MƏQALƏLƏR

Qəşəm BAYRAMOV: Heydər Əliyev Azərbaycanın inkişaf strategiyasının banisidir

  • 06.04.2023

Müstəqil Azərbaycan Res­publikasının banisi, memarı, quru­cusu Azər­baycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyevin 100-cü ildönümünün keçirilməsi ərəfəsində olduğumuz üçün mən də məqaləmi o dahi şəxsiyyətin gözəl kəlamı ilə başlamaq istəyirəm.
“İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir”.
Biz də bu deviz altında Azərbaycan iqtisadiyyatının inkişafı naminə bütün gücümüzü səfərbər edərək, inamla çalışacağıq.
Təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan milli iqtisadiyyatın sürətlə inkişaf etdirilməsi, məqsədyönlü iqtisadi islahatların uğurla həyata keçirilməsi, qanunvericilik bazasının təkmilləşdirilməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirilir.
Ulu öndərimizin əsasını qoyduğu Azərbaycanın inkişaf strategiyasının sonrakı dövrlərdə ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən inamla və böyük uzaqgörənliklə davam etdirilməsi nəticəsində iqtisadiyyatımız sürətlə inkişaf etmiş, bu gün ölkəmiz regionun siyasi, iqtisadi və mədəni mərkəzinə və MDB məkanında lider dövlətə çevrilmişdir.
Belə ki, Azərbaycan Respublika­sının Prezidenti cənab İlham Əli­yevin iqtisadi siyasətinin əsas prioritet istiqamətləri olan qeyri-­neft sektoruna investisiya axınının gücləndirilməsi və sürətlə inkişaf etdirilməsi, iqtisadiyyatın bütün sahələrinin genişləndirilməsi, regionların tarazlı inkişafının təmin edilməsi, əlverişli investisiya və biznes mühitinin formalaşdırılması, sahibkarlığın dinamik şəkildə inkişafı, əhalinin maddi-rifahı halının daha da yüksəldilməsi nəticəsində ölkənin sosial-iqtisadi inkişafı keyfiyyətcə yeni strateji mərhələyə qədəm qoymuşdur.
Ulu öndərimiz Heydər Əliyev tərəfindən 16 sentyabr 1994-cü il tarixdə “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanununun imzalanması ilə ölkədə auditor xidmətinin dövlət tənzimlənməsinin hüquqi əsası qoyulmuş və sonrakı illərdə milli auditin inkişafı üçün zəruri olan mükəmməl qanunvericilik bazası yaradılmışdır.
Ümummilli lider Heydər Əliyevin adı ilə bilavasitə bağlı olan müstəqil auditin ölkəmizdə for­malaşdırılması və onun nor­ma­tiv hüquqi bazasının yaradıl­ması qısa zaman kəsiyində maliyyə nəzarətinin sivil forması olan müstəqil auditin uğurlu inkişafına imkan yaratmışdır. Ölkəmizdə auditor fəaliyyətinin döv­lət tənzimlənməsi Auditorlar Pa­latası tərəfindən həyata keçi­rilir. Auditorlar Palatasının fəaliyyəti dövründə ölkədə beynəlxalq audit standartlarının tətbiqi reallaşdırılmış, auditorların fəaliyyətinə effektiv nəzarətin qurulması sahəsində xeyli işlər görülmüşdür. Auditorlar Palatası beynəlxalq və regional peşə qurumlarında, o cümlədən Beynəlxalq Mühasiblər Federasiyası (IFAC) və Avropa Mühasiblər və Auditorlar Federasiyası (EFAA) kimi çox nüfuzlu bir təşkilatda ölkəmizi layiqincə təmsil edir və 40-dan çox xarici ölkələrin mühasibatlıq və audit qurumları ilə sıx əməkdaşlıq edir.
