MƏQALƏLƏR

AZƏRBAYCAN İQTİSADÇILAR İTTİFAQI ŞUŞANIN 270 İLLİYİNƏ HƏSR ETDİYİ KİTABINI İCTİMAİYYƏTƏ TƏQDİM ETDİ

  • 03.12.2022

Noyabrın 30-da Şuşa 1 saylı tam orta məktəbdə “Azərbaycan İqtisadçılar İttifaqı” İctimai Birliyinin çapdan çıxmış “Şuşa-270. Şuşanın demoqrafik, sosial-iqtisadi inkişafı: dünən, bu gün və perspektivlər” adlı kitabı ictimaiyyətə təqdim olunmuşdur.
Kitab Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Şuşa ili” çərçivəsində elan etdiyi xüsusi qrant müsabiqəsinin qalibi olan “Azərbaycan İqtisadçılar İttifaqı” İctimai Birliyi tərəfindən “Şuşa rayonunun demoqrafik, sosial-iqtisadi inkişaf vəziyyəti və prespektivləri” adlı layihə çərçivəsində hazırlanmışdır.
Tədbiri giriş sözü ilə Şuşa rayonunun icra başçısının müavini Vüsalə Fətəliyeva açaraq, iştirakçıları salamlamışdır. Sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilmiş və doğma Qarabağımız uğrunda canlarını qurban vermiş şəhidlərimiz 1 dəqiqəlik sükutla yad edilmişdir.
Təqdimat mərasimində Müşahidə Şurasının üzvü İlqar Orucov çıxış edərək “Şuşa-270” layihəsinin vacibliyini vurğulamış, “Böyük Qayıdış” Birinci Dövlət Proqramının təsdiq edilməsi ilə əlaqədar QHT-nin qarşıda duran vəzifələrindən danışmışdır.
Layihə və kitab haqqında geniş məlumat verən layihə rəhbəri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Aytən Səməd­zadə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəhbərliyinə “Şuşa ili” çərçivəsində “Şuşa-270” layihəsi üzrə “Şuşa rayonunun demoqrafik, sosial-iqtisadi inkişaf vəziyyəti və perspektivləri” istiqamətini Aİİ-yə etimad göstərərək həvalə etməsinə, eləcə də Şuşa İcra Hakimiyyətinin başçısı hörmətli Bayram müəllimə, müavini Vüsalə xanıma, Şuşa 1 saylı məktəbin direktoru Gülnar xanıma “Şuşa-270” layihəsi ilə bağlı tədbirin bu məktəbdə keçirilməsinə verdiyi dəstəyə görə dərin minnətdarlığını bildirmişdir. O demişdir:
“Zəngin və mürəkkəb inkişaf yolu keçmiş, Azərbaycanın, eləcə də Cənubi Qafqazın mədəni və ictimai-siyasi həyatında müstəsna rol oynamış Şuşa haqqında tədqiqat aparmaq bizim üçün böyük şərəf və məsuliyyət deməkdir. Bu layihə üzərində çalışarkən çoxsaylı arxiv materiallarına, tarixi mənbələrə müraciət etdik və bir daha şahidi olduq ki, Qarabağ bölgəsinin tarixi, mədəniyyəti, burada elm və təhsilin inkişafı digər bölgələrimizə nisbətən alimlərimiz tərəfindən daha çox öyrənilmişdir.
Lakin bununla belə, ilk dəfə olaraq məhz bu tədqiqat işində 19-cu əsrin əvvəllərindən başlayaraq Şuşa rayonunun demoqrafik inkişafı, əhalisinin sayı, dinamikası və etnik tərkibi haqqında daha geniş və ətraflı məlumatlar əldə edərək təqdim etmişik.
Bu layihədə mədəniyyət paytaxtımız, musiqimizin beşiyi olan Şuşada sənətkarlığın müxtəlif növlərinin, xüsusilə xalçaçılığın inkişafı, onun əhalinin məşğuliyyəti baxımından ən mühüm sənət sahələrindən biri olduğu göstərilmiş, Şuşanın qədim kənd təsərrüfatı ənənələri barədə maraqlı faktlar öz əksini tapmışdır. Araşdırmalar bir daha sübut edir ki, Şuşada ekoloji təmiz məhsul istehsalı üçün böyük potensial var, tarixən bu ərazilərin əlverişli iqlimi, münbit torpağı yetişdirilən məhsulların ekoloji cəhətdən təmiz olmasını şərtləndirir.
