MƏQALƏLƏR

Biz dünyanın bir parçasıyıq, dünyada baş verənlər, yaşananlar bu və ya digər dərəcədə bizə də təsirsiz ötüşmür

  • 09.03.2023

Dünyada xeyirxahlıq, mərhəmət və şəfqət ünvanları olduğu kimi, bizdə də insanın ürəyini fərəhləndirən ünvanlar zaman-zaman olub, bu gün də mövcuddur.
19-cu əsrin sonları, 20-ci əsrin əvvəllərindən Hacı Zeynalabdinlərlə, Musa Nağıyevlərlə, Murtuza Muxtarovlarla vüsət alan yol, genişlənən mesenatlıq, xeyriyyəçilik fəaliyyəti 21-ci əsrin əvvəllərində yenidən daha yeni xətlə davam etdirilməkdədir.
2004-cü ildə əsası ölkənin birinci xanımı, Birinci vitse-prezident, ISESCO VƏ UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva tərəfindən qoyulan Heydər Əliyev Fondu belə ünvanlardan - xeyirxahlıq, mərhəmət ünvanlarındandır.
Qısa zaman kəsiyində öz hüdudlarını genişləndirən, misilsiz fəaliyyəti ilə ölkə sərhədlərini aşan Heydər Əliyev Fondu, Fondun qurucusu Mehriban xanım artıq birmənalı şəkildə dünyanın xeyirxahlıq, mərhəmət və şəfqət simvoludur.
Yarandığı gündən bu Fond, bu ünvan kimsəsizlərin yiyəsi, sahibsizlərin sahibi, köməyə, mərhəmət və şəfqətə ehtiyacı olanların gözünə nur, çıraq, yaşam eşqi oldu. Fondun dəstəyi, Mehriban xanımın xeyir-duası ilə həyata keçirilən “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində yüzlərlə məktəb tikilib istifadəyə verildi, əsaslı təmir olundu, yenidən quruldu.
Azərbaycan məktəbinə, Azərbaycan təhsilinə yeni, ikinci nəfəs verildi. Onlarla, yüzlərlə uşaq bağçası, körpələr evi, Talassemiya Mərkəzi və digər sağlamlıq, müalicə və müayinə ocaqları insanların istifadəsinə verildi, tarixi, milli və dini abidələrin bərpası gerçəkləşdirildi. Nəinki Azərbaycanda, başqa ölkələrdə belə tarixi-dini abidələrin, kilsələrin bərpası, təmiri yüksək və keyfiyyətli şəkildə həyata keçirildi.
44 günlük Vətən müharibəsindəki qələbəmizdən sonra ilk bərpa-quruculuq işlərinə başlanılması barədə Prezident İlham Əliyev belə demişdir: “Bu gün Heydər Əliyev Fondu qarşısında yeni vəzifələr dayanır. Ənənəvi fəaliyyətlə yanaşı, bu gün fond azad edilmiş torpaqlarda geniş fəaliyyətə başlamışdır. Fondun təşəbbüsü ilə azad edilmiş torpaqlarda hazırda dini abidələrimizin əsaslı təmiri, bərpa edilməsi və inşası prosesi başlanılıb. Şuşa şəhərində Yuxarı Gövhər ağa, Aşağı Gövhər ağa, Saatlı məscidləri, Ağdam şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən əsaslı bərpa edilir, Zəngilan şəhər məscidi də həmçinin. Eyni zamanda, Daşaltıda, Hadrutda və Şuşa şəhərində yeni məscidlərin tikintisi də məhz Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilir. Təkcə sadaladığım dini abidələrimizin sayı 8-ə bərabərdir və əminəm ki, fond digər layihələrdə də fəal iştirak edəcək.”
Hər kəsə məlumdur ki, böyük qələbədən sonra Müzəffər və Qalib Ali Baş Komandanımız və birinci xanım yenidən Qarabağa, Füzuliyə və Şuşaya tarixi səfərini gerçəkləşdirdi. Bu səfər zamanı da tarixi anlar, hadisələr, açılışlar yaşandı. Xüsusilə də, Şuşamız əvvəlki günlərinə qaytarıldı. Azərbaycanın böyük imza sahibləri olan dahilərin, korifeylərin - Molla Pənah Vaqifin, Üzeyir bəyin, Bülbülün heykəllərinin bərpadan sonra muzey-məqbərə komplekslərinin açılışları oldu. Xüsusilə də, ötən əsrin 80-ci illərinin sonlarından dayandırılan Vaqif Poeziya Günlərinin rəsmi açılış mərasimi keçirildi. Şuşanın Cıdır düzündə musiqisevərlərin həsrətlə gözlədiyi möhtəşəm “Xarı bülbül” musiqi festivalı yenidən təşkil olundu.
