MƏQALƏLƏR

Ziyad Səmədzadə: QƏTİYYƏTLİ VƏ MÜSTƏQİL SİYASƏTİN MÜKƏMMƏL NÜMUNƏSİ 2-ci hissə

  • 03.11.2022

Sərhəd monitorinq missiyası yalnız Ermənistan ərazisində fəaliyyət göstərəcək
Praqada əldə olunan razılaşmalardan biri sərhədlərin delimitasiyası üzrə komissiyanın iclasının tezliklə keçirilməsidir. Bu razılaşma da Azərbaycanın maraqlarına tam cavab verir. Məlumdur ki, Vətən müharibəsi başa çatandan sonra rəsmi Bakı sərhədlərin delimitasiyası məsələsi üzərində xüsusi dayanır. Azərbaycanın münasibətlərin normallaşması üçün Ermənistana təklif etdiyi beş maddəlik prinsip arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası məsələsi də var. İndi isə İrəvan sərhədlərin delimitasiyası üzrə komissiyanın iclasının tezliklə keçirilməsinə razılıq verib. Məsələnin Avropa İttifaqı kimi nüfuzlu qurumun himayəsi altında razılaşdırılmasını, yaxın zamanlarda bu sahədə irəliləyişin əldə olunacağını gözləmək olar.
Aİ və Fransa Azərbaycan ərazilərini də əhatə edəcək birgə sərhəd monitorinq missiyası yaradaraq, bundan regiona daxil olmaq üçün istifadə etmək istəyirdilər. Amma öz suverenliyinə dəyər verən Azərbaycan buna etiraz edib. Azərbaycanın qəti mövqeyindən sonra belə razılaşdırılıb ki, missiya yalnız Ermənistan ərazisində həyata keçiriləcək.
Azərbaycan yalnız öz maraqlarına uyğun şəkildə missiya ilə əməkdaşlıq edəcək, sərhəd missiyası etimad quruculuğu və sərhədlərin delimitasiyasına töhfə və dəstək verəcək. Ermənistan isə bu sərhəd missiyasına razılıq verməklə suveren dövlət olmadığını bir daha göstərdi. İrəvan bununla həm də Rusiyaya qarşı yeni və kəskin addım atmış oldu. Xatırladaq ki, Nikol Paşinyan sərhədə beynəlxalq missiyanın dəvət olunması təklifi ilə hələ bir müddət əvvəl çıxış etmişdi. Onun bu təklifi isə Rusiya tərəfindən kəskin etirazla qarşılanmışdı.
Bəyanatda Zəngəzur dəhlizi ilə bağlı məsələnin olmaması onunla bağlıdır ki, bu məsələ 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan liderləri tərəfindən imzalanan üçtərəfli bəyanatla tənzimlənir. Həmin sənəd qüvvədədir, Zəngəzur dəhlizinin açılması hər zaman aktualdır, gündəmdədir və onun reallaşdırılması istiqamətində iş davam etdirilir. Ermənistan rəhbərliyi Zəngəzur dəhlizinin açılması ilə bağlı 2020-ci il noyabrın 10-da üzərinə götürdüyü öhdəliyin icrasından, nə qədər çalışsa da, yayına bilməyəcək. Azərbaycanın Ermənistan rəhbərliyini bu məsələdə üzərinə düşən öhdəliyi yerinə yetirməyə məcbur edəcək. Prezident İlham Əliyev Praqada Azərbaycan televiziyalarına müsahibəsində belə bir fikir də səsləndirdi: “Hamı bilir ki, dəmir yolu və avtomobil yolu haradan keçməlidir. Bizə Naxçıvana könüllü olaraq keçid verilməməsi anlaşılan deyil. Öz öhdəliyini pozmaq, əlbəttə, son dərəcə biabırçı faktdır. Lakin biz hələ səbir edirik, təmkin göstəririk. Əminəm, biz buna da nail olacağıq, yaxşı olardı ki, gec deyil, tez olsun.”
Bu, Prezident İlham Əliyevin xəbərdarlığı idi. Azərbaycan bütün imkanlardan istifadə etməklə Ermənistanı öz öhdəliklərinin icrasına məcbur edir və Prezidentin xəbərdarlığı göstərir ki, bu proses məntiqi sonluğa kimi davam etdiriləcək.
Beləliklə, Azərbaycanın maraqları Prezident İlham Əliyev tərəfindən Praqa danışıqlarında da layiqincə qorundu. Əvvəlki görüşlərdə tərəflərin mövqelərinin yaxınlaşdırılması üzrə bir sıra razılaşmalar əldə olunmuşdu. Praqa görüşündə isə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması üzrə yaxın həftələrdə əməli addımların atılması üçün xüsusi əhəmiyyətə malik olan bəyanat imzalandı. Prezident İlham Əliyev mahir diplomat kimi beş saatdan çox çəkən danışıqlar prosesində bütün təzyiqləri dəf edərək Azərbaycanın prinsipial mövqeyini qətiyyətli şəkildə müdafiə etdi və əldə edilmiş razılaşmalar tam şəkildə Azərbaycanın milli dövlətçilik maraqlarına xidmət göstərir. Göründüyü kimi, Azərbaycan bütün imkanlardan istifadə etməklə Ermənistanı öz öhdəliklərinin icrasına məcbur edir və bu proses məntiqi sonluğa kimi davam etdiriləcək.
Bir məsələni də qeyd etməliyik ki, Ermənistan nəyin bahasına olursa-olsun, ATƏT-in uğursuz Minsk qrupu formatını, daha dəqiq desək, həmsədrlik institutunu diriltməyə çalışır və müxtəlif bəhanələrlə prosesin uzadılmasına, əldə olunmuş razılaşmaların yerinə yetirilməməsinə çalışırdı. Amma buna nail ola bilmirdi və bilmədi də. Ermənistanın və təhrikçilərinin bu istəyi Praqada da həyata keçmədi və Emannuel Makron Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə keçirilən görüşə ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi deyil, sadəcə, müti, qorxaq Ermənistanın vəkilliyini edən, konkret tərəfin yanında dayanan, yaxud özlərinin də böyük məmnuniyyətlə dilə gətirdikləri kimi - “böyük bacı” missiyasını yerinə yetirən Fransanın prezidenti kimi qatılmaq məcburiyyətində qaldı.

