Hacıyev Fazil: AZƏRBAYCANDA REGİONLARIN DAVAMLI SOSİAL-İQTİSADİ İNKİŞAFININ TƏHLİLİ VƏ PROBLEMLƏR (yeniləndi)
Müasir şəraitdə regionların davamlı sosial-iqtisadi inkişafı xüsusi əhəmiyyət kəsb edir. Çünki ölkənin iqtisadi təhlükəsizliyi, davamlı inkişafı və rəqabət qabilliyətinin artırılması regionların inkişafından çox asılıdır. Buna görə də regionların davamlı sosial-iqtisadi inkişafının təmin edilməsi bölgələrdə dayanıqlı inkişaf prinsiplərinə əsaslanan rəqabət qabiliyyətli iqtisadiyyat, beynəlxalq standartlara cavab verən sosial rifah, təbii resusrlardan səmərəli istifadə, innovasiyalı iqtisadiyyatın modernləşdirilməsi və ətraf mühitin etibarlı mühafizəsini təmin edən ekoloji təhlükəsizlik sisteminin formalaşmasına imkan verir. Əlverişli mühitin yaradılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 29 yanvar 2019-cu il tarixli 500 saylı fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” qəbul olundu. Hazırda bu proqrama əsasən regionlarda genişmiqyaslı tədbirlər həyata keçirilir. Ümumiyyətlə, Azərbaycan Respublikasında regionların davamlı sosial-iqtisadi inkişafını təmin etmək üçün Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də göstərilmişdir ki, ölkənin regionlarında iqtisadi fəallığın daha da artırılması məqsədi ilə mövcud iş qüvvəsi, habelə bütün iqtisadi resurslar tam olaraq iqtisadi dövriyyəyə cəlb edilməli, regionların sürətli inkişafında insanların keyfiyyətli iqtisadi imkanlar və fiziki infrastruktur üzrə əlçatanlığı təmin olunmalıdır. Sənəddə bunun nəticəsi olaraq, regionların maliyyə-təsərüfat fəaliyyətinin yaxşılaşdırılması və milli gəlirdə onların payının artırılmasına nail olunacağı bir daha vurğulanır.
İqtisadi islahatlar şəraitində ölkədə regionların davamlı sosial-iqtisadi inkişafı dövlətin diqqət mərkəzindədir. Bunun nəticəsidir ki, Azərbaycan “davamlı inkişaf məqsədləri indeksi”nə görə dünyada hər üç ölkədən ikisini qabaqlayıb. Bu göstəricilərə görə respublikamız regional liderdir və 54-cü yerdə qərarlaşaraq bütün qonşularını geridə qoyub.
Prezident İlham Əliyev son 19 ildə sözügedən Dövlət Proqramından başqa respublikamızın regionlarının davamlı sosial-iqtisadi inkişafı ilə bağlı bir neçə proqram imzalayıb. Davamlı inkişaf strategiyasının mühüm tərkib hissəsi olaraq, bölgələrin tərəqqisində önəmli rol oynayan regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramından əvvəl bu istiqamətdə qəbul edilən (2004-2008, 2009-2013 və 2014-2018-ci illər üzrə) digər proqramların icrası dövründə ÜDM 3,3 dəfə, o cümlədən qeyri-neft sektoru üzrə 2,8 dəfə, sənaye üzrə 2,6 dəfə, kənd təsərrüfatı üzrə 1,7 dəfə artıb. Bu müddətdə reallaşdırılan məqsədyönlü tədbirlər nəticəsində ölkədə 1,5 milyonu daimi olmaqla 2 milyondan çox yeni iş yeri, 100 mindən çox müəssisə açılıb, işsizlik 5 faizə, yoxsulluq səviyyəsi isə 5,1 faizə enib. Bütün bu göstəricilər dövlətimizin başçısının Azərbaycanda iş yerlərinin yaradılmasına, özünüməşğulluğun təmin olunmasına daim həssaslıqla yanaşmasının məntiqi nəticəsidir. Bir az əvvəl vurğuladığım kimi, regional proqramların icrası zamanı da bu məsələ xüsusi diqqətdə saxlanılıb. Ölkənin güclü iqtisadi inkişafı, maliyyə imkanlarının artması iş