MƏQALƏLƏR

Avropada enerji böhranı: kritik həllər

  • 14.12.2022

Enerji qiymətlərinin artımı 2022-ci ilin fevralından – daha dəqiq desək, Rusiyanın Ukraynaya 24 fevral tarixindən başlayan hücumundan sonrakı dövrdə Trans-Atlantik regionu dövlətlərinin rus enerji resurslarına sərt sanksiyalar qoyması fonunda artması ilə bugünkü Avropanın əsas gündəmini təşkil edir. Enerji təchizatında etibarlı tərəfdaşlara üz tutan Avropa Azərbaycan, Qətər, Norveç və digər təchizatçılardan enerji resurslarının, xüsusilə qazın ixrac həcminin artırılması yönündə addımlar atmışdır. Uzunmüddətli dövrdə enerji təhlükəsizliyində mühüm rol oynayacaq bu addımlar tam şəkildə astanasında olduğumuz qış fəslində yaranacaq çatışmazlıqları aradan qaldırmaq üçün kifayət deyildir. Buna görə də Avrozona dövlətləri və fərdi olaraq hər bir dövlət ayrılıqda enerji resurslarının səmərəli istifadəsi ilə bağlı müvafiq qərarlar vermişdir. Kritik həllər adlandırdığımız bu qərarlar bu və ya digər şəkildə bir-birinə bənzərdir.
Almaniya. Oktyabr ayında Almaniya parlamenti 200 milyard avroluq “müdafiə qalxanı” adlı paket qəbul etmişdir. Bu paket növbəti ilin əvvəlindən qaz və elektrik enerjisi qiymətlərini bütün ev (ev təsərrüfatları) və bəzi biznes subyektləri üçün məhdudlaşdıracaq. Bu ilin dekabr ayında isə hökumət bütün ev (ev təsərrüfatları) və kiçik və orta biznes nümayəndələrinin aylıq qaz kommunal ödənişini özü ödəyəcəkdir. Əlavə olaraq qeyd edək ki, hökumət tərəfindən sentyabr və oktyabr aylarında bütün vergi ödəyicilərinin hesabına 300 avroluq birdəfəlik ödəmələr həyata keçirilmişdir. İctimai nəqliyyatda qiymət artımının qarşısını almaq üçün isə subsidiyalaşma siyasəti tətbiq edilir. Enerjiyə qənaət istiqamətini seçən, Avropanın super sənaye dövləti Almaniya enerji istehlakının azaldılması məqsədilə aşağıdakı qərarları qəbul etmişdir:
- İctimai binaların maksimum 19C-yə qədər qızdırılması (xəstəxanalar, uşaq evləri istisna olmaqla);
- İctimai binalarda əllərin yuyulması üçün isti suyun bağlanması;
- Binalar, abidələr və reklamlar üçün işıqlandırmada məhdudiyyətlər.
Hökumətin enerji şirkətlərinə tətbiq etdiyi qiymət artımını hədəfləyən Windfall vergisi 2022-ci ilin dekabrından 2023-cü ilin iyun ayının sonundadək qüvvədə olacaq.
İtaliya. Enerji böhranı ilə mübarizədə İtaliya hökumətinin 49,5 milyard avroluq vəsait xərcləməsi gözlənilir. Mübarizə paketinə illik 35 min avro və ya ondan az gəliri olan şəxslərə 200 avroluq birdəfəlik ödənişlər, enerjidən intensiv surətdə istifadə edən və 30% qiymət artımı yaşayan şirkətlərə 20% vergi güzəşti daxildir. İtaliya qaz istehlakını azaltmaq məqsədilə bu siyasəti tətbiq etməkdədir:
- İnsanlara mərkəzi isitməni 1C azaltmağı və mərkəzi isitməni hər gün əlavə bir saat söndürməyi tövsiyə edir;
- Xəstəxanalar, uşaq bağçaları və bəzi sənaye sahələri istisna olmaqla, ictimai binalarda isitmə temperaturunun məhdudlaşdırılması.
Fransa. 2022-ci ilin yanvarında Fransa hökuməti dövlət enerji şirkəti olan Électricité de France-a (EDF) bu il üçün enerji sahəsində qiymət artımının 4% məhdudlaşdırması yönündə göstəriş vermişdir. EDF bu yaxınlarda hökumət tərəfindən ev (ev təsərrüfatları) və biznes subyektlərinə dəstək məqsədilə 45 milyard avroluq paket ayrıldığını və növbəti ildə qaz və elektrik enerjisində qiymət artımının 15% məhdudlaşdırılacağını bəyan etmişdir. Fransa hökuməti enerji isteahlakını 10%-ə qədər azaltmağı planlaşdırır. Bu məqsədlə aşağıdakılar qərara alınmışdır:
