət daşıyır.
Fikrimizcə, keçirilmiş konfransda bu sahədə konkret bir addım kimi dəyərləndirilə bilər. Bütün dünyada büdcə xərclərinə nəzarəti və maliyyə intizamını gücləndirmək, gəlirlərdən səmərəli istifadəni təmin etmək cəmiyyəti daim qayğılandıran məsələlərdəndir. Şəffaflıq olmadan qazanılan iqtisadi uğurların davamlılığını və sosial rifahı təmin etmək mümkün deyildir.
Bu baxımdan, 2022-ci il 16 sentyabr tarixində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Auditorlar Palatasının birgə təşkilatçılığı ilə “Rəqəmsal iqtisadiyyatda hesabatlılıq və şəffaflıq” mövzusunda keçirilmiş beynəlxalq elmi-praktik konfrans iqtisadi inkişafın müasir rəqəmsallaşma mərhələsində şəffaflığın təmin edilməsində və hesabatlılığın yüksək səviyyədə qurulmasında, kölgə iqtisadiyyatının aradan qaldırılmasında, korrupsiyaya qarşı mübarizədə dövlət və qeyri-dövlət nəzarətinin, həm də ictimai nəzarətin, o cümlədən müstəqil auditin rolunun getdikcə artırılmasına, bu sahədə mövcud olan problemlərin və qarşıda duran vəzifələrin müəyyənləşdirilməsinə öz töhfəsini vermiş, səmərəli əməkdaşlıq çərçivəsində mütərəqqi dünya təcrübəsinin öyrənilməsi və tətbiqi üçün geniş imkanlar yaratmışdır. Bakıda təşkil edilən konfrans çərçivəsində rəqəmsal transformasiyanın iqtisadiyyata təsiri, iqtisadi artımda rəqəmsal həllər, vergi və gömrük inzibatçılığında şəffaflığın və səmərəliliyin təmin olunmasında rəqəmsal texnologiyaların artan rolu, rəqəmsal iqtisadiyyat şəraitində hesabatlılıq və audit, Maliyyə Hesabatlarının auditinin ictimai əhəmiyyəti, rəqəmsal iqtisadiyyatda təşkilatların mühasibat uçotunun modernləşdirilməsi, rəqəmsal ekosistemlər, “yaşıl biznes”, rəqəmsal iqtisadiyyatda konsolidasiya edilmiş hesabatların əsas göstəricilərinin tərtibi və təhlili, yeni nəsil kadr hazırlığı, maarifləndirməvə əməkdaşlıq məsələləri üzrə təcrübə mübadiləsi və hərtərəfli müzakirələr aparılmışdır. Konfransda Beynəlxalq Mühasiblər Federasiyası (IFAC), Avropa Mühasiblər və Auditorlar Federasiyası (EFAA), İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyası (ACCA) kimi nüfuzlu beynəlxalq qurumları və 8 ölkəni (Azərbaycan, Türkiyə, Rusiya, Hindistan, Gürcüstan, Belarus, Belçika və Moldova) təmsil edən 100-dən çox nümayəndə iştirak etmişdir.
Tədbirə xarici qonaqlarla bərabər, ölkəmizin dövlət və qeyri-hökumət təşkilatlarını, özəl sektoru, kütləvi-informasiya vasitələrini, ali təhsil və elmi-tədqiqat institutlarını təmsil edən nümayəndələr, Auditorlar Palatasının kollektivi və üzvləri qatılmışdır. Konfrans öz işinə başlamazdan əvvəl tədbir iştirakçıları Fəxri Xiyabana gedərək, xalqımızın ümummilli lideri Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad edib, abidəsi önünə gül dəstələri düzüblər.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb.   Tədbiri Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, professor Vahid Novruzov, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov, Türkiyə Sertifikatlı Mühasiblər Palataları Birliyinin (TÜRMOB) İstanbul Sertifikatlı İctimai Mühasiblər Palatasının (İSMMMO) sədri Erol Demirel və Rusiya Federasiyasının “Sodrujestvo” Özünütənzimləyən Auditor Təşkilatları Assosiasiyasının İdarə Heyətinin sədri İqor Kozirev açaraq, qonaqları salamlayıb, konfransın işinə uğurlar arzuladılar. Daha sonra konfrans öz işini məruzələrin təqdimatı ilə davam etdirdi. