MƏQALƏLƏR

Yerli idarəetmənin inkişafı demokratik cəmiyyətin təminatının mühüm amilidir YENİLƏNDİ

  • 22.12.2022

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin əhalinin maddi rifah halının yaxşılaşdırılması, yoxsulluğun azaldılması və davamlı inkişaf strategiyasının müəyyənləşdirilməsi istiqamətində imzaladığı fərman və qanunlarda yerli özünüidarəetmələrin rolu diqqət mərkəzində saxlanılır. Bu istiqamətdə həyata keçirilən Dövlət Proqramlarında bələdiyyələrin vəzifələrinə xüsusi yer ayrılmaqla, onların əhaliyə ən yaxın idarəetmə orqanı olmasından səmərəli istifadə nəzərdə tutulur. Demoratik idarəetmənin əsasını təşkil edən bələdiyyələrin yeni formalaşmasına baxmayaraq, bu proseslərdə onların üzərinə böyük məsuliyyət düşür. Beynəlxalq miqyasda yerli özünüidarəetmə təcrübəsi müxtəlif olmaqla, hər bir hüquqi dövlətin və xalqın istək və tələbatına uyğun formalaşdırılır.
Azərbaycanda yerli özünüidarəetmə sistemi iyirmi üç il fəaliyyət göstərməsinə baxmayaraq, yerli məsələlərin həllində bələdiyyələr hələ də qənaətbəxş nəticələrə nail olmamış və əhalinin inamını qazana bilməmişdir. İcmal bələdiyyə büdcələrinin icrası göstərir ki, ötən dövr ərzində onların maliyyə imkanları inkişaf etdirilməmiş, hətta bəzi sahə və səlahiyyətlərdə geriləmələr müşahidə edilmişdir. Hazırda respublika üzrə böyük şəhərlər (Bakı, Gəncə, Sumqayıt və Abşeron rayonu, cəmi 74 bələdiyyə üzrə 17011,3 min manat) istisna olmaqla qalan 1534 bələdiyyənin 2021-ci ilin icmal büdcə icrası 24643,3 min manat təşkil etmişdir ki, bu da orta hesabla illik bir bələdiyyə üçün 16,0 min manat deməkdir. Ancaq ən zəruri ştat vahidləri olan (4 nəfər - sədr, mühasib, vergi müfəttişi, xadimə-gözətçi) bələdiyyənin illik minimal əməkhaqqı fondu və digər icbari ödəmələri təqribən 15-20 min manat təşkil edir. Ancaq ayrı-ayrılıqda yanaşıldıqda görərik ki, 2021-ci ilin yekununa görə dövlət büdcəsinin maliyyə yardımları daxil olmaqla bir bələdiyyənin ortalama illik büdcəsi Kürdəmir rayonunda 8,4 min manat, Cəlilabad rayonunda 5,8 min manat, Saatlı rayonunda 5,7 min manat, Tovuz rayonunda 6,9 min manat, Lerik rayonunda 2,4 min manat, Yardımlı rayonunda 3,1 min manat, Daşkəsən rayonunda 5,0 min manat, Qobustan rayonunda 5,1 min manat təşkil etmişdir. Belə olan halda bu tip bələdiyyələr hansı yerli məsələrin həllinə nail ola bilər ki?! Onlar faktiki olaraq bir işçinin belə əməkhaqqını ödəməyə qadir deyillər. Bu hal Avropa ölkələri ilə deyil, hətta MDB məkanı dövlətləri ilə müqayisədə olduqca aşağıdır. Daha əyani məlumat üçün qeyd olunmalıdır ki, İstanbul şəhərinin Kartal ilçə bələdiyyəsinin (əhalisi 470 min nəfər) 2021-ci il büdcəsi 543 milyon türk lirəsi (2021-ci ilin əvvəlinə təqribən 78 mln. ABŞ dolları) təşkil etmişdir ki, onun da 60%-ə qədəri mərkəzi vergilərdən ayırmalar hesabına rüblük bölgü əsasında bələdiyyənin hesabına köçürülür. Əhali sayı 130 min nəfər olan qonşu Gürcüstanın Marneuli bələdiyyəsinin 2022-ci il büdcəsinin həcmi təqribən 12.8 milyon ABŞ dolları təşkil edir ki, bu hal bizdə qonşu ölkədə bələdiyyələrin səlahiyyətləri və dövlətin maliyyə yardımları haqda fikir formalaşdıra bilər.
