MƏQALƏLƏR

Ağsaqqallar Şurasında 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb

  • 26.01.2023

Azərbaycan Ağsaqqallar Şurasında 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr edilən anım tədbiri keçirilib.
Tədbiri açan Azərbaycan Ağsaqqallar Şurasının sədri, deputat, professor Eldar Quliyev 33 il əvvəl baş vermiş hadisələrdən danışıb, faciənin baş vermə səbəblərindən bəhs edib.
Bildirib ki, Ulu Öndər Heydər Əliyevin bütün çətinliklərə baxmayaraq, faciənin ertəsi günü 1990-cı il yanvarın 21-də Moskvadakı Azərbaycan nümayəndəliyinə getməsi və törədilən bu bəşəri cinayəti qətiyyətlə pisləyərək bəyanatla çıxış etməsi xalqımıza dərin bağlılığın tarixi nümunəsi idi. Natiq əlavə edib ki, müstəqil Azərbaycanın xilaskarı Heydər Əliyev xalqımızın təkidli xahişi ilə yenidən hakimiyyətə qayıtdıqdan sonra 1994-cü ildə Milli Məclisin sessiyasında 20 Yanvar faciəsi dövlət səviyyəsində müzakirə olunaraq xalqımıza yönələn cinayət aktı kimi qiymətləndirildi.
Daha sonra çıxış edən sədrin birinci müavini, deputat, akademik Əhliman Əmiraslanov, sədr müavinləri – deputat, professor Eldar İbrahimov, professor Elmira Süleymanova, İdarə Heyətinin üzvləri – deputat, akademik Ziyad Səmədzadə, Akif Rəfiyev, İbrahim Quliyev və başqaları xalqımızın azadlıq əzmini, həmrəyliyini məhv etməyə çalışan sovet rejiminin 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə ağlasığmayan vəhşilik törətdiyini qeyd ediblər. Natiqlər faciə ilə bağlı xatirələrini bölüşərək, cinayət qurbanlarını ehtiramla anıb, onların əziz xatirəsinin hər bir vətəndaşımızın qəlbində daim yaşayacağını bildiriblər.