yerlərinin yaradılması prosesini sürətləndirib. Beləliklə, respublikada iqtisadi fəallığın davamlı şəkildə artması fonunda yeni iş yerləri açılıb, bu isə təbii ki, insanların həyat səviyyəsinin yüksəlməsinə, sosial şəraitinin yaxşılaşmasına imkan verir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə qlobal pandemiya dövründə Azərbaycanın bölgələrinin inkişafı istiqamətində atılan addımlar, reallaşdırılan layihələr xüsusi diqqət çəkir. Ötən müddət ərzində dövlətimizin başçısının rayonlara səfəri çərçivəsində sosial obyektlərin, yeni müəssisələrin açılış mərasimindəki çıxışları, imzaladığı sərəncamlar, müvafiq strukturların nümayəndələrinə verdiyi tapşırıq və tövsiyələr də mühüm önəm daşıyır. Ölkə rəhbərinin bu cür hərtərəfli qayğısı bölgələrimizə yeni nəfəs gətirməklə yanaşı, yeni imkanlar da açır, rayon mərkəzləri və kəndlərin tərəqqisi üçün yeni vəzifələr müəyyənləşdirir. Ümumiyyətlə, son 19 ildə respublikamızda kənd yollarının inşası və yenidən qurulması geniş vüsət alıb. Bütün bölgələrdə kənd yollarının tikintisi ilbəil daha da genişləndirilib. Həm sosial, həm də iqtisadi baxımdan mühüm önəm daşıyan həmin layihələrin icrası nəticəsində on minlərlə yeni iş yeri açılıb. Təzə kənd yolları yerlərdə aqrar bölmənin əsaslı şəkildə inkişafına təkan verib, kənd təsərrüfatı məhsullarının bazarlara rahat və operativ şəkildə çatdırılmasına əlverişli şərait yaradıb. Kənd yollarının inşasının genişləndirilməsi məqsədilə büdcə vəsaiti ilə yanaşı, Prezidentin Ehtiyat Fondundan da əlavə vəsait ayrılıb. 2021-ci ilin noyabr ayında dövlətimizin başçısının iştirakı ilə İsmayıllı rayonunda başlanğıcını Muğanlı-İsmayıllı yolunun 17-ci kilometrliyindən götürən Basqal-Sulut avtomobil yolunun istifadəyə verilməsi də bunun əyani ifadəsidir. Davamlı olaraq, Basqal-Sulut avtomobil yolunun inşası Prezident İlham Əliyevin ötən ilin iyulunda imzaladığı sərəncama uyğun olaraq aparılıb. İki hərəkət zolaqlı yol dörd min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirir. Basqal, Qıçatan, Tağlabiyan, Kəlfərəc, Zeyvə, Kürdüvan, Xankəndi, Mücü, Sərsurə, Kələzevə və Sulut kəndlərini birləşdirən avtomobil yolunun uzunluğu 30,1 kilometr, hərəkət hissəsinin eni isə 6 metrdir. Yol üzərində 4 körpü tikilib və zəruri yol infrastrukturu yaradılıb. İsmayıllı rayonunun Hacıhətəmli-Gideyli-Kürd Eldarbəyli avtomobil yolu müasir səviyyədə yenidən qurulub.
Ümumiyyətlə, ölkəmizdə yollar yeniləndikcə, kənd təsərrüfatı, turizm və digər sahələrdə də inkişaf sürətlənir, bölgələrdə iqtisadi canlanma müşahidə olunur. İsmayıllı və Şamaxı rayonlarının timsalında deyə bilərik ki, Azərbaycan Respublikası regionlarının inkişafı ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir.
Regionların inkişafı sahəsində qəbul edilən və yüksək səviyyədə gerçəkləşdirilən dövlət proqramlarında, habelə regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı sərəncamlarda nəzərdə tutulan vəzifələrin icrası respublikada qeyri-neft sektorunun davamlı inkişafına, kommunal xidmətlərin, sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin, iş yerlərinin açılmasına və nəticədə əhalinin məşğulluğunun artırılmasına, yoxsulluq səviyyəsinin azaldılmasına təkan verib.
