NEFT MAŞINQAYIRMANIN VƏZİYYƏTİNİN ÜMUMİ TƏHLİLİ VƏ
İNKİŞAF MEYİLLƏRİ
TARİX
Respublika maşınqayırma sənayesinin inkişafı Azərbaycanda neftçıxarma sənayesinin XIX əsrin sonlarında və XX əsrin əvvəllərində olan inkişafı ilə üzvi surətdə bağlıdır. Xaricdən idxal edilmiş avadanlıq sonrakı dövrlərdə Nobel qardaşlarının, Rotşildin, Tağıyevin, Muxtarovun, Benkendorfun emalatxanalarında təmir olunurdu. Bu emalatxanalar gələcək maşınqayırma zavodlarının əsasını təşkil etmişdir. Maşınqayırmanın aparıcı sahəsi kimi respublikanın neft maşınqayırması yüksək dərəcədə ixtisaslaşdırılmış istehsal kompleksi kimi çıxış edirdi. Burada ümumi metallurgiya, tökmə və metiz bazasına malik olan bir sıra iri zavodlar cəmləşmişdir. Sonrakı dövrlərdə keçmiş Sovetlər İttifaqının neftçıxarma sənayesinin 70%-ə qədər avadanlığının Azərbaycanın neft-maşınqayırma sənayesi tərəfindən istehsal olunması bu sürətli inkişafdan xəbər verirdi.
Böyük Vətən müharibəsi illərində Azərbaycanın maşınqayırma müəssisələrinin istehsal güclərinin 95%-i hərbi texnika və döyüş sursatlarının istehsalına yönəldilmişdir. Həmçinin neft emalı və neft-kimya müəssisələrinin də bu sahədə böyük xidmətləri olmuşdur. Neft çıxarılması daha da artırılmış və neft maşınqayırma avadanlıqlarının istehsalı da intensivləşdirilmişdir.
XX əsrin 80-ci illərində respublika neftmaşınqayırma sənayesinin məhsulları dünyanın 35 ölkəsinə ixrac olunurdu.
Respublikanın neft-maşınqayırması öz inkişafında tarixi bir yol keçdi. 1935-ci ildə neft avadanlığı və alətlərinin istehsalı və təmiri üzrə müəssisələrin birləşdirilməsi əsasında “Azneftmaş” Ümumittifaq neft-maşınqayırması tresti yaradıldı. 31 mart 2001-ci il tarixdən isə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 16 zavodu, 2 elmi-tədqiqat və layihə-konstruktor institutunu, xüsusi konstruktor bürosunu, məlumat-hesablama mərkəzini, tikinti-quraşdırma idarəsini və satış üzrə idarəni birləşdirən vahid sahə kompleksi olan “Azneftkimyamaş” ASC-yə çevrildi.
NEFT -MAŞINQAYIRMASININ MÜASİR VƏZİYYƏTİ
SSRİ-nin süqutunadək neft-maşınqayırma sənayesinin müəssisələri istehsal prosesinin həyata keçirilməsi üçün zəruri olan xammal və materialları müttəfiq respublikalardan alırdı. Hazırda isə mövcud əlaqələrin kəsilməsi istehsalın həcminin, neft-maşınqayırmanın xüsusi çəkisinin aşağı düşməsinə səbəb oldu. İlk növbədə bu, xammalın alınması üçün dövriyyə vəsaitlərinin çatışmazlığını yaradan satış bazarlarının itirilməsi, vaxtında əmək haqlarının ödənilməməsi, işçilərin sayının azalması və s. ilə bağlıdır.
«Azneftkimyamaş» ASC-nin müəssisələri yarım əsrdən artıqdır ki, fəaliyyətdədirlər və hal-hazırda köhnəlmiş texnologiya, əsas fondlar, struktur və idarəetmə metodları ilə xarakteizə edilir. Hətta texniki-texnoloji cəhətdən nisbətən qənaətbəxş müəssisələrin də təşkilati strukturu və idarəetmə metodları bazar şəraitinə uyğun deyildir. Neft-maşınqayırma sənayesi müəssisələrinə mənsub iqtisadi və sosial problemlər nəinki onların səmərəli inkişafına mane olur, həmçinin yeni iqtisadi münasibətlər şəraitində onların bundan sonra da fəaliyyət göstərməsi məsələsini qarşıya qoyur. Hal-hazırda «Azneftkimyamaş» ASC-nin müəssisələrinin çoxu öz istehsal-təsərrüfat fəaliyyətlərinin normalaşdırılması üçün çətinlik çəkirlər və yaranmış vəziyyətdən çıxış yollarını axtarırlar. Mütəxəssislərin hesablamaları göstərir ki, neft-maşınqayırma müəssisələrinin restrukturizasiyası və rəqabətqabiliyyətli avadanlıqların istehsalı mövcud istehsal-texniki potensialdan səmərəli istifadənin təmini üçün imkan yaratmış olardı.
