MƏQALƏLƏR

Ziyad Səmədzadə: “Gələcək haqqında xatirələr”

  • 06.10.2022

Ötən əsrin 90-cı illərində aparılan araşdırmalar birmənalı şəkildə respublikamızda iqtisadi, sosial və siyasi vəziyyətin gündən-günə pisləşməsini açıq-aşkar sübut edirdi. Hadisələr ağır nəticələrlə müşayiət olunurdu ki, onların qarşısını almaq üçün güclü liderə, təcrübəli dövlət xadiminə ehtiyac vardır. Ümummilli lider Heydər Əliyev 1993-cü ilin iyununda – respublikamızda dərin iqtisadi-siyasi və mənəvi böhranın hökm sürdüyü bir dövrdə xalqın istəyi ilə ölkə rəhbərliyinə qayıtdı. Qısa zamanda ölkədə ictimai-siyasi sabitliyin təmin edilməsi, ölkə iqtisadiyyatındakı tənəzzül prosesinin qarşısının alınmasına xidmət edən bir sıra zəruri tədbirləri həyata keçirdi. Həmin dövrdə bir ictimai-iqtisadi formasiyadan digərinə keçid dövrünü yaşayan Azərbaycanın hansı iqtisadi modelə üstünlük verəcəyi ilə bağlı çoxlu fikirlər, təkliflər irəli sürülsə də, böyük strateq Heydər Əliyev hansısa dövlətin təcrübəsinin olduğu kimi milli iqtisadiyyata köçürülməsini düzgün saymadı.
Xalqın təkidi, tələbi ilə Heydər Əliyev Bakıya gəldi. 15 iyun 1993-cü ildə Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi.
3 oktyabr 1993-cü ildə ölkədə keçirilən prezident seçkilərində Heydər Əliyev seçicilərin 98,84 faiz səsini toplayaraq Azərbaycan Respublikasının Prezidenti seçildi.
Həmin ərəfədə akademik Ziyad Səmədzadə “Бакинский рабочий” qəzetinə müsahibə vermişdi. “Gələcək haqqında xatirələr” adı altında dərc edilən həmin müsahibəni olduğu kimi diqqətinizə çatdırırıq.
- Prezident seçkiləri istənilən ölkənin tarixində məsuliyyətli mərhələdir. Axı, dövlət başçısının kim olacağından onun vətəndaşlarının taleləri birbaşa asılıdır, bütün xalq gələcəyini ən yaxşı liderlə bağlayır. Bu gün siyasi rəqabətdən asılı olmayaraq, Azərbaycanda yeni prezidentin ümumi konsepsiyasının, xüsusilə də iqtisadi siyasətinin necə olacağına kimsə biganə qala bilməz. Siz on illərlə respublikanın makroiqtisadi problemləri ilə məşğul olmusunuz. Bu barədə nə düşünürsünüz?
– Bu gün öz tarixinin ən ağır dövrlərindən birini yaşayan Azərbaycan üçün qarşıdakı hadisənin müstəsna dərəcədə mühüm olduğunu göstərməkdə tamamilə haqlısız. Hər bir sağlam düşüncəli insan, öz Vətəninin çiçəklənməsini arzulayan vətənpərvər kimi, mən də respublika rəhbərliyi vəzifəsində çox təcrübəli, enerjili və xalq təsərrüfatı kompleksinin problemlərinə yaxşı bələd olan və ətrafında cəmiyyətin sağlam qüvvələrini birləşdirmək iqtidarında olan müdrik siyasətçini görmək istərdim ki, nəhayət, yaradıcı işə başlaya bilək. Düşünürəm ki, bu gün bizdə bütün meyarlara cavab verən bir siyasi lider – Heydər Əliyev olduğu ilə razılaşmamaq çətindir.
- Ziyad müəllim, deyin görək, bu əminlik nəyə əsaslanır? Axı, elə adamlar var ki, onlar Heydər Əliyevi başqa cür səciyyələndirməyə meyillidirlər.
– Mən, necə deyərlər, komplimentar yanaşmalardan uzağam, tarixi obyektivlik baxımından mühakimə yürüdürəm. Bu və ya başqa adamın keyfiyyətlərini müxtəlif cür qiymətləndirmək olar, axı, tarix var, faktlar var, nə qədər istəsən də, danmaq mümkün olmayan real işin bəhrələri var. Heydər Əliyev 14 il respublikaya başçılıq edib və indi Azərbaycanın, həqiqətən, fəxr etdiyi bir çox işlər onun fəaliyyətinin nəticəsidir.
