MƏQALƏLƏR

Maqsud Quliyev: Qlobal ərzaq təhlükəsizliyi “yeni dünya” kontekstində

  • 23.02.2023

2050-ci ilə qədər dünya əhalisinin 2,2 milyard artacağı gözlənilir ki, bu da dünya fermerlərinin indi istehsal olunandan təxminən 70% daha çox məhsul istehal etməli olacaqları anlamına gəlməkdədir. Buna görə də dayanıqlı ərzaq təhlükəsizliyi siyasəti həyata keçirilməli və qida israfı azaldılmalıdır. Hesablamalara görə, hazırki dövrdə qlobal səviyyədə istehsal olunan qida məhsullarının 33-50%-i heç vaxt yeyilmir və israf olunan bu qida məhsullarının dəyəri 1 trilyon ABŞ dollarından çoxdur. Belə ki, hər il Çinin ərazisindən daha böyük ərazi yeyilməyən (israf olunan) ərzaq məhsullarının yetişdirilməsi üçün istifadə olunur. Əgər ərzaq tullantılarını ölkə kimi təsvir etsəydik, o zaman bu ölkə ABŞ və Çindən sonra istixana qazlarının üçüncü ən böyük emitenti olardı. Bütün bu qeyd olunanlarla yanaşı, dünyamızda böyük dərəcədə qida çatışmazlığı da mövcuddur (bax: diaqram 1).
Cədvəldən aydındır ki, qlobal dünyada kəskin və orta qida çatışmazlığının ən az olduğu region Şimali Amerika və Avropadır. Qida çatışmazlığının hər iki növünün ən böyük dərəcədə olduğu Afrika regionunda 2014 və 2020-ci illər arasında artım daha çox olmuş və hər 2 kateqoriya birlikdə 60% civarında qərarlaşmışdır. Sonrakı yerlərdə müvafiq olaraq Latın Amerikası və Karib regionu, Asiya və Okeaniya qərarlaşır. Ümumi dünyamızda da kəskin və orta qida çatışmazlığı artmış və 2020-ci ildə 30%-ə çatmışdır. Bunun 10%-dən çoxu kəskin qida çatışmazlığının payına düşür.
Deyilənləri nəzərə alsaq, ərzaq təhlükəsizliyinin təmin olunmasında effektiv nəticələr əldə etmiş ölkələrin həyata keçirdikləri siyasət və tənzimləmələrinə dərindən təhlil ehtiyacı olduğunu görərik. Bu aspektdən “yeni dünya” adlandırılan ABŞ-ın həyata keçirdiyi ərzaq təhlükəsizliyi siyasətinə nəzər salaq.
ABŞ Avropa İttifaqından sonra dünyanın ikinci ən böyük kənd təsərrüfatı ticarətçisidir. Birləşmiş Ştatların xarici bazarlara çıxışını genişləndirən proqramların (həm xarici, həm də daxili) həyata keçirilməsi nəticəsində son illərdə həm kənd təsərrüfatı ixracı, həm də idxalı əhəmiyyətli dərəcədə artmışdır. Rəqəmlərlə ifadə etsək, ABŞ-ın kənd təsərrüfatı məhsullarının ixracı davamlı artaraq, 1994-cü ildə 46,1 milyard dollardan 2019-cu ildə 136,7 milyard dollara yüksəlib. İxrac məhsulları arasında əsas etibarilə üstünlük təşkil edənlər soya, bağçılıq və süd məhsullarıdır. Kənd təsərrüfatı məhsullarının ixrac edildiyi ölkələri ardıcıl sıralasaq, ilk üçlükdə Çin, Kanada və Meksikanı görə bilərik.
Birləşmiş Ştatlar qlobal bazarda qarğıdalı ticarətinin 40%-ni özündə saxlayır, buna səbəb hökumət tərəfindən qarğıdalı məhsulu istehsalçılarına dəstək və geniş həcmli subsidiyaların verilməsidir.
ABŞ əhalisinin fasiləsiz və keyfiyyətli qida məhsulları ilə təmin edilməsini özünün prioritet siyasəti hesab edir və ölkədə ərzaq təhlükəsizliyini ən yüksək səviyyədə təmin etmək üçün kənd təsərrüfatı sektorunun inkişafına böyük önəm verir.
Ölkənin Kənd Təsərrüfatı Departamenti (KTD) ərzaq təhlükəsizliyinin təmin edilməsinin 4 səviyyəsini müəyyən etmişdir:
- Yüksək
- Marjinal
- Az
- Daha az səviyyəli ərzaq təhlükəsizliyi.
ABŞ-ın 13 ştatında qida təhlüksizliyinin təminat səviyyəsi xüsusilə qərb ştatlarında orta səviyyədən aşağıdır.