Ölkə başçısının rəhbərliyi altında məqsədyönlü iqtisadi islahatlar aparılmış, çoxlu sayda dövlət proqramları və milli fəaliyyət planları qəbul edilmişdir. Həmin dövlət proqramlarında və milli fəaliyyət planlarında Azərbaycan Respublikasının Auditorlar Palatasına həvalə edilmiş vəzifələr vaxtında və yüksək keyfiyyətlə icra edilmiş və nəticələri barədə hesabat hazırlanaraq Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim edilmişdir.
Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan, son 20 ilə yaxın bir müddət ərzində ardıcıl və məqsədyönlü şəkildə həyata keçirilən iqtisadi islahatlar nəticəsində respublikada sahibkarlıq fəaliyyəti, o cümlədən onun bir növü olan auditor xidməti dinamik şəkildə durmadan inkişaf edir.
Bu günlərdə Azərbaycanın böyük oğlu, xalqının həyatında və taleyində tarixi rol oynamış Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü tamam olur. İstər sağlığında, istərsə vəfatından sonra Heydər Əliyev haqqında çoxsaylı kitablar, qəzet-jurnal məqalələri yazılıb və bundan sonra da yazılacaqdır. Ona ithaf olunmuş ədəbi əsərlər, musiqi nümunələri, onun həyat və fəaliyyətindən bəhs edən filmlər bundan sonra da uzun illər işıq üzü görəcəkdir. Lakin bir məqamı etiraf etmək lazımdır ki, Heydər Əliyev barəsində yazan hər bir müəllif ən yaxşı halda onun portretinin bir neçə cizgisini, fəaliyyətinin bir neçə istiqamətini dolğun əks etdirməyə müvəffəq olur. Çünki Heydər Əliyev o qədər nəhəng şəxsiyyət və dövlət xadimi idi ki, onu tam və bitkin şəkildə təsvir etmək istənilən yazar uçün sadəcə mümkünsüzdür.
Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etmişdir. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etmişdir.
1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşamış, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilmişdir. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olmuşdur. Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilmişdir.
Heydər Əliyev heyrətamiz iradə və məqsədyönlülüklə ölkəni bu şəksiz fəlakətdən xilas etməyə girişdi. O, belə bir sadə və eyni zamanda, böyük həqiqəti rəhbər tuturdu: nə qədər ki, insanlar özlərinin həyatı və yaşamaq hüququ uğrunda, müstəqillik və milli dövlətçilik uğrunda mübarizə aparmağa qadirdirlər, onlar üçün nə ictimai əmin-amanlığın və barışığın bərqərar olmasında, nə də yaranmış siyasi, sosial və iqtisadi böhrandan çıxış yollarının tapılmasında dəfedilməz maneələr yoxdur və ola da bilməz.
Azərbaycan xalqı bu taleyüklü dövrdə də Heydər Əliyevin yanında sadiq müttəfiqləri oldular, ilk növbədə özlərinə hörməti bərpa etmək üçün bütün iradəsini və həyat enerjisini səfərbər edə bildilər. Məhz Heydər Əliyevin qayıdışı sayəsində Azərbaycan xalqında ruh yüksəkliyi yarandı, xalq sanki ümidsiz olan bir vəziyyətdə perspektivləri gördü, onda öz gələcəyinə inam oyandı. Ölkə dərin ictimai, siyasi və iqtisadi böhranı aradan qaldıra bildi. Azərbaycan təcrid vəziyyətindən çıxdı və dünya birliyinin üzvü oldu, mötəbər beynəlxalq təşkilatlara qəbul edildi. Məhz onun dövründə ölkə quruculuq, demokratik cəmiyyət və hüquqi dövlət yaradılması yoluna qədəm qoydu, Azərbaycan özünün coğrafi-siyasi vəziyyətinin nadir imkanlarından istifadə edə bildi. Bu yol nə qədər enişli-yoxuşlu olsa da, Azərbaycan xalqı öz gələcək inkişafının üfüqlərini məhz Heydər Əliyevin həyata keçirdiyi sistemli fundamental dəyişikliklər çərçivəsində görürdü.
