MƏQALƏLƏR

İnnovasiya həyat və yaşam üçün ən zəruri vasitədir

  • 26.10.2022

Korneil Universiteti (ABŞ), İNSEAD Biznes məktəbinin (Fransa) və Ümumdünya Əqli Mülkiyyət təşkilatının (ÜƏMT) birgə nəşri olan “Qlobal İnnovasiya İndeksi - 2022” (Qİİ-2022) açıqlanıb. Bu indeks 132 ölkəni əhatə edir və bütün dünya ölkələri inkişaf, innovasiya və istehsal qabiliyyəti baxımından qiymətləndirilir. Reytinqdə ilk üçlüyə İsveçrə, ABŞ və İsveç daxildir. Onları böyük Britaniya, Hollandiya, Cənubi Koreya, Sinqapur, Almaniya, Finlandiya, Danimarka izləyir. Dünyanın ikinci iqtisadiyyatı hesab edilən Çin Xalq Respublikası cədvəldə 11-ci yerdə qərarlaşıb. Bu xüsusda Azərbaycanda da innovativ investisiyalar üçün əlverişli şərait yaradılıb və bu proses uğurla davam etdirilir.
Qlobal İnnovasiya İndeksi (Qİİ) 2007-ci ildən hazırlanır və hazırda dünyanın müxtəlif ölkələrində innovativ inkişafın ən dolğun göstəricilərini əks etdirir. Reytinq innovasiya fəaliyyətinin potensialını, səmərəliliyini əhatə edən 80 göstərici əsasında tərtib olunur. Tələb edilən göstəricilər qanunvericilik, elm, təhsil, bazar, biznes, infrastruktur və digər məsələlərin inkişafına qədər geniş məlumatlar spektrini ehtiva edir. İndeksin nəşr edilməsinin əsas məqsədi ölkələrin innovasiya mexanizmlərinin səmərəliliyinin qiymətləndirilməsinə imkan yaratmaqdan ibarətdir. Tədqiqatın müəllifləri hesab edirlər ki, iqtisadiyyatın uğuru həm innovativ potensialın mövcudluğu, həm də onun həyata keçirilməsi üçün şəraitlə bağlıdır. Buna görə də Qİİ iki göstərici qrupunun ballarının ümumi cəmi kimi hesablanır: mövcud resurslar və innovasiya üçün şərait, innovasiyaların həyata keçirilməsində əldə edilmiş praktiki nəticələr. Yekun indeks müəyyən ölkədə innovasiyaların inkişafı üçün səylərin səmərəliliyini obyektiv qiymətləndirməyə imkan verir. Ekspertlər qeyd edirlər ki, innovasiyaların inkişaf səviyyəsinin ən yaxşı göstəricilərinə malik olan ölkələr spesifiklik nümayiş etdirirlər. İnnovasiyaların inkişafı baxımından ilk 25 ölkəyə nəzər saldıqda reytinqlər göstərir ki, ayrı-ayrı dövlətlər müvafiq qruplar daxilində yerlərini dəyişirlər, lakin, eyni zamanda onların heç biri öz qrupundan çıxmır. Bu, digər məsələlərlə yanaşı, uğurlu innovasiyaların bir növ qapalı dairəyə gətirilməsi ilə izah oluna bilər. Müəyyən kritik səviyyəyə çatdıqdan sonra investisiya kapitalı, istedad istedadı cəlb edir, innovasiya isə yenilik yaradır. Tədqiqatın müəllifləri qeyd edirlər ki, əlverişsiz iqtisadi vəziyyətə baxmayaraq, dünyada innovasiya fəaliyyəti inkişaf etməkdə davam edir. Əksər ölkələrdə elmi tədqiqat və inkişaf xərcləri əvvəlki illərə nisbətən daha yüksəkdir, uğurlu yerli innovasiya mərkəzləri yaranır və inkişaf edir. Qeyd etmək yerinə düşər ki, yekun reytinq iki alt indeksin – innovasiya resursları (qurumlar, insan kapitalı və elm, infrastruktur, bazar və biznesin inkişafı) və onların nəticələri (texnologiyaların və bilik iqtisadiyyatının inkişafı, yaradıcı fəaliyyətin nəticələri) üzrə orta qiymət kimi hazırlanır. 