Ona görə də əhalinin yerli özünüidarə sisteminə inamını və bununla dövlətin ölkədaxili sosial-iqtisadi siyasətdə nüfuzunu artırmaq məqsədilə bələdiyyələrin dayanıqlı maliyyə imkanlarının genişləndirilməsi üçün yerli büdcə ayırmalarına yenidən baxılması təklif olunardı. Buna əsas verən hal kimi yerli gəlir mənbələrinin bələdiyyələrdən alınaraq kompensasiya olunmamasını da qeyd etmək olar. Belə ki, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” AR Qanununun 6.4-cü maddəsinə əsasən icra hakimiyyəti orqanlarının qəbul etdiyi qərarlar nəticəsində yerli büdcələrin gəlirlərinin azalması baş verdikdə uyğun azalma məbləğləri bu qərarları qəbul edən orqanlar tərəfindən kompensasiya olunmalıdır. Ancaq fiziki şəxslərə məxsus avtomobil və özüyeriyən təkərli texnikaya görə ödənilən əmlak vergisi, bələdiyyə mülkiyyətində olan torpaqlarda, binalarda və digər obyektlərdə küçə reklamının yayımına görə ödəniş və yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisinin bələdiyyə büdcələrindən alınmasına baxmayaraq, müvafiq orqanlar tərəfindən bələdiyyə gəlirlərinin kompensasiya olunması məsələsinə baxılmamışdır. Nəzərə almaq lazımdır ki, beynəlxalq təcrübədə reklam vergiləri birmənalı şəkildə tam olaraq yerli büdcə gəlirlərinə aid olunur. Azərbaycan Respublikasının dövlət və aşağı səviyyəli büdcələrinin gəlirlər hissəsində isə reklama görə vergi və ya ödənişlər ümumiyyətlə nəzərdə tutulmamışdır.
Demokratik inkişaf yolu tutmuş ölkələrdə müstəqil yerli idarəetmə strukturlarının fəaliyyəti mühüm əhəmiyyət kəsb etməklə, onların dayanıqlı maliyyə vəsaitləri ilə təmin edilməsi bütün əsas götürülür. Avropada, o cümlədən qardaş Türkiyədə bu məqsədlə dövlət büdcəsindən ayırmalar (subvensiya, subsidiya, dotasiya və transfertlər) yerli büdcələrin 30-70%-ni təşkil edir, hətta bəzi ölkələrdə ( Böyük Britaniya, Rumıniya, Bolqarıstan, Estoniya ) 70%-dən yuxarı olur. Azərbaycan Respublikasında isə formalaşdırılan bələdiyyə büdcələrinin maliyyə imkanlarının yerli problemlərin həllinə lazım olan tələbatı ödəyə bilməməsinə baxmayaraq, həyata keçirilən ayırmalar olduqca formal xarakter daşıyır. Belə ki, 2022-ci ildə dövlət büdcəsindən ümumi sayı 1608 olan bələdiyyə büdcələrinə ayrılan dotasiya 5,3 milyon manat və ya dövlət büdcəsinin təqribən 0,02%-i həcmində nəzərdə tutulmuşdur. 2021-ci ildə Azərbaycanda mərkəzi büdcədən ayrılan transfertlərin təsdiq edilmiş yerli büdcələrdə xüsusi çəkisi 11,9% civarında, dövlət büdcəsinin gəlirlərində isə 0,02% təşkil etmişdir (dövlət büdcə gəlirləri – 14,0 mlrd. dollar, bələdiyyələrin büdcə gəlirləri - 31,5 mln. dollar).