Azərbaycanda regional proqramların uğurla icrası aqrar sektorun inkişafını sürətləndirib. Bununla bərabər, prezident tərəfindən ənənəvi kənd təsərrüfatı sahələrinin, o cümlədən üzümçülüyün inkişafı istiqamətində görülən tədbirlər, həmçinin istehsalçılara subsidiyaların verilməsi haqqında qəbul edilən qərarlar istehsal və ixrac potensialının artırılmasını, məşğulluq səviyyəsinin yüksəlməsini şərtləndirib. Belə ki, dövlətimizin başçısının Şamaxıya səfəri çərçivəsində Üzüm Tingçilik Mərkəzinin istifadəyə verilməsi də kənd təsərrüfatının inkişafına göstərilən qayğının bariz ifadəsidir. Üzüm Tingçilik Mərkəzinin açılışında dövlətimizin başçısına və birinci xanıma bu təsərrüfat obyekti barədə məlumat verilərək, bildirilib ki, Şamaxı Üzüm Tingçilik Mərkəzinin yaradılmasında məqsəd respublikanın üzümçülük təsərrüfatlarını müxtəlif iqlim şəraitinə adaptasiya qabiliyyətli, fillokseraya davamlı calaq-üzüm əkin materialı ilə təmin etməkdir. Mərkəzin illik istehsal gücü 1 milyon ədəd ting təşkil edir. Burada dördü yerli - Mədrəsə, Bayanşirə, Məlayi, Xindoqni olmaqla 10 texniki və bir yerli Ağadayı sortu olmaqla 15 süfrə üzüm sortlarının tingləri istehsal olunacaq. Bundan əlavə, 6 xarici sort və hibrid üzrə fillokseraya davamlı ağaclıqlar da yetişdiriləcək. Şamaxı Üzüm Tingçilik Mərkəzinin fəaliyyətə başlaması üzüm tinglərinə olan tələbatın yerli istehsal hesabına ödənilməsini təmin etməklə xaricə valyuta axınının qarşısını alacaq. Mərkəzdə istehsal olunan tinglər region və Mərkəzi Asiya ölkələrinə ixrac olunacaq. Burada aqrar mühəndislik, budama, şpalerlərin çəkilməsi və digər istiqamətlər üzrə qısamüddətli və peşəyönümlü kursların təşkili, xəstəlik və zərərvericilərlə mübarizədə elmi-praktiki dəstəyin göstərilməsi, tarla məktəblərinin yaradılması, sort xüsusiyyətlərinin öyrədilməsi planlaşdırılır. Bununla yanaşı, yerli sortlardan ibarət gen banklarının formalaşdırılması, invitro şəraitində yetişdirilən tinglərdən ibarət bağların yaradılması, nümunə şərabların istehsalı və təşviqi, şərab kolleksiyalarının formalaşdırılması da diqqət mərkəzindədir.
