MƏQALƏLƏR

Akademik Ziyad Səmədzadə: Rəqəmsal iqtisadiyyat barədə mühüm kitab

  • 29.09.2022

XXI əsrdə inkişafın arzu edilən yeni keyfiyyətləri həlledici dərəcədə innovasiyalara, o cümlədən rəqəmsal innovasiyalara münasibətdən asılıdır. Hazırda informasiya cəmiyyətinin təşəkkülü fonunda rəqəmsal iqtisadi mühitin əsas xarakteristikaları formalaşır. Ənənəvi iqtisadiyyatın rəqəmsallaşması prosesinin intensivləşməsi iqtisadi inkişafın tempi və miqyasına həlledici təsir göstərməkdədir. Bu təsirin da­vamlı olması və əhatə dairə­sinin anbaan genişlənməsi iq­tisadi münasibətlərdə fərqli keyfiyyətlərin təşəkkülünə səbəb olmuşdur. Mahiyyətcə iqtisadi inkişafı müşayiət edən həmin keyfiyyətlərin yeniliyi informasiyanın strateji resurs kimi roluna optimal münasibətin, habelə müşahidə edilən meyilləri şərtləndirən yeni amillərin kəmiyyətcə səciyyələndirilməsi mümkün olduğu dərəcədə təzahür edir.
İqtisad üzrə elmlər doktoru, professor Rəsul Balayev tərə­findən təqdim olunmuş “Rə­qəm­sal mühitdə iqtisadi münasibətlər: aqrar və urbanizasiya aspektləri” adlı monoqrafiya vaxtında yazılmış əsərdir. Belə ki, rəqəmsallaşma proseslərinin artan sürəti müvafiq elmi təminatın da yenilənməsinin zəruri tempini yüksəltməyi tələb edir. Əsərlə tanışlıq göstərir ki, rəqəmsal mühitdə iqtisadi münasibətlərin araşdırılması zamanı istər-istəməz ənənəvi (artım) iqtisadiyyata xas olan formalaşmış münasibətlərlə müqayisəsiz ötüşmək çətindir. Eyni zamanda, təqdim olunan monoqrafiyada haqqında danışılan müqayisə üçün seçilən və bir-birini tamamlayan yanaşmalar maraq doğurur. Əsərdə rəqəmsal iqtisadi münasibətlərə dair müddəalar əsaslandırılarkən inkişafın kəmiyyətcə qiymətləndirilə bilən cəhətlərinin səciyyələndirilməsinə daha çox diqqət verilməsi fak­tını, zənnimizcə, tədqiqat predmeti­nin özünəməxsusluğu ilə əla­qə­ləndirmək lazımdır.
Rəqəmsal mühitdə iqtisadi münasibətlərin tədqiqi rəqəmsallaşmanın iqtisadi və sosial məqsədəuyğunluğunun qiymətləndirilməsi məsələlərini də əhatə etməlidir. Müəllifin qeyd etdiyi kimi, “rəqəmsal mühit məhsulun istehlak dəyərinin artması istiqamətində həyata keçirilən tədbirlərə məsrəfləri azaltdıqca istehlak modellərinin dayanıqlığı artır”. Odur ki, az məsrəfli istehlak modellərinə keçid bəşəri dəyərlər baxımından rəqəmsal iqtisadi münasibətlərə diqqəti daha da artırır. Həmin münasibətlərin araşdırıl­masında qarşıya çıxan mühüm çətinlik rəqəmsal iqtisadiyyatın mahiy­yəti və struk­turuna aydınlıq gətirmək istəyən tədqiqatçıların yanaşmalarındakı, bə­zən müqayisəyə gəlməyən müx­tə­lifliklə əlaqədardır. Təqdim olunan monoqrafiyada haq­qın­da danışılan yanaşmaların müqayisəsi imkanlarını reallaşdırmaq baxımından maraqlı və zənnimizcə, əsaslı fikirlər vardır. Rəqəmsal mühitdə fəaliyyət məkanının virtuallaşmasını, əməkdaşlıq əlaqələrinin məkandan asılılığının azalmasını ləngidən amillərdən biri dəyişməsi zaman məsələsi olan ənənəvi müəssisə modelidir. Ənənəvi rakursda müəssisə modelinin ətalətliliyi, məlum olduğu kimi, bir çox hallarda rəqəmsal mühitin yaratdığı genişlənən müxtəlifliyə adekvat reaksiya verə bilmir. “Yerdəyişmələrin minimumlaşdırılması” məsələsinin da­ha da aktuallaşdığı indiki dövr­də ənənəvi müəssisə modelinin transformasiyası daha da sürətlənir. Müəllif haqlı olaraq göstərir ki, gərgin rəqabət mübarizəsi şəraitində formalaşmış institusional mühit artan dinamizmin tələblərinə uyğunlaşmaq məcburiyyətin­dədir. O haqlı olaraq belə bir fikirlə razılaşır ki, hazırda informasiya bazarında məkan rəqabəti sərhədləri nəzərə almayan xüsusi informasiya məkanı yaratmaq uğrunda aparılan mübarizədir.
