MƏQALƏLƏR

Akademik Ziyad Səmədzadə: Azərbaycanı dünyaya daha yaxından tanıdan qlobal platforma

  • 14.04.2023

Bəşəriyyəti düşündürən, dövlətləri narahat edən məsələlərin müzakirə olunduğu mötəbər Forum

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Qlobal Forumun Bakı şəhərində keçirilməsi dünya ictimaiyyətinin Azərbaycana olan hörmətinin, etimadının, ölkəmizin dünya siyasətində, beynəlxalq münasibətlər sistemində yerinə və roluna, habelə siyasi və humanitar dialoqun inkişafına töhfələrinə verilən qiymətin real ifadəsidir. Eyni zamanda, Azərbaycanın belə bir beynəlxalq tədbirə evsahibliyi etməsi respublikamızın beynəlxalq miqyasdakı yüksək nüfuzunun real ifadəsidir.

Bu Forum dünyadakı aktual məsələlərin, bəşəriyyəti düşündürən mühüm hadisələrin və proseslərin müzakirə olunduğu beynəlxalq platformadır. Forum qlobal problemləri müzakirə etməyə, onların həlli yollarını tapmaq yolunda səylərə şərait yaradır. Bu baxımdan Forumun dövlətlərarası əməkdaşlığa, siyasi münasibətlərə konstruktiv töhfə verdiyi, qarşılıqlı siyasi anlaşma üçün əlverişli şərait yaratdığı beynəlxalq miqyasda qəbul edilir.
2013-cü ildən keçirilən Qlobal Bakı forumlarında ictimaiyyəti dərindən narahat edən məsələlərin həlli yolları araşdırılıb, bu istiqamətdə müzakirələr aparılıb. O cümlədən, dinlərarası, mədəniyyətlərarası dialoq, regionda gedən proseslər, bölgədəki digər münaqişə ocaqları ilə bağlı vəziyyət, etnik və digər zəmində baş verən münaqişələr və bir sıra digər qlobal problemlər geniş müzakirə edilib, onların həlli yollarının tapılması istiqamətində təhlillər aparılıb.
Xüsusilə qeyd edilməlidir ki, bu müzakirələrə onlarla ölkədən görkəmli dövlət xadimləri, tanınmış siyasətçilər, diplomatlar qoşularaq diskussiya və dialoq aparırlar ki, bu da Forumun nüfuzunu və çəkisini daha da artırır. Bu mənada Forum keçmiş və indiki liderlərə qlobal problemləri müzakirə etməyə, onların həlli yollarını tapmaq yolunda səylərə şərait yaradır. Forumun dövlətlərarası əməkdaşlığa, siyasi münasibətlərə konstruktiv töhfə verdiyi, qarşılıqlı siyasi anlaşma üçün əlverişli şərait yaratdığı şübhəsizdir.
Bu tədbirin məhz Bakıda keçirilməsi Azərbaycana dünya miqyasında verilən böyük önəmin bariz nümunəsidir. Coğrafi baxımdan Şərq ilə Qərbin kəsişməsində yerləşən Azərbaycanın belə mötəbər forumlara ev sahibliyi etməsi ölkəmizin dünyada dialoqun qurulmasında mühüm rol oynadığını göstərir. O cümlədən, xalqımızın qədim tarixi, zəngin mədəniyyəti, tolerantlığı barədə vaxtilə yetərincə məlumatı olmayan dünya Azərbaycanı ildən-ilə daha yaxından tanıyır və onun artan gücünün, beynəlxalq nüfuzunun şahidinə çevrilir.
Eyni zamanda, bu cür forumlar Azərbaycanın üzləşdiyi haqsızlıqları, ölkəmizə qarşı beynəlxalq ikili standartları dünyaya çatdırır. Ola bilsin ki, hansısa tədbir iştirakçısı Azərbaycana dair məsələlərlə bağlı məlumatlıdır. Lakin Bakıya gəlməsi onun təsəvvürlərini tamamilə dəyişir və yeniləyir. Və nəzərə alsaq ki, bu cür forumların iştirakçıları əsasən ictimai rəyə təsir etmək iqtidarında olan insanlardır, o zaman onların əhəmiyyəti daha aydın görünür. Bu mənada Qlobal Bakı Forumu bütün parametrləri ilə yanaşı, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından ölkəmiz üçün olduqca mühüm platformadır.

