MƏQALƏLƏR

Tariximizdə yaşayacaq aksiyanın 100 günü

  • 29.03.2023

2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə keçirilmiş müzakirələrin nəticəsi olaraq, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlar ilə bağlı ilkin monitorinqə başlamaq üçün Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikası ərazilərinə yola düşüb. Lakin Rusiya sülhməramlılarının müşayiəti ilə sözügedən yataqların yerləşdiyi ərazilərə gəlsələr də, hər iki istiqamətdə təxribatla üzləşiblər. Beləliklə, Rusiya sülhməramlıların nəinki lazımi şərait yaratmaması, əksinə, bu prosesin qəsdən pozulması ssenarisində iştirakına görə nəzərdə tutulan ilkin baxış və monitorinq baş tutmayıb. Bununla da 12 dekabr tarixindən Laçın-Xankəndi yolunda azərbaycanlı ekofəalların etiraz aksiyası start verdi...
13 dekabr 2022-ci il tarixində Xarici İşlər Nazirliyində Azərbaycanda akkreditə olmuş diplomatik korpusun nümayəndələri və hərbi attaşelər üçün keçirilən brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev bildirib: “Vardanyanın Azərbaycanın təbii sərvətlərini talan etməsinə və ətraf mühitə ciddi ziyan vurmasına imkan verilməyəcək. Laçın dəhlizi azərbaycanlı etirazçılar tərəfindən deyil, Rusiya Federasiyasının sülhməramlı kontingenti tərəfindən bağlanıb. Azərbaycan XİN rəsmi açıqlama yayıb ki, Azərbaycan ərazilərimizdə yaşayan erməni sakinlərin humanitar ehtiyaclarını qarşılamağa hazırdır. Qarabağda yaşayan erməni sakinlərinin hüquq və təhlükəsizliyi məsələsi Azərbaycanın daxili işidir.”
14 dekabr 2022 - Aksiyada "Azərbaycan vahiddir, sərvətinə sahibdir!", "Ən böyük əsgər - bizim əsgər!", "Qarabağ Azərbaycandır!", "Azərbaycan oyaqdır, sərvətinə sahibdir!" şüarları səsləndirilib. Aksiya iştirakçıları tərəfindən havaya 44 ədəd göyərçin uçurulub.
19 dekabr 2022 - Trend İnformasiya Agentliyinin Fransada təsis etdiyi "Lagazetteaz.fr" qəzetinin baş icraçı direktoru Jan-Mişel Brün qəzetdə Fransanın erməniləri dəstəklədiyi təqdirdə, müstəqillik üçün nümayişlər edən korsikalıları həbsə atdığı barədə məqalə dərc edib. Jan-Mişel Brün qeyd edir ki, əgər 20 000-ə yaxın Qarabağ ermənisi bütün diqqətin obyekti olursa, 400 000 korsikalının Parisdən azadlıq istəyinə necə mane olmaq olar? Həmin gün Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) 1 nəfər xəstənin həkim və tibb bacısının müşayiəti ilə Xankəndidən Ermənistana aparılması üçün Azərbaycan tərəfinə müraciət edib, müraciətə dərhal cavab verilib və keçid uğurla təşkil olunub. Aksiya iştirakçıları Laçın-Xankəndi yolundan BQXK məxsus avtomobillərin Xankəndidən Laçın istiqamətinə maneəsiz keçməsinə şərait yaradıblar. 19 dekabr Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus humanitar avtomobil və təcili yardım maşını, rus sülhməramlılarından birinin ailə üzvlərinin olduğu avtomobil, eləcə də Rusiya sülhməramlılarına məxsus 10-dan artıq təminat avtomobili də aksiya keçirilən ərazidən maneəsiz keçiblər.
20 dekabr 2022 - Dini konfessiya rəhbərləri Şuşa-Laçın yolundakı aksiya ilə bağlı birgə bəyanat yayıb: “Ermənistanın qeyri-konstruktiv mövqeyi bölgəmizin əmin-amanlığı və iqtisadi rifahı yönündə perspektivləri əngəlləyir. Dövlətimiz ərazilərində yaşayan bütün etnik və din mənsublarına, o cümlədən Qarabağda yaşayan dinc erməni əsilli Azərbaycan vətəndaşlarına ehtiramla yanaşır, onların hüquqlarını və dəyərlərini qoruyur. Uca Allahın neməti olan torpaq, onun üstündə və təkində olan bütün sərvətlərə ehtiram və qayğı ilə yanaşmaq Azərbaycan torpaqlarında yaşayan həm azərbaycanlıların, həm də ermənilərin vətəndaşlıq borcudur.”
