MƏQALƏLƏR

Akademik Ziyad SƏMƏDZADƏ "Böyük qayıdış" proqramı müstəqil Azərbaycanın əbədi yüksəlişinin təcəssümüdür

  • 22.12.2022

“2003-cü ildən - Prezident vəzifəsinə ilk dəfə seçiləndən bu günə qədər xalqın dəstəyini hiss edirəm. Bu dəstək mənə güc verir. Bu dəstək iradəmi möhkəmləndirir. Bu dəstək nəticəsində biz hamımız – bütün Azərbaycan xalqı böyük tarixi uğurlara imza atmışıq”.

Prezident İlham ƏLİYEV

 


 

Bu gün yeni reallıqlar qarşıya qoyulmuş strateji hədəflərin gerçəkləşməsini diktə edir. Azərbaycan Prezidentinin 2022-ci il 22 iyun tarixli “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda əksini tapmış “İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış” Milli Prioritetinin icrasının təmin edilməsi məqsədilə dövlət başçısının 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” təsdiq edilmişdir. Bu proqramda mütərəqqi beynəlxalq təcrübə, qlobal iqtisadiyyatda müasir çağırışlar, işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi potensialı nəzərə alınmışdır. I Dövlət Proqramının əhatə dairəsini Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil olan ərazilər təşkil edir. Müsahibimiz akademik Ziyad Səmədzadədir.

- Ziyad müəllim, Azərbaycan xalqının tarix salnaməsinə əbədi həkk olunan Zəfər Günündən iki ildən artıq vaxt keçir. 30 il düşmən tapdağı altında qalan yurd yerlərimizin üstündən qara buludlar çəkilib, çəmənliklərin üzü gülüb, çiçəklərin ətri, rayihəsi özünə qayıdıb, meşələrin, çayların, çeşmələrin ahəngi, dağların vüqarı dəyişib. Bir tərəfdən də, tikinti-quruculuq işləri böyük vüsət alıb. Bizlər üçün bundan xoşbəxt aylar, illər olarmı?
- İlk növbədə, Azərbaycan Res­publikasının Prezidenti, mü­zəffər Ali Baş Komandan İlham Əliyevi ad günü müna­sibətilə təbrik dir, ona möhkəm cansağlığı arzulayır, doğma vətənimizin çiçəklənməsi naminə apardığı işlərdə uğurlar diləyirəm. Vətən müharibəsini qələbə ilə başa vuran Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Bu zəfər xalqımızın şərəf və qəhrəmanlıq salnaməsi oldu, tarixə milli qürurumuzun təntənəsi kimi həkk olundu. 44 gün davam edən döyüşlər və qazanılan möhtəşəm qələbə Prezident İlham Əliyevin yenilməz qətiyyətini, Ali Baş Komandanı olduğu ordumuzun qüdrətini və xalqımızın milli birliyini bütün dünyaya nümayiş etdirdi. Azərbaycan Ordusu torpaqlarımızı azad etdikcə bütün dünya erməni vəhşiliyinin şahidi oldu. Kənd və şəhərlərimizin 30 il davam edən işğalı dövründə dağıdılması hər birimizi göynətdi. İşğaldan azad edilmiş bütün ərazilərimiz erməni vandallığının qurbanı olub, şəhər və kəndlərimiz viran qoyulub, xalqımıza və dövlətimizə qarşı cinayət törədilib. Ağdam, Cəbrayıl, Füzuli şəhərlərindən, azad olunan rayonların demək olar ki, əksər kəndlərindən əsər-əlamət qalmayıb. Tarixi abidələrimizə, milli-mədəni irsimizə, mənəvi dəyərlərimizə, təbiətimizə qəsd edilib.
Prezident İlham Əliyev işğaldan azad olunmuş rayonlara ilk səfəri zamanı bu barədə ürək­ağrısı ilə söz açaraq bu torpaqlardan sanki bir vəhşi qəbilənin keçdiyini bildirdi: “…Yol boyunca dağıdılmış kəndləri və Füzuli şəhərini dağılmış vəziyyətdə görəndə adamın ürəyi ağrıyır. Vəhşilər bizim şəhərimizi nə günə salıblar?! Dağıdıblar, evləri dağıdıblar, bütün infrastrukturu dağıdıblar, bir dənə də salamat bina yoxdur. Bütün dünya görməlidir erməni vəhşiliyi nə deməkdir və bütün dünyaya biz bunu göstərəcəyik. Təkcə Füzuli yox, Ağdam şəhəri nə gündədir, başqa şəhərlər. Sanki bu torpaqlardan bir vəhşi qəbilə keçib. Hər şeyi dağıdıb, talan edib, bizim mədəni, tarixi, dini irsimizi silmək istəyib, ancaq istədiyinə nail ola bilməyib”.
