MƏQALƏLƏR

İlham ƏLİYEV: “Azərbaycan iqtisadiyyatının gələcəyi sahibkarlığın inkişafından asılıdır”

  • 12.01.2023

“Sahibkarlığın inkişafı ölkəmizin ümumi inkişafı ilə birbaşa bağlı olan məsələdir. Bizim iqtisadiyyatımız öz dayanıqlılığını saxlamalıdır, möhkəmləndirilməlidir. Buna nail olmaq üçün əlbəttə ki, qeyri-neft sektorumuz inkişaf etməlidir”.

İlham ƏLİYEV


 

Yanvarın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Bakı KOB evi”nin açılışında iştirak edib.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov paytaxtın Nərimanov rayonunda yerləşən “Bakı KOB evi” barədə dövlətimizin başçısına məlumat verib.
Bildirib ki, sayca 3-cü olan “Bakı KOB evi”nin ümumi sahəsi 11 min 262 kvadratmetrdir. Üçmərtəbəli binanın ilk iki mərtəbəsi sahibkarlara xidmət göstərilməsi, üçüncü mərtəbə isə işçi heyət üçün nəzərdə tutulub. “Bakı KOB evi” gün ərzində beş min sahibkara xidmət göstərmək potensialına malikdir. Binada yaradılmış görüş, təlim, startap, mediasiya otaqları və konfrans zalı da sahibkarların xidmətində olacaq.
“Bakı KOB evi”ndə sahibkarlara 29 dövlət qurumu tərəfindən 150-dən çox, 20 özəl qurum tərəfindən isə 100-dən çox adda xidmətlər göstəriləcək. Sahibkarlar fəaliyyət üçün zəruri olan biznesin qeydiyyatı, lisenziya və icazələrin alınması, biznes-planın hazırlanması, güzəştli maliyyə vəsaitlərinə çıxış, vergi, gömrük, kommunal xidmətlərə qoşulma, bank, sığorta və digər məsələlərlə bağlı “Bakı KOB evi”nə müraciət edə bilərlər. Bununla yanaşı, “Bakı KOB evi”ndə yaradılmış Beynəlxalq Ticarət, İnkişaf və Logistika Zonasında gömrük və idxal-ixrac əməliyyatları ilə bağlı geniş spektrli xidmətlər də təqdim ediləcək.
Diqqətə çatdırılıb ki, KOB evləri sahibkarlara dövlət və biznes xidmətlərinin mərkəzləşdirilmiş qaydada təqdim edildiyi vahid məkandır. Burada xidmətlər operativlik, şəffaflıq, nəzakətlilik və rahatlıq prinsipləri əsasında həyata keçirilir. Biznes xidmətlərinin bir məkanda toplanması, vaxta və xərclərə qənaət, operativlik KOB evlərinin əsas üstünlükləridir.
Hazırda fəaliyyətdə olan Xaçmaz və Yevlax KOB evlərində indiyədək sahibkarlara 170 mindən çox xidmət göstərilib ki, bu xidmətlərin 165 mindən çoxu dövlət-biznes (G2B), 9 minə yaxını isə biznes-biznes (B2B) xidmətləridir. Sahibkarların KOB evlərinin xidmətlərindən məmnunluq göstəricisi 98 faizdir.
Qeyd edək ki, Azərbaycanın davamlı iqtisadi inkişafının təmin edilməsində sahibkarlığın, xüsusilə kiçik və orta biznesin rolunun artırılması Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasətin prioritet istiqamətlərindəndir. Ölkəmizdə özəl sektorun inkişafı sahəsində həyata keçirilən sistemli tədbirlərin davamı olaraq dövlətimizin başçısının 2017-ci il 28 dekabr tarixli Fərmanı ilə İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yaradılıb.
KOBİA tərəfindən sahibkarlara informasiya, məsləhət, təlim-tədris, maraqların müdafiəsi, bazarlara və maliyyə resurslarına çıxışın yaxşılaşdırılması, dövlət və özəl qurumlarla əlaqələndirmə və digər istiqamətlərdə dəstək və xidmətlər göstərilir. Bu dəstək və xidmətlər KOBİA-nın ölkənin müxtəlif şəhər və rayonlarını əhatə edən geniş infrastruktur şəbəkəsi - KOB dostları, KOB inkişaf mərkəzləri və KOB evləri vasitəsilə həyata keçirilir. Belə ki, KOB inkişaf mərkəzləri KOB-ların biznes biliklərini artırmaq üçün ödənişsiz olaraq informasiya, məsləhət, təlim və biznes-planın hazırlanması xidmətlərini təklif edir. Ölkənin regionlarında KOB-ların maraqlarının müdafiəsi, lazımi dəstək və xidmətlərə çıxışı 38 şəhər və rayonda fəaliyyət göstərən “KOB dostu” şəbəkəsi vasitəsilə reallaşdırılır.
Bundan başqa, KOBİA tərəfindən mikro və kiçik sahibkarlıq subyektlərinə onları innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edən “Startap” şəhadətnaməsi verilir, daxili bazar araşdırmasının aparılmasına, təhsil, elm, tədqiqat və dəstək layihələrinə maliyyə dəstəyi göstərilir, onların ödənişsiz olaraq sərgilərdə iştirakına və ticarət şəbəkələrinə çıxışına dəstək təmin olunur.