Bu tədqiqat işində işğaldan azad olunan Şuşada əhalinin dayanıqlı məskunlaşması, davamlı fəallığının təmin olunması üçün maraqlı fikirlər və təkliflər də yer almışdır.
Tədqiqat işində bir daha vurğulanır ki, Şuşanın təbii resurs və sərvətləri turizmin və sahibkarlığın inkişaf imkanlarını genişləndirir, onlardan səmərəli istifadə etməklə şəhər əhalisinin keyfiyyətli həyat şəraitini təmin etmək mümkündür.
Əminik ki, dövlət başçısının imzaladığı “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda nəzərdə tutulduğu kimi, bu gün Şuşada müasir tələblərə cavab verən sosial və istehsal infrastrukturlarının yaradılması, istehsal və xidmət sahələrinin inkişafı əhalinin öz doğma yurdlarına qayıtmasına müsbət təsir göstərəcək, Böyük Qayıdışı təmin edəcək”.
Çıxışının sonunda A.Səmədzadə “Şuşa -270” layihəsi əsasında dərc olunmuş bu tədqiqat işinin Şuşanın tarixən formalaşmış milli-siyasi tərkibinin, sosial-iqtisadi və demoqrafik göstəricilərinin öyrənilməsi, əhalinin məşğulluq problemlərinin araşdırılması baxımından zəngin məlumatlar toplusu, həmçinin ölkəmizin bir çox, eləcə də qocaman Şuşa məktəbinin zəngin kitabxanasında ən çox oxunan və istinad ediləcək dəyərli mənbələrdən biri olacağına əminliyini vurğulamışdır.

“Şuşasız Qarabağ, Qarabağsız isə, ümumiyyətlə, Azərbaycan yoxdur”

deyən ulu öndərimizin vəsiyyətini onun siyasi varisi, Azərbaycan xalqının xilaskar oğlu İlham Əliyev yerinə yetirə bildi.
Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin vəsiyyətini yerinə yetirərək, azadlığına qovuşan, 270 illik tarixi olan Şuşa şəhərini yenidən
bərpa edir, dirçəldir.
Şuşanı xalqımıza qaytaran Ali Baş Komandan İlham Əliyevin diqqəti və qayğısı ilə Qarabağın tacı yenidən qurulacaq, başa çatacaq bərpa işlərindən sonra yeniləşən Şuşa milli mədəniyyətimizin paytaxtı kimi əvvəlki şöhrətini bərpa edəcək. İşğal dövründə düşmənə boyun əyməyən Şuşa regionun və dünyanın ən möhtəşəm mədəni-ictimai mərkəzlərindən birinə çevriləcək. Bu fikirləri AR QHT-yə Dövlət Dəstəyi Agentliyinin rəhbərliyi ilə “Şuşa ili” çərçivəsində “Şuşa-270” layihəsi üzrə “Şuşanın demoqrafik, sosial-iqtisadi inkişafı: dünən, bu gün və perspektivlər” adlı kitabın təqdimat mərasimində akademik Ziyad Səmədzadə bildirmişdir. O qeyd etmişdir ki, hazırladığımız bu layihədə ilk dəfə olaraq Şuşada əhalinin 1828-ci ildən (Türkmənçay müqaviləsindən) sonrakı dövrdə demoqrafik inkişafı, milli tərkibi, sayının dinamikası, təbii və mexaniki artım meyilləri, onların səbəbləri araşdırılmış, bu bölgənin sakinlərinin Sovet dövründə, eləcə də sonrakı illərdə məruz qaldığı etnik təmizləmə siyasəti nəticəsində məcburi azalması, eləcə də ermənilərin əhalinin siyahıyaalınması proseslərini saxtalaşdıraraq və erməni əhalisinin sayını şişirdərək çox göstərməsi aşkara çıxarılaraq, oxuculara təqdim olunmuşdur. “Onu da xüsusi vurğulamaq istərdim ki, 19-cu əsrin əvvəllərində Qarabağ bölgəsində yaşayan azərbaycanlılar və ermənilərin sayı arasında böyük fərq var idi. Çarizmin köçürmə siyasəti nəticəsində qeyri-müsəlmanların və eləcə də ermənilərin Azərbaycan torpaqlarına yerləşdirilməsi prosesi daha da fəallaşdı. Belə ki, rusların 1823-cü ildə apardıqları siyahıyaalma dəftərində Qarabağın toplam 642 kəndinin 487-sinin azərbaycanlılara, 155-inin isə ermənilərə aid olduğu göstərilirdi. Halbuki XVIII əsrin ortalarında erməni kəndlərinin sayı dəfələrlə az olmuşdu”, - deyə Z.Səmədzadə bildirmişdir.
