MƏQALƏLƏR

Zülfü İLYASOV: Azərbaycanın enerji resurslarının ixracında şaxələnmə prosesi dərinləşir

  • 16.02.2023

İndiyədək Azərbaycanda enerji təhlükəsizliyi sahəsində bir sıra önəmli layihələr reallaşdırılıb. Bu, ölkəmizin böyük enerji potensialına malik olduğunu göstərir. Neft və qaz istehsalı ilə bərabər, respublikamız texniki baxımdan istifadəsi mümkün olan, bərpa olunan enerji resurslarına malikdir.
Bu sahədə potensialımız 27.000 MVt təşkil edir ki, bunun da 3000 MVt hissəsi külək enerjisinin, 23.000 MVt hissəsi günəş enerjisinin, 380 MVt hissəsi bioloji enerjinin, 520 MVt hissəsi isə dağ çaylarının payına düşür.
Azərbaycanın müxtəlif enerji mənbələri ilə zəngin olması onu dünya enerji bazarlarında önəmli ölkəyə çevirmişdir.
Ölkəmizdə neft və qaz ixracı üzrə tranzit imkanlarının işə salınması yeni reallıqlar fonunda yanaşmaya zərurət yaradır. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin istifadəyə verilməsindən sonra təbii qaz ehtiyatlarının Avropa bazarına çıxarılması iqtisadi prestij baxımından dövlətimizin mövqelərini daha da möhkəmləndirdi. Belə ki, 2021-ci ildə Azərbaycan ilə Avropa Komissiyası arasında Cənub Qaz Dəhlizi layihəsi üzrə Birgə Bəyannamənin imzalanması təbii qaz ehtiyatı baxımından zəngin olan ölkəmiz ilə Avropa arasında həyata keçirilən əməkdaşlıq əlaqələrində önəmli addım hesab olunur.
Cənub Qaz Dəhlizi layihəsinin əsas elementləri “Şahdəniz” qaz yatağının tam miqyaslı işlənməsi, Cənub Qafqaz Boru Kəmərinin genişləndirilməsi, Trans-Anadolu Boru Kəməri (TANAP) və Trans Adriatik Boru Kəməri (TAP) layihələridir. Cənub Qaz Dəhlizi layihəsinin məqsədi “Şahdəniz” qaz kondensat yatağının istismarının ikinci mərhələsinin işlənməsi, bu zaman hasil ediləcək təbii qazın genişləndirilmiş Cənub Qafqaz Boru kəməri, TANAP və TAP vasitəsilə ilkin olaraq Türkiyəyə və Cənubi Avropaya ixracınının təmin edilməsidir. “Şahdəniz” layihəsinin tam miqyaslı işlənməsinin 2-ci mərhələsi olan “Şahdəniz mərhələ-2” layihəsi Azərbaycan qazını Türkiyəyə və Avropaya çatdıracaq nəhəng layihə olmaqla Cənub Qaz Dəhlizi vasitəsilə Avropa bazarlarına qaz ixrac edərək, həmin ölkələrin enerji təhlükəsizliyinin təmin olunmasına təsir göstərəcək. Cənub Qaz Dəhlizinin əsas qollarını “Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP layihələri təşkil edir.
TANAP qaz kəməri 2018-ci il iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində istifadəyə verilib. Giriş nöqtəsi Gürcüstan-Türkiyə sərhədi (Ardahan-Posaf), Avropaya çıxış nöqtəsi isə Türkiyə-Yunanıstan sərhədi (Ədirnə-İpsala) olan TANAP Avropaya təbii qazı ötürən TAP kəmərinə qoşulur. Dəhliz, eyni zamanda 7 hökuməti və 11 şirkəti əhatə edən çoxyönlü layihədir. Bu layihə dünyada ən mühüm təbii qaz boru kəmərləri zənciri kimi qiymətləndirilir. Şühbəsiz ki, bu gün Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biri olan Cənub Qaz Dəhlizi Xəzər regionundakı qaz ehtiyatlarını Avropa bazarına daşımaqla dünyanın enerji xəritəsini dəyişir. TANAP dövlətimizin Avropa ilə mövcud iqtisadi və siyasi əməkdaşlığının dərinləşməsinə öz töhfələrini verir. Gələcəkdə Azərbaycanın digər yataqlarından əldə ediləcək ehtiyatlar ilə Cənubi və Şərqi Avropa ölkələri üçün əhəmiyyətli qaz ixracatçısı olacağına heç bir şübhə yeri qalmır.TANAP və Cənub Qaz Dəhlizi Azərbaycanın həyata keçirdiyi təşəbbüslərdir.
TANAP daxil olmaqla bütövlükdə Cənub Qaz Dəhlizinin reallaşması dövlət başçısının siyasi iradəsi və göstərdiyi çabalar nəticəsində mümkün olmuşdur. Cənub Qaz Dəhlizi ilə bağlı müzakirələr aparılan zaman bu layihələrin xərcləri böyük olduğu üçün onun maliyyələşdirilməsinə əngəllər törədilirdi. Bütün bunlara baxmayaraq, cənab Prezident İlham Əliyevin ciddi səyi hesabına bu maneələr aradan qaldırıldı. Azərbayanın dəstəyi ilə ölkəmizə göstərilən etibar olmasaydı, Cənub Qaz Dəhlizinin gerçəkləşdirilməsi mümkün olmayacaqdı. Sözügedən layihələri reallaşdırmaqla Azərbaycan həm özünün, həm də region ölkələrinin iqtisadi yüksəlişinə geniş imkanlar açdı.
Neft və qaz ixracına əsaslanan enerji tranzitində artıq yeni dövrün – “yaşıl enerji” dövrünün başlanması zərurətə çevrilib. Bu isə o deməkdir ki, Azərbaycan artıq tükənə bilən enerji ehtiyatlarının ixracından əlavə, yenilənə bilən enerjinin də ixracatçısı və Avropa bazarına çıxarılmasının təminatçısı kimi çıxış edəcəkdir. Bu yaxınlarda Buxarestdə “Azərbaycan Respublikası, Rumıniya və Macarıstan hökumətləri arasında “yaşıl enerji”nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanması bunu bir daha təsdiq etmiş oldu. Bu hadisə Azərbaycanın gələcəkdə böyük enerji təminatçısı olmasının real təcəssümüdür. Cari ilin fevral ayının 3-də Bakıda Gülüstan sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasları keçirildi. İclaslarda enerji şirkətlərindən SOCAR, BP, BOTAŞ, TANAP, TAP, TRAP, TAQA, SNAM və s., həmçinin maliyyə təşkilatlarından Dünya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı və digər qurumların iştirakı gələcəkdə “yaşıl enerjinin” ixracı, təhlükəsizliyi və istifadəsi üçün böyük əhəmiyyət kəsb edir. Bu layihələr Azərbaycanın alternativ enerji mənbələrindən istifadə etməklə enerji təchizatının davamlı şaxələndirilməsi üçün çox geniş imkanlar açacaq.

Zülfü İLYASOV,
“İqtisadiyyat” qəzetinin
xüsusi müxbiri