MƏQALƏLƏR

Akademik Ziyad Səmədzadə: Azərbaycanın böyük oğlu, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin ölməz ideyaları bu gün gerçəkləşir

  • 08.12.2022

12 dekabr Ümummilli lider Heydər Əliyevin anım günüdür! 

 

XX əsr sona çatır. XX əsrdə Azərbaycan xalqının ən böyük nailiyyətlərindən biri ölkəmizdə elmin, təhsilin sürətlə inkişaf etməsidir...

Bunlar bizim milli sərvətimizdir, biz bu nailiyyətlərlə fəxr edirik və yaranmış elmi potensialı qorumalı, saxlamalı, ondan indi və

gələcəkdə də müstəqil Azərbaycanın inkişafı naminə daha səmərəli istifadə etməliyik.

Ümummilli Lider Heydər Əliyev

 


 

Xalqımızın dahi oğlu, böyük vətənpərvər, uzaqgörən rəhbər Heydər Əliyevin bu sözlərini əsas tutaraq Azərbaycan iqtisadiyyatının 60-cı illərdə keçdiyi inkişaf yoluna nəzər salaq.

1960-cı ilin aprelində Azərbaycan xalqı Azərbaycanda Sovet hakimiyyəti qurulmasının 40 illiyini təntənə ilə qeyd etdi. Yubiley bayramında iştirak etmək üçün Azərbaycana Sov.İKP MK Birinci katibi, SSRİ Nazirlər Sovetinin Sədri Nikita Sergeyeviç Xruşşov gəlmişdi. 1960-cı il aprelin 25-də M.F.Axundov adına Dövlət Opera və Balet Teatrının binasında Azərbaycan Ali Soveti ilə Azərbaycan KP MK-nın təntənəli iclası oldu. Azərbaycan Kommunist Partiyasının və Azərbaycan SSR-in 40 illiyi haqqında Azərbaycan KP MK-nın birinci katibi B.J.Axundov məruzə etdi. Ertəsi gün Bakının Mərkəzi stadionunda 50 min zəhmətkeşin iştirakı ilə mitinq oldu. Nikita Xruşşov təntənəli iclasda və zəhmətkeşlərin mitinqində nitq söylədi.
Sovet Azərbaycanı öz varlığının 40 ili ərzində bütün iqtisadiyyat və mədəniyyət sahələrində çox böyük müvəffəqiyyətlərə nail olmuşdu. 1959-cu ildə sənayenin ümumi məhsulunun həcmi 1913-cü ilə nisbətən 15,4 dəfə, maşınqayırma məhsulu isə 124 dəfə artmışdı. 1959-cu ildə 1920-ci ildəkindən 6 dəfə artıq neft, 167 dəfə artıq qaz hasil edilmiş və 50 dəfə artıq elektrik enerjisi istehsal olunmuşdu.
1965-ci ildə 1958-ci ildəkinə nisbətən milli gəlir 53%, Azərbaycan SSR-də 46%, əsas istehsal fondları 91%, Azərbaycan SSR-də əsas fondlar -1,5%, sənaye məhsulu 84%, Azərbaycan SSR-də 63%, kənd təsərrüfatı məhsulu 15%, Azərbaycan SSR-də 17% artdı. Azərbaycan SSR-də 63 yeni iri dövlət sənaye müəssisəsi tikildi.
Respublika sənayesinin aparıcı sahəsi olan neftçıxarma, habelə neftayırma, kimya sənayesi xeyli inkişaf etdi, maşınqayırma sənayesinin strukturunda xeyli dəyişikliklər əldə edildi. Neft hasilatı 1958-ci ildəki 16,5 mln. tondan, 1958-ci ildəki 21,5 mln. tona, 1965-ci ildə qaz 4,446 mln. kubmetrdən 1965-ci ildə 6,180 mln. kubmetrə çatdırıldı. Bakıda şin zavodu, “Azərelektroişıq”, “Azərelektroizolit”, “Azərelektromərkəzitökmə”, elektrik soyuducuları və avtomobil hissələri zavodları, Sumqayıtda superfosfat zavodu və kimya kombinatı, şüşə zavodu, Mingəçevirdə “Azərkabel” zavodu, Bakı, Sumqayıt və Mingəçevirdə evtikmə müəssisələri, Mingəçevirdə pambıq parça fabriki, Bakıda kamvol kombinatı və dəri zavodu, Kirovabadda xalça kombinatı və s. müəssisələr yaradıldı. Energetika sahəsində mühüm nailiyyətlər qazanıldı. “Şimal” DRES-ində ilk açıq tipli enerji bloku, Avropada ilk açıq tipli elektrik stansiyası – Əli Bayramlı DRES-i, Kirovabad İEM-i istismara buraxıldı. Sumqayıt İES-nin gücü artırıldı. Nəticədə elektrik enerjisi istehsalı 5604 mln. kvm-saatdan (1958) 10417 mln. kvm-saata (1965) çatdırıldı. Azərbaycan SSR-dən Gürcüstan SSR və Ermənistan SSR-ə qaz verilməsini təmin edən qaz kəməri çəkildi. 