MƏQALƏLƏR

SIĞORTANI KİM TƏMİN EDİR?

  • 03.06.2011

 SIĞORTANI KİM TƏMİN EDİR?

Sığortanı sığorta şirkətləri təmin edir. Yəni hər hansı bir riskdən sığortalanmaq istəyən şəxs sığorta şirkətinə - sığortaçıya müraciət edir. Sığorta şirkəti ilə hər hansı bir iş görməyə başlayan kimi “sığorta bazarı” ifadəsi ilə rastlaşırsan. Ona görə yalnız sığorta təminatını verənləri - sığortaçıları müzakirə etməkdənsə, sığorta bazarının bütün iştirakçılarını nəzərdən keçirmək daha məqsədəuyğundur.

Sığorta bazarı dedikdə, hərfi mənada alıcıların və satıcıların toplaşaraq sığorta təminatını təşkil etdikləri hər hansı konkret bir məkan nəzərdə tutulmur. Sığortalama “alıcı” və “satıcılar”ın və ya onların agentlərinin (onların adından hərəkət edən vasitəçilər) iş görmək üçün münasib hesab etdikləri yerlərdə aparılır.

Gəlin, sığorta işinə cəlb olunan müxtəlif qruplardan danışaq.

“Alıcı”lar (Sığortalılar)

Artıq qeyd etdiyimiz kimi insanlar və təşkilatlar müxtəlif risklərlə üzləşirlər ki, bu risklərin bəzilərindən sığortalanmaq mümkündür.

Hər hansı bir əşyaya münasibətdə maliyyə marağı olan hər bir şəxs həmin əşyanı sığorta etdirə bilər. Lakin nəzərə almaq lazımdır ki, qeyd olunan maraq qanuna zidd olmamalıdır və qanunla tanınmalıdır. Bu o deməkdir ki, əgər hər hansı bir şəxsin əmlak, həyat və ya potensial məsuliyyətlə bağlı qanuni marağı varsa, həmin marağı sığorta etdirmək hüququna malikdir. Bu cür maraq hüquqi terminologiyada “sığorta marağı” adlanır və hər bir sığorta müqaviləsində öz əksini tapmalıdır ki, sığorta hadisəsi baş verəcəyi halda, irəli sürülən tələb də qanuni olsun. Əksər hallarda sığorta alan şəxs həm müqaviləni bağlayan anda, həm də itki baş verdiyi vaxt sığorta marağına malik olmalıdır.

Əgər şəxs hər hansı bir əşyanın salamat saxlanmasından faydalanırsa, bu halda deyə bilərik ki, onun bu əşyaya sığorta marağı var.

Deməli, sığorta marağı şəxslə sığortanın predmeti arasında olan əlaqədir. Bu əlaqənin ən mühüm cəhəti isə onun qanuni olmasıdır. Yəni şəxsin oğurladığı əşyaya marağı ola bilər, lakin bu maraq qanunla tanınmır. Ona görə də o oğurladığı əşyanı sığortalaya bilməz, sığortaçının bu əşyanın oğurluq olmasından xəbəri olmadan sığortalasa belə, həmin sığorta müqaviləsi bağlandığı andan etibarsızdır.

Bu cür maraqlara aşağıdakıları misal göstərmək olar:

A.  Şəxsin öz həyatına olan marağı;

B.  Şəxsin öz həyat yoldaşının, valideynlərinin və uşaqlarının həyatına olan marağı;

C.  Şəxsin öz işçilərinin və işəgötürəninin həyatına olan marağı;

Ç.  Şəxsin öz borclusunun həyatına olan marağı;

D.  Şəxsin öz qəyyumunun və qəyyumluğunda olan şəxsin həyatına olan marağı;

E.  Şəxsin öz əmlakına – evinə, avtomobilinə və s. olan mülkiyyət hüququ;

Ə.  Girov saxlayanın (məsələn, bank və s.) və ya girov qoyanın girov predmeti olan əmlaka olan marağı;

F.   Başqalarının əmlakını saxlayan şəxsin, - saxlayıcının saxladığı əmlaka olan marağı;

G.  Hər birimizin ehtiyatsız hərəkətlərimizə görə başqalarına vura biləcəyimiz zərərlərə görə məsuliyyətimiz.

Artıq sizə də aydın olduğu kimi sığorta marağının mahiyyəti ondan ibarətdir ki, sığortaladığımız risk reallaşarsa, biz mütləq maddi zərər, başqa sözlə maliyyə zərəri çəkəcəyik. Dostumuzun kamerası xarab olduqda isə biz heç bir maddi zərərə məruz qalmırıq.

Göründüyü kimi, nəinki fiziki şəxslər, eləcə də özəl və dövlət müəssisələri (girov saxlayan bank və ya işçi heyətinin əmək qabiliyyətini sığortalayan dövlət orqanı və s.) də sığortanın potensial alıcılarıdır.