Qeyd edək ki, müəssisələrin bir qismi fəaliyyətini dayandırıb, bəziləri isə birləşdirilib. Hazırda «Azneftkimyamaş» ASC-nin 10 müəssisəsi fəaliyyətdədir. Onların da əksəriyyəti şəhərdən kənara köçürülüb.
Dünyanın bir çox ölkələrinə neft-maşınqayırması avadanlıqlarını ixrac edən bu müəssisələrin hazırda vəziyyətləri qənaətbəxş deyildir. Bunlar bir çox problemlərlə üzləşirlər. Belə ki, dövriyyə vəsaitlərinin çatışmazlığı, maliyyə göstəricilərinin qənaətbəxş olmaması, debitor və kreditor borclarının yüksək səviyyəsi, buraxılan məhsulların çeşidinin köhnəlməsi, potensial satış bazarlarının yoxluğu, marketinq strategiyasının işlənilməməsi, müəssisələrin bazar iqtisadiyyatı şəraitində işləməyə uyğunlaşmayan təşkilati strukturlarının səmərəsizliyi, xarici partnyorların axtarışı və onlarla tərəfdaşlıq əlaqələrinin yaradılması sahəsində təcrübənin kifayət qədər olmaması və s. Bundan əlavə istehsalın təşkili, məhsulun keyfiyyəti, ətraf mühitin qorunması, sosial sfera obyektlərinin saxlanılması və digər məsələlər də öndə durur. Ona görə də sənaye müəssisələrinin restrukturizasiyası gələcək iqtisadi inkişafın əsas məsələlərindən biri hesab edilir.
Müasir dövrdə müəssisə və şirkətlər rəqabətqabiliyyətliliyinin qorunub saxlanılması üçün ətraf mühitin tələblərinə uyğun olaraq hər an öz fəaliyyətlərini korrektə etməlidirlər. Dəyişiklikləri ancaq ciddi çətinliklərlə üzləşəndə deyil, hətta vəziyyət qənaətbəxş olduqda da həyata keçirmək zəruridir. Yeni şəraitdə biznes fəaliyyəti dəyişikliklərə hər an hazırlığı nəzərdə tutur.
“Azneftkimyamaş” ASC-də istehsal edilən və satılan məhsulun həcmini təhlil edərkən məlum olur ki, 2001-ci ildən başlayaraq “Azneftkimyamaş” ASC-nin əmtəəlik məhsulun həcmində artıma doğru meyil müşahidə edilir. Təhlil edilən dövrdə satılmış məhsulun həcmi əmtəəlik məhsulun həcmindən az oldu. Belə ki, 2001-ci ildə bu fərq 63,8 min manat, 2002-ci ildə - 6843,8 min manat, 2003-cü ildə 1489,8 min manat, 2004-cü ildə 1854,8 min manat, 2005-ci ildə 1187,9 min manat, 2006-cı ildə 267,1 min manat, 2007-ci ildə isə 1854,4 min manat təşkil etmişdi.
Belə ki, “Azneftkimyamaş” ASC-nin müəssisələrində 2006-cı ildə 2001-ci illə müqayisədə əmtəəlik məhsulun həcmi 162,9%, 2007-ci ildə isə 211,2% artmışdır. Bu, satış bazarlarının məhdud olması və marketinq fəaliyyətinin qənaətbəxş olmaması ilə izah olunur. Hazır məhsul qalığı anbarlarda yığılaraq “ölü yük” kimi qalır. Bütün bunlar istehsal tsiklinin bərpasına, yeniləşməsinə maneəçilik törədərək, dövriyyə vəsaitlərinin çatışmamazlığına səbəb olur ki, nəticədə xammalın, əmək haqqının vaxtında alınmaması, işçilərin ixtisarı və s. baş verir.
“Azneftkimyamaş” ASC-nin məhsulunun maya dəyərinin təhlili aparılarkən qeyd edilir ki, 2006-cı ildə 2000-ci illə müqayisədə bu göstərici 31,7%, 2007-ci ildə isə 2000-ci illə müqayisədə 63,0% artmışdır.
Təsərrüfatçılığın sosial-iqtisadi şərtlərinin dəyişiklikliyi şəraitində kadr potensialı böyük əhəmiyyət kəsb edir. Müəssisənin gələcək uğurlu fəaliyyətinin amillərindən biri də istehsal heyətinin sayıdır.
Qeyd etmək lazımdır ki, neft-maşınqayırma zavodları bir neçə onilliklər ərzində iqtisadiyyatın əməktutumlu sahəsi hesab olunmuşdur. Belə ki, 70-ci illərdə bu birliyin müəssisələrində işçilərin sayı 20 000 nəfər idisə, 1986-cı ildə onların sayı 16 672 nəfər təşkil etmişdir. 2006-cı ilə qədər işçilərin sayı 4000-5000 nəfər hüdudunda, hal-hazırda isə 3000-4000 nəfər arasında tərəddüd edir. Bu da öz növbəsində əmək məhsuldarlığına təsirini göstərir.