KOBİA 5 illik yubileyini qeyd edib
Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2017-ci il tarixli Fərmanı ilə yaradılmış Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) 5 illik fəaliyyəti ilə bağlı tədbir keçirilib.
2022-ci il dekabrın 28-də keçirilən bu tədbirin açılış hissəsində Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov, İqtisadiyyat naziri Mikayıl Cabbarov və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov çıxış ediblər.
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov çıxışında Agentliyin 5 illik fəaliyyəti dövrü ərzində sahibkarlara göstərilmiş xidmətlər və dəstək tədbirləri, eləcə də 2023-cü ildə sahibkarlar üçün nəzərdə tutulan yeniliklər barədə məlumat verərək, ötən 5 ildə Agentliyin işinə göstərdiyi dəstəyə və sıx əməkdaşlığa görə müvafiq qurumlara təşəkkür edib.
Tədbir çərçivəsində Azərbaycan Respublikası Prezidentinin 25 aprel 2022-ci il tarixli Sərəncamı ilə ölkəmizin iqtisadi inkişafına verdikləri töhfəyə və sahibkarlıq sahəsində səmərəli fəaliyyətlərinə görə təltif edilmiş şəxslərə “Tərəqqi” medalları təqdim olunub.
Tədbirdə rəmzi məna daşıyan və dövlətin sahibkarlara daim dayaq və dəstək göstəricisi olan “Dayaq” mükafatı 2022-ci ildə uğur qazanmış sahibkarlara “Uğurlu istehsalçı”, “Uğurlu startap”, “İdman və sağlamlıq sahəsində uğurlu fəaliyyət”, “Uğurlu fermer”, “Qarabağda müasir təhlükəsizlik texnologiyalarının tətbiqi”, “Sağlamlığın keşiyində”, “Təmiz ətraf mühit və yaşıl artım”, "Azad olunmuş ərazilərdə bərpa və yenidənqurma fəaliyyəti", “KOB-ları dəstəkləyən bank”, "Fəal ixracatçı şirkət", “Turizm”, “Fəal xarici şirkət”, “Uğurlu qadın sahibkar”, “KOB-ların şəbəkələşməsinə dəstək” və "Gənc sahibkar" nominasiyaları üzrə təqdim olunub. Mükafatları sahibkarlara müvafiq dövlət qurumlarının rəhbərləri təqdim ediblər.
Qeyd edək ki, mükafat sahibkarlara bu il ilk dəfə təqdim olunub. Mükafatın təsis olunmasında məqsəd il ərzində fəaliyyəti ilə seçilən, biznes sahəsində innovativ və müasir yanaşmalar tətbiq edən, ixracyönümlü məhsul və xidmətlər istehsal edən şirkətləri mükafatlandırmaqla onları stimullaşdırmaqdır.
Tədbirdə həmçinin, işğaldan azad edilmiş ərazilərdə sahibkarlıq fəaliyyətinin qurulmasına və KOBİA-nın 5 illik fəaliyyətinə həsr olunmuş filmlər nümayiş olunub.
Tədbirin baş sponsoru “Kapital Bank”, sponsorlar “Embawood” və “İmprotex Group” olmuşdur.