MƏQALƏLƏR

20 Yanvar hadisələri fotojurnalist obyektivinin gözü ilə

  • 26.01.2023

20 Yanvar – Ümumxalq Hüzn Günü münasibətilə Vyanada məşhur fotojurnalist Reza Deqatinin fotolarından ibarət sərgi və təqdimat keçirilib.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova Qanlı Yanvar hadisələrinin Azərbaycanı müstəqilliyə aparan yolda mühüm əhəmiyyət daşıdığını bildirib.
Mərkəzin rəhbəri son onilliklərdə Azərbaycan tarixində baş vermiş önəmli hadisələrin canlı şahidi, onları öz obyektivinin gözü ilə tarixə köçürən və Azərbaycan haqqında həqiqətləri dünyaya çatdıran fotojurnalist Reza Deqatinin yaradıcılığı barədə məlumat verib. Azərbaycanın Avstriyadakı səfiri Rövşən Sadıqbəyli bildirib ki, 20 Yanvar faciəsi Azərbaycan tarixinin ən qanlı hadisəsidir və fotojurnalist Reza Deqatinin həmin dövrdə çəkdiyi fotolar, beynəlxalq mediada yayılan müsahibə və materialları Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında mühüm rol oynayıb.
Sonra 20 Yanvar faciəsi haqqında sənədli film, Reza Deqatinin həmin hadisələr barədə “CNN” telekanalına müsahibəsi və telekanal tərəfindən hazırlanmış süjet nümayiş olunub.
20 Yanvar faciəsi ilə bağlı ilk dəfə Parisdə UNESCO-da fəaliyyət göstərən azərbaycanlı diplomat Ramiz Abutalıbovdan xəbər tutduğunu və baş vermiş hadisələr barədə məlumatları beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq üçün dərhal Bakıya getməyə qərar verdiyini söyləyən R.Deqati Bakıya bir çox çətinlik və maneələri dəf edərək çatdığını qeyd edib.
Fotoların böyük əksəriyyətini gizli çəkməyə məcbur olan, fotolentləri sovet ordusu və hökumət orqanlarından gizli şəkildə ölkədən çıxarmağa müvəffəq olan fotojurnalist Parisə döndükdən sonra Bakıda baş verən qanlı hadisələr barədə Avropada məlumatsızlıq olduğuna şahid olub. Ona görə də Bakıda çəkilmiş foto və videoları agentlik və telekanallara təqdim edən R.Deqati öz müşahidələri barədə də müsahibələr verib, 20 Yanvar hadisələri haqqında həqiqətlərin yayılmasına çalışıb.
Çıxışlar və təqdimatdan sonra Avstriyada yaşayan azərbaycanlı musiqiçilər - Fərid Feyzullayev (skripka) və Jalə Rəsulova (fortepiano) Azərbaycan və Avropa bəstəkarlarının əsərlərindən ibarət proqramla çıxış ediblər.