1920-1991-ci illər respublikamızın İttifaqın tərkibində olduğu dövrdür. Bu dövr ərzində böhranlı mərhələlər, tənəzzül, dəhşətli müharibə olmuşdur. Amma nailiyyətlər də olub, özü də çox böyük nailiyyətlər. Mən bu barədə dəfələrləbəyan etmişəm və yenə də demək istəyirəm: öz ölkəmizin tarixində bütöv bir epoxanı qaralayan və üstündən cızıq çəkən manqurt olmaq olmaz. Hansısa ideoloji mülahizələr xatirinə ata-babalarımızın, bir neçə nəslin əməyi ilə yaradılmış hər şeyi sıfıra endirərək biz onların xatirəsini təhqir edirik. Öz mənfi tərəfimizi qabardaraq, yaratdıqlarımızı unudaraq, biz öz xalqımızı alçaldır, onun ləyaqətini təhqir edirik.
Bəli, birtərəflilik, inzibati-komanda təzyiqi olub, iqtisadiyyatın inkişafında ciddi əyintilər, sosial sahənin planlaşdırılmasında qalıq prinsipi və bir çox digər deformasiyalar olub. Necə deyərlər, olan olub, keçən keçib. Amma tamamilə əks xarakterli nümunələr də olub. Çox yayılmış “mərkəzin soyğunçuluq siyasəti” ibarəsi ilə hay-küy salaraq, insanları bunları unutmağa məcbur etmək olmaz. Həmin dövr ərzində hazırda müstəqil Azərbaycanın iqtisadiyyatının əsasını təşkil edən yüzlərlə müəssisə tikilir, yeni ali məktəblər açılır, milyonlarla adam abadlaşdırılmış mənzillər alırdı. Sənayedə fəal şəkildə struktur dəyişiklikləri aparılır, kənd gözlərimiz önündə simasını dəyişirdi.
Dövlət müstəqilliyimizi bərpa edəndə respublikamız güclü iqtisadi potensiala malik idi. Zənnimizcə, həm də ən mühümü tərəqqiyə doğru aydın nəzərəçarpan meyil var idi. Bir sözlə, 70-ci illərdə təməli qoyulmuş möhkəmlik ehtiyatı, bütün müttəfiq respublikalarda olduğu kimi. Bir sıra kəskin sosial-iqtisadi problemlərin əvəzində 90-cı illərdə başlanmış dağıdıcı proseslərə müəyyən immunitet təmin edə bilərdi və etməli idi. Lakin çox təəssüf ki, bu, baş vermədi.
Keçid dövrünün bütün çətinliklərinə baxmayaraq, biz milli iqtisadiyyatın dağılmasının qarşısını almağa, onu qorumağa borclu idik. Bəs, nə əldə etdik? İqtisadiyyatın əsas göstəriciləri üzrə İttifaqda uzun illər lider olan Azərbaycanda bu gün keçmiş müttəfiq respublikalar arasında istehsalın ən yüksək azalma sürəti müşahidə olunur. İnflyasiyanın artan sürəti, qiymətlərin yüksək artımı, geniş əhali kütləsinin yoxsullaşması, həyat səviyyəsində kəskin fərqlənmə cəmiyyətdə sosial gərginlik yaratdı. Elmi-texniki sahədə baş verənlər isə sadəcə cinayətdir. Onlarla elmi tədqiqat işi dayandırılmış və bununla Azərbaycanın əqli potensialına ciddi zərbə vurulmuşdur.
Ən çox həyəcan doğuran maddi istehsal və əmək məhsuldarlığı sahəsinə marağın azalmasıdır. Bu da istehsalın dinamikasının həmişə ən yüksək səviyyədə olduğu bizim respublikada baş verir.
- Son illər “qırmızı bayraqlı beşilliklər” barədə çox istehzalar deyilib...
– Mükafatlar, bayraqlar o dövr həyatının, necə deyərlər, nəinki zahiri tərəfi idi, həm də praktiki olaraq bərabər şəraitdə olan müttəfiq respublikaların işinin qiymətləndirilməsi meyari idi. Nə üçün biz Azərbaycan tarixində 70-ci illəri, 80-ci illərin əvvəllərini xüsusi qeyd edirik. Bu müddət nisbətən kiçikdir, lakin bütün mərkəzləşmiş sistemin, hətta təcrid olunmuş şəraitdə Qərbin qabaqcıl texnologiyalarından ayrı düşməsi müqabilində onun respublikamızda həyata keçirilməsi miqyasları, həqiqətən, mühüm idi.