1965-ci ildə Azərbaycan SSR ölkədə neft hasilatının 11%-ni, qazın 12%-ni, neft avadanlığının 46%-ni, sintetik spirtin təqribən 20%-ni verirdi. Sənayenin əsas fondları artmış, elektrotexnika, cihazqayırma sənayesinin sürətlə inkişafı üçün möhkəm əsaslar yaradılırdı.
Superfosfat zavodu, sulfanol, kaustik soda, alüminium xlorid, herbisidlər istehsalatı, Şin Zavodunun ikinci növbəsi, Şin Təmiri zavodu, Azərbaycan Elektrik İşığı Avadanlığı zavodu, Qaradağ və Siyəzən qaz-benzin zavodları, 600 min kilovat gücü olan Əli Bayramlı (Şirvan) Dövlət Rayon Elektrik Stansiyasının birinci növbəsi, Mingəçevir “Azərelektroizolit”, dəmir-beton məmulatı zavodları, evtikmə kombinatları, konserv müəssisələri və s. kimi böyük sənaye ocaqları tikilərək istifadəyə verilmişdi. İxtisaslı fəhlələrin, ali və orta ixtisas təhsilli mütəxəssislərin sayı xeyli artdı.
1965-ci ildə sənayedə idarəetmə, planlaşdırma və stimullaşdırma formalarının müasir texniki-iqtisadi şəraitə və ölkənin məhsuldar qüvvələrinin inkişaf səviyyəsinə uyğun olaraq həyata keçirilməsi məqsədilə ittifaq-respublika və ümumittifaq nazirlikləri yaradıldı. SSRİ Ali Sovetinin 1965-ci il oktyabrın 2-də qəbul etdiyi qanuna əsasən, SSRİ Xalq Təsərrüfatı Şuraları ləğv edildi və ittifaq sənaye nazirlikləri yaradıldı. İdarəetmə strukturunda respublikanın xalq təsərrüfatının dəyişilməsi prosesi həyata keçirildi.
Bununla belə, respublikamızda həmin dövrün inkişaf imkanlarından xeyli zəif istifadə edilidi. Sənaye müəssisələrinin respublikanın rayonlarına köçürülməsi, yeni sənaye mərkəzlərinin yaradılması haqqında Azərbaycan KP MK-nın və Nazirlər Sovetinin qərarı yarıtmaz yerinə yetirilmiş, bir sıra istehsal sahələri üzrə plan tapşırıqlarının icrası qənaətbəxş olmamışdı. Amma respublikamızda tikinti sənayesinin inkişafı üçün ayrılan vəsait müntəzəm surətdə istifadəsiz qalır, mütərəqqi tikinti materialları - plastik kütlələr, linoleum, silikat-beton konstruksiyalar, perlit və başqa materiallar istehsalının təşkil edilib genişləndirilməsi üçün az işlər görülür, tikinti materialları sənayesi müəssisələri aşağı keyfiyyətli məhsul buraxmaqda davam edir, tikintiləri mişar daşı, çınqıl və qum ilə təmin etməkdə böyük fasilələrə yol verilirdi. Eləcə də tikintini daha geniş surətdə sənayeləşdirmək – bir sıra işləri tikinti meydançalarından sənaye müəssisələrinə köçürmək, tikinti meydançalarını tezliklə quraşdırma meydançalarına çevirmək, evtikmə kombinatlarının gücündən yarıtmaz istifadə edilirdi. Həmçinin, tikinti maşınlarının və mexanizmlərinin yalnız beşdə bir hissəsi iki növbədə işləyir, qülləli kranlar isə, demək olar, bir növbədə işlədilirdi.