2021-ci ilin hesabat məlumatlarına əsasən, Azərbaycan Respublikasında mərkəzi büdcədən yerli büdcələrə ayırmaların inzibati bölgüsünün hansı prinsiplərə uyğun icra edilməsi qeyri-müəyyəndir. Belə ki, əhali sayı 331,4 min nəfər olan Gəncə şəhər bələdiyyələrinə 118,8 min manat dotasiya verildiyi halda, əhali sayı 339,0 min nəfər olan Sumqayıt şəhər bələdiyyələrinə 262,5 min manat (2,2 dəfə çox) dotasiya verilmişdir. Bundan başqa, əhali sayı 215,2 min nəfər olan Abşeron rayon bələdiyyələrinə 60,6 min manat, əhali sayı 229 min nəfər olan Masallı rayon bələdiyyələrinə 87,2 min manat dotasiya verildiyi halda, əhali sayı 137,5 min nəfər olan Ağcabədi rayon bələdiyyələrinə 280,8 min manat, əhali sayı 100,0 min nəfər olan Beyləqan rayon bələdiyyələrinə 75,3 min manat dotasiya verilmişdir.
Statistik məlumatlara əsasən, dövlət büdcəsindən bələdiyyələrə ayırmalar 2021-ci ildə 6169,0 min manat təşkil etmişdir. Ölkə üzrə əhali sayının 10070 min nəfər (1608 bələdiyyə) olmasını nəzərə alsaq, yerli büdcələrdə adambaşına maliyyə yardımı 0,6 manat olur. Ancaq faktiki inzibati rayonlar üzrə dövlət büdcəsindən bələdiyyələrə verilən maliyyə yardımları müqayisəli şəkildə kəskin fərqlənmə ilə həyata keçirilmişdir. Belə ki, maliyyə yardımının adambaşına həcmi Abşeron rayonu üzrə 0,28 manat, Gəncə şəhəri üzrə 0,35 manat, Masallı rayonu üzrə 0,38 manat, Bakı şəhəri üzrə 0,43 manat, Sabirabad rayonu üzrə 0,5 manat olduğu halda, Ağcabədi rayonu üzrə 2,1 manat, Naxçıvan MR üzrə 0,78 manat, Sumqayıt şəhəri üzrə 0,76 manat, Beyləqan rayonu üzrə 0,75 manat, Qax rayonu üzrə 0,71 manat təşkil etmişdir.
Bütün bu sadalananlar imkan verir ki, dövlət büdcəsindən bələdiyyə ayırmalarının xüsusi çəkisi 0,3-0,5% həddinə qaldırılsın. Bu məqsədlə pilot layihə prinsipinə uyğun əhali sayına müvafiq aparılan ayırmaların subvenstlik təyinatları dəqiqləşdirilməli və proseslər müvafiq dövlət orqanları ilə vətəndaşların iştirakının qarşılıqlı şəffaflığı çərçivəsində aparılmalıdır. Plan ili üçün sakinlərin iştirakı ilə hazırlanmış layihələr müvafiq əlaqədar orqanlara təqdim olunmalı, hesabatlılıq ciddiləşdirilməlidir.