1993-cü ilin may-iyununda hökumət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı. Azərbaycanın o zamankı rəhbərləri Heydər Əliyevi rəsmən Bakıya dəvət etməyə məcbur oldular. Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı.
1993-cü il oktyabrın 3-də ümum­xalq səsverməsi nəticəsində Hey­dər Əliyev Azərbaycan Respub­likasının Prezidenti seçildi. O, 1998-ci il oktyabrın 11-də xal­qın yüksək fəallığı şəraitində keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq, yenidən Azər­baycan Respublikasının Prezidenti seçilmişdir.
1993-cü ilin iyununda Azərbaycan xalqı müstəqilliyə qovuşmuş dövlətin idarə olunmasını Heydər Əliyevə etibar etdikdə, bu dövlətin taleyi Tanrının ümidinə qalmışdı. Ölkədə hakimiyyətsizlik, qarmaqarışıqlıq və hərc-mərclik baş alıb gedirdi: manatın məzənnəsi sürətlə aşağı düşür, sənaye və kənd təsərrüfatı istehsalının səviyyəsi günbəgün azalır, çörək və digər ən zəruri ərzaq məhsulları üçün növbələr düzülür, bir sıra bölgələrdə separatçılıq əhval-ruhiyyəsi güclənir, cinayətkar ünsürlər meydan sulayır, insanlar etnik zəmində təqiblərə məruz qalır, şəhər və rayonlarda qətl-qarətlər törədilir, ziyalılar baş götürüb ölkədən qaçır, hakimiyyət iddiasında olan qruplaşmalar arasında silahlı toqquşmalar baş verir, Ermənistan silahlı birləşmələri ilə bəsit özünümüdafiə səviyyəsində müharibə aparılırdı, ayrı-ayrı şəxslərin yaratdığı silahlı dəstələr arasında cəbhə xəttində adicə hərbi nizam-intizam və tabeçilik yox idi.
Bütün bunların nəticəsi olaraq, Azərbaycanın yaşayış məntəqələri və rayon mərkəzləri bir-birinin ardınca düşmənə təhvil verilir, Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağı və ona bitişik rayonları işğal edirdilər. Adama elə gəlirdi ki, bu ümumi fəlakətdən, hakimiyyəti zor gücünə ələ keçirən, lakin bu yükün bütün ağırlığını və məsuliyyətini dərk etməyən adamların cinayətkarcasına məsuliyyətsizliyi nəticəsində ölkənin düşdüyü çox ağır vəziyyətdən çıxış yolu yoxdur.
1994-cü il sentyabrın 20-də Bakıda Gülüstan sarayında Xəzərin Azərbaycan sektorundakı "Azəri", "Çıraq", "Günəşli" yataqlarının dərin su qatlarındakı neftin birgə işlənməsi haqqında "məhsulun pay bölgüsü" tipli müqavilə imzalandı. Müqavilə öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə "Əsrin müqaviləsi" adlanmış, təxminən 400 səhifə həcmində və 4 dildə öz əksini tapmışdıır. “Əsrin müqaviləsi”ndə dünyanın 8 ölkəsinin (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı) 13 ən məşhur neft şirkəti (Amoko, BP, MakDermott, Yunokal, ARDNŞ, LUKoyl, Statoyl, Ekson, Türkiyə Petrolları, Penzoyl, İtoçu, Remko, Delta) iştirak etmişdir. Bununla da "Yeni neft strategiyası" və doktrinası uğurla həyata keçirilməyə başlandı.
Heydər Əliyev demişdir: “Əsrin müqaviləsi ilə qoyduğumuz təməl XXI əsrdə Azərbaycan xalqının inkişafı, firəvan həyatı, müstəqil Azərbaycan dövlətinin suverenliyinin daha da möhkəmlənməsi üçün gözəl imkanlar yaradır və inanıram ki, XXI əsr müstəqil Azərbaycan dövləti üçün ən xoşbəxt dövr olacaqdır.”