Cəbrayıla, Füzuliyə, Zəngilana, Qubadlıya, Ağdama doğru uzanan yollarda Mehriban Əliyevanın etdiyi çəkilişlər bu həqiqətləri bütün dünyaya nümayiş etdirdi. Bəli, biz işğalçı, terrorçu düşmənlə yox, həm də vandallarla, vəhşilərlə üz-üzə qalmışdıq. Tarixdən də bəllidir, bütün müharibələr zamanı yaşayış məskənlərini, maddi mədəniyyət nümunələrini dağıdanlar yalnız və yalnız mədəni inkişafdan geri qalan, yırtıcı şüur və təfəkkürə malik barbarlar olublar.
İşğal olunmuş torpaqların azad olunması uğrunda savaşdan qalib çıxan Azərbaycan dövlətinin qarşısındakı ilk missiya otuz ilə yaxın erməni vandallarının vəhşilikləri nəticəsində dağıdılmış ərazilərimizin yenidən qurulması və bərpasıdır. Çünki illərdir ki, doğma el-oba nisgili ilə yaşayan keçmiş məcburi köçkünlər doğma yurdlarına qayıdacaqları günü səbirsizliklə gözləyirlər.
Heç təsadüfi deyildir ki, tarixi Zəfərdən sonra Prezident İlham Əliyev tərəfindən Qarabağın və Şərqi Zəngəzurun bərpası və dirçəlişi milli prioritet elan edilib. Bundan irəli gələrək Azərbaycan hökuməti azad olunmuş ərazilərin bərpası və yol-nəqliyyat, sosial və istehsal infrastrukturunun yaradılması strateji məqsəd kimi müəyyən olunub. Qarabağın və Şərqi Zəngəzurun kənd və şəhərlərinin yenidən qurulması, insanların öz doğma yurdlarına qayıdışı, burada məşğulluğun təmin edilməsi və yeni istehsal sahələrinin yaradılması üçün, ilk növbədə tələblərə cavab verən infrastruktur mövcud olmalıdır.
Sosial-iqtisadi inkişafı və yüksəlişi şərtləndirən əsas amillərdən biri hər bir sahə üzrə mükəmməl infrastrukturun yaradılmasıdır. Cənab Prezident İlham Əliyev davamlı yüksəlişin, tərəqqinin yolunu digər amillərlə yanaşı, infrastrukturun müasirləşməsində, bu sahədə beynəlxalq standartların tətbiqində görür. Təsadüfi deyil ki, 2004-cü ildən sonra regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları təsdiq olunarkən qarşıya qoyulan prioritet vəzifələrdən biri infrastrukturun bərpası və yeniləşdirilməsi olmuşdur.
- “Böyük Qayıdış” Dövlət Proqramında önə çıxarılan mühüm vəzifələrdən biri işğal edilmiş ərazilərin yenidən qurulması, bərpası, dayanıqlı infrastrukturun və əhalinin yüksək həyat səviyyəsinin təmin olunması üçün zəruri tədbirlərin görülməsidir. Bu xüsusda kəndləri, şəhərləri, yaşayış məntəqələrini, Naxçıvan MR-i bir-biri ilə bağlayan avtomobil yolları və dəmiryol şəbəkəsinin tikintisi böyük önəm daşıyır. Çox mürəkkəb relyefdə aparılan və böyük maliyyə vəsaiti tələb edən yol-nəqliyyat-logistika layihələrinin reallaşması prosesi barədə nə demək istərdiniz?
- 2020-ci ilin oktyabr-noyabr aylarından başlayaraq Qarabağ və Şərqi Zəngəzurda başlanan bərpa və yenidənqurma işləri, ilk növbədə infrastruktur sahələrini əhatə etdi. Hazırda işğaldan azad edilmiş ərazilərimizdə yol-nəqliyyat, enerji və su infrastrukturunun bərpası paralel şəkildə həyata keçirilir.
