MƏQALƏLƏR

Praqa görüşü: Azərbaycanın növbəti siyasi-diplomatik qələbəsi

  • 26.10.2022

Əlbəttə, baş verənlərdə Ermənistanın münasibətlərin normallaşdırılması prosesindəki destruktiv mövqeyi də əsas rol oynadı.  Hələ Vətən müharibəsindən əvvəlki dönəmdə danışıqlar prosesinin gedişatı göstərir ki, hansısa irəliləyiş məqamında və hansısa razılaşma üçün şərait yarananda İrəvan cəbhə xəttində təxribat törədib. Eyni xətti bugünkü Ermənistan rəhbərliyi də davam etdirməyə cəhd göstərir. Belə ki, üçtərəfli bəyanatlar və əldə edilmiş razılıqlar çərçivəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən boyun qaçırması, qanunsuz erməni silahlı birləşmələrini Azərbaycan ərazisindən çıxarmaması, kommunikasiyaların və nəqliyyat marşrutlarının açılması işlərində prosesin pozulmasına yönəlmiş şərtlərin irəli sürülməsi, Ermənistanda istehsal olunan minaların son zamanlarda Laçın ərazisində yerləşdirilməsi İrəvanın münasibətlərin normallaşdırılmasının qarşısını almağa hesablanmış məqsədyönlü və destrukiv fəaliyyətinin göstəricisidir. Beləliklə, sentyabr döyüşlərinin ortaya çıxardığı əsas həqiqət o oldu ki, Ermənistan münasibətlərin normallaşmasında və bütövlükdə sülh prosesində maraqlı deyil.
Amma bu avantüra Ermənistanın özünə baha başa gəldi. Çünki döyüşlərin sonu Azərbaycanın növbəti hərbi zəfəri kimi tarixə düşdü. Nəticə etibarilə Azərbaycan Ermənistan üzərində siyasi-hərbi üstünlüyünü daha da gücləndirdi və Ermənistanı öhdəliklərini yerinə yetirməyə məcbur etdi.
Bu baxımdan sentyabr döyüşləri Azərbaycanın öz milli maraqlarını təmin etməsi, Vətən müharibəsinin yaratdığı yeni reallıqların icrası baxımından mühüm mərhələnin başlanması oldu. Oktyabrın 6-da keçirilən Praqa görüşündə əldə edilən razılaşmalar da göstərir ki, Azərbaycan Ermənistanı sülhə və üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə qətiyyətlə məcbur edir.
Praqa görüşünün gərgin keçəcəyi gözlənilirdi. Çünki dördtərəfli danışıqların iştirakçısı olan Fransa hər zaman ermənipərəst siyasət həyata keçirib. Bunu nəzərə alsaq, Praqada keçirilən dördtərəfli görüşdə Azərbaycan üçün müxtəlif tələ və hiylələrin hazırlandığını güman etmək olardı. N.Paşinyan Fransanın dövlət başçısı Emmanuel Makronun da iştirak etdiyi görüşdə özünü arxayın aparır, rəsmi Paris də İrəvanı dəstəklədiyini gizlətmirdi. Paşinyanın həm dördtərəfli görüş, həm də ümumilikdə Zirvə Toplantısı çərçivəsində ancaq Fransa prezidenti Emmanuel Makrona güvəndiyi, ona sığındığı davranışlarından bəlli olurdu. Ümumiyyətlə, Paşinyan hər zaman Fransanın da iştirak etdiyi görüşlərdə özünü daha qətiyyətli hiss edir, Fransa tərəfi də Ermənistanı dəstəklədiyini açıq gizlətmir.
Eyni zamanda, məlum olduğu kimi, sərhəddə baş vermiş insidentlərə görə Fransa Azərbaycana ilk gündən təzyiq göstərməyə çalışırdı. Ehtimal etmək olardı ki, Praqa görüşündə də Ermənistan və Fransa sərhəddə baş vermiş son hadisələrə görə Azərbaycana təzyiq göstərmək istəyəcəkdir.