Kənd təsərrüfatına dövlət tərəfindən verilən subsidiyaların, həmçinin yerli və federal idarəetmə institutlarının açıqlıq, şəffaflıq və hesabatlılıq prinsipləri əsasında fəaliyyəti bu sahənin yüksələn xətlə inkişafında təkanverici qüvvələrdir. ABŞ-da rəqəmlə ifadə etsək, 2 milyondan çox fermer təsərrüfatı fəaliyyət göstərməkdədir və onların da 3%-ni gəlirləri 1 milyon ABŞ dolları və ya daha da çox olan böyük və daha böyük adlandırılan fermer kooperativləri təşkil edir.
Fermer təsərrüfatlarının 97%-i ailələrə məxsusdur. Nəhəng fermer kooperativləri 1 məhsul istehsalı üzrə ixtisaslaşırlar ki, bu da praktikada monokultur adlanır. ABŞ KTD-nin hesablamalarına görə, 1 ABŞ ferması həm ölkədə, həm də qlobal olaraq bütünlükdə 166 insanı qidalandırır. Kənd təsərrüfatı və ona əlaqəli sənaye ümumi daxili məhsulun (ÜDM) 5% civarını, ümumi büdcə gəlirlərinin isə 1/6-ni təşkil edir, başqa sözlə, bu göstərici 1 trilyon dollardan çoxdur və bu sahələrdə çalışan insanların sayı 2020-ci ilin statistikasına görə 19,7 milyon nəfər olmuşdur ki, bu da məşğuluğun 10,3%-ni təşkil edir. Kənd təsərrüfatının inkişafında mühüm rol oynayan infrastruktur məsələlərinin – avtomobil, dəmir yolları, hətta hava yollarının, bir sözlə geniş nəqliyyat şəbəkəsinin fomalaşdırılması, su resurslarından səmərəli istifadə, texniki-innovativ və onunla əla­qəli məsələlərin, qanunvericiliklə bağlı hüquqi çərçivənin köklü surətdə yaxşı­­laşdırılması Birləşmiş Ştatların kənd təsərrüfatının inkişafında baza təş­kil edir. Artıq qeyd olunduğu kimi, ABŞ kənd təsərrüfatının inkişafında sub­sidiyalara böyük önəm verir və KTD tərəfindən fermerlərə birbaşa və dolayı olmaqla ümumilikdə 60-dan çox yardım proqramı həyata keçirilməkdədir. Yardımın əksəriyyət hissəsi bitkiçilik məhsullarının istehsalçılarına ödənilir. Üç ən böyük təsərrüfat subsidiya proqramında (Sığorta, Kənd Təsərrüfatının Risk Təminatı (ARC) və Qiymət İtkisi (zərərinin) Təminatı (PLC)) ödənilən vəsaitlərin 70 faizindən çoxu yalnız üç məhsulun - qarğıdalı, soya və buğda istehsalçısı olan fermerlərə verilir.
Sığorta. Bu subsidiya növü 100-dən çox məhsul növünün istehsalının inkişafı üçün maliyyələşməni nəzərdə tutur, lakin əsas olaraq qarğıdalı, pambıq, lobya və buğda bu kateqoriyada öncül sırada dayanan məhsullardır. Digər aqro proqramlardan fərqli olaraq, burada gəlir limiti olmadığından milyoner və milyarder təsərrüfat sahibləri də bu subsidiya növünə müraciət edə bilər. Proqramın təxminən 80%-i gəlir defisitinin, 20%-i isə məhsul defisitinin azaldılmasını nə­zər­də tutur.
Kənd Təsərrüfatının Risk Təminatı Proq­­ramı. Bu proqram fermerlərə, əgər onların hər akr üzrə gəlirləri və ya alternativ olaraq onların hər akr üzrə ştatlarının gəlirləri meyardan və ya zəmanətli səviyyədən (qiymətlər federal hökumət tərəfindən tənzimlənir) aşağı düşərsə, subsidiyalar ödəyir. ABŞ-da fermerlər məhsul bolluğuna görə qiymətlərin aşağı olmasından narazıdırlar. Ümumiyyətlə, qiymətlər və gəlirlər nə qədər aşağı olarsa, subsidiyalar bir o qədər çox olar. Proqram buğda və qarğıdalıdan noxud və xardal toxumuna qədər 20-dən çox məhsulu əhatə edir.
Qiymət İtkisi (zərərinin) Təminatı Proqramı. Bu proqram Konqres tərəfindən müəyyən edilmiş məhsulun referans qiyməti ilə orta satış qiymətinin müqayisəsi əsasında fermerlərə subsidiyalar ödəyir. Məhsulun orta satış qiyməti onun referans qiymətindən aşağı olarsa və ya aradakı fərq nə qədər böyük olarsa, fermerlərə ödəniş də bir o qədər çox olar. Referans qiymətləri yüksək təyin olunduğundan ödənişlərin edilməsi halları azlıq təşkil edir. Proqram 20-dən çox məhsulu əhatə edir.