Yerli büdcələrin icrası prosesinin tənzimlənməməsi bələdiyyələrdə mədaxil və məxaric üzrə hesabat göstəricilərinin kəskin fərqlənməsinə gətirib çıxarmışdır. Belə ki, 2021-ci ilin yekununa görə, ümumui daxilolmalarda fiziki şəxslərdən yığılan torpaq və əmlak vergilərinin xüsusi çəkisi Bakı şəhərində 75,3%, Gəncə şəhərində 39,9%, Sumqayıt şəhərində 14,4%, Zaqatala rayonunda 38,5%, Xaçmaz rayonunda 41,8%, Ucar rayonunda 52,7%, Masallı rayonunda 16,9%, Cəlilabad rayonunda 20%, Sabirabad rayonunda 20,9%, İmişli rayonunda 8,5% təşkil etmişdir. Digər bir yanaşma ilə götürsək, fiziki şəxslərdən yığılan torpaq vergisinin həcmi Gəncə şəhərində (əhali sayı 335,8 min nəfər) 130,9 min manat, Sumqayıt şəhərində (əhali sayı 346,4 min nəfər) 88,2 min manat, Xaçmaz rayonunda (əhali sayı 181,2 min nəfər) 304 min manat, Qusar rayonunda (əhali sayı 99,7 min nəfər) 193,1 min manat, Şəmkir rayonunda (əhali sayı 220,7 min nəfər) 109,6 min manat, Saatlı rayonunda (əhali sayı 110,0 min nəfər) 40,1 min manat, Masallı rayonunda (əhali sayı 229,0 min nəfər) 34,4 min manat, Cəlilabad rayonunda (əhali sayı 227,6 min nəfər) 26,7 min manat, Lerik rayonunda (əhali sayı 86,6 min nəfər) 1,0 min manat təşkil etmişdir. Nümunələr göstərir ki, yerli büdcələrin inzibati rayonlar üzrə fərqli icralarının heç bir məntiqi izahı yoxdır. Belə ki, əhali sayı 99,7 min nəfər olan Qusar rayon bələdiyyələri fiziki şəxslərdən 193,1 min manat torpaq vergisi topladığı halda, əhali sayı 220,7 min nəfər olan Şəmkir rayon bələdiyyələrinin fiziki şəxslərdən 193,1 min manat, əhali sayı 229,0 min nəfər olan Masallı rayon bələdiyyələrinin 34,4 min manat və əhali sayı 227,6 min nəfər olan Cəlilabad rayon bələdiyyələrinin 26,7 min manat torpaq vergisi toplaması yerli büdcələrin tənzimlənməməsinin və büdcələrin ədalətlilik prinsiplərinin pozulmasının əyani göstəricisidir.

Yerli büdcələrin tənzimlənməməsi onların regionlar üzrə icrası prosesində özünü qabarıq şəkildə göstərir. Belə ki, 2021-ci ilin hesabat məlumatlarına əsasən, yerli büdcə daxilolmalarında yerli vergilərin xüsusi çəkisi Bakı şəhərində 75,5% (8718,9 min manat), Gəncə şəhərində 40,4% (506,4 min man.), Balakən rayonunda 46,2% (316,1 min manat), Xaçmaz rayonunda 43,0%, (501,9 min manat), Lənkəran rayonunda 45,0% (162,5 min manat) təşkil etməsinə baxmayaraq, Sumqayıt şəhərində 14,4% (268,2 min manat), Masallı rayonunda 16,9% (82,9 min manat), Sabirabad rayonunda 20,9% (162,5 min manat), Bərdə rayonunda cəmi 17,3% (167,2 min manat) təşkil etmişdir. Qeyd olunanlar bələdiyyə sistemində maariflənmənin aşağı olması, büdcə tənzimlənməsi prosesinin olmaması kimi amillərlə əsaslandırıla bilər. Təsəvvür edin ki, əhali sayı (bələdiyyə sayı hər ikisində 3) təqribən eynilik təşkil edən Gəncə və Sumqayıt şəhərlərinin yerli büdcə gəlirlərində vergi payı müvafiq olaraq 40,4% (cəmi daxilolma 1253,2 min manat, o cümlədən vergilər 506,4 min manat) və 14,4% (cəmi daxilolma 1860,0 min manat, o cümlədən vergilər 268,2 min manat) təşkil etmişdir.