Onun sözlərinə görə, getdikcə Qarabağ əhalisinin milli tərkibində dəyişikliklər baş verirdi. Türkmənçay müqaviləsi bağlandıqdan sonra 1828-1830-cu illərdə Zaqafqaziyaya 40 min İran və 84 min türk ermənisi köçürülərək, Yelizavetpol və İrəvan quberniyalarının məhsuldar torpaqlarında yerləşdirildilər, onlara 200 min desyatin torpaq verildi. Açıq-aşkar görünürdü ki, Qarabağda ermənilərin sayının azərbaycanlılara nisbətən daha çox artması əsasən miqrasiya hesabına təmin edilir. Azərbaycanlıların sayının Qarabağda, onun paytaxtı Şuşada azalmasının digər səbəbi isə onların çarizm orqanları tərəfindən sıxışdırılması və bunun nəticəsində Qarabağı tərk etmək məcburiyyətində qalmaları olmuşdu.
XIX əsrin axırları üçün Qarabağın əhalisi əhəmiyyətli dərəcədə artır. Bu fikri Rusiya imperiyası əhalisinin birinci ümumi siyahıyaalınması materialları təsdiq edir. Çar Rusiyasının Cənubi Qafqazı, xüsusilə də Azərbaycanı erməniləşdirmək siyasətinə baxmayaraq, XIX əsrin əvvəllərindəki kimi, axırlarında da, yəni 1897-ci ildə Qarabağ əhalisinin böyük hissəsini azərbaycanlılar təşkil ediblər.
XIX əsrdə Şuşa şəhərinin əhalisinin dinamikasındakı artım meyillərini vurğulayan akademik Ziyad Səmədzadə bildirmişdir ki, bu dövrlərdə baş verən aclıq, yoxsulluq, I, II dünya müharibələri, erməni faşizminin 30 il ərzində torpaqlarımızı işğal altında saxlaması və azərbaycanlıların erməni soyqırımına məruz qalmasına baxmayaraq, Azərbaycan əhalisi təxminən 5,6 dəfə artmışdır.
Sovet hakimiyyətinin ilk illərindən 1940-cı illərədək vilayət əhalisinin artımında müsbət dinamika özünü göstərirdi. 1939-1959-cu illərdə vilayətin əhalisinin sayının dinamikasına Böyük Vətən müharibəsindən sonra Ermənistan SSRİ-nin sürətli inkişafı, Sovetlər Birliyinin birmənalı şəkildə Azərbaycana nisbətən Ermənistana daha çox diqqət yetirməsi, bu respublikada sənayeləşmə siyasətinin sürətlə həyata keçirilməsi, Azərbaycanda yaşayan ermənilərin bir hissəsinin Ermənistana miqrasiya etməsi obyektiv təsir göstərirdi. Daha sonra akademik Ziyad Səmədzadə qeyd etmişdir ki, biz 70-ci illərin statistikasına ona görə üstünlük veririk ki, erməni millətçiləri Azərbaycan hökuməti tərəfindən əsasən bu illərdə onlara təzyiqlərin artırıldığını iddia edirlər. Vilayətin sosial-iqtisadi inkişafını xarakterizə edən materialların təhlili göstərir ki, DQMV-də yaşayan ermənilər məhz bu illərdə əvvəlki illərə nisbətən daha yüksək inkişaf mərhələsinə, yüksək həyat səviyyəsinə nail olmuşdular.
1988-ci il yanvarın 1-nə olan məlumata görə, DQMV əhalisinin sayı 182,4 min olmuşdur ki, onun da 23%-ni azərbaycanlılar təşkil etmişdir. Amma araşdırmalar sübut edir ki, bu rəqəm də ermənilər tərəfindən saxtalaşdırılmışdır. 182,4 min rəqəmi reallığı əks etdirmir.