132 iqtisadiyyatın innovasiya fəaliyyətini qiymətləndirən hesabatda ölkələrin müvafiq gücü və zəif tərəfləri açıqlanır, innovasiya meyarlarında boşluqlar müəyyən edilir. Qİİ-2022 buraxılışında gələcək onilliklərdə innovasiyaların məhsuldarlığına və ictimai rifaha proqnozlaşdırılan təsirinə də diqqət yetirilir. Onu da qeyd edək ki, innovasiya texnika və texnologiyaların yeni növlərini təmin edəcək bir proses kimi vəsaitlərin iqtisadiyyatda yerləşdirilməsi anlamına gəlir. Geniş mənada innovasiya elmi-texniki, intellektual potensialı səfərbər edərək, səmərəliliyə və digər iqtisadi fərqlənmələrə nail olmanı əhatə edən tədbirlər sistemidir. İlk dəfə innovasiya terminindən amerikalı iqtisadçı Jozef Şumbeter 1912-ci ildə yazdığı “Texniki inkişaf nəzəriyyəsi” əsərində istifadə etmişdir. Amerikalı alim kitablarında innovasiyaları texniki dəyişikliyin iqtisadi təsiri kimi nəzərdən keçirmişdir. Onun fikrincə, texniki inkişaf nəticəsində yeni insan – innovasiya və ixtira arasında əlaqələndirici olan bir sahibkar meydana çıxır. İnnovasiyaların təhlili göstərir ki, bu fərd sosial-iqtisadi xarakterli funksiyaları yerinə yetirir. İnnovasiya əvvəllər yalnız texnologiya sferası ilə məhdudlaşırdısa, hazırda istehsal idarəetmənin təşkilati metodlarını da özündə ehtiva edir. Amerikalı iqtisadçı, Nobel mükafatı laureatı Cozef Stiqlitsin fikrincə, innovasiya bütövlükdə müasir dünya üçün sərvətlərin artırılmasının yeganə və real mənbəyidir. Ona görə də təsadüfi deyildir ki, müasir şəraitdə müxtəlif ölkələrin hökumətləri tədqiqat və innovasiyalara böyük sərmayələr qoyurlar. Məsələn, Almaniya ÜDM-in təxminən 2,7 faizini, ABŞ 2,5 faizini, Yaponiya 3,5 faizini tədqiqat və inkişafa sərf edir. Son zamanlar innovativ ölkələr sırasında liderliyi ələ keçirmiş ölkələrdən biri də İsveçrədir. İki ildir ki, Qİİ reytinqinə liderlik edən İsveçrə biliklərin yaradılması və ya siyasi mühit kimi göstəricilərə görə digər ölkələrdən fərqlənir. İsveçrənin yüksək innovasiya səmərəlilik əmsalı ölkəni ön sıraya çıxarır və resursları innovasiya nəticələrinə çevirməyə imkan verir. Bir məsələni də vurğulamaq lazımdır ki, İsveçrə universitetləri dünya reytinqdə davamlı olaraq ilk yerləri tuturlar. Mütəxəssislərin fikrincə, İsveçrə federalizmi ilə bütün ölkədə tədqiqat və inkişaf mərkəzləri, “texnoparklar”ın inkişafına imkan yaradır və bu proses bilavasitə universitetlər, hakimiyyət orqanları, maliyyə institutları və biznes sferası arasında sıx əməkdaşlıq əsasında baş verir. Bu gün innovasiya həyat və yaşam üçün zəruri bir vasitədir. Bunsuz heç bir ölkə yüksək inkişaf və rifah hədəflərinə çata bilməz. Azərbaycanda innovativ investisiyalar üçün əlverişli şərait yaradılıb və proses uğurla davam etdirilir. Təhlillər göstərir ki, müasir innovativ yanaşma Azərbaycanın iqtisadi inkişafına müsbət təsirini göstərməkdədir. Dövlət başçısı İlham Əliyevin vaxtilə dilə gətirdiyi - “biz neft kapitalını insan kapitalına çevirməliyik” kəlamı real təsdiqini tapmaqdadır. Bu gün cənab prezident Qarabağ və Şərqi Zəngəzur bölgələrinin yenidən qurulmasında müasir texnologiyaların geniş tətbiqini əsas hədəf kimi qarşıya qoyub. Azad edilmiş ərazilərdə zəruri infrastruktur qurulduqdan sonra innovativ infrastrukturun formalaşması və İKT-nin bütün sahələrdə tətbiq olunması bu ərazilərin yüksək texnologiyalar məkanına çevrilməsinə səbəb olacaq. Qarabağ konflikti bitdikdən sonra Azərbaycanın qarşısında geniş üfüqlər açılıb. Bu üfüqlərdə yolumuz aydın, işıqlı və parlaq görünür.


Zülfü İLYASOV,
“İqtisadiyyat” qəzetinin
xüsusi müxbiri