“Satıcı”lar (Sığortaçılar)

Sığortaçılar (sığorta şirkətləri) hüquqi şəxs kimi dövlət qeydiyyatına alınan, səhmdarlara (payçılara), yəni bu şirkətin sahiblərinə məxsus olan və sığorta fəaliyyəti göstərmək üçün dövlətdən xüsusi icazə - lisenziya almalı olan təşkilatlardır. Azərbaycanda sığortaçıların fəaliyyətindən danışarkən adına tez-tez rast gəldiyimiz “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa görə ölkəmizdə fəaliyyət göstərən bütün sığorta şirkətləri açıq səhmdar cəmiyyəti formasına malik olmalıdırlar. Çünki digər təşkilati-hüquqi formaya malik olan cəmiyyətlərdən fərqli olaraq açıq səhmdar cəmiyyətinin səhmləri istənilən şəxs tərəfindən alına bilər, yəni belə səhmlər yalnız müəyyən qrup insanların arasındakı mübadilə ilə məhdudlaşmır. Əgər sığorta şirkətinin vəsaitləri onun öhdəliklərinin həcmi ilə müqayisədə azalarsa və ya əksinə, öhdəlikləri vəsaitlərinə nisbətən artarsa, sığorta şirkəti əlavə səhmlər buraxıb, onları öz səhm-darlarının almaq imkanı olmasa belə, başqa şəxslərə satmaqla (yəni həmin şəxsləri səhmdarlar sırasına cəlb etməklə) vəsaitlərini artıra bilər. Bu o deməkdir ki, siz də qanunvericiliyin müvafiq tələblərinə cavab verirsinizsə, hər hansı bir sığorta şirkətinin səhmdarlarından biri ola bilərsiniz. Şirkətin səhmdarları onun öhdəlikləri üçün məsuliyyət daşımırlar, yalnız şirkətin fəaliyyəti ilə bağlı zərərə görə onlara məxsus səhmlərin dəyəri həddində risk daşıyırlar. Sığorta şirkətinin gəlirləri – mənfəəti isə səhmdarlara məxsusdur. Onlar qarşılıqlı razılıq əsasında bu mənfəəti sığortaçının səhmlərindəki paylarına mütənasib şəkildə bölüşdürə, həmçinin tam və ya qismən şirkətin səhmlərinin artırılmasına və ya inkişafı ilə bağlı digər istiqamətlərə yönəldə bilərlər.

Bundan başqa beynəlxalq təcrübədə sığortalıların özlərinə məxsus olan qarşılıqlı sığorta cəmiyyətləri də mövcuddur. Bu cəmiyyətlər öz üzvlərinin əmlak maraqlarını sığortalamaq üçün bir araya gələn vətəndaşların və hüquqi şəxslərin təşkilatı olur.

 “Sığorta fəaliyyəti haqqında” Qanunda tələb olunur ki, sığortaçının tam adında “sığorta” sözünün olması məcburidir. Əksinə, sığorta fəaliyyəti ilə məşğul olmayan hər hansı bir şirkətin adında isə “sığorta” sözündən istifadə olunması qadağandır.

Təkrar sığortaçılar

Sığortaçılar hüquqi və fiziki şəxslərdən riskləri qəbul etdikləri andan artıq sığorta marağına malik olurlar. Bu o deməkdir ki, əgər sığortalıya itki üz veribsə və o, bununla bağlı sığorta tələbi irəli sürürsə, sığorta şirkəti bu tələb məbləğində ödəniş (sığorta ödənişi) verməli olacaq. Bir çox hallarda sığortalanmış sənaye və kommersiya riskləri həddindən artıq böyük olur. Bu səbəbdən sığortaçının belə risklərə təkbaşına təminat vermək imkanı olmaya bilər. Belə olan halda sığorta  şirkəti sığorta riskini ya bütövlükdə, ya da təminat verə bilmədiyi həcmdə başqa bir sığorta və ya təkrarsığorta şirkətində təkrarsığorta etdirir. Baxmayaraq ki, adi sığorta şirkətləri də təkrarsığorta fəaliyyəti ilə məşğul olur, belə risklər üzrə ixtisaslaşmış xüsusi təkrarsığorta şirkətləri də mövcuddur ki, yalnız risklərin təkrarsığortaya qəbul edilməsi ilə məşğul olurlar. Yəni təkrarsığorta şirkətləri sığortalılardan risk qəbul etmirlər, onlar yalnız sığortaçılarla işləyirlər. Başqa sözlə desək, təkrarsığorta sığortaçının sığortaladığı risklərin bütövlükdə və ya bir hissəsinin müvafiq olaraq təkrarsığortaçıya ötürülməsi və ya onunla bölüşdürülməsidir. Sığorta şirkəti hər hansı bir sığortalısının riskini təkrarsığortaçıya ötürürsə, bu zaman sığortalının razılığını alması tələb olunmur, eyni zamanda o, sığortalı qarşısında qəbul etdiyi bütün riskə görə tam məsuliyyət daşıyır. Yəni bu məsuliyyət, həmin riski tam və ya qismən ötürdüyü təkrarsığortaçının sığorta hadisəsi ilə bağlı öhdəliyini yerinə yetirib-yetirməməsindən asılı deyil. Razılaşaq ki, bizə sığorta ödənişinin hansı vasitələrlə ödənilməsi maraqlı deyil, maraqlı olan məruz qaldığımız zərərin əvəzinin ödənilməsidir.