Akademik, eyni zamanda kitabda bununla bağlı faktlara toxunduğunu vurğulamış, XX əsrin 90-cı illərinin əvvəllərində ermənilərin illərlə apardığı etnik təmizləmə siyasətinin başa çatdığını bildirmişdir: “Son 200 ildən artıq bir dövrdə erməni millətçiləri azərbaycanlıları öz doğma, əzəli torpaqlarından təmizləmək üçün çox çirkin siyasət yeritmişlər. Bu cür siyasətin nəticəsidir ki, hələ 1979-cu ildə Yerevanda əhalinin cəmi sayının 0,2%-i azərbaycanlılardan ibarət idi. Bu rəqəm 1897-ci ildə 42,8% olmuşdur.” Erməni millətçiləri ona nail oldular ki, vilayətin əhalisinin tərkibində ermənilərin sayını süni surətdə artırdılar.
Layihənin eksperti Z.Səmədzadə xüsusilə vurğulamışdır ki, 1970-80-ci illərdə ümummilli lider Heydər Əliyevin müdrik siyasəti, vətənpərvərliyi, qətiyyəti nəticəsində Şuşanın inkişafında yeni mərhələ başlanmışdır. Daha sonra Ziyad Səmədzadə kitabda verilən digər məslələrə: əhalinin məşğulluğu, kənd təsərrüfatının, kurort, turizm inkanlarının araşdırılması məslələlərinə toxunulduğunu bildirmiş, Qarabağın zəngin təbii resurslara, mineral sərvətlərə malik bölgə kimi böyük iqtisadi potensialının olduğunu vurğulamışdır.
“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda qeyd edilən istehsal və sosial infrastruktur layihələrinin yaxın gələcəkdə reallaşacağını, vaxtılə öz doğma torpaqlarını tərk etmiş əhalinin tezliklə bu yerlərdə dayanıqlı məskunlaşacağını böyük əminliklə qeyd etmişdir.
Daha sonra layihənin eksperti, iqtisad elmləri doktoru, professor Rəsul Balayev öz çıxışında bildirmişdir:
“Sizə təqdim olunan kitab 2022-ci ilin hörmətli cənab prezident tərəfindən “Şuşa ili” elan edilməsi ilə əlaqədar görülən işlər silsiləsindəndir. Şuşa şəhərinin 270 il ərzində demoqrafik və sosial-iqtisadi inkişaf tarixinin dərindən araşdırılması sayəsində, ilk növbədə ermənilərin əsrlər boyunca əsassız iddiaları bir daha ifşa edilmişdir. Şuşanın əhalisinin milli tərkibini dəyişmək üçün kənar qüvvələr tərəfindən atılan addımların səbəbi və acı nəticələrinə obyektiv münasibət bildirilmişdir. Ermənilərin Şuşaya sonradan gəldiklərini əks etdirən zəngin tarixi faktların toplanması və obyektiv elmi təhlili layihə müəlliflərinə obyektiv və hərtərəfli, əsaslandırılmış fikir söyləməyə bir daha imkan vermişdir.
Şuşanın və ümumilikdə Qarabağın iqtisadi tarixi kəşməkeşli dövrlərin, faciəli hadisələrin təsirinə məruz qalmışdır. Ermənilər və onların havadarları həmin iqtisadi tarixi də saxtalaşdırmaq üçün davamlı olaraq çalışmışlar. Odur ki, kitabda Şuşanın sosial-iqtisadi inkişafı üzrə məlumatlara olduqca diqqətli münasibət göstərilmişdir.
Şuşa və onun ətraf əraziləri, ümumilikdə Qarabağ nadir təbiətə və böyük təbii-iqlim potensialına malikdir. Bu ərazilərdə Azərbaycan xalqı böyük əkinçilik və quruculuq mədəniyyəti yaratmışdır. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşanın və Qarabağın yenidən qurulması üçün başlanan bütün işlərdə bu məqamı həmişə önə çəkir.
Qədim əkinçilik ənənələri olan Qarabağda Şuşanın ətraf ərazilərinin xüsusi yeri var. Sizə təqdim olunan layihədə həmin ənənələr dərindən araşdırılmışdır. Onların müasir dövrün tələblərinə uyğun bərpası və inkişaf imkanları hərtərəfli öyrənilmişdir. İnsanların təzə və keyfiyyətli ərzaq məhsulları ilə təminatında yerli istehsalın payının artırılması yolları göstərilmişdir. Kənd təsərrüfatının dünəni, bu günü və perspektivlərini tədqiq edən layihə iştirakçılarının Şuşanın aqrar potensialının bərpası istiqamətində təklifləri elmi cəhətdən əsaslandırılmışdır.
