MƏQALƏLƏR

Azərbaycan zəngin qeyri-maddi mədəni irsə sahib olan ölkədir

  • 14.12.2022

Çağdaş Azərbaycan müasirliklə qədimliyin bütün elementlərini özündə əks etdirən, zəngin mədəni irsə malik olan ölkələr sırasındadır. Bu irsin bir hissəsi əsrlər boyu qorunub saxlanılaraq, günümüzədək gəlib çıxmışdır. Bunlardan bir çoxu UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir. Bu yaxınlarda Mərakeş Krallığının Rabat şəhərində keçirilən UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 17-ci ses­siyasında ölkəmiz üçün əlamətdar qərar qəbul edilmişdir. Mədəniy­yət Nazirliyindən bildirilib ki, qeyri-­maddi mədəni irslə bağlı Azərbaycana məxsus olan daha 4 element UNESCO-nun reprezentativ siyahısına daxil edilmişdir.
Hökumətlərarası Komitənin 17-ci sessiyasında reprezentativ siyahıya təqdim edilmiş element əsasında Azərbaycanın “Pəhləvanlıq, ənənəvi zorxana oyunları və idman növləri” milli nominasiyası, habelə ölkəmizin iştirakı ilə hazırlanan 3 çoxmillətli nominasiya yer alıb: baramaçılıq və toxuculuq üçün ənənəvi ipək istehsalı (Azərbaycan, Əfqanıstan, İran, Tacikistan, Türkiyə, Türkmənistan, Özbəkistan), “Molla Nəsrəddin” lətifələrinin şifahi ənənəsi (Azərbaycan, Özbəkistan, Qırğızıstan, Tacikistan, Türkiyə, Türkmənistan) və nəhayət “Çay mədəniyyəti: kimliyin, qonaqpərvərliyin və sosial əlaqələrin rəmzi” (Azərbaycan, Türkiyə). Sessiyada bu nominasiyaların hər biri ilə bağlı müsbət qərar qəbul edilib. Bu sırada ilk olaraq Azərbaycan, Əfqanıstan, İran, Tacikistan, Türkiyə, Türkmənistan və Özbəkistanın birgə təqdim etdiyi “Baramaçılıq, ipəkçilik və toxuculuq üçün ənənəvi “İpək istehsalı” elementi UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına salınıb. Bu nominasiya sənədi Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəliyi və UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, eləcə də Əfqanıstan, İran, Tacikistan, Türkmənistan, Türkiyə və Özbəkistanın birgə əməkdaşlığı şəraitində təqdim edilmişdir.
Sessiyada çıxış edən ölkəmizin UNESCO-dakı daimi nümayəndəsi Elman Abdullayev baramaçılıq, ipəkçilik və toxuculuq sənətinin Azərbaycan mədəniyyətində böyük önəm daşıdığını diqqətə çatdırıb. Daimi nümayəndə, eyni zamanda Azərbaycan Respublikası adından UNESCO qiymətləndirmə orqanına və hökumətlərarası komitəyə xalqımızın mədəni dəyəri olan bu nümunəni dəstəklədiklərinə görə təşəkkür edib. Azərbaycanın pəhləvanlıq və ənənəvi zorxana oyunları ilə bağlı sessiya iştirakçılarına qısa videoçarx nümayiş etdirilib.
UNESCO Hökumətlərarası Komitənin 17-ci sessiyasında Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkiyə, Türkmənistan və Özbəkistanın birgə təqdim etdiyi “Molla Nəsrəddin lətifələlərinin şifahi ənənəsi” nominasiyası da UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilib. Çoxmillətli nominasiya faylı Azərbaycan Mədəniyyət Nazirliyi və yuxarıda adı çəkilən qurumların və ölkələrin birgə əməkdaşlığı şəraitində təqdim olunub.
Ölkəmizin nümayəndə heyəti adından çıxış edən səfir Elman Abdullayev çay mədəniyyətinin Azərbaycan xalqının qonaqpərvərlik simvolunun göstəricisi olduğunu, mədəniyyətimizin, həyat tərzimizin tərkibində xüsusi önəm daşıdığını qeyd etmişdir. Sessiyada ölkəmiz Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəliyi, Mədəniyyət Nazirliyi, UNESCO üzrə Milli Komissiya və Mərakeş Krallığındakı səfirimiz tərəfindən təmsil olunmuşdur. Hökumətlərarası sessiyanın cari sessiyasında qəbul olunan qərarla UNESCO-da qeydə alınan qeyri-maddi mədəni irs nümunələrimizin sayı 19-a çatıb. Onlardan 17-si Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahıya, 2-si isə Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi və mədəni irs siyahısına daxil edilib. Bu elementlərdən 11-i ölkəmiz tərəfindən milli mominasiya, 8-i isə Azərbaycanın iştirakı ilə çoxmillətli nominasiya kimi hazırlanaraq tədim olunub.
UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Hökumətlərarası Komitəsinin Mərakeşdə keçirilən 17-ci sessiyasında əldə olunan bu nailiyyət Azərbaycanın qədim və zəngin mədəni irsinin qlobal miqyasda tanınmasıdır. Bu həm də ölkəmizin bəşər sivilizasiyasına verdiyi töhfələri təcəssüm etdirir.


Zülfü İLYASOV
“İqtisadiyyat” qəzetinin
xüsusi müxbiri