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin (AMEA) İdarəetmə Sistemləri İnstitutunun Baş direktoru, Azərbaycan Dövlət İqtisadUniversitetinin (UNEC) “Rəqəmsal iqtisadiyyat və tətbiqi informatika” kafedrasının müdiri, akademik Əli Abbasov və İdarəetmə Sistemləri İnstitutunun “İntellektual qərarqəbuletmə üsulları və kompüter sistemləri” laboratoriyasının müdiri, SİNAM şirkətinin prezidenti, texnika elmləri doktoru, professor Elçin Əliyev “Maliyyə hesabatlılığında şəffaflığın təmin edilməsində rəqəmsal həllərin, o cümlədən süni intellektin rolu: Elm və biznes tərəflərindən baxış” mövzusunda məruzə ilə çıxış edərək bildirdilər ki, dünya miqyasında maliyyə-mühasibatlıq sahəsində müasir texnologiyaların tətbiqi şəffaflığın təmin edilməsində böyük rol oynayır. Böyük həcmli məlumat bazalarının yaradılması, məlumatın təhlili və analizində rəqəmsal həllərdən və süni intellektdən istifadə edərək maliyyə-mühasibatlıq sahəsində məlumatların təhrifinin aradan qaldırılması nəticəsində maliyyə hesabatlılığının şəffaflığının təmin edilməsində böyük innovativ işlər həyata keçirilir. Onlar həmçinin vurğuladı ki, bu proses Azərbaycan Respublikasında da sürətlə həyata keçirilməkdədir. Bir çox proqram təminatlarını, ERP məhsullarını, nəzarət portallarını və audit sistemlərini misal göstərmək olar ki, onlar maliyyə hesabatlılığının şəffaflığının təmin edilməsi məqsədini daşıyır. Bu proqram təminatları Azərbaycan Respublikasında dövlətin vergi, maliyyə, mühasibat siyasətində və müəssisə daxili maliyyə-mühasibatlıq sahəsində geniş tətbiq olunur. Dövlət tərəfindən vergi siyasətinin, maliyyə-mühasibatlıq sahəsinə nəzarət prosesinin həyata keçirilməsində mərkəzləşdirilmiş vahid data mərkəzlərindən, süni intellekt əsasında yaradılan proqram təminatlarından geniş istifadə edilməlidir. Azərbaycan Respublikasında maliyyə hesabatlarının şəffaflığının təmin edilməsində müasir texnologiyalar inkişaf etdikcə təkmilləşdirmələr daim aparılmalıdır.Bu təkmilləşdirmələrin əsas məqsədi şəffaflığın tam təmin olunması və düzgün iqtisadi qərarların verilməsidir.
Növbəti məruzəçi “Deloitte & Touche” məhdud məsuliyyətli auditor cəmiyyətinin direktoru Nuran Kərimov “Vergi inzibatçılığında şəffaflığın və effektivliyin təmin olunmasında rəqəmsal texnologiyaların artan rolu” mövzusunda çıxış etdi. O, vurğuladı ki, vergi inzibatçılığında rəqəmsallaşmanın əsas hədəfləri könüllü əməletmənin təşviq edilməsi, səmərəliliyin, sürətin və şəffaflığın artırılmasıdır. Nuran Kərimov gələcək perspektivlərdə mikro və kiçik sahibkarlar üçün mobil tətbiqləri, "Pre-filling" sisteminin tətbiqi, mobil telefonların POS-terminal və nəzarət kassa aparatı kimi istifadə olunması və Yeni Avtomatlaşdırılmış Vergi İnformasiya Sisteminin(AVİS 2) tətbiqinin olduğunu diqqətə çatdırdı.
