MƏQALƏLƏR

Ziyad Səmədzadə: QƏTİYYƏTLİ VƏ MÜSTƏQİL SİYASƏTİN MÜKƏMMƏL NÜMUNƏSİ

  • 26.10.2022

Beynəlxalq hüququn işləmədiyi bir şəraitdə Azərbaycan maraqlarını layiqincə təmin edir

Gərgin və ziddiyyətli beynəlxalq münasibətlərin ortaya qoyduğu həqiqətlərdən biri dünyada hərbi-siyasi hegemonluğun bütün əlamətlərinin üzə çıxmasıdır. Xüsusən bu gün Ukraynada davam edən münaqişə göstərir ki, artıq qütbləşmə sadəcə bir qitəyə aid reallıq olmayacaq. Dünyanın hərbi qütbləşməsi əvvəllər də müşahidə edilən bir proses idi və Ukraynada baş verənlər bu prosesin daha da intensivləşməsindən xəbər verir.

Son iki ayın reallıqları Azərbaycanın öz milli mənafelərini inamla qorumasından xəbər verir
Çağdaş reallıqlardan biri həm də odur ki, dünyada gedən mürəkkəb proseslərin fonunda faktiki olaraq beynəlxalq hüquq işləmir. Dövlətlər arasında etimadsızlıq mühiti formalaşmaqda və dərinləşməkdədir. Təbii ki, belə bir beynəlxalq şəraitdə hər bir dövləti ilk növbədə özünün milli maraqları düşündürür. Hər bir dövlət yaranmış vəziyyətdən öz mənafeləri naminə yararlanmağa çalışır. Amma ortaya çıxan həqiqətlərdən biri də odur ki, heç də hər dövlət bu prosesdə müstəqil ola bilmir, müstəqil siyasət yürüdə bilmir.
Təbii ki, bu kontekstdə bizi sevindirən əsas məsələ dünyanın geosiyasi və geoiqtisadi dəyişikliklər, birqütblü dünyanın çöküşü və çoxqütblü dünyanın cizgilərinin daha qabarıq şəkildə özünü göstərdiyi reallıqda Azərbaycanın müstəqil və qətiyyətli siyasət həyata keçirməsidir. Azərbaycan heç bir siyasi-hərbi qütbün təsiri altında deyil və öz siyasətini kənar diqtələr altıında formalaşdırmır.
Bu il sentyabrın 2-də İtaliyanın Çernobbio şəhərində keçirilən “Dünya, Avropa və İtaliyaya baxış” və “Rəqabətli strategiyalar üçün bu günün və sabahın ssenarisi” mövzusunda Forumda Prezident İlham Əliyev bununla bağlı deyib: “Biz heç bir zaman özümüzü nəhəng qonşularımızın siyasətinə uyğunlaşdırmamışıq. Bizim hər zaman öz siyasətimiz olub, hansı ki, beynəlxalq hüquq, ədalət, beynəlxalq təşkilatların qərarları və sənədləri, həmçinin müdriklik üzərində formalaşıb. Buna görə də düşünürəm ki, biz uğur əldə etmişik”.
Müstəqil siyasət kursu olan Azərbaycan öz milli maraqlarını da inamla təmin edir. Bunun ən böyük təsdiqi 44 günlük Vətən müharibəsində torpaqlarımızın azad edilməsi oldu. 2 il əvvəl Ermənistanın növbəti hərbi təxribatlarından sonra başlanan İkinci Qarabağ müharibəsi Azərbaycanın tarixi Zəfəri ilə başa çatdı. Prezident İlham Əliyevin qətiyyətinin, Azərbaycanın yüksəlişinin, ordumuzun yüksək döyüş qabiliyyətinin təcəssümü olan bu  qələbə nəticəsində 30 ilə yaxın işğal altında olan torpaqlarımız azad edildi, respublikamızın  ərazi bütövlüyü bərpa olundu. Vaxtilə danışıqlar yolu ilə müzakirə olunan məsələləri, tarixin arxivinə göndərilən Minsk qrupu formatında yoluna qoyulmayan problemi Azərbaycan güc yolu ilə, “dəmir yumruq”la həll etdi. Bu hadisə yalnız müasir müstəqilliyimizin deyil,  bütün dövlətçilik salnaməmizin ən böyük hadisələrindən biri olaraq tariximizi şərəfləndirdi, gələcəyimizə işıq saldı, Azərbaycanın müasir tarixində yeni dövrün başlanğıcı oldu. İndi həm torpaqlarımız azaddır, həm də dövlət sərhədlərimiz tamamilə Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altındadır. Son iki ayda baş verənlər – Ermənistanın hərbi təxribatlarının qarşısının qətiyyətlə alınması, Prezident İlham Əliyevin Praqada ölkəmizə qazandırdığı növbəti diplomatik qələbə, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması, Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılması və Azərbaycanın təbii qazının Avropa İttifaqına ixracı imkanlarının artması göstərir ki, respublikamız ziddiyyətli beynəlxalq münasibətlər şəraitində özünün milli maraq və mənafelərini təmin edir.