Birləşmiş Ştatlarda aqrar sektorun güclü inkişafı aqrobizneslərin yaranması ilə nəticələnmişdir. Keyfiyyətcə yeni termin olan aqrobiznesin mahiyyəti belədir: aqrobiznes sənayesindəki şirkətlər qida istehsalının bütün aspektlərini, eləcə də təsərrüfat və təsərrüfatçılıqla bağlı kommersiya fəaliyyətini əhatə edir. Daha dəqiq desək, kənd təsərrüfatı məhsulunu bazara çıxarmaq üçün tələb olunan bütün mərhələləri, yəni istehsal, emal və paylamanı özündə birləşdirir.
Kiçik və orta ölçülü fermer təsərrüfatları getdikcə rəqabətədavamlı qalmaq üçün strategiya olaraq aqroturizm kimi fəaliyyət növündən istifadə edirlər. Aqroturizm ziyarətçiləri əyləndirmək, maarifləndirmək və təsərrüfat üçün gəlir əldə etmək məqsədilə fermaya, rançoya və ya digər kənd təsərrüfatı biznesinə ziyarətçilərin cəlb edilməsi məqsədilə kənd təsərrüfatı istehsalı və ya emalını turizmlə birləşdirən ticarət müəssisəsinin formasıdır. Aqroturizm ABŞ fermerlərinə və rançolarına “İşləyən Ferma Turları” və ya “Öz meyvə və tərəvəzlərini seç” proqramları kimi istirahət və ya təhsil fəaliyyətlərindən gəlir əldə etməyə kömək edir. Aqroturizm, həmçinin kənd yerlərinin iqtisadiyyatını canlandırmaq, ictimaiyyəti kənd təsərrüfatı haqqında maarifləndirmək və kənd təsərrüfatı irsini qoruyub saxlamaq potensialına malikdir. Bundan əlavə, icma yönümlü təsərrüfatlar aqroturizmi cəlbedici variant hesab edirlər, çünki bu, yerli sakinlər üçün daha çox iş yeri imkanları yaradır.
Dayanıqlı kənd təsərrüfatı ABŞ-da yüksək səviyyəli inkişafla xarakterizə olunur. Dayanıqlı kənd təsərrüfatı dedikdə torpağın münbitliyinin artırılması, sudan istifadənin minimallaşdırılması və çirklənmə səviyyəsinin azaldılması məqsədləri nəzərdə tutulur ki, bu da dünya ölkələri tərəfindən qarşıdakı dövr ərzində dayanıqlı ərzaq təhlükəsizliyinin təmin edilməsi baxımından implementasiyası zəruri olan prioritetlər sırasındadır.
Yüksək iqtisadi inkişaf səviyyəsi ilə tanınan ABŞ kənd təsərrüfatı məhsullarının ixracında da qlobal liderlər sırasındadır. Birləşmiş Ştatlar qlobal bazarda tək qarğıdalı ticarətinin 40%-ni özündə saxlayır, başqa deyimlə, o, Avropa İttifaqından sonra dünyanın ikinci ən böyük kənd təsərrüfatı ticarətçisidir. ABŞ-ın kənd təsərrüfatı məhsullarının ixracında hər 1 milyard dollar daxili iqtisadi fəaliyyətə əlavə 1,14 milyard dollar stimul verir və ölkə iqtisadiyyatında 7000-dən çox tam zamanlı iş yerlərinin fəaliyyət göstərməsinə şərait yaradır. Bu isə təkcə fermada deyil, qida emalı və nəqliyyat kimi əlaqəli sənayelərdə 1,3 milyondan çox iş yerinin olması deməkdir. Ərzaq təhlükəsizliyinin təmini baxımından yanaşsaq, əhalinin yoxsulluq səviyyəsinin azaldılması, işsizlik səviyyəsinin minimumlaşdırılması və ya sıfıra endirilməsi ərzağa əlçatanlıq kontekstində vacib rol oynayır.
Kənd təsərrüfatının inkişafı nəticəsində yüksək səviyyəli ərzaq təhlükəsizliyinin təmin olunması ilə yanaşı, ABŞ ölkədə aztəminatlı şəxs və ailələrin ərzaq əlçatanlığını təmin etmək üçün bir sıra federal ərzaq təhlükəsizliyi proqramları tətbiq etməkdədir. Həmin proqramlar içərisində ən əsasları SNAP və TEFAP-dır.