Qarabağın dirçəlişinə aparan “Böyük Qayıdış” proqramının əsas mərhələlərindən biri də işğaldan azad olunmuş ərazilərdə yeni yol-nəqliyyat infrastrukturunun yaradılma­sıdır. Çünki yol inkişaf deməkdir və yollar olmadan heç bir şəhərin və rayonun, kənd və qəsəbənin bərpasını və gələcəkdə sosial iqtisadi inkişafını təmin etmək mümkün deyil. Hazırda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bərpaolunan və yeni salınan avtomobil yollarının uzunluğu 700 kilometrə yaxındır. Əsas məqamlardan biri odur ki, indi işğaldan azad olunmuş ərazilərdə hətta sovet dövründə olmamış marşrutlarda yeni yollar salınır.
Müasir qloballaşma dövründə hər bir dövlətin iqtisadi potensialı, gücü və qüdrəti həm də onun malik olduğu nəqliyyat-kommunikasiya kompleksinin inkişaf səviyyəsi ilə ölçülür. Geniş və çoxşaxəli, mükəmməl infrastruktura malik, dövrün tələblərinə cavab verən avtomobil yolları şəbəkəsinə malik olmayan hansısa dövlətin dinamik inkişafından söz açmaq qeyri-mümkündür. Bu reallığı düzgün dəyərləndirən Azərbaycan Prezidenti İlham Əliyev respublikanın əlverişli geostrateji mövqeyini, eləcə də beynəlxalq əhəmiyyətli magistral xətlərin kəsişdiyi əlverişli coğrafi məkanda yerləşdiyini nəzərə alaraq, işğaldan azad olunmuş ərazilərdə yol-nəqliyyat sisteminin tamamilə yenidən qurulmasını və yeni yaranmış Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının respublikamızın nəqliyyat sisteminə qovuşmasını iqtisadi inkişaf strategiyasının mühüm istiqamətlərindən biri kimi müəyyənləşdirmişdir.
Azərbaycanda avtomobil yolları şəbəkəsinin əsaslı təmiri, bərpası və yenidənqurulması istiqamətində həyata keçirilən kompleks tədbirlər bütövlükdə respublikamızın artan iqtisadi imkanları ilə şərtlənir. Respublikamızda ötən 18 ildəuğurla gerçəkləşdirilən sosial-iqtisadi inkişaf strategiyasının səmərəli nəticəsi, büdcə vəsaitlərinin ildən-ilə artması ölkə rəhbərliyinə bu sahədə bir sıra vacib problemlərin həlli istiqamətində ardıcıl və sistemli tədbirlər həyata keçirməyə imkan vermişdir.
Yol-nəqliyyat sisteminin, avtomobil yolları şəbəkəsinin təkmilləşdirilməsi bütövlükdə müasir Azərbaycanın iqtisadi tərəqqisini - sahibkarlığın, turizmin, kənd təsərrüfatının, sosial infrastrukturun, eləcə də mədəni mühitin inkişafını şərtləndirdiyindən bu sahəyə dövlət büdcəsində nəzərdə tutulmuş investisiyaların ildən-ilə artımını da təbii saymaq olar.
İnkişafının keyfiyyətcə yeni mərhələsini yaşayan respublikamızın avtomobil yolları şəbəkəsini müasir tələb və standartlara uyğunlaşdırmadan digər strateji sahələrdə davamlı uğurlar qazanması qeyri-mümkündür. Azərbaycanın Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən geostrateji əhəmiyyətli beynəlxalq magistralların kəsişdiyi bir coğrafi məkanda yerləşdiyini nəzərə aldıqda məsələnin aktuallığı bir qədər də artır.
İşğaldan azad edilmiş ərazilərdə tikilən avtomobil yolları bunlardır: Zəfər yolu (101 km), Əhmədbəyli-Füzuli-Şuşa yolu (84,6 km), Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi, Hadrut-Cəbrayıl-Şükürbəyli (43 km) və Füzuli-Hadrut yolları (13 km), Xudafərin-Qubadlı-Laçın (66 km) və Xanlıq-Qubadlı avtomobil yolları (17 km), Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd yolu (123,8 km), Bərdə-Ağdam yolu (45 km), Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu (80,7 km),Kəlbəcər-Laçın yolu (72,8 km), Füzuli-Ağdam yolu (64,8 km).
İşğaldan azad edilmiş ərazilərimizin yol-nəqliyyat infrastrukturunun yenidən qurulması yalnız avtomobil yollarının inşası ilə yekunlaşmır. Bu sahədə həyata keçirilən layihələrin bir qismini də regionda dəmir yolu xətlərinin bərpası və yeni xətlərin çəkilişi təşkil edir. Dəmir yolu ilə yüklərin daşınması iqtisadi baxımdan daha sərfəlidir. Xüsusən logistikanın ucuzlaşdırılması baxımından dəmir yolları şəbəkəsinin yaradılması və köhnə yolların yenidən işlək vəziyyətə gətirilməsinin ciddi əhəmiyyəti var.