Şuşada məşhur tarzən, bəstəkar və Azərbaycan tarını təkmilləşdirən sənətkar Sadıqcanın vaxtilə yaşadığı evin bərpası işləri də, Mehmandarovların malikanə kompleksində və Şirin su hamamında aparılan bərpa işləri də Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən layihələrdəndir.
Heydər Əliyev Fondu və onun rəhbəri Mehriban xanımın yorulmaz fəaliyyəti haqqında günlərlə yazmaq olar. Amma yenə də kəlimələr, sözlər bəs etməz, fədakarlıq cild-cild kitablara, nəşrlərə sığmaz. Bu fəaliyyət sonsuzdur, hüdudsuzdur, sərhədsizdir.
Zəlzələdən, təbii fəlakətlərdən, sel-­daşqınlarından, xəstəliklərdən əziy­yət çəkən yüz minlərlə insana tə­mən­­nasız kömək əli uzadılır, onlara həyat verilir. Qardaş və dost Pakis­tana illər öncə uzadılan yardım və kö­mək əli bunun canlı nümunəsidir. Belə nümunələrin, örnəklərin sayını artırmaq da olar.
Günlər öncə, bu ilin fevral ayının 6-da qardaş və dost Türkiyədə böyük zəlzələ, fəlakət yaşandı. Nəinki qardaş Türkiyə, Azərbaycanımızda hər birimiz sabahımızı böyük acı və kədərlə açdıq. Kahramanmaraş şəhəri mərkəz olmaqla, Türkiyənin 10 bölgəsində on minlərlə insanın ölümü, yüz mindən artıq insanın yaralanması, xəsarət alması, 13 milyondan artıq insanın böyük ziyan və zərər çəkməsi, ev-eşiksiz qalması ilə nəticələnən ardıcıl iki dəhşətli zəlzələ baş verdi.
Qardaş və dost ölkədə baş verən bu faciə hər birimizin faciəsinə, dərin kədərinə çevrildi. Hər birimiz bu acını canımızda, ruhumuzda yaşadıq, min kilometrlərlə uzaqda olsa da…
Çünki dahilərimizin dediyi kimi, “Türkiyənin sevinci Azərbaycanın sevinci, Türkiyənin kədəri Azərbaycanın kədəridir. Azərbaycanın sevinci Türkiyənin sevinci, Azərbaycanın kədəri Türkiyənin kədəridir”, “Bir millət, iki dövlətik”. Dünyada bu birgəliyin, bu bərabərliyin də tayı-bərabəri yoxdur. Və təbii ki, qardaşın harayına ilk səs verən də, onun imdadına ilk yetişən də məhz qardaşı, ən yaxın dostu olmalı idi. Necə ki, ikinci müstəqilliyimiz, Zəfərlə başa vurduğumuz İkinci Vətən müharibəsi dövründə qardaş və dost Türkiyə bizim yanımızda oldu, biz də ən çətin anlarında qardaş və dost Tükiyənin yanında olduq.
Bu, bizim vəfa borcumuz idi. Belə də olmalı idi. Başqa cür mümkün deyildi.
Zəlzələnin, təbii fəlakətin yaşandığı ilk anlardaca hamıdan öncə qardaş və dost Türkiyənin yanında olan, ona qardaş və dost əli uzadan məhz biz olduq, Azərbaycan dövləti, Azərbaycan cəmiyyəti oldu.
Azərbaycan xalqı zəlzələnin ilk anlarından əlindən gələn yardımı, ürəyindən keçən dəstəyi göstərməyə başladı. Qısa zamanda bu iş koordinasiyalı, təmaslı, sistemli şəkildə həyata keçirilməyə başlandı.
Yenə də və yenidən Heydər Əliyev Fondu ilk sırada dayandı. Mehriban xanım Əliyevanın birbaşa tapşırığı və göstərişi ilə qardaş və dost ölkəyə yardım kampaniyası koordinasiyalı, sistemli şəkildə həyata keçirildi. Onlarla yardım maşınları, humanitar yardım təyyarələri qardaş və dost Türkiyəyə, dəhşətin, fəlakətin yaşandığı bölgələrə göndərildi və bu gün də göndərilməkdədir.