Statistik göstəricilər təsdiq edir ki, ildən-ilə Foruma beynəlxalq səviyyədə maraq yüksəlib

İndiyədək 10 forum keçirilib. Bu forumların hər birinin mövzularını nəzərdən keçirdikcə bir daha aydın olur ki, Bakıda siyasi liderlərin, politoloqların, nüfuzlu dövlət xadimlərinin iştirakı ilə dünyanı narahat edən ən aktual məsələlər müzakirə olunub. Habelə bu forumlarda iştirak edənlərin statistik göstəriciləri təsdiq edir ki, ildən-ilə müzakirələrdə iştirak edənlərin sırası genişlənib. Bu da Foruma dünyada artan marağın bariz göstəricisidir.

İlk dəfə 2013-cü ildə keçirilən Forumda qadın məsələləri, dinlərarası, mədəniyyətlərarası dialoq, regionda gedən proseslər, Dağlıq Qarabağ münaqişəsi və bölgədəki digər münaqişə ocaqları ilə bağlı vəziyyət müzakirə olunub. İki gün davam edən foruma dünyanın 40-dan çox ölkəsindən 200-ə yaxın tanınmış ictimai-siyasi xadim qatılmışdı.
2014-cü ilin aprelində keçirilən ikinci Forumda 57 ölkədən 200-ə yaxın tanınmış ictimai və siyasi xadim, o cümlədən 32 ölkənin sabiq dövlət və hökumət başçısı iştirak etdi. Tədbirin gündəliyinə isə açıq cəmiyyətlərin əhatə dairəsi və əsasları, iqtisadi dayaqları, mürəkkəb situasiyalarda münaqişələrin həlli üsulu, davamlı inkişaf prosesinin təmin edilməsi üçün multiidarəetmə və institusional çərçivəyə olan ehtiyac və digər mühüm məsələlərin müzakirəsi daxil idi. Həmçinin daxili iqtisadi artım siyasəti ilə əməli iş, yüksək keyfiyyətli təhsil və digər sosial xidmətlər üçün bərabər imkanların yaradılması, qadınların cəmiyyətdə rolunun gücləndirilməsi kimi məsələlərə də müzakirələr zamanı xüsusi diqqət ayrılmışdı.
Üçüncü Forum 2015-ci ilin aprelində keçirildi və 60-dan çox ölkədən ümumilikdə 200-dən artıq nümayəndə, 55 ölkədən sabiq hökumət rəhbərləri, tanınmış ictimai və siyasi xadimlər, həmçinin bir neçə ölkənin hazırkı dövlət və hökumət başçıları da iştirak etdi. “Yeni dünya düzənində etimadın bərpa olunması” mövzusuna həsr olunan III Forumda nüfuzlu siyasi liderlər dünyanı narahat edən məsələlər – etnik və digər zəmində baş verən münaqişələr, terror təhdidləri, demokratiyanın inkişafı, təhsil, ekologiya, enerji təhlükəsizliyi, dinlərarası dialoq, sülhün qorunmasında qadınların rolu və bir sıra qlobal problemləri müzakirə etdilər.
IV Qlobal Bakı Forumu 2016-cı ilin martında keçirildi. Forumda Albaniya, Monteneqro, Bolqarıstan, Makedoniya, Bosniya və Herseqovina və Gürcüstan prezidentləri ilə yanaşı, 27 sabiq prezident və 23 sabiq baş nazir də daxil olmaqla 53 ölkədən 300-dən çox nümayəndə iştirak etdi. “Çoxqütblü dünyaya doğru” mövzusuna həsr edilən forumda münaqişələrin qarşısının alınmasında dinlərarası dialoqun rolu, miqrasiya, multikulturalizm və inteqrasiya məsələləri, o cümlədən qlobal təhlükəsizliyin təmin olunmasında radikallaşma və miqrasiya amillərinin rolu kimi mühüm məsələlər müzakirə olundu. Bundan başqa, enerji və qlobal idarəçiliyin gələcək perspektivləri ilə bağlı məsələlər də forumun gündəliyinə daxil idi.
V Qlobal Bakı Forumunda 56 ölkədən 260 nümayəndə, o cümlədən müasir dünya siyasətinin yönləndirilməsində, bir çox regional proseslərin qiymətləndirilməsində mühüm rolu olan çox nüfuzlu dövlət xadimləri, siyasətçilər, elm adamları, siyasi ekspertlər iştirak edirdilər. Forumun nüfuzlu qonaqları arasında Latviya, Makedoniya, Albaniya, Monteneqro, Gürcüstan prezidentləri, Səudiyyə Ərəbistanı Şahzadəsi, Kral Faysal Araşdırma və İslami Çalışmalar Mərkəzinin sədri Turki əl-Faysal və digər dövlət və ictimai xadimlər var idi. İştirakçıların 40-dan çoxunun fəaliyyətdə olan və sabiq prezident, baş nazir, parlament sədrləri olması toplantının yüksək səviyyəsini göstərməklə yanaşı, tədbirdə maraqlı müzakirələrin aparılacağını əvvəlcədən müəyyən edirdi və belə də oldu.