Rəqəmlərə müraciət edək. 1960-70-ci illərdə respublika ölkədə milli gəlirin ən aşağı artım sürətinə malik idi. Həm də İttifaq səviyyəsindən biz 33 faiz, ən yaxşı respublika göstəricilərindən 72 faiz bəndi geri qalırdıq. Digər ən mühüm göstəricilər üzrə fərqlər daha böyük idi.
İqtisadiyyatda vəziyyəti düzəltmək üçün, həqiqətən, çox böyük işlər görmək, əmək məhsuldarlığının, fondverimin aşağı olmasının səbəblərinin dərin təhlilini aparmaq lazım gəldi, onların artımını təmin edən mexanizm yaradıldı. Respublika rəhbərliyinin bacarıqlı, məqsədyönlü və inadkar fəaliyyəti olmadan, əlbəttə, bütün bunlar mümkün deyildi. Sənayedə əmək məhsuldarlığının artırılması üçün həyata keçirilmiş tədbirləri və onların nəticələrini xüsusi qeyd etmək istəyirəm. Çünki bu sahədə artım sürətinə görə biz axırıncı yerdə idik.
Həmin məsələ üzrə Mərkəzi Komitənin Bürosunun (1978) keçirilən iclası yada düşür. Bu, formal, növbətçi təhlil deyildi, onlarla alimin və mütəxəssislərin miqyaslı tədqiqat işinin yaradıcı nəticələrinin yekunu idi. Əvvəlcə məsələ aylarla hərtərəfli öyrənildi. Onu da qeyd edim ki, bu təhlilin aparılması üçün yaradılmış işçi qrupuna mən başçılıq edirdim. Biz, respublikada iqtisadiyyatın 1971-1982-ci illərdə təhlilini apardıq. İclasda təsdiq edilmiş və sərt şəkildə həyata keçirilən tədbirlər əmək məhsuldarlığının artımını sürətləndirməkdə həlledici rol oynadı. Təəssüf ki, onların çoxu itirilib, yeni isə heç nə yoxdur. Bu gün həmin əmək məhsuldarlığı ilə nə baş verdiyi barədə danışmaq ağırdır. Bilmək istərdim ki, sabiq prezidentin fərmanları ilə qiymətəmələgəlmə, valyuta əməliyyatlarının tənzimlənməsi, pul-kredit, ödəmə məsələləri ilə bağlı vurulmuş 10 milyardlarla manat ziyan üçün kim cavab verəcək. Əgər siyasi fəaliyyətdə yol verilən səhvlər hamının diqqətini cəlb edirsə, müqəssirləri üzə çıxartmaq üçün təhqiqat aparmaq üçün xüsusi komissiyalar yaradılırsa, iqtisadiyyatın dağılması məqsədilə məsuliyyət məsələsinə nədənsə məhəl qoyulmur.
- Xatırlayıram ki, o illər Azərbaycan iqtisadiyyatın görünməmiş yüksəliş sürətinə görə bütün dünyanı heyrətə salırdı. İndi kimlərsə bu uğurların reallığını şübhə altına alır. Guya, təbliğat, kütləvi şəkildə şişirtmə olub.
– Bir çox illər ərzində mən Azərbaycanın iqtisadi həyatında baş verən proseslərin çox dəqiq təhlilində fəal iştirak etmişəm. Bunun nəticələri monoqrafiyalara, məqalələrə daxil edilib. Onların hamısı belə iddiaları tam təkzib etməyə mənə əsas verir. Təkrar edirəm: Azərbaycanda qazanılan nə varsa, onun arxasında hər şeydən əvvəl milyonlarla adamın gərgin əməyi, qarşıya qoyulmuş, elmi cəhətdən əsaslandırılmış məqsədlərə nail olunması üzrə bacarıqlı təşkilati iş durur. Uydurma sensasiya həvəskarlarını isə xəbərdar edirəm: tarixi saxtalaşdırmaq, qeyri-peşəkar siyasətçilərin ambisiyaları xatirinə faktlarla manipulyasiya etmək olmaz.