Vətəndaşlara bələdiyyələr tərəfindən sosial xidmətlərin səviyyəsinin daha əyani görülməsi məqsədi ilə adambaşına düşən xərclərin miqyasına nəzər salmaq daha doğru olardı. Ölkəmizdə bu göstərici regionlar üzrə kəskin fərqlənməklə heç bir məntiqi izaha əsaslanmır. Belə ki, adambaşına düşən yerli büdcə xərcləri Qəbələ rayonu üzrə 6,53 manat, Xaçmaz rayonu üzrə 6,88 manat, Bərdə rayonu üzrə 4,58 manat, Sumqayıt şəhəri üzrə 5,43 manat təşkil etdiyi halda, Gəncə şəhəri üzrə 3,59 manat, Ağstafa rayonu üzrə 2,37 manat, Astara rayonu üzrə 1,78 manat, Lənkəran rayonu üzrə 1,75 manat, Kürdəmir rayonu üzrə 2,0 manat, Saatlı rayonu üzrə 1,85 manat və Lerik rayonu üzrə cəmi 0,55 manat təşkil etmişdir. Büdcə prinsiplərinin pozulması şəraitində Lerik rayonunda yaşayan ölkə vətəndaşına göstərilən yerli büdcə xidmətinin Xaçmaz rayon sakinindən 12,5 dəfə az olmasının səbəblərini təhlil edərək konkret tədbirlər görülməsi olduqca vacib məsələdir. Müqayisə üçün qeyd olunmalıdır ki, toplam bələdiyyə büdcələrinin adambaşına düşən xərcləri Türkiyədə 350 ABŞ dolları, Gürcüstanda 165 ABŞ dolları, Azərbaycanda isə cəmi 2,4 ABŞ dolları təşkil edir. Dövlətin icmal büdcə xərclərində isə bələdiyyə xərclərinin hər 1000 ABŞ dollarında xüsusi çəkisi uyğun olaraq Türkiyədə 150 ABŞ dolları, Gürcüstanda 170 ABŞ dolları, Azərbaycanda isə ortalama cəmi 1,5 ABŞ dolları təşkil edir.
Yerli büdcələrin vahid demokratik mərkəzdən büdcə hüquqları qorunmaqla tənzimlənməsinin vacibliyini göstərən digər bir amil yerli büdcə xərclərində bələdiyyə orqanlarının saxlanılması xərclərinin xüsusi çəkisinin kəskin fərqlənməsidir. 2021-ci ilin statistik məlumatlarına görə, bu göstərici Şəmkir rayonunda 84,7% (bir bələdiyyənin saxlanılması xərci 14,8 min manat), Gəncə şəhərində 76% (bir bələdiyyənin saxlanılması xərci 305,5 min manat), Sumqayıt şəhərində 28,3% (bir bələdiyyənin saxlanılması xərci 177,2 min manat), Yevlax rayonunda 82,3% (bir bələdiyyənin saxlanılması xərci 12,8 min manat), Salyan rayonunda 52,3% (bir bələdiyyənin saxlanılması xərci 13,9 min manat), Bərdə rayonunda 99,2% (bir bələdiyyənin saxlanılması xərci 9,3 min manat), Ağdaş rayonunda 96,4% (bir bələdiyyənin saxlanılması xərci 14,1 min manat), Qəbələ rayonunda 51,9% (bir bələdiyyənin saxlanılması xərci 12,7 min manat) təşkil etmişdir. Göründüyü kimi, obyektiv və subyektiv səbəblərdən yerli büdcə vəsaitlərinin böyük hissəsini bələdiyyə orqanının saxlanılmasına yönəldən bələdiyyələr yerli məsələlərin həllini maliyyə imkansızlığı səbəbindən həyata keçirmirlər. Bir bələdiyyə orqanının saxlanılmasına sərf edilən büdcə vəsaitləri arasındakı fərq isə on dəfələrlə ölçülür. Sadalanan amillər imkan verir ki, dövlət büdcəsindən bələdiyyə ayırmalarının xüsusi çəkisi 0,3-0,5% həddinə qaldırılsın. Bu məqsədlə pilot layihə prinsipinə uyğun əhali sayına müvafiq aparılan ayırmaların subvenstlik təyinatları dəqiqləşdirilməli və proseslər müvafiq dövlət orqanları ilə vətəndaşların iştirakının qarşılıqlı şəffaflığı çərçivəsində aparılmalıdır. Plan ili üçün sakinlərin iştirakı ilə hazırlanmış layihələr müvafiq əlaqədar orqanlara təqdim olunmalı, hesabatlılıq ciddiləşdirilməlidir.