2017-ci ildə keçirilmiş V Forumda iki gün davam edən müzakirələr göstərdi ki, Qlobal Bakı Forumu artıq öz əhəmiyyətinə görə lokal və regional münaqişələrin müzakirəsi çərçivəsindən çıxaraq bütün dünyada gedən proseslərə münasibət bildirən, qlobal problemlərin həlli yollarının müzakirəsinə yol açan bir mərkəzə çevrilib. Ən əsası bu Forum Azərbaycan həqiqətlərinin təbliğində və ölkəmizə yeni dostlar qazandırmaqda əhəmiyyətli rola malikdir. Bu mənada Azərbaycanın təşəbbüsü ilə ölkəmizi tanıtmaq, onun həqiqətlərini dünyaya çatdırmaq üçün çox əlverişli bir platforma yaradılıb. Prezident İlham Əliyev Forumda nitqində diqqəti bu məsələyə çəkərək deyib: «Azərbaycan artıq bir çox mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edib. Bu tədbirlər beynəlxalq gündəlikdə duran məsələlərin müzakirəsi baxımından böyük əhəmiyyət kəsb edir. Bununla yanaşı, Azərbaycan müstəqil ölkə olaraq nisbətən gənc dövlətdir. Biz ötən il müstəqilliyimizin bərpasının 25 illiyini qeyd etmişik. Bizim beynəlxalq və regional fəaliyyətimiz, bütün regiona müsbət təsir göstərən təşəbbüskarı olduğumuz müxtəlif layihələr ölkəmizin dünyaya təqdim edilməsi üsullarından biridir. Əlbəttə, Bakı Qlobal Forumu kimi böyük beynəlxalq tədbirlər də həmin fəaliyyətimizin bir hissəsidir».
VI Qlobal Bakı Forumu 2018-ci ildə keçirildi. “İnklüziv cəmiyyətlərin qurulması üçün ziddiyyətlərin uyğunlaşdırılması” mövzusuna həsr olunan bu Forumda beynəlxalq münasibətlərdə güc anlayışı və meydana çıxan yeni güclər, çoxluqlar milli azlıqlara qarşı, Yaxın Şərq regionunda sülh və təhlükəsizlik, Balkan regionunda hazırkı və gələcək vəziyyət – regional təhlükəsizlik məsələlərinin proqramı və ya yeni geosiyasi şahmat lövhəsi, Çinin xarici siyasəti, kapitalizmdə iqtisadi inkişaf və ətraf mühitin deqradasiyası məsələləri, nəsillər arasındakı bağların qırılması, dini-mədəni müxtəlifliyin siyasi liderlik uğrunda rolu kimi mövzular müzakirə edildi.
Forumun işində Monteneqro, Albaniya, Makedoniya, Moldova, Mavriki prezi­dentləri, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü, Türkiyənin Baş naziri və xarici işlər naziri, Fələstin baş nazirinin müavini, Bosniya və Herseqovina hökumət başçısının müavini, Rumıniya baş nazirinin müavini daxil olmaqla 10-dan çox ölkənin rəhbər şəxsləri iştirak edirdi. Bütövlükdə, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü olan sabiq dövlət və hökumət başçıları, tanınmış ictimai və siyasi xadimlərin də daxil olduğu 50-dən çox ölkədən 500 nəfərə yaxın qonaq tədbirdə iştirak etmək üçün Bakıya gəlmişdi. Forumun “Güc anlayışı: böyük güclər və digərləri”, “Çoxluqlar azlıqlara qarşı”, “Regional təhlükəsizlik, regional sülh: Orta Şərq”, “Çinin xarici siyasətini necə başa düşmək olar?” mövzularında keçirilən iclasları maraqlı diskussiyalarla yadda qaldı. Çünki gündəlikdə olan məsələlərə münasibət bildirənlər sıradan siyasətçilər yox, indiki və keçmiş dövlət və hökumət başçıları, tanınmış dövlət xadimləri idilər. Məhz onların iştirakı ilə bu məsələlər ətrafında olduqca səmərəli müzakirələr aparıldı.