21 dekabr 2022 - Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyasının iştirakçıları bəyanat yayıb: “Biz aksiya iştirakçıları olaraq Laçın yolunun hərbi məqsədlər üçün istifadə olunmasına, təbii sərvətlərimizin talan edilərək, ölkədən çıxarılmasına son qoyulmasını tələb edirik. Laçın-Şuşa-Xankəndi yolu Azərbaycan Respublikasının suveren ərazisidir. Biz həmçinin Ermənistan hakimiyyətinin, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində qanunsuz erməni silahlı dəstələrinin erməni əsilli sakinləri təhdid etməsinə, onların Azərbaycana reinteqrasiyasına bütün vasitələrlə maneə olmasına qəti etiraz edirik. Biz erməni əsilli sakinlərlə birgə yaşayışa dəvət edirik. Vətəndaş cəmiyyəti təmsilçiləri olaraq Qarabağda yaşayan erməni əsilli vətəndaşlarımızın humanitar problemləri olduğu halda, onların aradan qaldırılması üçün bütün resurslarımızı səfərbər etməyə hazır olduğumuzu bir daha bəyan edirik”.
22 dekabr 2022 - Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan arasında telefon danışığı olub. H.Hacıyev özünün "Twitter" səhifəsində yazıb: "Biz ikitərəfli münasibətləri, regional təhlükəsizlik məsələlərini, Azərbaycan və Ermənistan arasında normallaşma və sülh sazişi üzrə danışıqları nəzərdən keçirdik. Azərbaycanın regional sülh gündəmini irəli aparmaq əzmində olduğunu bildirdim. Faydalı qazıntı yataqlarının qeyri-qanuni istismarı və bunun nəticəsində ətraf mühitə dəyən ziyanla bağlı Laçın-Xankəndi yolunda dinc etiraz aksiyası keçirən Azərbaycan vətəndaş cəmiyyətinin haqlı narahatlığını ifadə etdim. Ermənistanın "blokada" ilə iddiaları əsassız qara təbliğat cəhdləridir."
24 dekabr 2022 - Almaniyanın Köln şəhərində Ermənistanın ekoloji terroruna etiraz və ətraf mühitin qorunması tələbləri ilə Şuşa-Xankəndi yolunda aksiya keçirən ekoloji fəallara dəstək məqsədilə piket keçirilib. Aksiya Almaniya Azərbaycanlıları Alyansının təşkilatçılığı ilə Köln Kafedralının qarşısında baş tutub.
26 dekabr 2022 - Nyu-Yorkdakı soydaşlarımız BMT önündə etiraz aksiyası keçiriblər.
27 dekabr 2022 - Tbilisidə BMT-nın ofisi qarşısında Qarabağda törədilən ekoloji terrora diqqət çəkmək məqsədilə dinc aksiya keçirilib.
9 yanvar 2023 - Ekokönüllülərin aksiya keçirdiyi ərazidə fotosərgi təşkil olunub.
10 yanvar 2023-cü il Prezident İlham Əliyev: “Laçın-Xankəndi yolunda etiraz aksiyası keçirən gənclər bizim fəxrimizdir. Gecə-gündüz şaxtalı-qarlı havada oradadırlar, öz haqlarını tələb edirlər və bir daha Azərbaycan gəncinin nə qədər yüksək keyfiyyətlərə malik olmasını bütün dünyaya göstərirlər. Bunun, necə deyərlər, bir addımlığında separatçılar dünyaya tamamilə yalan informasiya ötürməklə məşğuldurlar. Orada blokadadan söhbət gedə bilməz. Sülhməramlıların dörd yüzə yaxın yük avtomobili oradan keçib. Əlbəttə ki, oradan keçən, hətta bu aksiyaya qədər keçən bütün nəqliyyat vasitələri nəzarət altında idi. Biz haradan öyrəndik ki, İran maşınları oraya yanacaq aparır? Biz orada gördük. Halbuki, İran tərəfi bunu əvvəllər inkar etməyə çalışırdı. Hətta İran maşınları üzərinə saxta erməni nömrələrini yapışdırmaqla bizi belə primitiv səviyyədə aldatmaq istəyirdilər. Monitorinq, təftiş, qanunsuz istismarın dayandırılması tələb edilir və biz buna nail olacağıq. Ona görə Laçın-Xankəndi yolunda baş verən hadisələrə blokada demək, sadəcə olaraq, insafsızlıqdır.”