Həmin dövrdə nəinki bunlar, eləcə də digər obyektiv və subyektiv səbəblərə görə respublikanın iqtisadi və sosial göstəricilərinin səviyyəsi olduqca zəif sürətlə artır, bəzi istiqamətlər üzrə isə gerilik özünü daha qabarıq şəkildə göstərirdi. Heydər Əliyev respublika partiya təşkilatının birinci katibi kimi fəaliyyətə başladığı andan bu məsələləri ön plana çəkərək, çox böyük məharətlə onların ardıcıl həllinə nail olur, respublikamızın tarixində yeni mərhələnin əsasları qoyulurdu. Azərbaycan KP Mərkəzi Komitəsinin 1969-cu ilin avqustun 5-də keçirilən plenumunda Heydər Əliyev demişdir: “Ümumi məhsulun artım sürətinə görə Azərbaycanın orta ittifaq göstəricilərindən və digər respublikaların göstəricilərindən xeyli geri qalması ciddi təşviş hissi doğurur. Bunu nə ilə izah etmək olar? Aydındır ki, hər bir sahənin öz xüsusi səbəbləri vardır. Lakin təhlil göstərir ki, bir çox sahə üçün səciyyəvi olan ümumi səbəblər də az deyildir. Bu, hər şeydən əvvəl, etibar edilən iş sahəsi üçün bəzi rəhbərlərin məsuliyyət hissini itirməsindən ibarətdir. Odur ki, tabelikdə olan müəssisələrə rəhbərliyin səviyyəsi aşağıdır, lazımi tələbkarlıq və intizam yoxdur. Məhz buna görə istehsal prosesinin təşkilində nöqsanlar meydana çıxır, qurğuların gücü ləng artır, avadanlıqdan zəif istifadə olunur. Yeni şəraitdə işləyən müəssisələrin bir qismi istehsala və mənfəətə dair yarımillik tapşırığı yerinə yetirməmişdir. Qeyri-ahəngdarlığın və işin pozulmasının ən ciddi səbəblərindən biri bizdə kök salmış yanlış qayda - bir sıra illər ərzində təsdiq olunmuş planların müntəzəm olaraq dəyişdirilib aşağı salınmasıdır. Keçən il kimya sənayesində, neftayırma və neft kimyası, energetika, ət-süd sənayesində, əlvan metallurgiyada plan daha çox aşağı salınmışdır”.
1968-ci ildə yalnız 145 müəssisə, yəni bütün müəssisələrin təqribən 20 faizi məhsul satışı planını yerinə yetirmişdi. 1969-cu ilin birinci yarısında 183 müəssisə, yəni bütün müəssisələrin 26,4 faizi tapşırıqları ödəməmişdi. Respublika hələ də çoxlu miqdarda polad, prokat, boru, dizel yanacağı, sulfat turşusu, soyuducu, yun parça və başqa məhsullar üzrə borclu qalırdı. Plenumda vurğulanmışdır ki, bu cür qüsurlu iş qaydasına son qoyulmalı və öz-özünü aldatmaq halları aradan qaldırılmalıdır. Bu, istehsalın artmasına və kadrların tərbiyəsinə ciddi ziyan vurur. Nazirliklərin, idarələrin və müəssisələrin rəhbərləri başqalarına nisbətən daha yaxşı yadda saxlamalıdırlar ki, dövlət planı qanundur. Onu heç kəs poza bilməz. Bununla əlaqədar olaraq, Dövlət Plan Komitəsinin mövqeyi təəccüb doğurur. Respublika Dövlət Plan Komitəsi müəssisələrin işini nəinki planlaşdırmalı, həm də onların fəaliyyətinə il ərzində müntəzəm nəzarət qoymalı, işini təhlil etməlidir.
