Yol kimindir?
Yollarda yol hərəkətinin qaydaları və şəraiti barədə müəyyən məlumat saxlayan və yol hərəkətini nizamlayan əsas vasitələrdən biri yol nişanlarıdır.
Ölkəmizdə əksər sürücülərimizin qeyri-peşəkar, sürücülük mədəniyyətinin aşağı olması barəsində çox danışılıb. Amma mən deyərdim ki, intuisiyası güclü olan, “him-cimi” ən tez başa düşən bizim sürücülərdir. Küçələrdə yol nişanlarının çatışmazlığından onlar belə vərdişlərə yiyələniblər. Vaxtilə müəyyən olunmuşdu ki, cəmi uzunluğu 25000 km olan Azərbaycanın avtomobil yollarında 62000 ədəd yol nişanına ehtiyac duyulur. Amma bununla bağlı son dəqiqləşdirmə aparılıb və məlum olub ki, Azərbaycan ərazisində avtomobil yollarının təkmilləşdirilməsi ilə əlaqədar 250 min yeni yol nişanının quraşdırılması tələb olunur.
Nişanlar çatışmır
Elə Bakıda yol nişanlarının azlığı hər küçədə hiss olunur. Paytaxtın “arterial damarlarından” biri olan Heydər Əliyev prospektində belə yol nişanları çatışmır. Həmin prospektin orta hərəkət hissələrinin “Günəş” şadlıq sarayından Beynəlxalq Ticarət Mərkəzinin yaxınlığına qədər olan hissəsində qarşılıqlı hərəkət mövcuddur ki, bu ərazidə ikitərəfli hərəkətin başlayacağını xəbərdar edən nişan yoxdur. Heydər Əliyev prospektində bu yaxınlara qədər sürət rejimi də qeyri-müəyyən idi. Hazırda əraziyə bu barədə yol nişanları qoyulub və maksimum sürət həddi kənar hərəkət hissələri üçün 60 km/saat, orta hərəkət hissəsindəki zolaqlar üçün 80 km/saat müəyyən olunub.
Belə vəziyyət küçə və prospektlərimizin, şəhərlərarası yollarımızın böyük əksəriyyətində mövcuddur. Rayon və kənd yollarında nişanlar daha azdır. Hətta elə kəndlər var ki, ora da bir dənə də olsun yol nişanı yoxdur.
Yollarda ən ciddi çatışmazlıq müxtəlif yolayrıcılarının keçilmə növbəliliyini müəyyən edən üstünlük nişanları ilə lazımi qaydada təchiz edilməməsidir. Həmçinin kəsişmə yerlərindən hansının yolayrıcı, hansının isə həyət ərazilərinə və ya bitişik ərazilərə giriş-çıxış yerləri olduğunu müəyyən etmək çətindir. Statistikaya əsasən, qəzaların xeyli qismi məhz yolayrıcılarını keçmə zamanı baş verir.
Dairələr daha təhlükəlidir
Bakının müxtəlif yerlərində dairəvi hərəkət təşkil olunmuş yolayrıcıları mövcuddur. Yol hərəkəti qaydalarına görə yol nişanları ilə hərəkət üstünlüyü müəyyən edilməmişdirsə, dairəvi hərəkət təşkil olunmuş yolayrıcına daxil olan sürücü dairədə hərəkət edən nəqliyyat vasitəsinə yol verməlidir. Amma bir çox dairələrdə bunun əksi müşahidə olunmaqdadır. Dairədə olan sürücülər dairəyə daxil olan avtomobilləri baş yolda olduğunu və ya sağı hesab edərək onlara yol verirlər.
Təmirdən sonra
"Azəryolservis" ASC-nin direktoru Cavid Qurbanovun sözlərinə görə, Azərbaycanın yollarının yenidən qurulmasına 35 milyard dollar vəsait lazımdır. Cəmiyyətdə hesab edirlər ki, yollar tam təmir edildikdən sonra nişanlarla təchiz edilməlidir. “İndi nişanları quraşdırıb sonra təmir zamanı sökməyin mənası nədir?!”- "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev yerli mətbuata verdiyi müsahibələrinin birində belə demişdi.
Nişanlar çaşdırır
Qoşa xətt əks istiqamətli nəqliyyat axınlarını ayırdığı halda, Hava limanı yolunda eyni istiqamətli axınları ayırır. Elə həmin yolda, Əzizbəyov dairəsi yaxınlığında bir məlumatverici-göstərici nişanda yolun hərəkət hissəsinin iki sağ zolağı ilə sağa dönmənin mümkünlüyü göstərilsə də, 20-30 metr qarşıda yerləşdirilmiş eyni nişan dönmənin yalnız son sağ zolaqdan mümkünlüyü haqqında məlumat verir. Yolun hərəkət zolaqlarına çəkilmiş işarələr də sağa dönməyə icazə verir. Həmçinin qanunla yollarımızda maksimum sürət həddi 110 km/saatdan artıq ola bilməyəcəyi halda, avtomagistral statusu olmayan Bakı Dairəvi yolunda maksimum 120 km/saat sürətilə hərəkət etməyə icazə verilib.
Bunu da qeyd edək ki, Qafqaz regionunda yol nişanlarının istehsalı və quraşdırılması istiqamətində fəaliyyət göstərən ilk və ən təcrübəli şirkət Azərbaycandadır.
Seymur Yunusov
|