MƏQALƏLƏR

Zülfü İLYASOV: QIZIL PAYIZ ADDIMLAYIR

  • 13.10.2022

Bu payızda havaların ilıq keçməsi fermerlərin işinə yarayır. İndi ölkəmizin hər bir guşəsində əmək bulaq kimi qaynayır. Axı, aylardır çəkilən zəhmətin barını bu günlərdə görəcəklər. Şükürlər olsun ki, bu il bağ və bostanlarda, tarla və plantasiyalarda bol məhsul yetişdirilib. Kənd adamı üçün bundan qiymətli nə ola bilər ki?! Çəkilən zəhmət hədər getməyib. Bu gün qayğılar birə-beş qat artıb. Hamı çalışır ki, min bir zəhmətlə hasil olan məhsulu tez və itkisiz tədarük edib satsın, yaxşı gəlir götürsün, rifahını yaxşılaşdırsın. Torpaq heç kəsin halal zəhmətini, alın tərini itirən deyil. Azərbaycan dövlətinin ali hədəflərindən biri də kənd əməkçilərinin yaxşı işləmələri üçün əlverişli şərait yaratmaqla ölkəmizin ərzaq təhlükəsizliyini təmin etməkdir. Bu məqsədlə təsərrüfat subyektlərinə güzəştli şərtlərlə kreditlər verilir, yardımlar göstərilir. Görülən tədbirlər öz müsbət nəticələrini verir. Bu il respublikamızda buğda istehsalı ötən ilkinə nisbətən təxminən 1,5 faiz artıb. İndi taxıl yetişdirilən bölgələrimizdə növbəti il üçün payızlıq şumu aparılır. Şumun keyfiyyətli aparılması üçün bütün zəruri tədbirlər görülür. Müşahidələr göstərir ki, bu gün ölkə üzrə kənd təsərrüfatı işləri mütəşəkkil qaydada qurulub.
Ənənəvi meyvəçilik rayonu olan Qubanın meyvə bağlarında yığımın qızğın çağıdır. Rayonun bütün təsərrüfatlarında sentyabrın 15-dən etibarən kütləvi yığıma başlanılıb. Fermerlər, fərdi təsərrüfat subyektləri məhsulun vaxtında və itkisiz toplanması üçün var güclərini səfərbər etmişlər. Toplanan məhsul bağlarda çeşidlənir və qablaşdırılır. Bundan sonrakı mərhələdə hazır məhsul rayonda fəaliyyət göstərən soyuducu anbarlara yığılır. Bu gün şimal bölgəsinin alma bağlarında bol məhsuldarlığı ilə seçilən “Qolden” və “Simirçenko” sortları yetişdirilir. İntensiv bağçılıqla məşğul olan bağbanlar isə “Qranisimit”, “Fuje” sortlarına üstünlük verirlər. Son illər Qubanın ənənəvi meyvə sortlarına maraq xeyli azalıb. Qubaya şan-şöhrət gətirən, xüsusi, ətri, dadı ilə seçilən köhnə sortlara az rast gəlinir. Qubanın bir vaxtlar dillər əzbəri olan “Cırhacı”, “Sinab”, “Nar armudu” almalarının dadını və ləzzətini bugünkü meyvələr vermir. Arzu edərdik ki, qubalı bağbanlar yeni meyvə sortları ilə yanaşı, dədə-babadan miras qalmış, insanda nostalji hisslər yaradan köhnə meyvə sortlarını da qoruyub saxlasınlar. Bunu bu gün etməsələr, sabah gec olacaq. Bu gün Quba rayonunda bütövlükdə 14 min hektara yaxın meyvə bağları var. Hər il bu bağlardan 110-120 min ton məhsul yığılır. Builki məhsulun ötən ilə nisbətən çox olacağı gözlənilir. Əgər Quba əməkçilərinin hazırki qayğısı meyvə yığımını tez başa çatdırmaqdırsa, Qax rayonunun sakinlərinin dərd-səri dağətəyi ərazilərdə əkilən qarğıdalı məhsulunu vaxtında və itkisiz tədarük etməkdir. Qarğıdalı rayon əhalisinin əsas məşğuliyyətidir və kifayət qədər gəlir gətirən sahədir. Yerli fermerlər cari ildə 1556 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər.
Hazırda təsərrüfatlarda qarğıdalı yığımının qızğın çağıdır. İndiyədək tədarük edilən məhsulun hər hektar üzrə orta məhsuldarlığı 75 sentner təşkil etmişdir. Bu il rayonun təsərrüfatlarında 317 hektar dən, 410 hektar yaşıl yem olmaqla 737 hektar sahədə təkrar qarğıdalı əkini də aparılıb. Yem üçün əkilmiş sahələrdə biçinə start verilib.
Qeyd etmək lazımdır ki, Qaxda bu il barama, taxıl, kartof, eləcə də heyvandarlıq məhsullarının istehsalı xeyli artıb. Qubanın da, Qaxın da füsunkar və əsrarəngiz gözəlliyi var. Amma bu yerlərdə digər dağətəyi ərazilərdə olduğu kimi ildə bir dəfə məhsul yetişdirmək olur. Bunlardan fərqli olaraq, Cəlilabad rayonunda ildə iki dəfə kartof əkilir, becərilir.
Bu üsulla əkib-becərmə rayonda ilbəil genişləndirilir. Əgər bir neçə il öncə rayonun təsərrüfatlarında cəmi 500 hektar payızlıq kartof əkilirdisə, cari ildə bu rəqəm 1000 hektara çatdırılıb. Bu il farş kartof üzrə məhsuldarlıq hər hektara 30 ton olub. Payızlıq kartof üzrə məhsuldarlığın hər hektara 15-20 ton olacağı gözlənilir.
Pambıqçılıq sahəsində də işlər ürəkaçandır. Artıq sentyabrın ilk günlərindən tarlalardan məhsulun əl ilə yığımına başlanılıb. Bir azdan tarlalara pambıqyığan maşınlar çıxarılacaq. Tarlaların vəziyyəti bol məhsuldan müjdə verir. Pambığın satınalma qiymətlərinin artması fermerlərin əhval-ruhiyyəsini yüksəldib, əzm­karlığını artırıb. Hazırda Salyan, Neftçala, Ağcabədi, Bərdə və başqa rayonlarda pambıq yığımı uğurla davam etdirilir.

 

Zülfü İLYASOV, “İqtisadiyyat”
qəzetinin xüsusi müxbiri