Plenumda qeyd edilirdi ki, müəssisələrin əksəriyyətində maşın və mexanizmlər yalnız birinci növbədə tam gücü ilə işləyir. İkinci növbədə avadanlığın yarısı boş dayanır. Üçüncü növbə isə bir sıra müəssisələrdə yalnız formal surətdə mövcuddur. Bunlardan əlavə, bir çox müəssisələrin rəhbərləri işçi qüvvəsinin çatışmadığını bəhanə gətirirlər. Nə üçün adam çatışmır? Ona görə ki, müəssisələrin rəhbərləri kadrlara, onların kollektivə bağlanmasına, peşə ustalığının artmasına, kadrların işlərinə və ehtiyaclarına ciddi qayğı göstərmirlər. Axı, bizdə elə müəssisələr vardır ki, onlar işçi qüv­vəsi sarıdan korluq çəkmirlər. Həmin müəssisələrdə əməkhaqqı isə başqa müəssisələrdəkinə nisbətən yüksək deyildir. Sadəcə olaraq, adamlar qayğı hiss edir, perspektivi görür və bu, onlara kollektivə bağlanmaqda kömək edir.
Respublika rəhbəri xüsusi olaraq qeyd edirdi ki, neft sənayesinin uzun müddətdən bəri geri qalması Azərbaycan KP MK-də çox narahatlıq doğurur. Bu, bir də ona görə qorxuludur ki, həmin gerilik neft ilə əlaqədar olan sahələrə - neftayırma, kimya sahələrinə və başqa sahələrə təsir göstərir. Onu da qeyd etməliyik ki, Azərbaycanın neft sənayesi zəngin təcrübəyə və şanlı ənənələrə malik yüksəkixtisaslı kadr­larla təmin olunmuşdur. Nazirliyin müəssisələrində 10 mindən çox diplomlu mütəxəssis işləyir. Respublika rəhbəri bildirirdi ki, bu böyük qüvvəni səfərbərliyə almalı, respublika neft sənayesinin təkcə bu günü ilə deyil, sabahkı günü ilə də əlaqədar olan əsas problemlərin həllinə yönəldilməsi istiqamətində əməli işlər görülməlidir.
Plenumda kənd təsərrüfatında yaranmış vəziyyət də ətraflı təhlil olunmuşdu. Qeyd edilmişdir ki, keçən dövr ərzində kolxoz və sovxozların maddi bazası xeyli möhkəmlənmiş, kənd təsərrüfatı istehsalının inkişaf sürəti artmış, respublika kənd zəhmətkeşlərinin güzəranı yaxşılaşmışdır. Həmin illər ərzində kənd təsərrüfatının ümumi məhsulu müqayisəli qiymətlərlə 11,3, məhsulun orta illik dəyəri 25,5 faiz artmışdır. Lakin kənd təsərrüfatı məhsulları istehsalının inkişaf sürəti heç də qənaətbəxş deyildir.
Heydər Əliyev kənd təsərrüfatında əldə edilmiş nailiyyətləri qeyd etməklə yanaşı, bildirmişdir: “Bu gün biz həll edilməmiş problemlərdən, respublika kənd təsərrüfatının ciddi surətdə geri qalmasından açıq danışmalıyıq. Xeyli müddətdir ki, bizdə dənli bitkilərin məhsuldarlığı ölkə üzrə orta səviyyədən aşağıdır, pambığın məhsuldarlığına görə isə biz axırıncı yerdəyik. Kartofun, tərəvəzin, meyvənin və üzümün məhsuldarlığı sahəsində də eyni vəziyyət mövcuddur. İctimai heyvandarlığın uzun müddətdən bəri geri qalmasına daha dözmək olmaz. Lazımınca diqqət və qayğı göstərilməməsi, heyvandarlıq mədəniyyətinin aşağı səviyyədə olması, yem istehsalında pis vəziyyət yaranması nəticəsində biz əslində heyvandarlığın bütün göstəriciləri üzrə müttəfiq respublikalar arasında axırıncı yerləri tuturuq. Kolxozlarda və sovxozlarda çoxlu miqdarda texnika olmasına baxmayaraq, bir çox kənd təsərrüfatı işinin mexanikləşdirilməsi səviyyəsi aşağıdır, kənd təsərrüfatı texnikası məhsuldar işlədilmir. Taxıl kombaynlarından pis, pambıqyığan maşınlardan isə daha pis, yem istehsalı texnikasından və kənd təsərrüfatı bitkilərinin cərgələr arasını becərən texnikadan yarıtmaz istifadə edilir. Bütün bunların nəticəsində işlərin xeyli hissəsi əl ilə görülür. Bu isə vaxtı uzadır, maya dəyərinin artmasına və xeyli məhsul itkisinə səbəb olur.