Məlumdur ki, Azərbaycan üzüm istehsalına görə ötən əsrin 70-80-ci illərində ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə sovet məkanında aparıcı respublikalardan biri olub. Ölkəmizdə 600-ə qədər aborigen və introduksiya olunmuş üzüm sortları becərilib və bunlardan təxminən 400-ü yerli üzüm sortlarıdır. Bunlara misal olaraq Ağ şanı, Qara şanı, Mədrəsə, Meysəri, Təbrizi və digərlərini göstərmək olar. Hazırda ölkədə yerli üzüm sortlarından daha məhsuldar və yerli şəraitə uyğun 38 üzüm sortu geniş yayılıb və onlar sahibkarlıq subyektləri tərəfindən becərilir. Onu da deyək ki, 2020-ci ildə ölkədə 208 min tondan çox üzüm istehsal olunub. Bu da 2019-cu il ilə müqayisədə 3,1 faiz çoxdur. Bunun nəticəsində “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı” (2004-2008-ci illər) təsdiq edildiyi vaxtdan ötən 18 il ərzində ölkəmizin sosial-iqtisadi inkişafında mühüm uğurlar əldə olunub, iqtisadiyyatın bütün sahələrində dinamik artım qeydə alınıb. Təkcə birinci proqramın əhatə etdiyi 5 ildə 27,5 mindən çox yeni müəssisə açılıb, 547,5 min daimi yeni iş yeri yaradılıb, yoxsulluğun səviyyəsi 13,2 faizədək azalıb. Ümumi daxili məhsulun real həcmi 2,6 dəfə, qeyri-neft sektorunda məhsul istehsalı 1,8 dəfə artıb. Sənaye istehsalı 2,5 dəfə, kənd təsərrüfatının ümumi məhsulu 25,2 faiz yüksəlib, əhalinin gəlirləri 4 dəfə çoxalıb. Bu dövrdə həyata keçirilən ardıcıl tədbirlər qeyri-neft sektorunun davamlı inkişafına, yeni müəssisələrin və iş yerlərinin yaradılmasına, regionlarda kommunal xidmət və sosial infrastruktur təminatının həcminin və keyfiyyətinin yüksəlməsinə təkan verib. Reallaşdırılan genişmiqyaslı layihələr sahibkarlıq mühitinin daha da yaxşılaşmasına, iqtisadiyyata investisiya qoyuluşlarının artmasına, əhalinin məşğulluq səviyyəsinin yüksəlməsinə və yoxsulluğun azalmasına önəmli təsir göstərib.
Birinci regional proqramın icrası dövründə ümumi istehsal gücü 1000 meqavatdan çox olan 9 elektrik stansiyası inşa edilib, qazlaşdırmanın səviyyəsi 85 faizə çatdırılıb. Bu müddət ərzində 8 rayona qaz verilib, 13 illik fasilədən sonra Naxçıvan Muxtar Respublikası qazla təmin olunub. Eyni zamanda, kənd təsərrüfatının inkişafı da diqqət mərkəzində saxlanılıb. Fermerlərə güzəştli şərtlərlə gübrə verilməsinə məhz bu illərdə başlanılıb. Meliorasiya tədbirlərinə diqqət artırılıb, suvarılan torpaqların sahəsi genişləndirilib. Nəticədə taxıl və digər kənd təsərrüfatı məhsullarının istehsalında artım qeydə alınıb.
Birinci regional proqramın uğurlu icrası sosial sahənin də inkişafına mühüm təsir göstərib. Bu istiqamətdə infrastrukturun yaradılması diqqətdə saxlanılıb. Beş il ərzində minimum əməkhaqqı 8,3 dəfə, minimum pensiya 4 dəfə artırılıb. Eyni zamanda, 1600 məktəb tikilib, yüzlərlə tibb ocağı istifadəyə verilib. Onlardan 8-ni yüksək standartlara cavab verən müalicə-diaqnostika mərkəzi təşkil edib. Həmin dövrdə, eləcə də 10-dan çox olimpiya idman kompleksi və digər qurğular istifadəyə verilib. Bütün bunlar nəticəsində ökədə iqtisadiyyatın diversifikasiyasına və onun dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyasına, infrastruktur və kommunal xidmətlərin səviyyəsinin daha da yaxşılaşdırılmasına, əhalinin həyat səviyyəsinin davamlı olaraq yüksəldilməsinə nail olunub. Respublikada qeyri-neft sektorunun davamlı inkişafı, yeni müəssisələrin və iş yerlərinin yaradılması, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması, əhalinin məşğulluq səviyyəsinin artırılması, yoxsulluğun azaldılması ilə bağlı əhəmiyyətli nailiyyətlər əldə edilib.