Xatırladım ki, Ermənistanın təcavüzü nəticəsində Azərbaycan dəmir yollarının 240,4 km sahəsi işğal altına düşmüşdü. Bura Horadiz-Ordubad sahəsi üzrə 144 km (o cümlədən, Mehri rayonu üzrə 43,4 km), Mincivan-Qafan sahəsi üzrə 39,1 km, Təzəkənd-Xankəndi sahəsi üzrə 51 km, Qazax-Barxudarlı sahəsi üzrə 6,3 km sahə daxildir. İşğal nəticəsində dəmir yolunun təsərrüfatlarına təxminən 45 mln. 60 min dollar məbləğində ziyan dəyib.
2020-ci il noyabrın 24-də Prezident İlham Əliyev “Bərdə-Ağdam dəmir yolu xəttinin layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.
Sərəncama əsasən, işğaldan azad olunmuş ərazilərin bərpası və Ağdam ra-yonunun dayanıqlı sosial-iqtisadi inkişafının təmin edilməsi məqsədilə ümumi uzunluğu 45 kilometr olan Bərdə-Ağdam dəmir yolu xəttinin layihələndirilməsi və tikintisi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsindən vəsait ayrıldı. Bu polad yol 1991-ci ildə Xankəndinin, 1993-cü ildə isə Ağdamın işğal edilməsi ilə doğma qatarlarına, doğma sərnişinlərinə həsrət qalıb. 27 ildir ki, qatarların son dayanacağı Tərtər rayonunun Köçərli stansiyasıdır. Lakin düşmən üzərində qazandığımız qələbə ilə bu yol da aydınlığa çıxıb.
İşğaldan azad olunmuş Azərbaycan ərazilərində həyata keçirilən ən iri yol-nəqliyyat layihələrindən biri Horadiz-Ağbənd dəmir yolu xəttidir. Ümumi uzunluğu 100 kilometr olan bu dəmir yolu xəttinin strateji əhəmiyyəti olduqca böyükdür. Çünki bu nəqliyyat infrastrukturu Azərbaycan vətəndaşlarının azad olunmuş torpaqlara gediş-gəlişinin təminatında əhəmiyyətli rol oynayacaq və ən mühüm məsələ Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa dəmir yolu nəqliyyat əlaqəsinin yaranmasına böyük töhfə verəcək.
- Ziyad müəllim, Füzuli, Zəngilan, Laçın Beynəlxalq Hava Limanlarının tikintisini “Böyük Qayıdış”a güclü təkan verən amil kimi qiymətləndirmək lazımdır. Belə modern, yüksək standartlara cavab verən hava limanlarının ikisinin – Füzuli və Zəngilan Beynəlxalq Hava Limanlarının qısa zaman kəsiyində tikilib istifadəyə verilməsi bütün dünyada Azərbaycan “fenomeni” kimi qəbul olunub. Bu xüsusda sizin düşüncələrinizi bilmək istərdik.
- İşğaldan azad edilmiş Azərbaycan ərazilərində yaradılan nəqliyyat infrastrukturunun bir istiqamətini də yeni hava limanlarının inşası təşkil edir.
Qeyd etmək lazımdır ki, hələ sovet hakimiyyəti illərində bu rayonlarda kiçik hava limanları mövcud olmuş və işğal dövründə hamısı Ermənistan tərəfindən dağıdılmışdır. Qarabağ bölgəsinin əsas hava limanı Xocalıda idi. Ermənilər onu bərpa etsələr də, Azərbaycan dövləti onun istifadəsinə imkan verməmişdir.