Yerli idarəetmədə həlli tələb olunan digər məsələ uzun illər yerli büdcəyə aid edilən vergilərin dəyişilməz qalmasıdır. Bələdiyyə maliyyəsinin əsasını təşkil edən fiziki şəxslərdən torpaq vergisinin dərəcəsi nəinki Avropa ölkələri və qardaş Türkiyədən, hətta MDB məkanı dövlətlərinin müvafiq vergi dərəcələrindən dəfələrlə aşağıdır. Təsəvvür edin ki, paytaxt Bakı şəhərinin mərkəzində 200 kvm. həyətyanı sahəsi olan fiziki şəxs illik 1,2 manat (illik 100 kvm. - 60 qəpik) torpaq vergisi (ayda 10 qəpik) ödəyir. Rayon tabeliyində olan şəhər, qəsəbə və kəndlərdə isə 1200 kvm. (12 sot) həyətyanı sahəsi olan fiziki şəxs də həmçinin illik 1,2 manat torpaq vergisi (100kvm. - 10 qəpik) ödəyir. Həmçinin nəzərə alınmalıdır ki, diferensiallaşması zəruri olan torpaq vergisi dəyəri on dəfələrlə fərqli olan Bakı şəhərinin mərkəzi ilə ətrafında eyni dərəcə ilə hesablanılır. Bu baxımdan fiziki şəxslərdən torpaq vergisi dərəcələrinə diferensiallaşma tətbiq olunmaqla yenidən baxılması bələdiyyələrin gəlir mənbələrinin artırılması istiqamətində mühüm addım ola bilər.Müqayisə üçün diqqətinizə çatdıraq ki, Türkiyənin İstanbul şəhərinin Kartal bələdiyyəsində illik torpaq vergisinin ortalama dərəcəsi hər 100 kvm. üçün təqribən 100 ABŞ dolları təşkil edir.
O da qeyd olunmalıdır ki, dünya təcrübəsində yerli idarəetmə orqanlarının büdcələrinə aid edilən vergi və digər daxilolmalar yerli əhəmiyyətli vergi və rüsumları özündə birləşdirməklə daha əhatəlidir. Belə ki, buraya əmlak, torpaq, reklam və mədən vergiləri bütöv şəkildə, həmçnin avtomobil vergisi, ev heyvanlarının saxlanmasına görə vergi, ov və əyləncə tədbirlərinə görə vergi, bir neçə mənzilə sahib olmağa görə vergi, tikinti və mirasdan vergi və s. daxildir. Ödənişlərə gəlincə, bura yanacaq və spirtli içkilərin aksizinə görə, ticarətə görə, mehmanxana, sanatoriya və istixanaların açılmasına görə, avtomobil parklamalarına görə ödənişlər, cərimələr və sənədləşmə rüsumları və sair aiddir. Qeyd etmək lazımdır ki, bizdə bu ödənişlərin bir çoxu heç bir büdcə gəlirlərinə aid edilməməklə, dövlət idarəetmə strukturundan kənar formalaşdırılan departamentlərin (saxlanılmasına) və ya müvafiq nazirliklərin büdcədənkənar tədbirlərinə yönəldilir. Göstərilən vergi bazalarının büdcəyə daxil edilməsi səviyyəsindən asılı olmayaraq, ölkədə büdcələrin maliyyə imkanlarını xeyli artırmış olar.
Qeyd olunan və digər məsələlərin təxirə salınmadan həlli ölkəmizdə demokratik cəmiyyətin dinamik quruculuğuna böyük töhfə verə bilər. Odur ki, yerli idarəetmənin demokratik inkişaf tələblərinə cavab verməsi üçün qanunvericilik və icra orqanlarının dəstəyi ilə sistemli və davamlı tədbirlərin həyata keçirilməsi vacibdir. Ölkəmizin bələdiyyə sisteminin inkişafında islahat xarakterli tədbirlərin kompleks xarakterli olması günün tələbidir.

 

 

Binəqədi bələdiyyəsinin
sədri: Mürsəl Eminov

İqtisadçılar İttifaqının
eksperti: Saleh Məmmədov