MƏQALƏLƏR

Zülfü İLYASOV: Qeyri-neft sektorunun inkişafı zəncirində aqrar sahə mühüm yer tutur

  • 12.01.2023

Bu gün dünyada ərzaq qıtlığı problemləri yaşanır. Xüsusilə də taxıl qıtlığı səbəbindən iqtisadi cəhətdən zəif inkişaf etmiş ölkələrdə bu, daha qabarıq şəkildə özünü göstərir. Ərzaq təhlükəsizliyi problemi ölkəmizdə də ən çox diqqət ayrılan məsələlər sırasındadır. Milli Məclisdə qəbul olunmuş “Azərbaycanın 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsində dövlət büdcəsinin gəlirləri ölkə tarixinin ən yüksək göstəricisi olmaqla, 2022-ci illə müqayisədə 5,2 faiz, 2021-ci illə müqayisədə isə 16,4 faiz çoxdur. Növbəti ilin büdcəsində aqrar sahəyə ayrılan vəsait ötən illərə nisbətən xeyli artırılıb. Ərzaq təhlükəsizliyinin etibarlı və dayanıqlı təminatı, büdcə resurslarının artırılması, aqrar bölmənin stimullaşdırılması, kənd təsərrüfatının aparıcı sahələrinin inkişaf etdirilməsi üçün 2023-cü ilin dövlət büdcəsindən 1,2 milyard manat məbləğində vəsait ayrılması nəzərdə tutulmuşdur. Bu da 2022-ci illə müqayisədə 20,5 faiz, 2021-ci illə müqayisədə isə 32 faiz çoxdur. Hər şeydən öncə, qeyd etmək lazımdır ki, Azərbaycanda kənd təsərrüfatının inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Yaxın tarixi keçmişimizə nəzər salsaq, görərik ki, Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dönəmi ərəfəsində, 60-cı illərin sonunda respublikada bütün sahələr, o cümlədən aqrar sahə bərbad vəziyyətdə idi. Bəzi rəqəmləri diqqətə çatdıraq: 1969-cu ildə ölkə üzrə 299 min ton pambıq, 272 min ton üzüm tədarük olunmuşdu. Ulu öndər Azərbaycana rəhbər təyin olunduqdan sonra bu sahədə əsaslı dönüş yarandı. 10-15 il ərzində qeyd edilən məhsulların hər birinin istehsalı bir milyon tonu ötüb keçdi. Müstəqilliyimizin ilk illəri yaxşı yadımızdadır. Ölkədə baş verən hərc-mərclik, xaos və talançılıq bütün sahələr kimi, kənd təsərrüfatını da iflic vəziyyətə saldı. Respublikada kəskin ərzaq qıtlığı yarandı. Xalqın təkidli tələbi ilə ikinci dəfə ölkə rəhbərliyinə gətirilən Heydər Əliyev parlaq zəkası, praqmatik düşüncəsi sayəsində digər başqa sahələrdə olduğu kimi, kənd təsərrüfatında da dönüş yaratdı. Onun aqrar sahənin inkişafındakı ən böyük xidmətlərindən biri ölkədə aqrar islahatların aparılması oldu. Bu islahatlar nəticəsində torpaqlar əvəzsiz olaraq kəndlilərə paylandı. Məhsul istehsalı, tədarükü və satışı üçün heç bir məhdudiyyət qoyulmadı. Hər bir təsərrüfat subyekti torpaqdan sərbəst və istədiyi kimi istifadə etməyə başladı. Bununla da aqrar bölmədə bazar iqtisadiyyatı prinsiplərinə uyğun münasibətlər formalaşdı. Hazırda cənab Prezident İlham Əliyevin qarşıya qoyduğu strateji hədəflər sırasında qeyri-neft sektorunun, o cümlədən aqrar bölmənin inkişafı ön mövqedə dayanır. Məhz belə yanaşmanın nəticəsidir ki, Azərbaycan istər qlobal iqtisadi və maliyyə böhranı, eləcə də pandemiya şəraitində vəziyyətdən az itkilərlə çıxa bildi.