18 yanvar 2023 - Kanadalı jurnalist Deyv Qordon və gürcüstanlı bloger Tamuna Mumladze (Tako) Xankəndi-Laçın yolundakı aksiyanı müşahidə edirlər, aksiyanın keçirilmə səbəbləri baradə məlumat əldə edir, çəklişlər aparırlar.
19 yanvar 2023-cü il - Milli Məclis Avropa Parlamentinin qətnaməsi ilə əlaqədar bəyanat yayıb: “Biz Avropa Parlamentinin 2023-cü il yanvarın 19-da xüsusi prosedur qaydasında qəbul etdiyi qeyri-obyektiv və ədalətsiz qətnaməyə etirazımızı bildirir, yalan və saxta məlumatlar üzərində qurulmuş əsassız ittihamları qətiyyətlə rədd edirik. Fransalı nümayəndələr başda olmaqla Azərbaycana qarşı qərəzli mövqe tutan deputatların təşəbbüsü ilə müzakirəyə çıxarılmış, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olan Qarabağın dağlıq hissəsinin guya blokadaya alınmasının humanitar nəticələrindən bəhs edən birgə qətnamə həmin sənədin müəlliflərinin ikili standartlardan yenə də əl çəkə bilmədiklərini göstərir. Laçın-Xankəndi yolunda dinc etiraz aksiyası 1 aydan artıqdır davam edir. Bununla əlaqədar qeyd edilməlidir ki, Avropa Parlamentinin qətnaməsində iddia edilənlərin əksinə olaraq, Qarabağ ərazisində yaşayan 20 mindən bir qədər artıq erməni milliyyətli vətəndaşın blokadaya alınmasından söhbət gedə bilməz. Laçın dəhlizi Rusiya sülhməramlılarının daşıdığı humanitar yüklər, “Qırmızı xaç” komitəsi nümayəndələrinin, eləcə də Qarabağda yaşayan ermənilərin, o cümlədən uşaqların və xəstələrin gediş-gəlişi üçün açıqdır. Qətnamədə guya Azərbaycanın Qarabağ ərazisinə təbii qaz tədarükünü pozması barədə irəli sürülən iddialara gəlincə, bunlar əsassız olduğu qədər də gülüncdür. Xatırlatmaq yerinə düşər ki, vaxtı ilə Avropa Parlamenti Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən, bu gün Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan “Cənub Qaz Dəhlizi” layihəsinin də əleyhinə çıxırdı”.
20 yanvar 2023 - Azərbaycan XİN Avropa Şurası sədrinin ittihamlarına cavab verib: “Paradoksal olsa da, İslandiya nümayəndəsi Avropa Şurasının Nazirlər Komitəsində yüzminlərlə azərbaycanlı məcburi köçkünün hüquqlarını, Ermənistan tərəfindən törədilən hərbi cinayətləri və beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasını inkar edir.”
XİN Ceyhun Bayramov: “Hər danışdığım rəsmi qurumlara bir daha xatırladıram ki, əsas məqsəd nədir. Silah-sursat və minaların daşınması yolverilməzdir. Laçın yolundakı aksiyada əsas hədəf ekoloji fəlakətlərin dayandırılmasıdır. Bu insanların tələbləri Azərbaycanın təbii sərvətlərinin talanmasının, ekoloji fəlakətin qarşısının alınmasıdır.”
21 yanvar 2023 - Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) İcraiyyə Komitəsi Avropa Parlamentinin 2023-cü il 19 yanvar tarixli qətnaməsi ilə əlaqədar bəyanat yayıb: “Avropa Parlamenti Azərbaycan torpaqlarını işğal edən Ermənistana qarşı bir dəfə də olsun səsini çıxarmadı, ölkəmizin ərazi bütövlüyünün toxunulmazlığı ilə bağlı BMT-nin qəbul etdiyi 4 qətnaməsini gözardına vurdu. Həmçinin təcavüzkar Ermənistana hər cür maddi-mənəvi dəstək göstərildi. Yalan üzərində qurulmuş qətnamədə iddia olunur ki, guya Azərbaycan Ermənistana hərbi təcavüz edib, Laçın yolu “blokada”dadır. Eyni zamanda, sənəddə acı gülüş doğuran məqam isə tamamilə hörmətdən düşmüş və tarixin arxivinə gömülmüş “Madrid prinsipləri”nə istinadlardır.
