Qəzaya hazırlıqlı olmaq üçün sığortalanaq
Heç kəs gələcəkdə hər hansı bir bədbəxt hadisənin qarşılaşacağından xəbərdar deyil. Sıgortalanmaq isə insanlarda bədbəxt hadisələrin yaratdığı fəsadların aradan qaldırılmasına ümid yaradır.
Azərbaycanda sığortanın inkişafı üçün qanunvericilik üzrə bir çox problemlər həll olunsa da, sığorta bazarının inkişafı arzuolunan səviyyədə deyil. Bunun əsas səbəblərindən biri əhalinin sığorta xidmətləri haqqında kifayət qədər məlumatlı olmamasıdır.
Buna misal olaraq demək istərdim ki, Hollivud ulduzları nəinki əmlaklarını hətta bədən üzvlərini belə qorumaq məqsədi ilə sığortalayırlar və qazanclarının böyük hissəsini buna sərf edirlər. Ölkəmizdə isə bu proseslər əksinə cərəyan edir. Vətəndaşlarımızın böyük əksəriyyəti nəinki malını, hətta canını belə sığortalamaqdan çəkinir. Hesab edilir ki, sığortaya ödənilən hər bir qəpik boşuna xərclənmiş puldur. Bu düşüncə tərzinə son qoymaq, əhali arasında sığorta barədə biliklərin artırılması üçün dövlət tərəfindən “start düyməsi” basıldı.
Elə bu məqsədlə də may ayının 27-də Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarət Xidməti mətbuat konfransı keçirərək əhalini sığorta xidməti sahəsində maarifləndirmək üçün görüləcək tədbirlər haqqında məlumat verdi.
Mətbuat konfransında Dövlət Sığortaya Nəzarət Xidmətinin rəisi Namiq Xəlilov çıxış edərək bildirdi ki, xarici ölkələrlə müqayisədə Azərbaycanda sığorta xidmətlərindən istifadə istənilən səviyyədə deyil və bu problemin həlli üçün son bir neçə ay ərzində tədbirlər planı hazırlanmışdır. “Bu işdə ilkin olaraq məqsədimiz vətəndaşlarımıza sığortanı bir iqtisadi xidmət növü kimi başa salmaqdan ibarətdir. Bu məqsədlə Dövlət Sığortaya Nəzarət Xidməti təbliğat-təşviqat xarakterli TV çarxlar çəkib, video-təlimatlar hazırlayıb və maarifləndirici veb-portal yaradıb. Onu da bildirək ki, “Sığortalı həyat qəzasız həyat deyil, qəzaya hazırlıqlı həyatdır” sloqanı altında çəkilmiş reklam çarxları yerli televiziyalarda bir ay boyunca yayımlanacaqdır.”
“Sığorta bazarındakı əsas hədəfimiz hələlik avtomobil sığortaları və şəxsi əmlakların sığortasıdır. Azərbaycanda hal-hazırda könüllü olaraq 50 min avtomobil sığortalanıb. Ölkəmizdə bir milyon ədəddən artıq nəqliyyat vasitəsinin qeydiyyatdan keçdiyini nəzərə alsaq, bunun səviyyəsini daha da yüksəltmək olar. Əmlak sığortasında isə əsas hədəfimiz inkişaf etmiş dövlətlərin səviyyəsinə çatmaqdır. İcbari sığortalar haqqında qanun layihəsi hazırlanıb və Milli Məclisdə üçüncü oxunuşa çıxarılacaqdır. Qanun qəbul olunduqdan sonra bu sahədə də böyük irəliləyişlər olacaq,”-deyə Namiq Xəlilov bildirdi.
Konfransda o da bildirildi ki, əhali sığorta ilə bağlı müraciətlərini Dövlət Sığortaya Nəzarət Xidmətinə ünvanlaya bilər.
GÜNEL ZEYNALZADƏ
|