Lakin Prezident İlham Əliyevin qətiyyəti və prinsipiallığı buna imkan vermədi - 5 saatdan artıq çəkən və 2 hissədən ibarət olan görüşdə Azərbaycana qarşı hər hansı bir formada təzyiq cəhdinin qarşısı alındı. Sonda qəbul olunan Bəyanat da bunu təsdiqləyir. Bəyanata əsasən, Azərbaycan və Ermənistan bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıdı və bu xüsusda BMT Nizamnaməsi və 1991-ci ilə Alma-Atada imzalanmış bəyannamə əsas kimi götürüldü. Bəyanatda deyilir: “Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və 1991-ci Alma-Ata Bəyannaməsinə sadiqliyini bir daha nümayiş etdirərək, bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıyır”. Bu, faktiki olaraq o deməkdir ki, Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğu bir daha təsdiq edildi. Suverenliyi tanımaqla Ermənistan Azərbaycanın Qarabağ üzərində hakimiyyətini tanımış oldu.
Bu bəyanatın Praqa toplantısında qəbul olunması və qarşılıqlı ərazi bütövlüyünün Azərbaycanın, Ermənistanın, Fransanın, Avropa İttifaqı Şurasının iştirakı, Avropanın demək olar bütün siyasi rəhbərlərinin şahidliyi ilə vurğulanması böyük tarixi hadisədir. Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması isə İlham Əliyevin bu istiqamətdə davam etdirdiyi siyasi fəaliyyətin parlaq qələbəsidir.  
Xatırladaq ki, 21 dekabr 1991-ci ildə Alma-Ata şəhərində Rusiya, Ukrayna, Belarus, Azərbaycan, Gürcüstan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan, Özbəkistan MDB-yə qoşulmaq haqqında ümumi razılığa gəlmiş, “Alma-Ata Bəyannaməsi” qəbul olunmuşdur. “Alma-Ata Bəyannaməsi”ndə deyilir ki, sənədə imza atan müstəqil ölkələrin münasibətləri dövlətlərin suverenliyi, bərabərlik və daxili işlərə qarışmama prinsipləri, qarşılıqlı tanınma və hörmət əsasında inkişaf edəcək. Sənəddə qeyd olunur ki, adları çəkilən dövlətlər gücdən istifadə və güc təhdidi, iqtisadi və hər hansı digər təzyiq üsullarına yol verməməklə mübahisələri sülh yolu ilə həll edəcək. Bundan başqa, MDB üzvləri insan hüquq və azadlıqlarına, o cümlədən milli azlıqların hüquqlarına hörmətlə yanaşacaq, öhdəliklərin və beynəlxalq münasibətlərin digər tanınmış prinsip və normalarının vicdanla yerinə yetirilməsinə hamılıqla əməl edəcəklər. Bəyannamədə, həmçinin bir-birinin ərazi bütövlüyünü və mövcud sərhədlərin toxunulmazlığını tanımaq və hörmət etmək öhdəliyi də tanınıb. Məhz “Alma-Ata Bəyannaməsi”nin qəbul olunduğu sammitin imzaları nəticəsində Azərbaycan və Ermənistan BMT-yə qəbul edilib.
Postmüharibə dövrünün bu mərhələsində belə bir sənədin imzalanması sülh müqaviləsi ilə, eləcə də sərhədlərin dəqiqləşdirilməsi və nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı növbəti addımların atılması üçün daha geniş meydan açır və daha əlverişli şərait yaradır.