Sonra “Ernst & Yanq Holdinqs (SiAyEs) Bi.Vi.” şirkətinin Azərbaycan Respublikasındakı filialının idarəedici partnyoruİlqar Vəliyev“Müasir dövrün hesabatlılıq və şəffaflıq çağırışları” mövzusunda məruzəsini təqdim etdi. İlqar Vəliyev qeyd etdi ki, hesabatlılıq və şəffaflıq qurumların fəaliyyətində məsuliyyət hissi yaradır, özbaşınalıq və qanunsuzluğun qarşısını almağa kömək edir, qərarların effektivliyini və keyfiyyətini yüksəldir və nəticədə daha səmərəli bir quruma çevrilir. Digər tərəfdən cəmiyyətin məlumatlılığı artır və nəticədə onlar öz səslərinin eşidildiyini hiss edirlər və iqtisadi və digər qərarların yerinə yetirilməsində daha həvəsli olurlar. Eyni zamanda, o, vurğuladı ki, şəffaflığın ən çox xeyir verdiyi tərəflərdən biri də orta və kiçik müəssisələr, özəl sektor olur. Belə ki, onlar üçün daha stabil, anlaşılan və ədalətli bir mühit yaranır. Hökümət ilə özəl sektor arasında yaxınlığa və partnyorluğa səbəb olan aşkarlıq və hesabatlılıq son nəticədə ölkənin inkişafına gətirib çıxarır. Həmçinin hazırki sosial-iqtisadi vəziyyət nəzərə alınanda müasir dövrdə şəffaflığın önəmi və vacibliyi artır. Bildiyiniz kimi son illər ölkəmiz qlobal pandemiyadan əziyyət çəkdi. Nəticədə bir çox xırda biznes, sahibkar, eləcədə digər qurumların zərərləri artdı. Digər tərəfdən son illərdə bütün dünyada olduğu kimi, Azərbaycanda da müşahidə olunan inflyasiya, qiymətlərin artımı sosial-iqtisadi vəziyyətə təsir göstərdi.
Konfransın davamı olaraq İnformasiya Texnologiyalarıİnstitutunun Şöbə müdiri, professor Əlövsət Qaraca “Rəqəmsal iqtisadiyyat şəraitində şəffaflığın və hesabatlığın səmərəliliyinin artırılmasında birgə informasiya fazalarının yaradılması məsələləri” mövzusunda məruzəsi ilə çıxış etdi. Əlövsət Qaraca bildirdi ki, rəqəmsal iqtisadiyyat şəraitində şəffaflığın və hesabatlılığın səmərəliliyinin artırılmasında birgə vahid informasiya fəzalarının yaradılmasında 4.0 Sənaye platformasının tələbləri nəzərə alınmalıdır. Bu tələblərin nəzərə alınması imkanları şəffaflığın və hesabatlılığın rəqəmsallaşdırılması prosesindən, onun səmərəliliyinin artırılmasında rəqəmsal texnologiyaların tətbiqi xüsusiyyətlərindən olduqca asılıdır. Ona görə də rəqəmsal iqtisadiyyat şəraitində şəffaflığın və hesabatlılığın səmərəli inkişafının perspektiv istiqamətlərininişlənilməsində qeyd olunan konseptual tezislərin diqqətdə saxlanılması olduqca vacibdir.
Qeyd olunanlarla yanaşı, konfransdaAzərbaycan Respublikasınınrəqəmsal inkişaf və nəqliyyatnazirinin müavini Samir Məmmədovun “Rəqəmsal transformasiyanın iqtisadiyyata təsiri”, Beynəlxalq Mühasiblər Federasiyasının (IFAC) prezidenti Alan Consonun “İctimai maraqların qorunmasında və inkişaf etdirilməsində mühasib peşəsinin rolu”, Kiçik və orta müəssisələr üçün Avropa Mühasiblər və Auditorlar Federasiyasının (EFAA for SMEs) prezidenti Salvador Marinin “Rəqəmsal dövrdə və təcrübə transformasiyasında ki­çik və orta müəssisələr üçün EFAA-nın rolu: kiçik və orta prak­tiklər və kiçik və orta müəs­si­sə­lərdə baxışlar”, İmtiyazlı SertifikatlaşdırılmışMühasiblər Assosiasiyasının (ACCA) Türkiyə, Azərbaycan, Gürcüstan və Əfqanıstan ölkələri üzrə rəhbəri Filiz Dəmirözün “Rəqəmsal mühasiblər rəqəmsal iqtisadiyyatın qəlbində”, Türkiyə Sertifikatlı Mühasiblər Palataları Birliyinin (TÜRMOB) və Altınbaş Universitetinin Biznesin İdarəedilməsi Fakültəsinin Baş Nümayəndəsi, professor Cemal İbi­şin “Rəqəmsallaşmanın Türki­yə­də mühasibat uçotu, vergi və audit təcrübələrinə təsirləri”, Belarus Respublikası Auditorlar