Şuşa şəhərinin salınmasından sonra keçən 270 il ərzində xalqımız həmişə bu yerlərin nadir təbiətinə qarşı həssas və qayğıkeş münasibət bəsləmişdir.
Erməni işğalçılarının Qarabağda və Şuşada törətdiyi ekoloji terrorun, əzəli torpaqlarımızın zəngin təbii sərvətlərinin talanmasının ağır nəticələrini aradan qaldırmaq üçün on illər lazım olacaqdır. Qəbilə təfəkkürlü erməni vandalları işğal dövründə Şuşaya və onun təbiətinə, aqrar potensialına ciddi ziyan vurmuşlar. Layihənin işlənməsi zamanı bu məsələlər hərtərəfli ararşdırılmışdır.
Şuşa şəhərinin bünövrəsi qoyulduqdan sonra keçən dövr mərhələlər üzrə öyrənilmişdir. Qarabağ xanlığı dövründə Şuşanın şəhər kimi təşəkkülü və inkişafı, burada iqtisadi və işgüzar fəallığın dinamikası təhlil edilmişdir. Şəhərdə sənətkarlığın müxtəlif növlərinin inkişafı barədə çoxsaylı mənbələrdən əldə edilmiş məlumatlar müqayisəli qiymətləndirilmişdir. 1920-1960-cı illər üzrə statistik və digər məlumatlar əsasında keçmiş Sovet dövründə Şuşanın iqtisadiyyatında baş verən kəmiyyət və keyfiyyət dəyişiklikləri təhlil edilmişdir. Ermənilərin tarixi saxtalaşdırmaq adətləri Şuşa şəhərinin azərbaycanlılara məxsus olması faktını saxtalaşdıra bilməmişdir. Böyük zəfərdən sonra keçən iki ildə Şuşanın və Qarabağın bərpa edildiyi dövrdə gedən böyük quruculuq işləri də kitabda öz əksini tapmışdır. Bir sözlə, elmi araşdırmalar göstərir ki, tarixin bütün dövrlərində Şuşa Azərbaycan təfəkkürünün məhsulu olmuşdur.”
Təqdimat mərasimində millət vəkili, Azərbaycan Kooperasiya Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor Eldar Quliyev, Milli Məclisin üzvləri - Arzu Nağıyev, Novruz Aslan, Aydın Hüseynov və tarix elmləri doktoru, professor İradə Hüseynova, millət vəkilləri - Biznes Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor İbad Abbasov, professor Cəmilə Namazova, Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov “Şuşa-270. Şuşanın demoqrafik inkişafı: dünən, bu gün və perspektivlər» kitabını yüksək qiymətləndirərək, bir daha bildirdilər ki, araşdırmaların nəticələri Qarabağ bölgəsində əhalinin sayı, milli tərkibi, miqrasiyasının öyrənilməsi ilə əlaqədar çox vacibdir, eləcə də bu tədqiqat işində verilmiş təklif və tövsiyələr bölgənin gələcək sosial-iqtisadi inkişafı baxımından çox mühüm əhəmiyyət kəsb edir. Birmənalı şəkildə Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərinə Böyük Qayıdışla bağlı I Dövlət Proqramında nəzərdə tutulmuş vəzifələr tez bir zamanda reallaşaraq, məskunlaşacaq əhalinin sosial-iqtisadi rifahının təmin edilməsinə imkan verəcək.
Millət vəkilləri və alimlər, həmçinin nəşrin gələcək nəsillər üçün çox dəyərli tarixi mənbə olacağını da vurğulamışlar. Qeyd edilib ki, Azərbaycanın haqq səsinin, Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması məqsədilə kitabın rus və ingilis dillərinə tərcüməsi məqsədəuyğun hesab edilir.
Tədbir maraqlı konsert proqramı ilə davam etmişdir. Bədii hissədə Xalq artisti Aygün Səmədzadənin vətənpərvərlik ruhunda yazılmış mahnıları ifa edilmiş, tədbir iştirakçılarını sanki doğma Qarabağımıza apararaq, bir daha düşmən üzərində böyük qələbəmizi yaşatmışdır.