Azərbaycan Ermənistanı sülhə və üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə qətiyyətlə məcbur edir
Məlumdur ki, Vətən müharibəsinə qədər Ermənistan rəhbərliyinin əsas məqsədi status-kvonu qoruyub saxlamaq, Azərbaycan torpaqlarının işğalını hər vəchlə uzatmaq idi. Ermənistan və dünya erməniliyinin fikrincə, zaman keçdikcə, nəsillər də­yişdikcə, Azərbaycan vəziyyətlə barı­şacaq, reallığı qəbul edəcək. Lakin yanılırdılar, 44 günlük müharibə nəticəsində işğalçının bütün planları alt-üst oldu. Azərbaycanın qələbəsi, torpaqlarımızın işğalına son qoyulması ilə başa çatan bu savaş həm də yeni reallıqlar yaratdı. Bu reallıqların bir istiqamətini işğaldan azad edilmiş ərazilərimizin bərpası, digər istiqamətini Ermənistanın üzərinə götürdüyü öhdəliklər təşkil edir. Azərbaycanın Ermənistanın üzərinə qoyduğu öhdəliklər 10 noyabr Bəyanatında təsbit olunub. Eləcə də Moskvada, Soçidə və Brüsseldə keçirilən görüşlərdə sərhədlərin delimitasiyası, regionda nəqliyyat əlaqələrinin bərpası ilə bağlı mühüm razılaşmalar əldə edildi.
Amma bütün bunlara baxmayaraq, Ermənistan hakimiyyəti 2020-ci ilin noyabrından 2022-ci ilin oktyabr ayına qədər həm də imzaladığı bəyanatların, üzərinə götürdüyü öhdəliklərin ruhuna və məzmununa uyğun olmayan davranış ortaya qoyub. 10 noyabr bəyanatının müddəaları demək olar ki, icra olunmayıb. Məsələn, Qarabağda hələ də Ermənistan ordusunun qalıqları qalmaqdadır. O cümlədən Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək nəqliyyat əlaqəsinin yaradılması ilə bağlı öhdəliklərinə də əməl etməyib.
Bu il sentyabrın 21-də Laçın şəhərində Azərbaycan Bayrağını ucaldan Prezident İlham Əliyev bununla bağlı deyib: “Biz Ermənistanla sülh müqaviləsini imzalamaq üçün 5 prinsip təklif etmişik. Sözdə onları qəbul ediblər, amma biz bunu əməldə görmürük. Yenə də vaxt uzatma taktikası. Ermənistanın 2020-ci il noyabrın 10-da imzaladığı kapitulyasiya aktına əsasən, erməni silahlı qüvvələri Qarabağdan çıxarılmalı idi. Hələ də tam çıxarılmayıb. Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasının birləşməsini təmin edən dəhliz verməli idi. Bu günə qədər nəinki dəhliz verilməyib, hətta dəhlizin marşrutu bizə deyilməyib”.
İrəvan bu hərəkətləri ilə sülh danışıqlarını, kommunikasiyaların açılmasını, ümumilikdə regionda təhlükəsizliyin təmin olunması istiqamətində irəli sürülən bütün təşəbbüsləri və atılan addımları sabotaj edib və beləliklə, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın müddəalarının icrasından və bütövlükdən əlaqələrin normallaşdırılması prosesindən boyun qaçırıb. 44 günlük müharibənin başa çatmasından sonra bir neçə dəfə iri hərbi toqquşmaların baş verməsi də Ermənistanın öz üzərinə götürdüyü öhdəlikləri sabotaj etmək niyyətindən irəli gəlib.
Sentyabr ayının 12-14-də dövlət sərhədi istiqamətində baş verən növbəti iri hərbi toqquşma isə Ermənistanın sülh danışıqlarını ləngitmək, öhdəliklərini yerinə yetirməmək üçün davamlı hərbi təxribatlarının pik nöqtəsi oldu. Məlum olduğu kimi, avqustun 31-də keçirilmiş növbəti Brüssel görüşünün əsas məqamlarından biri Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması istiqamətində işlərin sürətləndirilməsi ilə bağlı razılığa gəlinməsi idi. Bununla bağlı hər iki tərəfin xarici işlər nazirlərinə müvafiq tapşırıqlar verilmişdi. Sonrakı günlərdə Azərbaycan dövləti humanizm prinsiplərini rəhbər tutaraq, beş erməni hərbçisini azad etməklə xoşməramlı niyyətini ortaya qoymuşdu.