Rəqəmsal iqtisadi inkişafın əsas indikatorlarından biri olan transaksiya xərclərinin azaldılması səmərəliliyin ilkin əlamətlərindən biridir. Monoqrafiyada transaksiya xərclərinə bazarın fəaliyyəti üçün zəruri xərclər kimi yanaşılması məqbul hesab edilmiş, rəqəmsallaşmanın həmin xərclərin ölçülməsində yeri və roluna münasibət bildirilmiş, transaksiya xərclərinin istehsal texnologiyalarında alternativ seçimləri məhdudlaşdırması faktı önə çəkilmişdir.
Müəllif göstərir ki, dövlət rəqəmsal iqtisadiyyata biganə qala bilməz. Belə ki, rəqəmsal texnologiyaların hüquqi vakuumda tətbiqi nəinki yüksək risklidir. Eyni zamanda, rəqəmsallaşma milli iqtisadi təhlükəsizliyi təhdid edən proseslərə, rəqəmsal texnologiyaların tətbiqini müşayiət edən dələduzluq və kiberhücum ehtimalının yüksəlməsinə diqqəti artırmağı tələb edir. Rəqəmsal iqtisadi mühitin institusional təminatının iqtisadi təhlükəsizliyin baza prinsiplərinə uyğunluğunun monitorinq obyekti olması və həmin monitorinqlərin nəticələrinin rəqəmsallaşmanın tempi və proporsiyalarının təshih edilmə­sində istifadəsi tövsiyə edilir.
Müəllifin “sahədə rəqəmsal tex­nologiyalar sayəsində is­teh­sal fəaliyyətində sinergetik effekt əldə etmək, mineral gübrələrin, yanacağın, aqrokimyəvi maddələrin və i.a. artıq istifadəsinin qarşısını almaq və tədricən onlardan optimal istifadə rejimini təmin etmək, dayanıqlı inkişaf elementləri kimi üzvi gübrədən, zərərvericilərlə bioloji mübarizə üsullarından, bərpa olunan enerji mənbələrindən istifadə arealını genişləndirmək mümkündür” fikri, zənnimizcə, kifayət qədər əsaslı və təcrübi baxımdan əhəmiyyətlidir.
Müəllif uzun illərdir urbanizasiya prosesləri və ərzaq təminatı məsələlərini tədqiq edir. Təqdim olunan monoqrafiyada rəqəmsal mühitdə iqtisadi münasibətlərin formalaşması və inkişafı məsələlərinin məhz aqrar və urbanizasiya aspektlərinin araşdırılması həmin tədqiqatların məntiqi və zənnimizcə, uğurlu sayıla bilən davamıdır.
Rəqəmsal mühitdə urbanizasiya proseslərinin dayanıqlığı imkanlarına xüsusi diqqət yetirən müəllif hesab edir ki, həmin mühitdə urbanizasiya zonalarının dayanıqlı inkişafının dəstəkləməsinin texnoloji imkanları hazırda fəaliyyət inteqrasiyası hesabına genişlənir. Təəssüflə qeyd edilir ki, həm intensiv urbanizasiya, həm də rəqəmsal mühit texnoloji vərdişləri bir sıra hallarda hərtərəfli intellektual inkişafa qarşı qoyur. Müəllifin bir tərəfdən urbanizasiyanın bilikləri texnolojiləşdirməsi və rəqəmsallaşma səviyyəsinin yüksəldilməsini təşviq etməsi, digər tərəfdən rəqəmsal iqtisadiyyatın bazar informasiyasının assimmetrikliyini azaltmaq qabiliyyətinin urbanizasiya proseslərinin dayanıqlığına xidmət edəcəyi fikri, düşünürük ki, əsaslıdır. Monoqrafiyada urbanizasiya proseslərinin dayanıqlığı və şəhər əhalisinin təzə ərzaq məhsulları ilə təminatı problemləri tədqiq olunmuşdur. Konkret hesablamalar Bakı aqlomerasiyasına yaxınlaşdıqca aqrar iqtisadiyyatda rəqəmsal mühitin formalaşması və inkişaf templərinin müəyyən tərəddüdlərlə də olsa, artması meyli aşkar edilmişdir.
Rəqəmsal mühitdə aqrar və urbanizasiya aspektlərinin daha ətraflı araşdırılması, xüsusilə urbanizasiya proseslərinin dayanıqlığının ərzaq təhlükəsizliyi aspektinə xüsusi diqqət verilməsi əsərin praktiki əhəmiyyətini artırır. Nəhayət qeyd edək ki, təqdim olunan monoqrafiya rəqəmsal mühitdə iqtisadi münasibətlərin tədqiqi istiqamətində ilk addımlardandır. Bəzi məsələlər ilk dəfə qoyulduğuna görə ciddi müzakirələrin predmeti ola bilər.

 

Z.Ə.Səmədzadə, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, millət vəkili,
Azərbaycan İqtisadçılar İttifaqının sədri, Beynəlxalq İqtisadçılar
İttifaqının sədr müavini, iqtisad elmləri doktoru, professor