Pambıqçılığın, tütünçülüyün, fındıqçılığın, baramaçılığın inkişafı ilə bağlı dövlət proqramları təsdiqləndi. Rayonlarda aqroparkların yaradılması ilə bağlı qanun qəbul edildi. Qısa zaman kəsiyində intensiv heyvandarlıq, bitkiçilik və bağçılığa əsaslanan 30-dan çox aqrar sənaye kompleksi tikilib istifadəyə verildi və bu sahədə işlər davam etdirilir. Bir neçə il öncə pambıq istehsalı yox dərəcəsinə düşmüşdü. Amma indi vəziyyət tamamilə dəyişib. 2022-ci ildə respublika üzrə 300 min tondan çox pambıq tədarük edilib. Bu da 2021-ci illə müqayisədə 10 faiz çoxdur. Eləcə də üzümçülükdə, heyvandarlıqda, bitkiçilikdə yüksək dinamika qorunub saxlanılıb. 2022-ci ildə kənd təsərrüfatında ümumilikdə 3,2 faiz artım qeydə alınıb. Azərbaycan ət və ət məhsulları ilə özünü təmin edə bilir. Yaxın illərdə taxılçılıqda da daxili məhsulun artırılması hesabına idxaldan asılılıq azaldılacaq.
Kənd təsərrüfatına ayrılan xərclər ildən-ilə artırılır. 2023-cü ilin dövlət büdcəsində aqrar sahənin inkişafına ayrılan vəsait 1,2 milyard manat təşkil edir ki, bu da əvvəlki illə müqayisədə 20,5 faiz çoxdur. O cümlədən, suvarma sistemlərinin bərpasına və yenidən qurulmasına, digər meliorativ tədbirlərin aparılmasına 465 milyon 832 min manatdan çox, baytarlıq işlərinə 47 milyondan artıq vəsait yönəldilib.
Taxılçılıq sahəsində də vəziy­yətinin yaxşılaşdırılması istiqamətində mühüm işlər görü­lür. 2021-ci ildə işğaldan azad edilmiş ərazilərdə 50 min hek­tar taxıl əkilmişdir. Hazırda ərazilərin minalardan təmizlənməsi davam edir.
Bu il həmin ərazilərdə 100 min hektarda taxıl əkini nəzərdə tutulur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təsdiqlədiyi “Böyük Qayıdış” Proqramı aqrar sahənin inkişafında mühüm əhəmiyyət kəsb edir. İşğaldan azad edilmiş ərazilərdə su anbarlarının bərpa edilməsi və yenidən qurulması, digər tədbirlərin görülməsi kənd təsərrüfatının artan dinamika üzrə inkişafına etibarlı təminat yaradacaq. Artıq heyvandarlıq və arıçılıqla məşğul olan fermerlər həmin ərazilərdə fəaliyyətə başlamışlar. Yaxın illərdə Şərqi Zəngəzur və Qarabağ iqtisadi zonalarının bütün ərazilərində kənd təsərrüfatında yüksək inkişafın və yüksəlişin şahidi olacağıq.
İşğaldan azad edilmiş ərazilərdə yeni torpaqlar əkin dövriyyəsinə cəlb olunacaq, çoxçeşidli kənd təsərrüfatı məhsulları istehsal edilməklə ölkənin ərzaq təminatında və ixrac potensialında ciddi irəliləyişlər baş verəcəkdir. Dünyada ərzaq və qeyri-ərzaq məhsullarının qiymətlərinin artması ilə bağlı qabaqlayıcı tədbirlər görülür və bu məqsədlə dövlət büdcəsindən 625,2 milyon manat vəsait ayrılmışdır ki, bu da 2021-ci ildəkinə nisbətən 38,6 faiz çoxdur. Bütün bu deyilənlər ölkəmizdə kənd təsərrüfatının inkişafı sahəsində nikbin proqnozlar söyləməyə imkan verir.

Zülfü İLYASOV,
“İqtisadiyyat” qəzetinin
xüsusi müxbiri