Lakin bütün bunlara rəğmən, Ermənistan yenə də danışıqları, razılaşmaları sabotaj etmək yolunu seçərək, sentyabrın əvvəllərindən etibarən Azərbaycan Ordusunun mövqelərini davamlı şəkildə atəşə tutmağa başlamışdı. Sentyabrın 12-dən etibarən dövlət sərhədində başlayan silahlı toqquşma Ermənistanın siyasi rəhbərliyinin mövcud status-kvoya zərbə vurmaq, öhdəlikləri yerinə yetirməmək üçün hərbi avantürası oldu.
Həmin gün təxribatçı əməllərini daha da genişləndirən düşmənin diversiya qrupları sutkanın qaranlıq vaxtında ərazinin dağlıq relyefindən və mövcud dərə boşluqlarından istifadə edərək, müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı ərazilərin və təminat yollarının minalanmasını həyata keçirdilər. Bununla yanaşı, sentyabrın 12-dən 13-nə keçən gecədən Ermənistan silahlı qüvvələrinin Basarkeçər, İstisu, Qarakilsə və Gorus yaşayış məntəqələri istiqamətində yerləşən bölmələri tərəfindən Azərbaycan Ordusunun Daşkəsən, Kəlbəcər və Laçın rayonları ərazisindəki bəzi mövqeləri, sığınacaqları və dayaq məntəqələri müxtəlif çaplı silahlar, o cümlədən minaatanlardan intensiv atəşə tutuldu. Nəticədə şəxsi heyət arasında itkilərimiz oldu, hərbi infrastruktura ziyan dəydi.
Təbii ki, vəziyyət belə qala bilməzdi və Ermənistanın təxribatının və ölkəmizin ərazisinə və suverenliyinə qarşı hərbi təhlükələrin qarşısının alınması, hərbi qulluqçularımızın, o cümlədən Kəlbəcər və Laçın rayonları ərazisində infrastruktur işlərinə cəlb olunmuş mülki işçilərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə ordumuzun bu istiqamətdə dislokasiya olunan bölmələri tərəfindən qəti cavab tədbirləri görüldü.
Ermənistan rəhbərliyi hər dəfə belə təxribatlarının iflasa uğramasından sonra ora-bura zəng edir, xarici siyasi mərkəzlərdən dəstək diləyir. Bu dəfə də eyni hal təkrarlandı. Paşinyan bütün gecəni telefon aparatlarının arxasında keçirdi, zəng etmədiyi dövlət başçısı qalmadı, Azərbaycandan şikayət etdi, ordan-burdan kömək istədi. Amma təbii ki, bütün bunlar Azərbaycanın Ermənistanı cəzalandırma tədbirlərinin qarşısını ala bilməzdi. Necə ki, 44 günlük müharibədə Azərbaycan Ordusu işğalçılara döyüş meydanında divan tutmuşdu. Bu dəfə də Ermənistan üz tutduğu dövlətlərdən və təşkilatlardan heç bir dəstək ala bilmədi. Törətdiyi təxribat bumeranq effekti verərək, özünə dəyən Ermənistan nə qədər hay-küy salsa da, niyyətinə çata bilmədi. 
Sentyabrın 21-də Laçın şəhərində Azərbaycan bayrağını ucaltdıqdan sonra çıxış edən Prezident İlham Əliyev bu barədə demişdir: “Biz öz torpağımızdayıq və öz torpağımızı qoruyuruq. Sərhəd boyunca əldə etdiyimiz mövqelər imkan verir ki, biz istənilən erməni təxribatını qabaqcadan görək və lazımi tədbirlər görək. Biz ta Murov dağından Araz çayına qədər Azərbaycan-Ermənistan sərhədində əlverişli mövqelərdəyik. Bu mövqelər bizə həm hərbi üstünlük verir, həm böyük əraziyə vizual nəzarət imkanı yaradır, o cümlədən önəmli kommunikasiya xətlərinə nəzarət etməyə imkan verir və biz artıq bu bölgələrdə yerləşirik. Biz otuz il bu sərhədlərdə olmamışıq”. 
Həmin günlərdə Ermənistan rəhbərliyinin bu şəkildə hərəkətə keçməsi planlaşdırılmış bir fəaliyyətdən xəbər verirdi. Gecə ilə təhlükəsizlik şurasının iclasının keçirilməsi, müxtəlif dövlətlərin başçılarına edilən telefon zəngləri, Ermənistanın beynəlxalq təşkilatlara müraciəti, bu ölkənin ombudsmanının, ayrı-ayrı ölkələrdəki erməni təşkilatlarının dərhal bəyanatla çıxış etmələri bunu təsdiqləyirdi. Bu həm də erməni məkrinin göstəricisi idi. Onlar bir daha bədnam xislətlərini ortaya qoyaraq, saxta məlumatlar yaymaqdan belə çəkinmədilər.

Akademik Ziyad Səmədzadə