Əyani olaraq sübut üçün iki onillik ərzində respublikanın iqtisadi inkişafının ən mühüm göstəricilərinin dəyişmə meyilini səciyyələndirən cədvələ nəzər salaq. Zənnimcə, bunu şərh etməyə ehtiyac yoxdur. Yeri gəlmişkən deyim ki, bu məlumatlar ilk dəfə dərc olunur.
Ən başlıcası odur ki, həmin dövr xalq təsərrüfatında keyfiyyətli dəyişikliklərlə səciyyələnir. Azərbaycanın sənaye tarixində belə genişmiqyaslı inkişaf tədbirləri həyata keçirilməyib. Sənayenin inkişafında bitərəfliyin ləğv edilməsi üzrə mütərəqqi sahələrin qabaqlayıcı inkişafına əsaslanmaqla, müntəzəm şəkildə tədbirlər həyata keçirilirdi. Heydər Əliyevin şəxsi təşəbbüsü ilə İttifaq rəhbərliyi Azərbaycan sənayesinin mütərəqqi sahələrinin sürətli inkişafı haqqında xüsusi qərarlar qəbul edirdi. Respublika rəhbərliyi İttifaq hökumətindən Azərbaycan ərazisində müasir istehsalatların və müəssisələrin tikilməsini təkidlə tələb edirdi. Azərbaycanda Bakı Məişət Kondisionerləri zavodunun, EHM, “Azelektroterm”, Şampan Şərabları zavodunun, AZON zavodunun və bir sıra digər müəssisələrin qısa müddətdə istifadəyə verilməsini yadınıza salın. Neft emalı, yüngül sənayesi yeyinti sənaye sahələri müəssisələrinin yenidən qurulması yüksək sürətlə aparılır, respublikanın kiçik və orta şəhərlərində onların filialları yaradılırdı.
Elektrotexnika, elektronika, cihazqayırma müəssisələri və başqaları respublika sənayesinin simasını, fəhlə sinfinin strukturunu kökündən dəyişdi. Struktur dəyişiklikləri öz ardınca yeni səmərəli sahələrarası və regionlararası əlaqələr yaratdı, xammal, birtərəflilik yönümünün azalması amilinə çevrildi, fəhlə sinfinin peşə-texniki səviyyəsinə, əhalinin məşğulluğuna keyfiyyətli irəliləyişlər gətirdi.
- İndi dediklərinizdən bir növ aydın, xoş mənzərə yaranır.
– Tələm-tələsik nəticələr çıxarmaq lazım deyil. Mən keçmişi ideallaşdırmaq fikrindən uzağam. Əlbəttə, çətinliklər də, uğursuzluqlar da olub və bu, hər hansı inkişaf edən ölkə üçün təbiidir. Lakin o zamankı çətinliklərin, bəzən də çox ciddi çətinliklərin fərqi ondadır ki, o dövrdə yaranan problemlərin həlli üçün gündəlik gərgin iş aparılırdı. Nail olunmuşlarla qane olmamaq xüsusiyyəti var idi, iqtisadi inkişafın başlıca istiqamətləri müəyyən edilir və bütün səylər onların həyata keçirilməsi üzərində cəmləşirdi. Respublika rəhbərliyi belə bir möhkəm inamdan çıxış edirdi ki, Azərbaycan xalqı yaxşı yaşaya bilər və yaşamalıdır.
O dövrlərdə respublikanın sosial-iqtisadi inkişafının dinamizmini səciyyələndirən ən mühüm meyillərdən birini xüsusi qeyd etmək istərdim. Söhbət Azərbaycan rəhbərliyinin adambaşına milli gəlirin istehsalı üzrə orta İttifaq səviyyəsindən çoxillik geriliyi ləğv etmək üzrə qarşıya qoyduğu strateji məqsəddən gedir. Bu məsələyə uzun illər ərzində məhəl qoyulmurdu. Bundan sonra isə milli gəlirin, xüsusilə də onun istehlak edilən hissəsinin qabaqlayıcı artımı iqtisadiyyatın bütün inkişaf konsepsiyasının müəyyənedici prinsiplərindən birinə çevrildi. Əvvəl müxtəlif səviyyələrdə bir çox rəhbərlər siyasətdə bu əsaslı dönüşü bir o qədər də ruh yüksəkliyi ilə qarşılamadılar, həm də kəskin müzakirələr, ixtilaflar oldu. Lakin möhkəm xətti qoruyub saxlaya bildik. Artıq 70-ci illərin sonuna bu istiqamətdə nəzərəçarpacaq tərəqqiyə nail olundu. Əgərbu məqsəd sonrakı illərdə də prinsipial şəkildə davam etdirilsəydi, şübhəsiz ki, müstəqillik qazandığımız zaman biz sosial sahədə daha yaxşı göstəricilərə, daha yüksək əməkhaqqına, adambaşına istehlak fondlarına və s. malik olardıq.