Palatasının sədri Dmitry Sıçın “Maliyyə hesabatlarının beynəlxalq standartları üzrə maliyyə hesabatlarının ictimai əhəmiyyəti və onun auditi”, Hindistan İmtiyazlı Mühasiblər İnstitutunun (ICAI) Şurasının üzvü Purushottamlal Kandelvalın “Rəqəmsal iqtisadiy­yat əlaqəli dünyada inkişaf”, GürcüstanMühasiblər İttifaqının Baş direktoru Tatiana Beridzenin “Rəqəmsal iqtisadiyyatda təşkilatların mühasibat uçotunun modernləşdirilməsi. Rəqəmsal Ekosistemlər, Yaşıl Biznes”, Moldova Peşəkar Mühasiblər və Auditorlar Assosiasiyasının sədri Jorjeta Kovaliov Rusunun “Rəqəmsal iqtisadiyyatda şəffaf hesabatlar”, Rusiya Federasiyasının “Sodrujestvo” Özünütənzimləyən Auditor Təşkilatları Assosiasiyasının Baş direktoru Olqa Nosova və həmin təşkilatın İdarə Heyəti sədrinin müavini Nadejda Kobozevanın“Rəqəmsallaşma və xarici nəzarət kontekstində Rusiyada audit fəaliyyətinin inkişafı problemləri”, İdarə Heyəti sədrinin müavini Nadejda Kobozeva, Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin Hüquq idarəsinin rəisi vəzifəsini icra edən Lasha Koberidzenin “Rəqəmsal məhsul: kripto dünyası-müasir vergi idarəçiliyi üçün böyük problem” mövzularında məruzələri dinlənilib, maraqlı müzakirələrlə müşayiət olunmuşdur.
Konfrans çərçivəsində Azərbaycan Respublikasının Auditorlar Palatası ilə Belarus Respublikasının Auditorlar Palatası arasında Əməkdaşlıq Sazişi, Azərbaycan Respublikasının Auditorlar Palatası ilə Hindistan İmtiyazlı Mühasiblər İnstitutu arasında Anlaşma Memorandumu və Azərbaycan Respublikasının Auditorlar Palatası və Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyası arasında beynəlxalq sertifikatlaşdırmaya dair Niyyət Protokolu imzalanmışdır.
Eyni zamanda, tədbir iştirakçılarına möhtərəm prezidentimizin rəhbərliyi ilə ölkəmizdə son dövrlərdə iqtisadi islahatların aparılması, rəqəmsal iqtisadiyyat, kölgə iqtisadiyyatının azaldılması, şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə istiqamətində görülən işlər və müstəqil auditə göstərilən böyük diqqət və qayğı barədə geniş məlumat verilmişdir. Sonda beynəlxalq konfrans iştirakçıları adından ölkə Prezidenti cənab İlham Əliyevə müraciət qəbul edilmişdir.
Tədbir “Azərbaycan”, “Xəzər”, “Space”, “Real”, “MİR” televiziyalarında, AZƏRTAC-da, “Azərbaycan”, “Respublika”, “Xalq” qəzetlərində və bir çox saytlarda geniş işıqlandırılmışdır. Əminik ki, konfrans müasir dünyamızın ən aktual problemlərindən olan ölkə iqtisadiyyatının daha da şəffaflaşması, rəqabətin artması, dövlət vəsaitindən effektiv və təyinatına uyğun istifadə üzərində nəzarətin hərtərəfli gücləndirilməsi, dövlət və audit təsisatları arasında əməkdaşlığın dərinləşdirilməsi, auditin müstəqil nəzarət institutu kimi inkişaf etməsi və audit xidmətlərində rəqəmsallaşma işinə öz töhfəsini verəcək və bu istiqamətdə Azərbaycan Prezidentinin müəyyən etdiyi tövsiyə və tapşırıqların həyata keçirilməsi sahəsində qarşıya qoyulmuş məqsədlərin reallaşdırılmasında mühüm rol oynayacaqdır.
Hal-hazırda Auditorlar Palatası tərəfindən konfransa təqdim edilən məruzə və tezislər təhlil olunur, yaxın günlərdə konfransın materialları dərc ediləcək və tövsiyələr hazırlanaraq müvafiq qurumlara təqdim ediləcəkdir.
Tədbirin səhəri günü qonaqlar Heydər Əliyev Mərkəzi ilə tanış olmuşlar və oradan xoş təəssüratlarla ayrılmışlar.

Səbuhi Gülməmmədov, Azərbaycan Respublikası
Auditorlar Palatasının icraçı direktoru

Şəfiqə Əsgərova, Auditin təşkili, hesabatlılıq və
informasiya idarəsinin Haqsız rəqabətə qarşı
mübarizə şöbəsinin müdir müavini