MƏQALƏLƏR

AMEA-nın alimləri Azərbaycan Ağsaqqallar Şurası tərəfindən “Elm Günü” münasibətilə təltif ediliblər

  • 29.03.2023

Martın 27-də AMEA-nın Mər­kəzi Elmi Kitabxanasında 27 Mart – Elm Gününə həsr olunmuş “Azərbaycan Milli Elmlər Akademiyası: yeni mərhələ və müasir vəzifələr” adlı tədbir keçirilib.
Əvvəlcə tədbir iştirakçıları Fəxri Xiyabanda müasir Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət ediblər.
Daha sonra elmi-texniki-yaradıcılıq sərgisinə baxış keçirilib.
Tədbiri AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli açaraq, bütün Azərbaycan alimlərini 27 Mart – Elm Günü münasibətilə təbrik edib və onlara gələcək elmi fəaliyyətlərində yeni-yeni uğurlar diləyib. Daha sonra “Azərbaycan Milli Elmlər Akademiyası: zaman və müasirlik” mövzusunda çıxış edən İsa Həbibbəyli öz nitqində AMEA-nın yaranma tarixindən, müasir Azərbaycan elmininin hazırkı səviyyəsindən, onun inkişaf perspektivlərindən, nailiyyətlərdən və görüləcək işlərdən ətraflı bəhs edib.
Tədbirdə digər natiqlərlə yanaşı Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev də maraqlı məruzə ilə çıxış edib. O, öz çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2018-ci il 09 aprel tarixli sərəncamı ilə hər il mart ayının 27-də ölkəmizdə “Elm günü”nün qeyd olunduğunu bildirərək, dövlət tərəfindən ölkəmizdə elmin inkişafına göstərilən diqqqət və qayğıdan danışıb, həmçinin alimləri bu əlamətdar gün münasibətilə təbrik edib. Vurğulayıb ki, respublikamızda həyatın müxtəlif sahələrinin inkişaf etdirilməsində, dövlətçiliyimizin formalaşdırılmasında, elmi kadrların yetişdirilməsində alimlərimizin böyük əməyi vardır. Xüsusən ayrı-ayrı elm sahələri üzrə dünya şöhrətli alimlər yetişdirən Azərbaycan Milli Elmlər Akademiyası ölkəmizin bütün elmi potensialını özündə cəmləyərək respublikamızın elmi müəssisələrinin fəaliyyətini istiqamətləndirən intellektual beyin mərkəzinə çevrilmişdir. Eldar Quliyev öz məruzəsində bəzi problemli məsələlərə də toxunaraq qeyd edib edib ki, alimlərimiz və onların elmi əsərləri xaricdə zəif təmsil olunur, beynəlxalq səviyyəli nüfuzlu kitab­xanalarda müəllifi azərbaycanlı olan kitablara çox az-az rast gəlinir. Bu sahəyə daha çox diqqət ayırmağın vacibliyindən bəhs edən Eldar müəllim, həmçinin, gələcəyimiz olan gənclərimizin elmə marağının artırılmasının da bu günün ən prioritet məsələlərindən biri olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Daha sonra o, ölkəmizdə elmin və təhsilin inkişafına verdikləri töhfələrə, beynəlxalq elmi əlaqələrin formalaşdırılmasında, yüksəkixtisaslı elmi kadr­ların hazırlanmasında, gənc alim­lərin yetişdirilməsində, on­lara milli-mənəvi dəyərlərin aşılanmasında göstərdikləri xidmətlərə görə və “Elm günü” münasibətilə Azərbaycan Milli Elmlər Akademiyasının alimlərini, o cümlədən Azərbaycan Ağsaq­qallar Şurasının İdarə Heyəti­nin üzvləri olan AMEA-nın Bi­rinci vitse-prezidenti, Fizika İnstitutunun Baş direktoru, akademik Arif Həşimovu, millət vəkili, akademik Ziyad Səməd­zadəni, AMEA-nın müşaviri, akademik Yaqub Mahmudovu, AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyevi, habelə AMEA-nın vitse-prezidenti, aka­demik Tofiq Nağıyevi, Geologiya və Geofizika İnstitutunun Baş direktoru, akademik Akif Əlizadəni, AMEA-nın müx­bir üzvü Rafiq Qasımovu və filo­logiya elmləri doktoru, pro­fes­sor Qəzənfər Paşayevi Şuranın “Fəxri Ağsaqqal” döş nişanı ilə təltif edib. Həmçinin bəzi alimlərə Azərbaycan Ağsaqqallar Şurasının Fəxri fərmanları təqdim olunub.
Tədbirdə Azərbaycan Ağsaq­qallar Şurasının Aparat rəhbəri Ramin Həsənli, böyük məsləhətçi-hüquqşünas Kamal Əliyev, o cümlədən Şuranın digər əməkdaşları Şahnaz Hacıyeva, Rafiq Rzayev və Elşad Quliyev də iştirak edib.