- Bəli, bu, yaxın vaxtlarda müşahidə etdiklərimizlə kəskin fərqlənir. Yeri gəlmişkən, deyirlər ki, Siz Dövlət Plan İqtisad Komitəsinin sədri vəzifəsindən azad edildiyinizi mətbuatdan bilmisiniz.
– Bəli, bu, belədir. Lakin onu xatırlamağa dəyməz. Başqa məsələ barədə danışım. Hamımız keçmiş həyatdan çıxmışıq. Əvvəlki kommunist rejiminə qayıdış artıq olmayacaq, o dövr keçdi və cəmiyyətin psixologiyası köklü surətdə dəyişmişdir. Lakin indi keçmişimizi, toplanan təcrübəni ağına-bozuna baxmadan inkar etmək haqqında deyil, müsbət təcrübəyə əsaslanaraq, respublikanı böhrandan necə çıxarmaq haqqında fikirləşmək, onun iqtisadiyyatını dünya səviyyəsinə qaldırmaqdan söhbət aparmaq lazımdır. Bir çox şeyləri sıfırdan başlamamalı, “velosiped” kəşf etməməliyik. Mövcud potensialdan ağıllı istifadə etmək lazımdır ki, xalq təsərrüfatının yönümünü dəyişək, bacardıqca bazar iqtisadiyyatına ağrısız keçək.
- Ziyad müəllim, o zaman bütün iqtisadiyyata rəhbərlik və onun strategiyasını müəyyən edən mərkəzin rolu haqqında nə deyərdiniz?
– Həqiqətən, mərkəz çox şeyləri müəyyən edirdi. Bir onu demək kifayətdir ki, müəssisələrin 90%-dən çoxu İttifaq və İttifaq-respublika tabeliyində idi. Lakin bir daha təkrar edirəm: təsərrüfat şəraiti, iqtisadi vasitələr bütün respublikalar üçün eyni idi. Azərbaycan isə qeyri-adi uğurlara nail olurdu. Bizim rəhbərliyimiz mövcud imkanlardan istifadə edərək İttifaq nazirlikləri ilə fəal iş aparır, onların rəhbərləri ilə bu və ya digər problemlər üzrə təklifləri bilavasitə yerlərdə birgə müzakirə edirdi. Peşəkar təhlil, proqnozların obyektiv qiymətləndirilməsi həyata keçirilirdi. Tam olmasa da, sağlam rəqabət, ən başlıcası isə məsuliyyət və intizam var idi. Mərkəz çalışırdı ki, bütün dövlət planları şərtsiz yerinə yetirilsin. Ümumdövlət yanaşması mövcud idi. Əgər biz tam həcmli nəticələrə nail olurduqsa, mərkəzdə razılığı gizlətmirdilər.
Lakin başqa meyillər haqqında da demə­yə bilmərəm. Azərbaycan iqtisadiyyatının dinamik inkişafı, respublikada sabit vəziyyət, Heydər Əliyevin getdikcə artan nüfuzu, görünür, hakimiyyətin ali mərkəzi eşelonlarında kimlərisə narahat edirdi. Yəqin ki, bu, Qarabağ kartını oynamağa hazırlaşanlara əlverişli deyildi. Belə vəziyyətdə respublikada aparılmış işi pisləmək, əsl vəziyyəti təhrif etmək, Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycanın nail olduğu uğurlar haqqında mənfi ictimai rəy yaratmaq lazım idi. Bununla əlaqədar 1984-cü ilin sonunda Moskvadan Bakıya komissiyanın göndərilməsi yada düşür. Guya yoxlamada əsas məqsəd əmək intizamının möhkəmləndirilməsi sahəsində işlərin yoxlanması idi. Məqsəd tamam başqa idi. Qeyd edim ki, o illər istehsalın dinamikası, məhsul göndərilməsi, əmək məhsuldarlığı, kapital qoyuluşlarından istifadə və müqavilələr üzrə tədarük göstəriciləri İttifaqla müqayisədə yüksək idi. Məhzbu amillər əmək intizamına qiymət verilməsində əsas meyarlar hesab edilirdi. Komissiya isə ikinci dərəcəli məsələlərə üstünlük verməklə, qərəzli mövqe tuturdu. Əlbəttə, biz irəli sürülmüş ittihamların əsassızlığını qəti sübuta yetirdik. Bu işdə konkret hesablamalar və əsaslandırmalar da öz rolunu oynadı. Bunları aşağıdakı cədvəldən də görmək olar: (cədvəl 1)
- Xalq təsərrüfatı strukturunun yenidən qurulması probleminə qayıdaraq bilmək istərdik: dəyişən şəraitlə bağlı bu işdə müəyyən düzəlişlərə ehtiyac varmı?
