MƏQALƏLƏR

2023-cü il üçün yeni proqnozlar açıqlanıb

  • 19.01.2023

Bu günlərdə Dünya Bankının 2023-cü il üçün “Qlobal iqtisadi perspektivlər” hesabatı dərc olunub. Hesabatda dünya iqtisadiyyatlarının artım tempi əvvəl təxmin edilən 3 faiz deyil, yeni müəyyən edilən 1,7 faizlik pronoz üzrə qiymətləndirilir. Hesabata əsasən qlobal inkişaf tempindəki tendensiyalar bütöv regionları əhatə etməklə adambaşına düşən gəlir səviyyəsinə öz təsirini göstərəcəkdir. Belə ki, 2023-cü ildə adambaşına düşən gəlir səviyyəsində artım tempinin COVİD-19 pandemiyasından əvvəlki səviyyədən aşağı olacağı proqnozlaşdırılır. Həmçinin, inkişaf etməkdə olan iqtisadiyyatların ÜDM səviyyəsi pandemiya ərəfəsində olan səviyyədən 6 faiz aşağı olacaqdır.
2022-ci ildə real ÜDM dünya üzrə 2,9 faiz, inkişaf etmiş iqtisadiyyatlarda 2,5 faiz, inkişaf etməkdə olan iqtisadiyyatlar üzrə 3,4 faiz artım qeydə alınıb. 2023-cü ildə inkişaf etməkdə olan iqtisadiyyatlar sabit proqnozlaşdırılsa da, dünya üzrə və inkişaf etmiş iqtisadiyyatlar üzrə müvafiq olaraq 1,7 faiz və 0,5 faiz olacağı gözlənilir. Regionlar üzrə nəzər yetirdikdə proqnozların aşağıdakı kimi olacağı gözlənilir: Avropa və Mərkəzi Asiya (ESA) regionunda geosiyasi və geoiqtisadi problemlərlə əlaqədar olaraq iqtisadi artımın kəskin şəkildə aşağı düşərək 0,1 faiz səviyyəsinə enməsi proqnozlaşdırılır. Cənubi Qafqaz üzrə artım 2022-ci ildə müşahidə edilən 6,5 faiz səviyyəsindən 2023-cü ildə 3,3 faiz səviyyəsinə düşəcəkdir. Buna səbəb kimi 2020-2021-ci illər üzrə baş verən güclü sıçrayışın zəifləməsi, avro zonasındakı geriləmə və Rusiyada məhsul buraxılışının azalması göstərilir.
Azərbaycan üzrə verilən proqnozlarda real ÜDM-in artım tempi müsbət olaraq qalır. 2023-cü ildə Azərbaycan iqtisadiyyatında artım dünya ilə müqayisədə 1,1 faiz, ECA regionu ilə müqayisədə isə 2,7 faiz yüksək olacaqdır. Mövcud şəraitdə qlobal iqtisadiyyatın təzyiq altında olmasını nəzərər alaraq, Dünya Bankı “Qlobal iqtisadi perspektivlər” hesabatında 2023-cü ildə medianın gəlirlərinin artmasına və ümumi rifah səviyyəsinin yüksəldilməsinə dair bir sıra struktur addımlarının atılmasını tövsiyə edir. Belə ki, yeni iş yerlərinin yaradılması və istehsalın artırılması üçün daha çox investisiya qoyuluşlarının təşviq edilməsi tövsiyə olunur. Əlverişli biznes mühiti çərçivəsində inkişafa meyillilik addımlarının artırılması, o cümlədən infrastruktur layihələrinin həyata keçirilməsi üçün dövlət-özəl sektor tərəfdaşlığının gücləndirilməsi, müvafiq normativ-hüquqi bazanın formalaşdırılması, birbaşa xarici investisiyaların cəlb edilməsinə yönəlik fəaliyyətlərin gerçəkləşdirilməsinə zərurət duyulur. Bundan başqa, transsərhəd biznes əlaqələrinin şaxələndirilməsi üçün əməkdaşlığın gücləndirilməsi, çeşidli bazarlara çıxış, gömrük sazişləri vasitəsilə tranzit əlaqələrinin genişləndirilməsi vacib vəzifələrdən hesab olunur.

 

Zülfü İLYASOV, “İqtisadiyyat”
qəzetinin xüsusi müxbiri