MƏQALƏLƏR

Zulfü İLYASOV - Bu hücum məkirli niyyətin növbəti təzahürü idi

  • 02.02.2023

Düz 30 il işğala məruz qalan, problemin çözülməsi uğrunda olmazın çabalar göstərən Azərbaycan Respublikası başqa çıxış yolu tapa bilməyib, savaşa başlamalı oldu. Bu, elə-belə savaş deyildi. Həm döyüş meydanında, həm də informasiya cəbhəsində fədakarlıqla vuruşmaq lazım gəlirdi. Döyüş meydanında müzəffər ordumuz, informasiya müharibəsində cənab Prezident, Ali Baş Komandan İlham Əliyev öz sözünü dedi: Bununla da Azərbaycan öz tarixində misli-bərabəri görünməyən zəfər qazandı. Bu qələbəni həzm edə bilməyən qüvvələr istər döyüşlər zamanı, istərsə də müharibədən sonra açıq və gizli təxribatlara əl atmağa başladılar. Bu qüvvələr sırasında işğalçı Ermənistandan sonra cənub qonşumuz, İran İslam Respublikası xüsusi fəallıq göstərmişdir. Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə edilən hücum da bu məkrli niyyətin növbəti təzahürü, Azərbaycan dövlətinə qarşı cəhd və təhdid kimi qiymətləndirilməlidir.
Bu hərəkət, eyni zamanda regiona sülh, əmin-amanlıq, barış mesajları göndərən və bütün qonşuları səmimi əməkdaşlığa çağıran Azərbaycan dövlətinin regionun geosiyasi və geoiqtisadi mənzərəsini dəyişmək təşəbbüslərinə qarşı çıxmaqdır. Bu hadisə rayonda xaos, hərc-mərclik, qarşıdurma yaratmaq niyyətini güdməkdən başqa bir şey deyildir?
Necə olur ki, İran polisinin gözü qarşısında səfirliyə sərbəst şəraitdə silahlı hücum edəsən, əməkdaşlara avtomatdan atəş açasan, bir nəfəri qətlə yetirəsən, iki nəfəri yaralayasan, bundan İran kimi bir dövlətin hüquq-mühafizə orqanlarının xəbəri olmasın. Cəfəng görünür, elə deyilmi?!
Özü də bütün dönəmlərdə İrana xoş münasibət göstərən, əsl qonşuluq əlaqələri sərgiləyən Azərbaycan kimi dövlətə qarşı belə bir qanlı terror əməli törətmək nə beynəlxalq hüquqa, nə qonşuluq münasibətlərinə, nə də ki mənəviyyata sığmır. Odur ki, qısa vaxt ərzində İran dövləti belə qanlı cinayətin üstünün açılması, onu törədənlərin mühakimə olunması və ciddi cəzalandırılması istiqamətində dərhal və qeyd-şərtsiz fəaliyyətə keçməlidir. Qonşuluq əlaqlərimizin tamam sınmamasının yeganə yolu budur.


Zulfü İLYASOV