Prezident İlham ƏLİYEV: Bizim forumumuzun intellektual səviyyəsi ildən-ilə artır

2019-cu ildə keçirilən VII Qlobal Bakı Forumu “Dünyanın yeni xarici siyasəti” mövzusuna həsr olunmuşdu. 3 gün davam edən forumun panel iclaslarında bu mövzu ətrafında qlobal siyasətin dəyişməsində böyük güclərin rolu, davamlı inkişaf çağırışları, təhlükəsizlik naminə orta Şərq əməkdaşlığı, müasir qərarların qəbul edilməsində elm və mədəniyyətin rolu və digər mühüm məsələlər müzakirə edildi.

Budəfəki Forumda 55 ölkədən 500-dən çox nümayəndənin, o cümlədən hazırda fəaliyyətdə olan 5 prezidentin, 1 baş nazirin, 2 baş nazirin müavininin, 42 sabiq dövlət başçısı və baş nazirin, çoxsaylı analitiklərin, jurnalistlərin, gənc liderlərin iştirakı Qlobal Bakı Forumunun beynəlxalq gündəlikdə duran aktual məsələlərlə məşğul olan ən mühüm beynəlxalq platformalardan olduğunu bir daha təsdiq etdi.
Eyni zamanda, Forumun bu tərkibdə keçirilməsi bir daha onun intellektual potensialından xəbər verdi. «Bizim forumumuzun intellektual səviyyəsi ildən-ilə artır. Bu tədbirdə lap əvvəldən iştirak edən insanlar kimi, biz əlbəttə ki, bunu söyləyə bilərik. Bu gün bu forumun dünya xəritəsində çox mühüm yeri var və forum hələ də inkişaf prosesini yaşayır», - deyə Prezident İlham Əliyev VII Forumda çıxışı zamanı bildirmişdi.
Pandemiya səbəbindən 2020-ci ildə Qlobal Bakı Forumu keçirilmədi. Bu səbəbdən VIII Qlobal Bakı Forumu 2021-ci ilin noyabrında keçirildi. “COVID-19-dan sonrakı dünya” mövzusuna həsr olunmuş bu Forumda qlobal əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi məqsədilə dünyanın 40-dan çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının təmsilçiləri, eləcə də digər nüfuzlu qonaqlar iştirak etdilər. Hibrid formatda təşkil edilən tədbirə 300-ə yaxın qonaq canlı və onlayn qaydada qoşulmuşdu. VIII Forum 30-dan çox cari və sabiq ölkə, hökumət rəhbərlərinin, o cümlədən hibrid formada Ümumdünya Səhiyyə Təşkilatı, Beynəlxalq Valyuta Fondu, BMT-nin Cenevrə Ofisi, BMT-nin Sivilizasiyalar Alyansı, Şanxay Əməkdaşlıq Təşkilatının rəhbərlərinin iştirakı ilə COVID-19 pandemiyasının başlanmasından sonra keçirilən qlobal liderlərin əsas tədbirlərdən biri kimi tarixə düşdü.

(ardı var...)

 

Ziyad SƏMƏDZADƏ,

akademik, Milli Məclisin deputatı