Kənd təsərrüfatı, meliorasiya və su təsərrüfatı nazirlikləri, Dövlət Plan Komitəsi respublikanın hər bir zonasında vəziyyəti diqqətlə yoxlamalı, torpaqların meliorasiyası və istifadəyə verilməsi üçün əlaqələndirilmiş tədbirlər sistemi hazırlamalıdırlar”.
Plenum da respublikada ictimai mühitin sağlamlaşdırılmasını, milli-mənəvi dəyərlərin qorunmasını qarşıdakı dövrün mühüm vəzifələrindən biri kimi qiymətləndirirdi. Bu məsələdə hüquq-mühafizə orqanlarının işindəki nöqsanların aradan qaldırılmasına xüsusi diqqət verilməsini vacib sayırdı. Onun bu məsələdə qətiyyətliyi, prinsipiallığı ittifaq miqyasında böyük əks-səda doğurmuşdur. Bu barədə Heydər Əliyev deyirdi: “İnzibati orqanların müvəffəqiyyətli fəaliyyəti onların işçilərinin zəhmətkeşlərlə sıx əlaqəsindən, qazandıqları etimaddan asılıdır. Bu yolla inzibati orqanların işçiləri əhali arasında nüfuz qazanırlar. Hüquq qaydalarının pozulmasına qarşı mübarizənin səmərəsi bu nüfuzun nə dərəcədə yüksək olmasından çox asılıdır. Xuliqanlıq, sərxoşluq və cəmiyyətə zidd olan digər hallar böyük bəladır. Belə hallara qarşı mübarizə aparmaq üçün müxtəlif tədbirləri, daimi vasitə və metodları bir-biri ilə sıx əlaqələndirmək lazımdır. Bu, ailə və məktəbdən başlayaraq, geniş tərbiyə sistemindən, ictimai və inzibati təsir tədbirlərini bacarıqla əlaqələndirməkdən, istirahəti maraqlı təşkil etməkdən, spirtli içki düşkünlərini məcburən müalicə etməkdən, spirtli içkilər satışında müəyyən bir qayda qoymaqdan və bir çox başqa tədbirdən ibarətdir”.
“Biz ayrı-ayrı vəzifəli şəxslərin davranışında özünü büruzə verən nalayiq hallara, pozğunluq təzahürlərinə göz yuma bilmərik. Biz işimizə ziyan vuran dedi-qoduları, böhtanları, intriqabazları, mənsəbpərəstləri ifşa etməliyik”, - deyən Heydər Əliyev yaxşı bilirdi ki, respublikada sağlam mühitin yaradılması rüşvətxorluğun bütün səviyyələrdə aradan qaldırılması ilə çox bağlıdır: “Biz rüşvətxorluq faktlarına qarşı ən qəti və amansız mübarizə aparmalı, rüşvətxorluğu doğuran səbəblərin kökünü kəsməliyik. Bizim vəzifəmiz inzibati tədbirlərlə yanaşı, profilaktika işini hər yerdə gücləndirməkdən, bu biabırçı halın tamamilə aradan qaldırılması üçün adamlarımızda və kadrlarımızda məsuliyyət hissini artırmaqdan ibarətdir”.
Avqust plenumunda bu fikir də səslənmişdi ki, bir çox sahədə istehsal mədəniyyəti aşağıdır, müəssisələrin yeni texnika ilə təchizinə də, əməyin təşkilində qabaqcıl təcrübənin yayılmasına da az fikir verilir. Ticarətin və məişət xidmətinin vəziyyətindən əhali haqlı olaraq narazılıq edir. Zəhmətkeşlər ölçüdə, haqq-hesabda və çəkidə aldatma hallarından, xidmət mədəniyyətinin aşağı səviyyədə olmasından, kolxoz bazarlarında qayda-qanun olmamasından şikayətlənirlər. Kolxoz bazarlarında alverçilər və möhtəkirlər bildiklərini edirlər. Bir sıra müalicə ocaqlarında tibbi xidmətin yarıtmaz vəziyyətdə olmasından, natəmizlikdən, habelə şəhər nəqliyyatının pis işləməsindən çox şikayət edilir.