Prezident İlham Əliyevin yüksək beynəlxalq nüfuzunun növbəti təsdiqi
Son iki ayda istər Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, istərsə də Azərbaycnın beynəlxalq münasibətlərinin inkişafı nöqteyi-nəzərindən özünü bir daha təsdiq edən həqiqətlərdən biri Prezident İlham Əliyevin yüksək nüfuza və reytinqə malik dövlət başçısı olmasıdır. Oktyabrın 6-da Praqada Azərbaycan Prezidenti İlham Əliyev, Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş Naziri Nikol Paşinyan arasında keçirilən görüş «Avropa siyasi birliyi» Zirvə Toplantısı çərçivəsində baş tutmuşdu. Həm bu görüş, həm də Zirvə Toplantısı İlham Əliyevin yüksək nüfuzunu, respublikamızın qlobal məsələlərdə güclü rolunu bir daha təsdiqlədi.
Azərbaycanın region və qlobal miqyaslı məsələlərdə söz sahibi olaraq çıxış etməsi respublikamızın xarici siyasətinin mühüm tərəflərindən biri kimi diqqət çəkir. Bakının qlobal proseslərdə iştirak göstəricisinin ağırlığı, beynəlxalq müstəvidə özünü göstərən problemlərin yoluna qoyulmasına verdiyi töhfələr, irəli sürdüyü təşəbbüslər qlobal səviyyədə ehtiramla qarşılanır. Təsadüfi deyil ki, bir sıra dövlətlər, o cümlədən Avropa İttifaqının üzvləri Cənubi Qafqazın lideri olan Azərbaycanla strateji tərəfdaş olduqlarını elan ediblər. Dünyanın böyük siyasi və iqtisadi dairələri Azərbaycanın regiondakı liderliyini və qlobal siyasətdə rolunu daim yüksək qiymətləndirirlər.
Bütün bunları təmin edən Prezident İlham Əliyev isə dünyanın ehtiram göstərdiyi nüfuzlu siyasi liderdir. Bu mənada Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Çex Respublikasının Baş Naziri Petr Fialanın dəvəti ilə “Avropa siyasi birliyi” Zirvə Toplantısında iştirak etməsi Azərbaycan Prezidentinə yüksək beynəlxalq ehtiramın növbəti təcəssümü oldu. Eyni zamanda, bu dəvət Azərbaycanın beynəlxalq birlikdəki yerinin nə qədər möhkəm, qlobal məsələlərdə oynadığı önəmli rolun nə qədər mühüm olduğunu göstərdi.
Prezident İlham Əliyev Azərbaycan televiziya kanallarına müsahibəsində bu barədə deyib: "O ki qaldı Azərbaycanın bu tədbirə Avropa tərəfindən dəvət edilməsinə, bunu, əlbəttə, biz yüksək qiymətləndiririk. Bu, yeni platformadır, müzakirələr təzə başlayıb. Hələ ki, bu təşəbbüsün gələcəyi ilə bağlı dəqiq bir şey demək mümkün deyil. Amma hər halda, Azərbaycanı həm Avropa İttifaqı tərəfindən, həm də tədbirin ev sahibi - Çexiya tərəfindən bu Avropa ailəsinə dəvət etmələri deməyə əsas verir ki, bizim əlaqələrimizin çox gözəl perspektivləri vardır."
Bu Zirvə Toplantısında Azərbaycan ən yüksək səviyyədə təmsil olundu, sayılıb-seçilən ölkələr arasında öz yerini tutdu. Biz bunu Prezident İlham Əliyevin çıxışı, görüşləri, jurnalistlərlə ünsiyyəti zamanı, onunla qeyri-formal söhbət aparan dövlət başçılarından, həm də formal təşkil olunmuş görüşlərdən və müzakirələrdən bir daha gördük.
Təbii ki, bütün bunları şərtlərindən əsas amil Prezident İlham Əliyevin yürütdüyü siyasətdir. Gərgin qlobal beynəlxalq münasibətlər şəraitində istənilən məsələ üzrə Azərbaycanın milli maraqlarının sadiq təminatçısı kimi çıxış edən Prezident İlham Əliyev beynəlxalq miqyasda da siyasi lider olaraq ehtiramla qarşılanır. Dövlətimizin başçısının hadisələrə baxışı, münasibəti hər bir beynəlxalq tədbirin diqqətlə izlənilən məqamlarındandır. “Avropa siyasi birliyi” Zirvə Toplantısı da bu baxımdan Azərbaycanın qlobal məsələlərdəki güclü rolunu, Prezident İlham Əliyevin yüksək nüfuzunu bir daha təsdiq edən tədbir oldu.