Keçən il ərzində regionlarda yüzlərlə müasir müəssisə, yeni istehsal sahələri yaradılıb, daxili tələbatın ödənilməsində yerli məhsulların payı əhəmiyyətli dərəcədə artıb, ixrac imkanları genişlənib. Sumqayıt Kimya Sənaye Parkında iki müəssisənin - “Azərsulfat” MMC-nin Sulfat turşusu istehsalı, “Glassica” QSC-nin Şüşə tara məhsullarının istehsalı zavodlarının təməli qoyulub, “Azerfloat” QSC-nin Termoformasiya metodu ilə vərəqə şüşə istehsalı müəssisəsinin açılışı reallaşıb. Sumqayıt Kimya Sənaye Parkının 17-ci rezidenti olan “Azmonbat” MMC-nin istifadə müddəti bitmiş qurğuşun turşulu akkumulyator batareyalarının utilizasiyası aparılacaq müəssisəsi istifadəyə verilib. Bütün bunlarla bərabər, Hacıqabul Sənaye Məhəlləsinin açılışı gerçəkləşib, məhəllənin rezidenti olan “Azərmaş” zavodu, tikinti materialları üçün avadanlıqların, yüngül tara və plastik su qablarının istehsalı müəssisələri işə salınıb. Hacıqabulda “Azərsun Şamaxı Aqropark” və “Agro Dairy” MMC-nin aqroparkı istifadəyə verilib. Naxçıvanda “Azərxalça” ASC-nin muxtar respublika filialı fəaliyyətə başlayıb. Şamaxıda Üzüm Tingçilik Mərkəzinın açılış mərasimi keçirilib. Qubada qablaşdırma vasitələrinin istehsalı müəssisəsi işə salınıb.
Yuxarıda sadalananlarla bərabər, 2021-ci ildə Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni binası, DOST Mərkəzi, Naxçıvan Beynəlxalq Hava Limanının yeni uçuş-enmə zolağı, Naxçıvan Qarnizonu Mərkəzi Hospitalı, Naftalan Mərkəzi Sanatoriyası, Naftalan şəhərində 200 yerlik körpələr evi-uşaq bağçası, Bərdə Peşə Liseyi, Goranboy Olimpiya İdman Kompleksi, Sumqayıt Məhkəmə Kompleksi, İsmayıllıda Uşaq və Ailələrə Dəstək Mərkəzi, Şamaxıda Yaradıcılıq Mərkəzi, Şamaxı şəhər stadionu, Şamaxıdakı Pirsaat Baba ziyarətgah-məscid kompleksi, rayondakı akademik Heydər Hüseynov adına Çarhan kənd tam orta məktəbinin yeni binası, Quba İstirahət, İdman, Təlim və Tədris Kompleksi və digər öbyektlərin açılış mərasimləri keçirilib.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən bir ildə Qarabağın və Şərqi Zəngəzurun bərpasına göstərilən diqqət Qarabağ və Şərqi Zəngəzura yeni nəfəs gətirməklə yanaşı, bu bölgələrin tərəqqisi üçün yeni imkanlar açıb, yeni vəzifələr müəyyənləşdirib. Elə bunun nəticəsidir ki, Vətən müharibəsində parlaq qələbəmizlə işğalçıdan xilas olunan ərazilərimizdə qısa zamanda genişmiqyaslı bərpa-quruculuq layihələri həyata keçirilib. Məsələn, 2021-ci ildə Böyük Qayıdışa ciddi hazırlıq işləri görülüb. Zəngilanın Ağalı kəndində Azərbaycanda ilk dəfə “Ağıllı kənd” layihəsi sürətlə həyata keçirilib. Təməli dövlətimizin başçısı tərəfindən qoyulan layihənin icrası ilə bağlı 110 hektardan çox ərazidə tikinti işləri aparılıb. İnnovativ tikinti materiallarından yararlanmaqla tam izolyasiya olunan 200 fərdi ekoloji evin, ikimərtəbəli 4 qeyri-yaşayış binasının, 360 şagird yerlik məktəbin və 60 yerlik uşaq bağçasının inşası davam etdirilib.