Tarixi avqust plenumunda xüsusi olaraq qeyd edildi ki, bizim təxirəsalınmaz vəzifəmiz sənayedə, tikintidə və kənd təsərrüfatında yaranmış vəziyyəti dərindən təhlil etmək əsasında bütün zəhmətkeşləri beşillik vəzifələrinin müvəffəqiyyətlə yerinə yetirilməsindən ötrü səfərbərliyə almaq üçün lazımi tədbirlər görməkdir. Bütün sahələrdə tələbkarlıq və intizam yüksədilməli, hər bir rəhbərin tapşırılmış iş üçün partiya məsuliyyətini başa düşməsinə və partiya məsuliyyəti daşımasına nail olmalıyıq. Yalnız bu şərtlə vəziyyəti dəyişə bilər, iqtisadiyyatın bütün sahələrinin inkişafını, əmək məhsuldarlığının yüksəlməsini, ən yeni elm və texnika nailiyyətlərinin tətbiqini, mexanizmlərdən və maşınlardan səmərəli istifadə olunmasını, məhsulun keyfiyyətinin yüksəlməsini, maya dəyərinin aşağı salınmasını təmin etmək olar.
Heydər Əliyev xalq təsərrüfatında yaranmış vəziyyətin yaxşılaşdırılması üçün problemə sistemli yanaşmanı vacib sayırdı: “Yuxarıda deyilənlərdən görünür ki, biz bəzi nailiyyətlərə baxmayaraq, respublikanın iqtisadiyyatının inkişafında müəyyən çətinliklərlə qarşılaşırıq, xalq təsərrüfatının bəzi sahələri isə xeyli geri qalır. Bunun üçün, hər şeydən əvvəl, respublikanın partiya və sovet orqanları məsuliyyət daşıyırlar”. Onlar sənaye müəssisələrinin, tikintilərin, kolxoz və sovxozların kollektivlərini dövlət planlarının və sosialist öhdəliklərinin yerinə yetirilməsi üçün hələ zəif səfərbərliyə alırlar.
Məlumdur ki, xalq təsərrüfatının göstəricilərinin yaxşılaşdırılmasında və ictimai mühitin sağlamlaşdırılmasında təbliğatın böyük rolu vardır. Şifahi və əyani təşviqatda şablona qarşı mübarizə aparmaq, bəsitliyin kökünü kəsmək, kütlələrə bütün ideoloji təsir vasitələrindən daim istifadə edilməsinə nail olmaq lazımdır. Kütləvi-siyasi işin forma və vasitələrindən dolğun və səmərəli istifadə edilməlidir. Mətbuatımız, radio və televiziya böyük rəhbərin yubileyinə hazırlıq işində respublikanın qarşısında duran əməli vəzifələri nəzərə almalıdırlar.
Respublika rəhbəri bu tarixi plenumdakı çıxışında kadrların hazırlanması və irəli çəkilməsi məsələsinə də toxunmuşdu. Qeyd etmişdi ki, daimi və dəyərli kadr ehtiyatı yaratmaq sahəsində planauyğun və səmərəli iş aparılmaması dərin kök salmış nöqsanlardan biridir. İrəli çəkmək üçün yaxşı öyrənilmiş, kifayət qədər hazırlığa malik ehtiyat qüvvəsi olmayan partiya orqanları ayrı-ayrı kadr məsələlərini həll edərkən tələsir və lazımınca tələbkarlıq göstərmirlər. Ona görə də kadrları açıq-aşkar, kütlələrin gözü qabağında seçmək, onların haqqında kollektivin, adamların, iş yoldaşlarının rəyini nəzərə almaq lazımdır. Yalnız belə olduqda kadrların seçilməsi və yerləşdirilməsindəki səhvlərin qarşısını almaq, həmin sahədə işin səviyyəsini yüksəltmək olar.