Təkrarsığorta fəaliyyəti də sığorta fəaliyyətinə bənzərdir. Onun da lisenziyalaşdırılması qanunun tələbidir. Müstəsna olaraq təkrarsığorta fəaliyyəti ilə məşğul olan şirkətin adında “təkrarsığorta” sözü olmalıdır.

Vasitəçilər

Digər ticarət növlərində olduğu kimi sığorta sövdələşmələrində də vasitəçilərdən istifadə olunur. Bu vasitəçilər brokerlər və agentlərdir. Əvvəlcədən qeyd edək ki, sığorta vasitəçiliyi fəaliyyəti ilə də məşğul olmaq üçün mütləq lisenziya alınmalıdır.

Sığorta brokerləri

Sığorta brokeri sığorta müqavilələrinin bağlanmasına və sığorta tələblərinə (sığorta hadisəsi baş verdikdə sığortalı tərəfindən sığortaçı qarşısında qaldırılan sığorta ödənişi verilməsi haqqında tələb) dair məsləhətlər verən fiziki və ya hüquqi şəxsdir. O, adətən potensial sığortalılar tərəfindən çıxış etməklə onlara müvafiq riski hansı sığortaçıda sığortalamağın daha məqsədəuyğun olduğu, sığortanın aparılması qaydası, sığorta hadisəsi baş verdikdə sığortaçıya ödənişlə bağlı tələb irəli sürülməsi və s. haqqında müvafiq tövsiyələr və məsləhətlər verir, sığortaçı ilə danışıqların aparılması, sığorta müqaviləsinin bağlanması, davam etdirilməsi və ya yenilənməsi ilə bağlı vasitəçilik fəaliyyəti göstərir.

Sığorta brokerləri müstəqildirlər və heç bir sığortaçı ilə bağlılığı yoxdur.

İnsanlar və müəssisələr brokerlərə müraciət etməklə öz tələbatlarına uyğun olan ən yaxşı sığortaçını tapa bilər və bununla da vaxtlarına və xərclərinə qənaət etmiş olar.

Brokerlər onların vasitəçiliyi ilə sığortaçıya ödənilən sığorta haqqının məbləğindən asılı olaraq komisyon muzd alırlar. Broker bir ekspertdir, ona görə də müvafiq qaydada davranmalı və öz səhvlərinə görə məsuliyyət daşımalıdır.

Sığorta brokeri kimi fəaliyyət göstərmək üçün müvafiq dövlət orqanından lisenziya alınır. Bu o deməkdir ki, sığorta brokerliyi etmək istəyən şəxs müəyyən tələblərə cavab verməlidir ki, lisenziya ala bilsin. Məsələn, sığorta brokeri olmaq istəyən fiziki şəxsin ən azı 21 yaşı olmalıdır, sığorta nəzarəti orqanı tərəfindən təşkil olunan attestasiya imtahanından müvəffəqiyyətlə keçməlidir və s. Göründüyü kimi sığorta brokerliyi fəaliyyəti kifayət qədər məsuliyyətli bir işdir.

Sığorta agentləri

Sığorta agenti sığortaçının adından və onun verdiyi səlahiyyətlər daxilində sığorta müqavilələrinin bağlanmasında, davam etdirilməsində və ya yenilənməsində, eləcə də sığortaçı ilə potensial müştərilər arasında danışıqların aparılmasında vasitəçilik edən fiziki, yaxud hüquqi şəxsdir. Müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan sığorta agentləri ilə yanaşı, əsas fəaliyyəti sığorta agenti fəaliyyəti olmayan, lakin bu fəaliyyətə lisenziya almış şəxslər də sığorta agenti fəaliyyəti ilə məşğul ola bilərlər.

Yəqin ki, bəziləriniz bankla sığorta müqaviləsi bağlamısınız. Sualınız ola bilər ki, axı bank sığortaçı deyil, o necə sığorta sata bilər? Bir çox müəssisələrin, məsələn, bankların, daşınmaz əmlak agentliklərinin, səyahət firmalarının və s. sığorta təminatına ehtiyacı olan müştəriləri olur. Bu səbəbdən sığorta şirkətləri bu cür hüquqi şəxslərlə müqavilə bağlayır və onlar müəyyən komisyon muzd müqabilində sığortaçının ”məhsullarını” tanıtdırır və onun adından müqavilələr bağlayır. Lakin bunun üçün onlar sığorta agenti fəaliyyətinə lisenziya almalıdırlar. Bu lisenziyanın alınması üçün isə bankın, daşınmaz əmlak agentliyinin, səyahət firmasının və s. ən azı bir işçisi sığorta nəzarəti orqanı tərəfindən təşkil olunan attestasiya imtahanından müvəffəqiyyətlə keçməklə lisenziya almış olmalıdır.

Sığorta agenti bir neçə sığortaçının sığorta agenti kimi fəaliyyət göstərə bilər.