2021-ci ildə Füzuli Beynəlxalq Hava Limanı, Suqovuşan, Laçın, Füzuli, Qubadlı, Zəngilan və Cəbrayılda elektrik stansiyaları istifadəyə verilib. Şuşada bir çox tarixi-mədəni abidələr bərpa edilib, şəhərdə yaşayış məhəlləsinin, Radio-Televiziya Yayım Stansiyasının, Mərkəzi Xəstəxananın, Daşaltı məscidinin təməli qoyulub. Bütün bunlarla bərabər, Ağdam, Füzuli, Cəbrayıl şəhərlərinin bərpasının təməl daşı qoyulub, digər şəhərlərimizin isə baş planının hazırlanmasına başlanılıb. Həmçinin Ağdamda sənaye parkının, Cəbrayılda “Araz Vadisi İqtisadi Zonası” sənaye parkının, Zəngilan və Laçında Beynəlxalq Hava limanlarının, Hadrut qəsəbəsində yeni məscidin və digər infrastruktur obyektlərinin təməlqoyma mərasimləri keçirilib.
Qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, məşğulluq səviyyəsinin artırılması ölkəmizdə həyata keçirilən iqtisadi-siyasətin əsas prioritetlərindən biridir. Sənaye parklarının yaradılması isə bu məqsədlərə nail olmaq üçün əhəmiyyətli mexanizmdir.
Aparılan iqtisadi islahatlar nəticəsində hazırda ölkəmizdə 5 sənaye parkı - Sumqayıt Kimya, Pirallahı, Mingəçevir, Qaradağ, Balaxanı sənaye parkları fəaliyyət göstərir. İqtisadiyyatın inkişafına, ixrac potensialının artırılmasına, rəqabətqabiliyyətli məhsul istehsalına önəmli töhfə verən sənaye parklarının sırasına “Ağdam Sənaye Parkı” və “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı da qoşulur. Beləliklə, bu gün respublikada 7 sənaye parkı var.
Biliklərə əsaslanan innovasiyalı iqtisadiyyatın təşəkkülü və inkişafı XXl əsrin xarakterik cəhətlərindəndir. Belə ki, rəqəmsal transformasiyanın əsaslarını təşkil edən və innovativ texnoloji biliklərə söykənən bilik iqtisadiyyatı qloballaşan dünyada yeni çağırışlara yol açmış, informasiya əsrində müasir texniki tərəqqi siyasəti həyata keçirən dövlətlərin öz yeri və rolunu da müəyyən etmişdir.
Bilik iqtisadiyyatı onun digər aspektləri ilə birlikdə biliklərə söykənən, innovativ, texnoloji prosesdir, həmçinin çağdaş texnoloji proqramların geniş tətbiqi ilə intellektual platformalarda reallaşan “ağıllı” idarəetmə obyektidir.
Məlumdur ki, zəngin təbii resursları və sərvətləri olan bir sıra dövlətlər, o cümlədən bizim ölkəmiz bilik və yüksək texnologiyalara əsaslanan iqtisadiyyata keçilməsi zərurətini qəbul edir.
Rəqəmsal transformasiyalar ilə innovativ texnologiyalar üzərində qurulan bilik iqtisadiyyatı klassik iqtisadiyyatın gələcəyini müəyyən edir və yaxın perspektivdə bilik iqtisadiyyatından doğacaq bir sıra aktual layihələr “ağıllı” idarəetmədə mühüm rol oynayacaqdır. Bunlara misal olaraq, alternativ enerji mənbələri, içməli su problemləri və bu problemləri aradan qaldırmaq məqsədilə dəniz suyunun təmizlənməsi, çirkab sularının, məişət tullantılarının təkrar texnoloji emalı, onların yenidən xammala çevrilməsi məsələləri də qarşıda öz həllini tapacaqdır.
Yüksək ehtimalla demək olar ki, intellektual idarəetmə bilik iqtisadiyyatının tələblərini reallaşdırmaq iqtidarındadır. Belə idarəetmə bütün sahələrdə, o cümlədən yüksək elm tutumlu sahələrdə, texniki vasitələrin istehsalı və istifadəsində, habelə kənd təsərrüfatında, o cümlədən istixanalarda, suvarma sistemlərində bu həllərdən geniş istifadəni təmin edə biləcəkdir.
Göstərilən həllər, onların ağıllı və innovativ tətbiqi rəqəmsal texnologiyaların köməyilə mümkün olacaqdır. Həmçinin bu həllər günəş və külək enerji mənbələrindən də istifadə etməklə müasir alternativ enerji stansiyaları layihələrinin həyata keçirilməsini stimullaşdıracaqdır.