Praqa görüşündən əldə olunan digər mühüm nəticə odur ki, nə Ermənistan, nə də dördtərəfli görüşün digər iştirakçıları sülh müqaviləsinin bağlanması üçün Azərbaycan tərəfindən irəli sürülmüş 5 baza prinsipinə qarşı heç bir etiraz irəli sürmədiyini təsdiq etmiş oldu. Yəni, dövlətlərin bir-birilərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması; dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması; nəqliyyat və kommunikasiyaların açılmasını da əhatə edən 5 baza prinsipi sülh prosesinin əsası kimi artıq qəbul olunmuşdur.
Qarabağ ərazisində yaşayan erməni əsilli vətəndaşların Azərbaycan cəmiyyətinə inteqrasiyası isə Azərbaycan Konstitusiyasına müvafiq olaraq planlı şəkildə dövlətimiz tərəfindən təmin olunacaq. Praqa Bəyanatından sonra Ermənistanın bu kimi məsələlərə qarışması digər dövlətin daxili işlərinə müdaxilə kimi qiymətləndirilə bilər. Prezident İlham Əliyev Praqada Azərbaycan televiziyalarına müsahibəsində bununla bağlı həm Ermənistana, həm də ona havadarlıq edənlərə zəruri mesajlarından birini verdi: “Qarabağda yaşayan ermənilər, - mən bunu dünən Ağdamda demişəm, - bizim vətəndaşlarımızdır və onların taleyini, onların gələcək həyatını biz hər hansı bir ölkə ilə müzakirə etmək fikrində deyilik, o cümlədən Ermənistanla... Əgər kim hesab edirsə ki, onlara Azərbaycan vətəndaşı kimi yaşamaq lazımdır, fikrimcə, onlar peşman olmayacaqlar. Amma əgər bu, hansı səbəblərdən kiməsə münasib deyilsə, onlar özləri üçün başqa yaşayış yeri seçə bilərlər.”
Demokratik, hüquqi, dünyəvi dövlət olan Azərbaycanda heç vaxt vətəndaşlar arasında etnik mənşəyinə və ya dini etiqadına görə fərq qoyulmayıb. Konstitusiyamızın 5-ci maddəsində təsbit edilib ki, Azərbaycan xalqının vahidliyi Azərbaycan dövlətinin təməlini təşkil edir. Azərbaycan bu məsələnin həllini heç bir məcburiyyət tətbiq etmədən, erməni əsilli əhalinin seçiminə uyğun həll edəcək. Kim Azərbaycan vətəndaşı kimi yaşamaq istəmirsə, özü üçün başqa yaşayış yeri seçə bilər. Azərbaycanda yaşamağı seçən ermənilər üçün isə tədricən Azərbaycan cəmiyyətinə inteqrasiya prosesi işə düşəcək. Bu, əlbəttə, çox məsuliyyətli, diqqət tələb edən bir prosesdir, lakin Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu məsələnin başqa həll yolu yoxdur.
Praqa Bəyanatı həm də erməni siyasətçiləri tərəfindən yerli-yersiz ortaya atılan məntiqsiz iddiaların və şərtlərin irəli sürülməsinin qarşısını alır. Belə ki, Ermənistan siyasi rəhbərliyi tez-tez öz bəyanatlarında sülhün əldə olunmasını Qarabağda yaşayan ermənilərin hüquqları və ya “statusu” ilə bağlamağa cəhd edir və bununla da prosesi ləngitməyə çalışırdı. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin Ermənistan tərəfindən bir daha tanınması artıq bu kimi şərtlərin irəli sürülməsinin qarşısını alır və faktiki olaraq Ermənistanı Azərbaycan tərəfindən irəli sürülmüş məlum beş prinsip əsasında sülh bağlamağa məcbur edir.
Artıq bütün dünya ictimaiyyəti də aydın dərk edir ki, Qarabağ Azərbaycandır. Bəli, məhz Prezident İlham Əliyevin dəmir iradəsi və qətiyyəti reallığı dünya ictimaiyyətinə qəbul etdirdi. Azərbaycan həm hərbi, həm də diplomatik müstəvidə güclü tərəfdir.

“İQTİSADİYAT”