Əlavə Qida Yardımı Proqramı (SNAP). Birləşmiş Ştatlarda aclıq ilə mübarizə sahəsində həyata keçirilən ən böyük proqramdır. SNAP proqramı hər kəs üçün nəzərdə tutulmuşdur: ailələr, yaşlılar, əlillər, işsizlər və ya işləyən insanlar, veteranlar və ya həqiqi hərbi xidmətdə olanlar.
Ailələr və ya şəxslər iştirak üçün proqramın internet saytında və ya mobil aplikasiyasında tələb olunan məlumatları doldurur, 30 günlük yoxlamadan sonra isə müsahibəyə çağırılır və sonrasında bütün məlumatların doğruluğu şəraitində iştirakçıya çevrilirlər. Proqrama qoşulmaq üçün hər bir ştat tərəfindən müəyyən tələblər formalaşdırılmışdır. Lakin federal hökumət bütün ölkə üçün ümumi olaraq aşağıdakı tələbləri müəyyənləşdirmişdir:
• Ailələrin gəlirləri nəzərdə tutulan səviyyədən aşağı olmalıdır;
• Bankdakı əmanətlərin məbləği və ya aktivləri müəyyən olunan məbləğdən az olmaldır;
• Ailə üzvlərindən ən azı birinin ABŞ vətəndaşlığı və ya immiqrasiya statusu olmalıdır (qrafik 1).
Covid-19 pandemiyası səbəbindən həm iştirakçı sayı, həm də proqrama ayrılan vəsait artmaqdadır. Belə ki, 2019-cu ildə 35,7 milyon insan proqram iştirakçısı idisə, 2021-ci ilin avqust göstəricisinə görə bu rəqəm 42 milyon nəfər təşkil etmişdir və aylıq ortalama adambaşına 213 ABŞ dolları, hər ailəyə isə 408 ABŞ dolları vəsait ödənilmişdir.
SNAP-dan istifadə edən insanlara debet kartına bənzər müavinət kartı verilir və bu karta yerli mağazalardan və ya fermer bazarlarından ərzaq məhsulları almaq üçün aylıq vəsait köçürülür. Köçürülən vəsaitin həcmi ailə üzvlərinin sayından və gəlirdən asılı olaraq dəyişir. Bu vəsaitlə ailələr və ya şəxslər yalnız meyvə və tərəvəz, ət, balıq və quş əti, süd məhsulları, çörək və un məmulatları, qəlyanaltılar və içkilər, toxum və bitkilər (yetişdirib qidalanma məqsədilə istifadə üçün) ala bilərlər. SNAP vasitəsilə alınması mümkün olmayan məhsullara aiddir: alkoqol və tütün məmulatları; qeyri-qida məhsulları, məsələn təmizlik ləvazimatları, gigiyenik məhsullar, ev heyvanları üçün yeməklər, körpə üçün ləvazimatlar; vitaminlər və dərmanlar.
SNAP-ın məqsədi vəsaiti alan şəxslərin ərzaq təminatını yaxşılaşdırmaqla həmin şəxslərin hər hansı digər fəaliyyət yolu ilə əldə edə biləcəyi məbləği tibbi, kommunal və kirayə kimi xərclərin ödənməsi üçün sərf edilməsinə şərait yaratmaqdır.
Zəruri Qida Yardımı Proqramı (TEFAP). Bu proqramda SNAP-dan fərqli olaraq, ailələrə və ya şəxslərə heç bir vəsait ödənilmir. ABŞ Kənd Təsərrüfatı Departamenti proqram vasitəsilə müxtəlif qida məhsulları, o cümlədən yüksək keyfiyyətli kənd təsərrüfatı məhsulları alaraq, ştatlar üzrə paylayıcı agentliklərə verir. Hər bir ştat isə alınan məhsulları İcma Fəaliyyəti Agentlikləri arasında bölüşdürür və həmin agentliklər ərzaqları birbaşa aztəminatlı ailələrə çatdırırlar. Paylanma meyarı hər ştatda müəyyən olunmuş say əsasında həyata keçirilir. TEFAP-ın əsas məqsədi ölkə üzrə aşağı gəlirli, yəni gəlirləri yoxsulluq səviyyəsindən aşağı olan şəxslərin, işsiz və yaşlı insanların qida təminatının yaxşılaşdırılmasına xidmət etməkdir. Proqram 120 adda məhsulu, o cümlədən meyvə-tərəvəz, ət, balıq, quş əti, yumurta, süd, qoz-fındıq, pendir, dənli bitkilər, həmçinin düyü, un məmulatları, makaron kimi məhsulları əhatə edir. TEFAP-ın maliyyələşdirilməsi “Təsərrüfat” Qanunu ilə hər 5 ildən bir həyata keçirilir. Təkcə 2020-ci ildə 653 milyon ABŞ dolları TEFAP çərçivəsində xərclənmişdir.


İqtisadçı ekspert Maqsud QULİYEV