Vətən müharibəsində hərbi qələbədən sonra Azərbaycan dövləti avtomobil və dəmir yolları ilə yanaşı Qarabağda yeni hava limanlarının inşasını da ön plana çəkmişdir. Qarabağda tikiləcək hava limanları barədə hələ 2021-ci il yanvarın 6-da 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə çıxış edən dövlət başçısı demişdi. “Mənim göstərişimlə Laçın və ya Kəlbəcər rayonlarının ərazisində müasir beynəlxalq hava limanının tikilməsi üçün yer axtarılır. Düzdür, orada relyef çox çətindir və demək olar ki, ərazilərin mütləq əksəriyyəti dağlıq ərazilərdir. Orada düz yer tapmaq çətindir, amma indi araşdırmalar gedir, ümid edirəm ki, yaxın gələcəkdə mənə məlumat veriləcək. Beləliklə, ya Laçın, ya da Kəlbəcər rayonunda yeni beynəlxalq hava limanı tikiləcək. Füzuli şəhərində isə beynəlxalq hava limanının tikintisinə artıq az vaxt qalıb. Göstəriş verilib, yaxın gələcəkdə artıq inşaat başlanacaq və bu il Füzuli şəhərində, - şəhərdən indi əsər-əlamət qalmayıb, yaxud da ki, o ərazidə beynəlxalq aeroport fəaliyyətə başlayacaq. Bu, həm Qarabağ böl-gəsinin inkişafı üçün lazımdır, çünki bütün növ təyyarələr enə biləcək - həm Füzulidə, həm Kəlbəcər-Laçın zonasında.
Eyni zamanda Şuşaya gəlmək istəyən xarici qonaqlar rahat Füzuliyə enib, oradan avtomobillə Şuşaya gedəcəklər. Aeroportun tikintisi ilə paralel olaraq artıq Füzuli şəhərindən beynəlxalq uçuşların təşkili ilə bağlı ilkin araşdırmalar aparılmalıdır. Beynəlxalq aeroport beynəlxalq uçuşlar təşkil etməlidir”.
2021-ci il yanvarın 14-də Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyevanın iştirakı ilə Füzilidə Füzuli-Şuşa avtomobil yolu ilə yanaşı, Füzuli Beynəlxalq Hava Limanının da təməli qoyuldu. Hava limanının əhəmiyyəti barəsində danışan Prezident İlham Əliyev deyib: “Bu gün yanvarın 14-də Füzuli Beynəlxalq Hava Limanının təməli qoyuldu. Mən hava limanının tikintisi ilə bağlı Azərbaycan xalqına məlumat vermişdim. Bu, azad edilmiş bölgələrimizin inkişafı üçün çox önəmli bir layihədir. Füzuli Beynəlxalq Hava Limanı bu il istifadəyə verilməlidir. Hər halda uçuş-enmə zolağı bu il istifadəyə verilməlidir. Hava limanının binası isə ola bilər bu il, ola bilər gələn il istifadəyə veriləcək. Bu hava limanının əsas məqsədi xarici qonaqların Şuşaya gəlişini təmin etməkdir. Çünki buradan Şuşaya olan məsafə o qədər də böyük deyil. Nəzərə alsaq ki, bu gün Füzuli-Şuşa dördzolaqlı və bəzi yerlərdə altızolaqlı yeni avtomobil yolunun təməli qoyulub, xarici qonaqlar Füzuli Beynəlxalq Hava Limanına gələrək, çox rahat və qısa müddət ərzində Şuşa şəhərinə gedə biləcəklər”.
Qeyd etdiyim kimi, Füzuli şəhərinin işğalından öncə şəhərdə yerli əhəmiyyətli olsa da hava limanı mövcud idi. Onun uçuş zolağı 1600 metr idi. Bu hava limanı da bütün şəhər kimi erməni işğalçıları tərəfindən xarabalığa çevrilmişdi.
Təməli qoyulduqdan sonra hava limanının tikintisi sürətlə aparılmışdır. Tikinti getdiyi ərazi döyüş bölgəsi olduğundan, düşmən tərəfindən minalanmışdı. Bu amil tikintinin sürət tempinə təsir göstərmişdir. Belə ki, tikinti ilə yanaşı, minalardan təmizləmə işi paralel aparılmışdır. Bütün bunlara baxmayaraq, qarşıya qoyulmuş işlər vaxtında yerinə yetirilmişdir. Təməli qoyulduqdan cəmi 9 ay sonra - 2021-ci il sentyabr ayının 5-də Füzulidə ilk təyyarənin səsi eşidildi. Həmin gün Bakıdan havaya qalxan “Qarabağ” adlı “Airbus A340-500” tipli sərnişin təyyarəsi 35 dəqiqə sonra Qarabağın yeni inşa olunmuş ilk hava limanında eniş etdi. Füzuli Beynəlxalq Hava Limanına ilk təyyarənin eniş etməsi torpaqlarımızın işğal-dan azad edilməsinin və Qarabağdakı yenidənqurma işlərinin növbəti təcəssümü oldu. 2021-ci il oktyabrın 26-da isə Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Füzuli Beynəlxalq Hava Limanının açılışı oldu.