– Şübhəsiz. Bizdə bəzi sahələr üzrə yaxşı, sanballı bazanın təməli qoyulmuşdur. Lakin bu baza ciddi təkmilləşdirilməlidir. Son zamanlar iqtisadiyyata dəymiş ziyan qabaqcıl texnologiyalarla fəaliyyət göstərən istehsalatlara ağrılı təsir göstərmiş, ciddi çətinliklər yaranmışdır. Mərkəzləşmiş investisiyalar, təşəbbüskarlığın və sahibkarlığın təşviqi sistemi yoxdur, təsərrüfat əlaqələri isə pozulmuş, bazar münasibətlərinə keçid şəraitində müstəqil Azərbaycanın sənayesinin strukturunun yenidən qurulmasının dövlət tənzimlənməsi mexanizmi işlənməmişdir. Lakin mən təbiətcə nikbin adamam və dərindən inamım var ki, biz keçid dövrünün çətinliklərini uğurla keçəcəyik və əvvəllər topladığımız təcrübə xalq təsərrüfatının yeniləşməsində müəyyənedici rol oynayacaq.
- Azərbaycanın MDB-yə, İqtisadi Birliyə qoşulması bu mövqelərdən necə qiymətləndirilir?
– Birmənalı olaraq müsbət. Azərbaycanın MDB-nin digər respublikaları ilə iqtisadi əlaqələri nəinki sıx və çoxtərəflidir, onlar iqtisadiyyatımızın normalfəaliyyəti üçün həyati zərurət kəsb edir. Bundan çıxış edərək deyə bilərəm ki, MDB-yə qəbul olunmağa etiraz edənlərin ən tutarlı saydıqları dəlilləri belə əsassızdır.
İqtisadi Birlik haqqında danışarkən unutmaq olmaz ki, söhbət SSRİ tərkibində olan keçmiş respublikaların deyil, BMT üzvü və beynəlxalq hüquq subyektləri olan müstəqil dövlətlərin münasibətlərindən gedir. Doğrudur, şəxsən mən belə hesab etmirəm ki, respublikamızın bütün iqtisadi və sosial problemləri müstəsna olaraq İqtisadi Birlik haqqında müqavilə ilə tənzimlənəcək. Şübhəsiz ki, MDB-nin digər üzləri kimi, Azərbaycan da suveren dövlət qismində müstəqil iqtisadi siyasət aparacaq. Lakin ümumi maraqlar naminə qarşılıqlı fəaliyyət tələb edən bir çox məsələlər də vardır. Nəhayət, dünya praktikası, xüsusilə də ümumavropa praktikası var və buna məhəl qoymamaq olmaz.
Sadəcə olaraq vəziyyəti ayıq və uzaqgörənliklə qiymətləndirmək, Azərbaycan xalqının, Azərbaycan dövlətinin taleyüklü problemlərinə ən yüksək məsuliyyət hissi ilə yanaşmaq lazımdır.
AXC ideologiyasına əsaslanan və təkidlə yeridilən “iqtisadi doktrinaların” ölkənin xalq təsərrüfatına vurduğu zərbələr bizə dərs olmadımı? Fırıldaqçı, bədnam siyasətçilərin populist eksperimentləri yetər. Əminəm ki, bu gün bizim cəmiyyətdə üstünlük təşkil edən əhval-ruhiyyə məhz belədir. Məhz bu hisslə, gələcəyə dərin ümidlə və həyatımız boyu gözlədiyimiz dəyişikliklər istəyi, demokratik prosesləri möhkəmləndirmək arzusu ilə Azərbaycan xalqı oktyabrın 3-də seçki məntəqələrinə gələcək (qrafik 1).

 

 

Akademik Ziyad Səmədzadə
“Бакинский рабочий” qəzeti,
30 sentyabr 1993-cü il