Dayanıqlı və innovasiyalı fəaliyyət bilik iqtisadiyyatına xas olan cəhətlərdir. Odur ki, gələcəkdə alternativ enerji mənbələrindən münasib iqtisadi şərtlərlə nəqliyyat vasitələrində, məişət avadanlıqlarında və digər həyatı vacib sahələrdə geniş istifadə olunacağı şübhəsizdir. Bütün bu məqamlar yeni əsr üçün xarakterik olmaqla bərabər, ümumilikdə inkişaf etmiş ölkələrin, habelə innovativ yönümlü böyük şirkətlərin və digər biznes subyektlərinin əsas hədəflərindən olacaqdır.
Biliklərə söykənən iqtisadiyyatın perspektivi bilik və yeniliklər əsasında yüksək rəqabətli rəqəmsal iqtisadiyyatın qurulmasını, inkişaf etdirilməsini, müvafiq proseslərin intellektual idarə edilməsini mühüm prioritetlər sırasına çıxaracaqdır. Beynəlxalq təcrübə və üstün biliklərə əsaslanan çoxsaylı və əhatəli təhlillər onu göstərir ki, rəqəmsal iqtisadiyyatda bilik iqtisadiyyatının strateji rolu artmaqdadır. Belə ki, bilik iqtisadiyyatı qanunvericilik və institusional əsaslarda iqtisadi stimullaşdırma mühitinin inkişaf etdirilməsi; yüksək innovasiya potensiallı insan resurslarının inkişafı; müasir standartlara cavab verən dayanılıqlı informasiya infrastrukturunun yaradılması; texniki, texnoloji tərəqqi siyasəti üzərində qurulmuş innovativ sistemlərin təbiqi proqramları və onların inkişaf etdirilməsi və s. kimi məsələləri əhatə etməkdədir.
Konkret halda, qanunvericilik və institusional əsaslarda biliklərə əsaslanan iqtisadi stimullaşdırma mühitinin inkişaf etdirilməsi dedikdə, ilk növbədə siyasi sabitlik kursu, azad bazar iqtisadiyyatı siyasəti ilə ədalətli rəqabətin birgəliyi, əlverişli investisiya mühitinin sağlamlaşdırılması və xarici investisiyaların cəlb edilməsi, korrupsiyaya qarşı təsirli və səmərəli mübarizə mexanizmlərinin işlənməsi, çevik bank, maliyyə-kredit, yumşaq vergi siyasətinin olması və həmçinin əqli mülkiyyətin qorunması kimi vacib məsələlərin optimal həlli nəzərdə tutulur.
Eyni zamanda, yüksək innovasiya potensiallı insan resurslarının inkişafı olduqca vacibdir. Belə ki, İKT savadlılığı olmadan, yüksək motivasiya və peşəkar biliklərə malik olmayan insan resursları ilə biliklərə əsaslanan innovasiyalı iqtisadiyyatın qurulması və onun intellektual idarə edilməsi mümkün deyildir. Bu məsələlərin həlli məqsədilə, həm də peşəkar kadrlar və onların biliklərinin zənginləşdirilməsi məqsədilə ömrü boyu və distant təhsil sistemlərinin təsirli vasitə kimi geniş tətbiqi də çox vacib olacaqdır. Həmçinin ali və orta təhsil ocaqlarında tədris proqramları real iqtisadiyyatın, bilik iqtisadiyyatının, o cümlədən rəqəmsal iqtisadiyyatın tələblərinə uyğun və səmərəli şəkildə qurulmalıdır. Qeyd olunanların məntiqi nəticəsi, ilk növbədə mövcud təhsil ocaqlarının məzunlarının gələcəkdə layiqli iş yerləri tapmasında özünü göstərəcəkdir. Bu da öz növbəsində İKT savadlılığına olan tələbləri adekvat qarşılamaqla bərabər, intellektual idarəetmə baxımından qarşıya qoyulan məsələlərin həlli üçün bazis formalaşdıracaqdır.