- İctimai binalar üçün daxili temperaturun 19C-də məhdudlaşdırılması;
- İdman komplekslərində temperaturun 2C-dək, üzgüçülük hovuzlarında isə 1C azaldılması;
- Əgər hökumət binalarının bağlanmasına imkan verilərsə, dövlət qulluqçularına evdən işləmək üçün gündə əlavə 2,88 avro ödəmək.
Hökumət 2023-cü ilin dövlət büdcəsində enerji şirkətlərinə Windfall vergi tətbiqini nəzərdə tutmuşdur.
Niderland. Noyabr ayından etibarən Niderland hökuməti müəyyən həcmdə qaz və elektrik enerjisi istehlakı qiymətlərini 2022-ci ilin yanvar ayı səviyyəsində qərarlaşdırmışdır. Əlavə enerji istehlakı isə hazırki bazar qiymətləri ilə hesablanacaqdır. Noyabr və dekabr aylarında hökumət bütün ev və mənzillərə 190 avroluq güzəşt təklif etmişdir. Aşağı gəlirli vətəndaşlara bir dəfəyə 1300 avro dəyərində ödəniş verilməkdədir. Kommunal ödənişlərdə əlavə dəyər vergisinin (ƏDV) və benzin, dizel yanacağı üzərindəki vergi həcmi dövlət tərəfindən azaldılmışdır. Niderland hökumətinin daha yüksək minimum əməkhaqqı, daha aşağı gəlir vergisi, yüksək müavinət və qrantlar ayırmaqla bu mübarizəyə 15,5 milyard avro xərcləyəcəyi gözlənilir. Hökumət xalqa enerjidən səmərəli istifadə barədə qızdırıcı sistemin 1C-dək temperaturunun azaldılması kimi tövsiyələr vermişdir və enerji şirkətlərinə Windfall vergi növünün tətbiqini planlaşdırır.
Norveç. Norveç ev təsərrüfatlarının öz enerjisinə görə ödəməli olduğu maksimum qiyməti təyin edib. Bunun üzərində yaranacaq hər hansı kommunal ödənişə görə isə hökumət həmin məbləğin 80%-ni ödəyəcəkdir. Biznes sahəsinin subsidiyalaşdırılması və güzəştli kreditlər barədə paket qəbul olunmuşdur. Bu yeni paketə görə gəlirlərinin 3%-dən çox hissəsini enerjiyə xərcləyən biznes nümayəndələri subsidiyalaşdırılacaq. Hökumət həmçinin son bir ildə ənənəvi enerji resurslarının qiymət artımı ilə yaranan gəlirin bir hissəsini yenidən bölüşdürmək üçün quruda külək və hidro enerjisi sahəsinə yeni vergilər təklif edib.
Polşa. Polşa dövləti böhranla uzlaşmaq məqsədilə 5,60 milyard avro həcmində paket qəbul etmişdir. 2023-cü ildə əksər ev (ev təsərrüfatları) üçün illik 2000 kVt/saat limit verilməklə enerji qiymətlərinin dondurulması planı həyata keçiriləcəkdir. Bu qeyd olunan limitə müəyyən əlilliyi olan, həmçinin üç və ya daha çox uşağı olan ailələr daxil deyildir. Hökumətin qərarına əsasən onlara daha yüksək limit təyin olunacaqdır. Bundan əlavə, qida məhsulları, qaz və gübrə üzərində ƏDV ləğv olunmuş, benzin, dizel və kommunal ödənişlərdəki ƏDV azaldılmışdır. Hökumət binalarında məcburi qaydada 10% enerjiyə qənaət sistemi tətbiq edilir. 2023-cü ildə enerjiyə 2022-ci illə müqayisədə 10% qənaət edən vətəndaşlara əlavə güzəştlər tətbiq olunacağı bəyan edilmişdir.
Qeyd olunan həll yollarına baxmayaraq, proqnozlara görə bu qış mövsümündə Avropa 30 milyard kubmetr qaz çatışmazlığı yaşayacaqdır. Bu aspektdən enerji təhlükəsizliyinin dövlətin iqtisadi və siyasi təhlükəsizliyində rolu olduqca aydın görünməkdədir.

Maqsud Quliyev, doktorant