2021-ci il aprelin 26-da Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyevanın Cəbrayıl və Zəngilan rayonlarına səfərləri zamanı Zəngilanda Beynəlxalq Hava Limanının təməli qoyuldu. Prezident İlham Əliyev təməlqoyma mərasimində bildirib: “Bu gün Zəngilan Beynəlxalq Hava Limanının təməl daşını qoyduq. Yaxın gələcəkdə Zəngilanda beynəlxalq hava limanı inşa ediləcək. Bu hava limanının uçuş-enmə zolağı üç kilometrə bərabər olacaq. Bu hava limanı bütün növ təyyarələri, o cümlədən ağır yük təyyarələrini qəbul etməyə qadir olacaq.
…Zəngilan rayonunun coğrafi yerləşməsi və burada olan imkanlar təbii ki, Zəngilanı beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevirmək üçün im-kanlar yaradır. Təsadüfi deyil ki, hava limanı məhz Zəngilanda inşa edildi. Çünki coğrafi vəziyyətə baxdıqda hər kəs görə bilər ki, Füzuli, Zəngilan və ondan sonra Laçın rayonunda inşa ediləcək üçüncü beynəlxalq hava limanı bütün Qarabağ və Şərqi Zəngəzur zonasını Zəngilan daxil olmaq şərtilə əhatə edəcək. Buradan dəmir yolu, avtomobil yolu keçəcək, Naxçıvana yol açılacaq. Əlbəttə ki, Zəngilanın gələcək uğurlu sosial-iqtisadi inkişafı üçün bu hava limanının böyük rolu olacaqdır”. Cənab Prezidentin bu arzusu da çin oldu. Zəngilan Hava Limanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə 2022-ci il oktyabrın 20-də açıldı.
2021-ci ilin avqust ayında Laçında Beynəlxalq Hava Limanının təməli qoyuldu. Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən aeroportu olacaq Laçın Beynəlxalq Hava Limanı olduqca mühüm strateji əhəmiyyət daşıyacaq. Bu hava limanı Laçın və Kəlbəcər rayonları ərazisinə hava nəqliyyatı ilə gediş-gəlişi asanlaşdıracaq.
İşğaldan azad edilmiş ərazilərdə hava limanlarının tikintisi, ilk növbədə bu ərazilərdə infrastrukturun daha sürətli inkişafına, yaşayış məntəqələrinin dirçəlməsinə və onların genişlənməsinə kömək edəcək. Bununla yanaşı, Qarabağın işğaldan azad edilməsindən sonra sürətlə aparılan bu infrastruktur layihələri geosiyasi və geoiqtisadi baxımdan Azərbaycanın nüfuzunu artırmaqdadır. Buna görə postkonfilikt dövründə bu limanların rolu çox böyük olacaq. Bütövlükdə isə iqtisadi qiymətləndirmələr göstərir ki, işğaldan azad olunan ərazilərimizdə 3 hava limanının fəaliyyət göstərməsi iqtisadi baxımdan səmərəli olacaq. Ən başlıcası, nəqliyyat və logistika baxımından bu limanlar strateji əhəmiyyət daşıyırlar. Eyni zamanda onlar turizmin, aqrobiznesin, kənd təsərrüfatının inkişafına müsbət təsirini göstərəcək.
Azərbaycan dövləti Qarabağa yeni həyat bəxş edir və Qarabağ sürətlə dirçəlir. Bu siyasətin tərkib hissəsi kimi işğaldan azad olunmuş torpaqlarımızın yol-nəqliyyat infrastrukturu da yenidən qurulur, bərpa edilir. Düşmənin illər boyu vurduğu yaraların hamısı sağalacaqdır. Prezident İlham Əliyevin xüsusi qayğısı və qətiyyəti nəticəsində işğaldan azad olunmuş torpaqlara yeni nəfəs gələcək və Qarabağ nəinki əvvəlki şöhrətini bərpa edəcək, həm də ölkəmizin əsas iqtisadi və turizm bölgələrindən birinə çevriləcək.
- Müsahibəyə görə təşəkkür edirəm. “Böyük Qayıdış”a doğru müqəddəs və şanlı bir yola çıxmışıq. Hələ başlanğıcdayıq. Bundan sonra sizinlə sevinc dolu, qələbə müjdəli müsahibələrimiz çox olacaq. Tanrı sizləri, bizləri və bütöv Azərbaycanı qorusun!

Müsahibəni apardı:
Zülfü İlyasov, “İqtisadiyyat” qəzetinin xüsusi müxbiri