MƏQALƏLƏR

Avropa tarixində görünməmiş dərəcədə Azərbaycana ehtiyacı var

  • 13.10.2022

Prezident İlham Əliyev enerji təhlükəsizliyi prizmasından Azərbaycanın dövlət maraqlarını qətiyyətlə təmin edir.

Bu gün dünya siyasətinin ən aktual məsələlərindən biri enerji təhlükəsizliyidir. Təsadüfi deyil ki, çağdaş dünyamızda baş verən müharibələr, ekoloji və humanitar fəlakətlər, enerji­­daşı­yıcılarının nəqli sahəsində problemlərin və mübahisələrin yaşanması ayrı-ayrı dövlətlərdən enerji təhlükəsizliyi üçün daha ciddi düşünməyi, xüsusən alternativ nəql sistemlərinin yaradılması istiqamətində əməli hərəkətə keçməyi tələb edir. Onu da qeyd edim ki, Ukraynada baş verənlərdən, son olaraq «Şimal axını» ilə qazın nəqlinin dayandırılmasından sonra Avropa dövlətlərinin bir qismi dərin enerji böhranı ilə üzləşiblər. «Qoca qitə»nin bir çox ölkələri qarşıdan gələn qışla əlaqədar həyəcan təbili çalırlar.

Enerji təhlükəsizliyi ilə bağlı qlobal proseslərin hazırki gedişatı isə ulu öndər Heydər Əliyevlə başlanan, bu gün isə möhtərəm Prezidentimiz İlham Əliyevin yeni keyfiyyət mərhələsinə yüksəltdiyi Azərbaycanın enerji siyasətinin nə qədər düşünülmüş və nə qədər uzaqgörən olduğunu göstərir. İndiyə qədər bütün həyata keçirilən enerji layihələri göstərir ki, Azərbaycan özünün enerji siyasəti ilə bağlı nəyi planlaşdırıbsa, hər birinə qətiyyətlə nail olub. Son reallaşan layihə «Cənub Qaz Dəhlizi»dir. Hazırda Azərbaycan öz karbohidrogen ehtiyatlarını «Cənub Qaz Dəhlizi» ilə Avropa bazarlarına çıxarsa da, xüsusən Avropa İttifaqı bu gün daha çox təbii qaza ehtiyac duyur, ölkəmizdən daha çox qaz almaq istəyir.
Yunanıstan, Bolqarıstan, Albaniya və İtaliya bu gün Azərbaycan qazının alıcılarıdırlar. Lakin yeni çağırışlar qarşısında Azərbaycan qazına tələbat artır. Elə buna görə də Azərbaycanın enerji marşrutlarının daha da genişləndirilməsi ilə bağlı təşəbbüsləri həmişə alternativ nəql imkanlarının axtarışında olan Avropa İttifaqının son dövrlər daha çox diqqət yetirdiyi məsələlərdən biridir. Bundan irəli gələrək Azərbaycanla Avropa İttifaqı arasında enerji dialoqu yüksələn xətlə davam edir və bunun ən mühüm nümunələrindən biri bu il iyul ayının 18-də Bakıda “Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu”nun imzalanması oldu.
Bu Anlaşma Memorandumu enerji təhlükəsizliyi sahəsində Aİ-Azərbaycan əməkdaşlığının ən yüksək səviyyəyə çatmasının təcəssümüdür. Aİ ilə imzalanan Memorandum gələcək üçün bir növ yol xəritəsidir. Bu baxımdan əvvəlki bütün layihələrin realllaşdırıldığını nəzərə alsaq deyə bilərik ki, enerji sahəsindəki əməkdaşlıqla bağlı yaxın gələcəkdə yeni uğurlara nail olunacaq.
Oktyabrın 1-də Bolqarıstanın paytaxtı Sofiya şəhərində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasiminin keçirilməsi məhz Azərbaycanla Avropa İttifaqı arasında enerji dialoqunun məntiqi davamıdır. Başqa cür desək, Avropa İttifaqı məhz Azərbaycanla tərəfdaşlığa önəm verərək, ölkəmizin enerji təhlükəsizliyinə verdiyi töhfələrə söykənərək, belə bir layihənin həyata keçirilməsinə diqqət ayırır. Qeyd edim ki, Avropa Komissiyası bu layihəyə indiyədək 80 milyon avro ayırıb. Avropa İnvestisiya Bankı isə 110 milyon avro kredit verib.
Məhz enerji təhlükəsizliyi sahəsində əməkdaşlıqdan irəli gələrək Avropa İttifaqına üzv dövlətlər Azərbaycanı özlərinin strateji tərəfdaşı kimi qəbul edirlər. Avropa dövlətlərinin rəhbərləri isə Prezident İlham Əliyevə yüksək ehtiramla yanaşırlar. Bu baxımdan Bolqarıstanda keçirilən Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimindən sonra Prezident İlham Əliyevin Praqada keçirilən “Avropa siyasi birliyi” Zirvə Toplantısına dəvət alması dövlətimizin başçısına yüksək beynəlxalq ehtiramın növbəti təcəssümü kimi yadda qaldı. Bu dəvət bir daha Azərbaycanın Avropa İttafaqına üzv dövlətlərlə əlaqələrinin strateji məzmun daşıdığını göstərdi. Ən əsası bu səfər göstərdi ki, Avropa İlham Əliyevin enerji təhlükəsizliyi ilə bağlı qlobal liderliyini qəbul edir.
Qeyd etmək lazımdır ki, Azərbaycanın 2021-ci ildə qaz ixracatı əvvəlki ilə nisbətən 40 faiz artıb. Bunun da əsas səbəbi TAP kəmərinin işə salınmasıdır. Bu il respublikamızın qaz ixracatı yenə də 30-40 faiz artacaq. Avropa İttifaqına enerji nəqlinin artırılması ilə bağlı perspektiv gözləntilərə isə Prezident İlham Əliyev Praqada Azərbaycan televiziya kanallarına verdiyi müsahibədə aydınlıq gətirdi. Aydın oldu ki, Avropa İttifaqı ilə imzalanmış Memoranduma əsasən növbəti illərdə Avropaya qaz ixracatının ən azı iki dəfə artırılması planlaşdırılır.
2027-ci ildə Azərbaycandan Avropaya ildə ən azı 18 milyard kubmetr qaz ixracı proqnozlaşdırılır.
Bütün bu rəqəmlər Azərbaycanın dəqiq hesablamalarına əsaslanır. Daha dəqiq desək, Azərbaycan bu həcmdə qaz ixrac etməyə əmindir. Beləliklə, reallıq ondan ibarətdir ki, bu gün Avropanın tarixdə görünməmiş dərəcədə Azərbaycana ehtiyacı var. Azərbaycan Avropa üçün indi daha önəmli strateji tərəfdaşdır. Bütün bunları düzgün dəyərləndirən Prezident İlham Əliyev isə enerji təhlükəsizliyi prizmasından Azərbaycan dövlət maraqlarını qətiyyətlə təmin edir.

Akademik Ziyad Səmədzadə