İNKİŞAF MEYİLLƏRİ
Səhmdar Cəmiyyətində və onun müəssisələrində illərlə öz həllini gözləyən problemlərin ardıcıl, mərhələlərlə işgüzar bir şəraitdə işlənilməsinə başlanılıb:
- Keyfiyyətin idarə olunması sistemi təkmilləşdirildi;
- Keyfiyyətə nəzarəti təmin etmək məqsədi ilə daim fəaliyyət göstərən komissiya yaradılıb;
- Səhmdar Cəmiyyətində və Törəmə Səhmdar Cəmiyyətlərində marketinq xidməti yaradılıb;
- İnformasiyanın alınması və ötürülməsi üçün müasir kompüterlərlə təchiz olunmuş lokal şəbəkə yaradıldı;
- İstehsal olunan avadanlığın reklamını təmin edən sayt yaradıldı;
- Müəssisələrin internet şəbəkəsinə çıxışı təmin olundu;
- MDB məkanında bazarın genişləndirilməsi üçün məqsədyönlü işlər aparılır.
Müasir şəraitdə marketinq müəssisənin əsas fəaliyyətidir. Azneftkimyamaş” ASC-nin bir çox müəssisələri marketinq sistemini təkmilləşdirmək, yeniləşdirmək, yaxud yenidən qurmaq üçün tədbirlər həyata keçirir.
Yeni bazar tələblərinə uyğunluq (adaptasiya) iqtisadiyyatın əsasını təşkil edən müəssisələrin gələcək mövcudluğu üçün zərurətə çevrilir. Bu özünü onun bir neçə mümkün fəaliyyət strategiyasında göstərir, onların sırasında: marketinq, istehsal, maliyyə, təşkilati quruluş və s.
Neft sənayesində Beynəlxalq standartlar, İSO və APİ tətbiq olunmağa başladı. Qeyd etmək lazımdır ki, artıq onlarla neft məhsulları standartlaşdırılıb və neft sənayesindəki şirkətlər buna həvəslə gedir. Çünki bu şirkətlər öz məhsullarını dünya bazarlarına çıxartmaq istəyirlər.
Prezident İlham Əliyevin ölkəmizdə «Beynəlxalq standartlara» cavab verən məhsul istehsalına və iqtisadiyyatımızın dünyaya inteqrasiya olunması haqqında da verdiyi tövsiyələrin həyata keçirilməsi maşınqayırma müəssisələrinin fəaliyyət prioritetlərindəndir. Aparılmış işlərin bəhrəsi olaraq maşınqayırma müəssisələri rəqabətqabiliyyətli yeni növ neft maşınqayırma sənayesi məhsullarının istehsalı sahəsində 2004-cü ildə İSO 9001-2000 Beynəlxalq Keyfiyyət Sertifikatını, 2007-ci ildə isə Amerika Neft İnstitutunun APİ-Qİ keyfiyyət sertifikatını almışdır.
Hal-hazırda maşınqayırma müəssisələrində neft-qaz, neft-kimya sənayesi avadanlıqları, onlar üçün hər cür lazımi alət və ehtiyat hissələri hazırlamaq və xidmətlər göstərmək üçün texnoloji şərait yaradılır.
«Bakı fəhləsi maşınqayırma zavodu»nda neft və qaz quyularının qazılması və əsaslı təmiri üçün ağırlıq qabiliyyəti 100 ton olan aqreqat istehsal edilir. Yükqaldırma qabiliyyəti 125 ton olan dərin quyularda təmir və qazma işlərinin təşkili sahəsində əsaslı tədbirlər həyata keçirilmişdir. İstehsal olunan məhsulları ilə ölkəmizin neftçıxarma müəssisələrini təmin edən «Bakı fəhləsi maşınqayırma zavodu» TASC həmçinin Rusiya və Qazaxıstanın neftçiləri ilə də səmərəli əməkdaşlıq edir. 2007-ci il oktyabr ayında Qazaxıstanın «KazRetromaş» SC ilə «Bakı fəhləsi maşınqayırma zavodu» TASC arasında birgə fəaliyyət haqqında memorandum hazırlanmış və hazırda bu iki müəssisə arasında artıq birgə fəaliyyət üçün hazırlıq işləri gedir.
Qazaxıstanın Aktau neftçilərinin sifarişi ilə Azərbaycan neft-maşınqayırma sənayesinin tarixində yuxarıda adı çəkilən zavodda ilk dəfə olaraq «QK-60» mobil qazma qurğusunun istehsalına başlanmışdır. Bu qurğunun vasitəsilə neftçıxarma müəssisələri neft quyularında 1500 metr dərinliyində təmir və qazma işlərini asanlıqla apara bilirlər. Yaxın gələcəkdə isə «QK-60» komplekslərinin istehsalını genişləndirmək və daha mükəmməl olan «QK-890» və «QK-125» qurğularının hazırlanması nəzərdə tutulmuşdur.
Ümumiyyətlə, bu gün ölkə iqtisadiyyatının inkişafı, sənaye müəssisələrinin dirçəlməsi, xarici bazara məhsul göndərilməsi iqtisadiyyatımızdakı dinamik proseslərlə bağlıdır.
Elmira Ələkbərova
iqtisadçı
|