24 yanvar 2023 - Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfiri Elin Süleymanov "Financial Times" qəzetində bir neçə gün əvvəl dərc olunmuş yazıya elə həmin nəşrdəki cavab məqaləsində deyib: “Laçın-Xankəndi yolu ilə hərəkət edən yüzlərlə nəqliyyat vasitəsi Ermənistan tərəfin dediyi kimi, Azərbaycan tərəfindən heç bir "blokada"nın olmadığını göstərir.” Xatırladaq ki, Azərbaycanda milli azadlıq hərəkatı 1988-ci ildə məhz Şuşa şəhərinin yaxınlığında yerləşən Topxana meşəsini qorumaq tələbi ilə başladıldı - Dağlıq Qarabağın təbiətininin qayğısına qalmaq nə yeni, nə də səthi məsələ deyil. Məqalə Qarabağın beynəlxalq səviyyədə tanınmış Azərbaycan ərazisi olduğunu təsdiqləyir. Hətta Ermənistan hələ bu yaxında beynəlxalq sənədlərə əsasən Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıdığını bəyan edib. Qafqazda davamlı sülhün təmin olunmasına dair hərtərəfli sazişlə davam etmək həm erməni, həm də Azərbaycan xalqlarının maraqlarına xidmət edərdi.
31 yanvar 2023 - Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Jozef Borrel Avropa Parlamentinin ermənipərəst deputatı Asita Kankonun sualına cavab olaraq bildirib: "Sanksiyalar Aİ-nin ümumi xarici və təhlükəsizlik siyasəti məqsədlərinə xidmət edən vasitələrindən yalnız biridir və hazırkı vəziyyətdə nəzərdə tutulmur. Aİ-nin Ermənistan və Azərbaycanla çalışmaları dialoq vasitəsilə həllə nail olmağa yönəlib və hər iki ölkənin rəhbəri buna tərəfdar olub."
1 fevral 2023 - Laçın yolundakı aksiyanı Çexiya televiziyasının əməkdaşları da işıqlandırırlar.
4 fevral 2023 - Beynəlxalq nümayəndə heyəti Laçın-Xankəndi yolundakı dinc etiraz aksiyasını müşahidə ediblər. Diasporumuz Beynəlxalq Ədalət Məhkəməsinin önündə dinc aksiyası keçirib.
10 fevral 2023 - Azərbaycanın Britaniyadakı səfiri Elin Süleymanov “The Times” radiosuna müsahibə verib: “Nəticə etibarilə dayanıqlı sülh, regionda nəqliyyat dəhlizlərinin açılması, kommunikasiyaların bərpası Ermənistan və Azərbaycan üçün mühüm olmaqla yanaşı, bütün regionda davamlı inkişafın qarantıdır.”
18 fevral 2023 - Prezident İlham Əliyev: “Laçın-Xankəndi yolunda blokadadan söhbət gedə bilməz. Dekabrın 12-dən bu günə qədər 2500-dən çox yük maşını və Beynəlxalq Qızıl Xaç Komitəsinin maşınları keçmişdir və əgər blokada var idisə, bu maşınlar necə keçə bilərdi? Yəni bu, Azərbaycana qarşı əsassız bir ittihamdır. Biz bunu rədd edirik və deyə bilərəm ki, keçirdiyim bütün görüşlərdə bu mövqe anlayışla qarşılanır. O cümlədən Avropa İttifaqı bizim mövqeyimizi anlayır. Biz haqlı olaraq tələb edirik ki, yataqlarımızın qanunsuz istismarı dayandırılsın və buna nail olunmayana qədər əminəm ki, bizim ictimai fəallarımız öz şərəfli missiyalarından əl çəkməyəcəklər. Bu gün də bunu çatdırmağa çalışdım.”
27 fevral 2023 - Xarici jurnalistlər Laçın yolunda ekokönüllülərin keçirdiyi aksiyanı işıqlandırırlar.
28 fevral 2023 - XİN Ceyhun Bayramov: “Ekofəalların Laçın yolunda aksiyası Ermənistan tərəfinin onun istifadəsini kobud şəkildə pozması ilə bağlıdır.”
12 dekabr 2022 - tarixindən Xankəndi- Laçın yolundan keçən sülhməramlılara və BQXK-ya məxsus nəqliyyat vasitələrinin sayı
12 dekabr-10 yanvar – 400-ə yaxın
11 yanvar-26 yanvar – 600-ə yaxın
(hər iki istiqamətdə)
27 yanvar-10 mart – 2000-dən yuxarı
11 mart-25 mart – 2000-dən yuxarı
Cəmi – 5000-dən yuxarı

Hazırladı: iqtisadçı-ekspert
Maqsud Quliyev