Biliklər iqtisadiyyatının inkişaf etdirilməsində daha bir istiqamət informasiya cəmiyyətinin qurulması və bu cəmiyyətin bütün əsas aspektlərdə informasiyalaşdırılması üçün zəruri innovativ texnoloji infrastrukturların yaradılmasıdır. Burada, e-ticarət, e-hökumət layihələrinin rolu olduqca böyükdür. Belə ki, internet üzərindən fəaliyyət göstərən sosial şəbəkələrin, o cümlədən facebook, twitter, messenger, telegram, linkedin, whatsapp istifadəçilərinin sayının gündən-günə artması da əsas amillərdəndir.
Hazırda Azərbaycanda yaradılmış e-hökumət sisteminin komponentlərinin daha da inkişaf etdirilməsi, onların dövlət e-portalı üzərində inteqrasiyasının daha da dərinləşdirilməsi istiqamətində işlər davam etdirilir.
E-hökumət portalı və onun informasiya infrastrukturu həm dövlət orqanları arasındakı məlumat mübadiləsinə, həm də qeyri-dövlət orqanları ilə dövlət orqanları və onun digər daxili strukturları arasındakı əlaqələrin çevik və rahat formada qurulmasına xidmət edir. Həmin əlaqələr sayəsində milli iqtisadiyyatın prioritet istiqamətlərinin inkişaf etdirilməsinə xarici investorların cəlb edilməsi, biznes üçün əlverişli şəraitin yaradılması, bank-maliyyə və kommunikasiyalar, logistika və digər sektorların innovasiyalı inkişafı təmin olunmaqdadır.
Bilik iqtisadiyyatının yayılması və dərinləşməsində rəqəmsal mühitin artan rolu müşahidə edilir. Həmin artım fonunda intellektual idarəetmənin əhatə dairəsi genişlənməkdədir. Bu baxımdan rəqəmsal texnologiyaların və müasir informasiya sistemlərinin inkişaf etdirilməsi obyektiv zərurətə çevrilir. Odur ki, innovasiya yönümlü iqtisadiyyatda innovativ ideyalar, ixtiralar, patent və digər əqli mülkiyyət növləri əsasında yüksək rəqabətli bazar məhsullarının və sənaye texnologiyalarının yaradılmasına yönəldilmiş əsas baza prinsipləri təşəkkül tapmaqdadır.
Günümüzdə təbii resursları olmayan, əhali və ərazi baxımından kiçik olan bir sıra ölkələr dünyada adambaşına düşən patentlərə görə lider ölkələrdəndir. Hesab edilir ki, həmin ölkələrdə innovasiyalı inkişafın ixtisaslaşdırılmış strukturları şəbəkəsindən daha səmərəli istifadə olunur. Nəticədə, biliklərə söykənən iqtisadiyyatın qurulması və inkişaf etdirilməsində lokomotiv rolu oynayan texnoloji parklar, elmi-texniki tədqiqat mərkəzləri, univeristetlər və yüksək innovativ texnologiyaların intellektual platformaları üzərində işləyən şirkətlər, “start-up”lar və innovasiyalı istehsal, emal müəsissələri bu prosesin əsas strateji oyunçuları rolunda çıxış edirlər.
Ölkəmizdə biliklərə əsaslanan iqtisadiyyatın təşəkkül tapması yönündə qəbul olumuş dövlət proqramları və yol xəritələrində həyata keçirilən sosial-iqtisadi islahatlar və bununla əlaqədar atılan addımlar fəallaşdırılmalı və biliklərə əsaslanan iqtisadiyyatın inkişafına daha fəal surətdə xidmət etməlidirlər.
Sonda əminliklə demək olar ki, biliklərə söykənən iqtisadiyyat innovativ biliklər əsasında “ağıllı” texnoloji proseslərin, istehsal, emal və xidmət sferasının intellektual idarə edilməsinin təməlini və obyektini təşkil edəcəkdir.
Hacıyev Fazil Şöhlət oğlu, i.e.d, professor,
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC)
“Maliyyə və audit” kafedrası