Plenumda digər vacib bir məsələ də müzakirə obyekti olmuşdu. Söhbət zəhmətkeşlərin ərizə və şikayətlərinə gündəlik diqqətin artırılmasından gedir. Heydər Əliyev qeyd etmişdi ki, zəhmətkeşlərin ərizə və şikayətlərinə səthi və vicdansız münasibət adamların şikayət etdikləri nöqsanları dərinləşdirir, haqqında şikayət olunan şəxslərdə öz hərəkətləri üçün heç bir cəza almayacaqlarına əminlik yaradır.
Kadrlara səmimi və qayğıkeş münasibət göstərməklə yanaşı, onların mövqeyindən və keçmiş xidmətlərindən asılı olmayaraq, gördükləri işlərin nəticələrinə tələbkarlıqla yanaşılmalıdır. Bunsuz düzgün rəhbərlik etmək, təsərrüfat və mədəniyyət quruculuğunun əməli məsələlərini uğurla həll etmək olmaz. Bu mühüm respublika tədbirində müvafiq strukturların rəhbərlərinin nəzərinə çatdırılırdı ki, son vaxtlar respublikada kadrlara qarşı tələbkarlıq azalmışdır. Kadrlar isə təvazökar, özlərinə, ictimai və şəxsi həyatda davranışlarına qarşı tələbkar olmalıdırlar. Təəssüf ki, bəzi rəhbər işçilər özlərinin maddi-məişət şəraiti məsələləri, o cümlədən bağ almaq və onu abadlaşdırmaq məsələləri ilə daha çox məşğul olurlar. Həm də bu, bəzən dövlət hesabına, fonddan qanunsuz tikinti materiallarını almaq hesabına edilir.
Respublika rəhbəri bildirdi ki, xalq təsərrüfatının ayrı-ayrı sahələrində yaranmış geriliyin, sosial göstəricilərin ittifaqa və digər respublikalara nisbətən aşağı olması səbəbləri dərindən araşdırılmalıdır. Bir daha qeyd edim ki, xalq təsərrüfatında yaranmış vəziyyət, həqiqətən, ciddi narahatlıq doğururdu. Zəngin təbii resurslara, neft-qaz ehtiyatlarına malik respublikanın iqtisadiyyatının digər respublikalara nisbətən xeyli dərəcədə aşağı sürətlə inkişaf etməsi adi məsələ deyildi.
SSRİ kimi nəhəng ölkənin mühüm yanacaq bazası sayılan, faşizm üzərində qələbənin təmin edilməsində həlledici rol oynayan Bakının neft sənayesinin maddi-texniki bazasının yenidən qurulmasına kifayət qədər maliyyə vəsaitləri ayrılmırdı. Eləcə də ölkəyə XX əsrin 60-cı illərinin sonunda 1 milyard ton neft verən Abşeron yarımadasının ekoloji tarazlığının ciddi surətdə pozulmasına baxmayaraq, ittifaq hökuməti bu sahədə vəziyyəti yaxşılaşdırmağa yönələn tədbirlər görmür, yerli maraqları nəzərə almadan sənaye müəssisələrini əsasən Bakıda yerləşdirməyə üstünlük verirdi. Bu isə respublikanın digər rayonlarının inkişafını, əmək qabiliyyətli əhalinin ictimai istehsala cəlb edilməsini, sosial problemlərin həllini məhdudlaşdırırdı.

* * * * *


Biz Heydər Əliyevin 1969-cu il avqust plenumunda etdiyi tarixi çıxışından bir neçə əsas məqamlara müraciət etdik. Respublika rəhbərinin bu çıxışı, həqiqətən, cəmiyyətdə böyük əks-səda doğurmuşdu. İctimai-siyasi, sosial-iqtisadi təşəbbüskarlıq göstərilməsi, intizamın möhkəmləndirilməsi, bütün əsas iqtisadi göstəricilərin yaxşılaşdırılmasının vacibliyi qarşıdakı dövrün fundamental əhəmiyyət kəsb edən vəzifələri kimi qiymətləndirilmişdir. Bütövlükdə, 1969-cu ilin avqust plenumu Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi həyatında yeni bir dövrün başlanmasının əsasını qoydu.

 

Mənbə: Ziyad Səmədzadə.
Azərbaycan iqtisadiyyatı 100 ildə.
Bakı, 2021, 1-ci cild, səh 192-199.