Xatırladaq ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, fevralın 9-dan etibarən Heydər Əliyev Fondu Türkiyəyə humanitar yardım təyyarələri göndərir. Bu yardımlar çərçivəsində zəlzələdən zərər çəkmiş şəxslərə müxtəlif dərman preparatları, tibbi ləvazimat və avadanlıqlar, isti geyimlər, qızdırıcısı olan çadırlar, generatorlar, istilik radiatorları, çöl üçün qızdırıcılar, dizel yanacaqlı kaloriferlər, axtarış-xilasetmə işlərinə dəstək məqsədi ilə ləvazimat və avadanlıqlar çatdırılıb.
“Zəlzələ nəticəsində həlak olanların sayının artması bizi olduqca kədərləndirir. Həlak olanlara Allahdan rəhmət diləyir, onların doğmalarına və yaxınlarına bir daha dərin hüznlə başsağlığı verirəm. Yaralananların tezliklə şəfa tapmasını arzulayıram!”
Bu barədə isə Mehriban xanım Əliyevanın günlər öncə Türkiyədəki zəlzələdən zərər çəkənlərə humanitar yardımla bağlı paylaşımında bildirilirdi.
“Əminəm ki, Türkiyə xalqı öz iradəsi və mətinliyi sayəsində bu ağır sınaqdan sarsılmayacaq! Uca Tanrı dünyamızı qorusun! Türkiyə, səninləyik!”, - deyə paylaşımda qeyd olunurdu.
Təbii ki, Azərbaycan dövləti və xalqının elliklə qardaş və dost Türkiyəyə kömək əli uzatması, Heydər Əliyev Fondunun və Fondun rəhbəri Mehriban Əliyevanın müstəsna fəaliyyəti qardaş və dost ölkə tərəfindən də qarşılığını görməkdə, ən ali dəyərlərlə qiymətləndirilməkdədir. İstər rəsmi - ən ali səviyyədə, istərsə də xalq, cəmiyyət səviyyəsində.
Hər gün, hər an mediadan, televiziyalardan, sosial şəbəkələrdən Azərbaycana, Heydər Əliyev Fonduna, Mehriban xanım Əliyevaya sevgilər, şükranlar, minnətdarlıqlar yağdırılmaqdadır.
Heç təsadüfi deyil ki, qardaş Türkiyənin birinci xanımı Əminə xanım Ərdoğan da Mehriban Əliyevaya zəlzələdəki çoxsaylı insan tələfatı ilə bağlı başsağlığına görə təşəkkür etdi.
Əminə xanımın “Twitter”dəki paylaşımında deyilirdi:
“Hörmətli Mehriban, başsağlığı mesajınız və kədərimizi bölüşdüyünüz üçün ürəkdən təşəkkür edirəm. Can Azərbaycan, çətin günümüzdə yardımımıza ilk gələnlərdən oldu. Dəstəkləriniz üçün təşəkkür edirik. Dostlarımızın yanımızda olduğunu bilmək gözəldir”.
Eyni zamanda, Əminə Ərdoğan “Twit­ter” hesabında ikinci dəfə paylaşım edərək, bu dəfə Mehriban Əli­yevaya humanitar yardıma görə təşək­kür etdi.
Onun paylaşımında qeyd olunurdu:
“Kədəriniz kədərimizdir” deyən azərbaycanlı qardaşlarımızı unutmayacağıq. Axtarış-xilasetmə heyətləri başda olmaq üzrə humanitar yardım təyyarələri ilə ilk gündən etibarən bizimlə olan Azərbaycana və dəyərli dostum Mehriban Əliyevaya dəstəkləri üçün şükranlarımı bildirirəm”.
Bəli, qardaşlıq, birlik, həmrəylik sözlərdə, vədlərdə, kağızlar üzərində deyil, əməllərdə öz təsdiqi tapır. Nəinki sevincli anlarda, həm də ən çətin, sınaqlı anlarda, əməllərlə özünü göstərir.
Bəli, biz də xalq, dövlət, toplum olaraq, hər zaman yanımızda olan qardaş və dost Türkiyənin yanında olduq və bundan sonra da olacağıq.
Heydər Əliyev Fondu və Mehriban xanım Əliyevanın fəaliyyəti ilə də bu, bir daha öz təsdiqini tapdı və tapmaqdadır.
Biz birik, bir idik, bundan sonra da bir və birgə olacağıq!

Millət vəkili, akademik
Ziyad SƏMƏDZADƏ