Zirvə Toplantısında diqqət çəkən önəmli məqamlardan biri də iki qardaş ölkənin - Azərbaycan və Türkiyə prezidentlərinin birliyini, qarşılıqlı etimad və etibarını ehtiva edən səmimi davranış tərzi idi. Sammitin keçirildiyi məkanda iki türk liderinin qol-qola gəzərək dünyaya göstərdiyi jest ayrıca bir fərəh doğuran hadisə oldu. Heç şübhəsiz ki, bu tərz bədxahlarımızın və siyasi qısqancların diqqətindən də yayınmırdı. Zirvə Toplantısı bir daha göstərdi ki, ötən illər ərzində ölkələrimizin üzləşdiyi ayrı-seçkiliyə, ikili standartlara və uydurulmuş fobiyalara rəğmən, bu tədbirdə həm də türk dünyasını təmsil edən Azərbaycan və Türkiyə dövlət başçıları yalnız yerləşdiyimiz coğrafiyada deyil, bütövlükdə dünyada sülhün və əmin-amanlığın, qarşılıqlı şəkildə faydalı və bərabərhüquqlu əməkdaşlığın, dinc birgəyaşayışın və mehriban qonşuluğun tərəfdarıdır.
“Avropa siyasi birliyi" qitənin ölkələri arasında siyasi əlaqələndirmə platformasıdır. İlk dəfə keçirilən bu Zirvə toplantısı Avropa ölkələrinin liderlərini bərabərhüquqlu və birlik ruhunda bir araya gətirdi. Toplantı ərzində liderlər müxtəlif fikir mübadilələri zamanı sülh və təhlükəsizlik, iqtisadi vəziyyət, enerji və iqlim, miqrasiya və hərəkətlilik məsələlərini müzakirə etdilər.
Birliyin məqsədi ümumi maraq doğuran məsələlərin həlli üçün siyasi dialoqu və əməkdaşlığı inkişaf etdirmək, Avropa qitəsinin təhlükəsizliyini, sabitliyini və rifahını gücləndirməkdir. Bu cür siyasi əlaqələndirmə platformaları imkan verir ki, iştirakçı ölkələrin aktual məsələlərə bağlı mövqeyi tərəfdaşların diqqətinə təhrif olunmadan çatdırılsın. Dövlətimizin başçısı Zirvə Toplantısı çərçivəsində “Avropa qitəsində sülh və təhlükəsizlik” mövzusunda keçirilən dəyirmi masadakı çıxışında məhz bu səbəbdən vurğuladı ki, dövlətlərarası münasibətlərdə beynəlxalq hüququn, xüsusilə ərazi bütövlüyünün toxunulmazlığı prinsipinin gözlənilməsi və bu prinsipin üstün hüquqi qüvvəsinin hamılıqla qəbul olunması əsas şərtdir. Prezident onun da altını cızdı ki, bu prinsipə münasibətdə selektiv yanaşma yolverilməzdir, çünki dünya nizamına artan təhdidlər həm də bundan qaynaqlanır.
Praqa görüşündən bir neçə gün əvvəl isə Bolqarıstanın paytaxtı Sofiya şəhərində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimi keçirilmişdi. Serbiya Prezidenti Aleksandar Vuçiçin Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində dediyi sözlər bu baxımdan Prezident İlham Əliyevin Avropada qəbul edilən lider olduğunu təsdiq edir. "Bolqarıstanlı və yunanıstanlı dostlarımızı bu interkonnektorun uğurla tamamlanması münasibətilə təbrik edirəm. Layihə Serbiya üçün də vacib əhəmiyyət kəsb edir. Deməliyəm ki, dostumuz İlham Əliyevin iştirakı olmasaydı, bizim hər birimiz üçün qaz, eləcə də elektrik enerjisi təchizatının şaxələndirilməsinə ümid etmək asan olmazdı. Əziz dostum, görürəm ki, indi Siz Avropada çox məşhurlaşmısınız. Mən Sizinlə əlaqə saxlamaq istəyirəm. Mən onunla dəfələrlə danışmışam. O, Avropada çox məşhurlaşıb. Bu arada, bilmirəm o, nə edib, amma etiraf edim ki, bunun sirrini mən də bilmək istərdim", - deyə Aleksandar Vuçiç bildirib.

Akademik Ziyad Səmədzadə