"Əsrin müqaviləsi"nin ilk günlərindən başlayaraq Azərbaycan Beynəlxalq Əməliyyat şirkəti yaradıldı və təsdiq olunmuş vahid proqram üzrə ARDNŞ ilə birgə işlərə başlandı. Bu saziş sonradan dünyanın 19 ölkəsinin 41 neft şirkəti ilə 32 sazişin imzalanması üçün yol açdı. "Əsrin müqaviləsi" həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlər siyahısına daxil olmuşdur. İmzalanmış neft sazişləri üzrə Azərbaycanın neft sənayesinin inkişafı üçün nəzərdə tutulmuş 64 milyard ABŞ dolları qoyuluşunun 57,6 milyardı dəniz yataqlarının istifadəsinə və perspektivli strukturlarda axtarış-kəşfiyyat işlərinin aparılmasına yönəldilmişdir.
1999-cu ilin noyabrında Türkiyənin İstanbul şəhərində keçirilmiş ATƏT-in Sammitində ABŞ, Türkiyə, Azərbaycan, Gürcüstan, Qazaxıstan və Türkmənistan prezidentləri tərəfindən Bakı-Tbilisi-Ceyhan (BTC) "Əsas İxrac Neft Kəməri"nin çəkilişi haqqında dövlətlərarası müqavilə imzalanmışdır.
2002-ci il sentyabrın 18-də Bakıda, Səngəçal terminalında ümummilli liderimiz Heydər Əliyevin, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə Bakı-Tbilisi-Ceyhan ixrac neft kəmərinin təməl daşı qoyulmuş və tikintisinə başlanmışdır. 2006-cı il iyulun 13-də isə Türkiyənin Ceyhan şəhərində XXI əsrin ən böyük enerji layihəsi olan Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təntənəli açılış mərasimi keçirilmişdir.
Öz tarixi əhəmiyyəti baxımından heç də Bakı-Tbilisi-Ceyhan neft kəmərindən geridə qalmayan hadisə - Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin tikintisi və “Şahdəniz” yatağından qazın hasilatına başlanması oldu. Məhz bu layihənin məntiqi nəticəsidir ki, Azərbaycan bu gün nəinki neft ixrac edən, eyni zamanda qaz ixrac edən ölkəyə çevrilmişdir.
2006-cı ildə Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft, 2007-ci ilin əvvəlində isə Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin işə düşməsi respublikamızın dünya enerji bazarındakı rolunu əhəmiyyətli dərəcədə möhkəmləndirmişdir.
2014-cü ilin sentyabrında “Əsrin müqaviləsi”nin 20-ci ildönümündə Səngəçal terminalında “Cənub” qaz dəhlizi layihəsinin təməli qoyulmuşdur.
Hazırda Azərbaycan qazının dünya bazarına nəqli ilə əlaqədar Cənub Qaz Dəhlizinin fəaliyyətini təmin etmək məqsədi ilə “Şahdəniz” qaz-kondensat yatağının tammiqyaslı işlənilməsi, Cənubi Qafqaz Boru Kəmərinin (SCP) genişləndirilməsi, Trans-Anadolu Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) layihələrinin həyata keçirilməsi üzrə genişmiqyasli işlər həyata keçirilir.
Çətin siyasi və iqtisadi şəraitdə imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi inkişafının təməlini qoyub.
2017-ci ilin sentyabrında “Əsrin müqaviləsi”nin 23-cü ildönümündə Bakıda “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsünün düzəliş edilmiş və yenidən tərtib olunmuş sazişi (PSA) imzalandı. Yenilənmiş sazişlə “Əsrin müqaviləsi”nin müddəti 2050-ci ilədək uzadıldı.
2017-ci ilin noyabrında Azərbaycanda iki milyard ton neft hasil olunması münasibətilə təntənəli mərasim keçirilib. Bütövlükdə çıxarılmış 2 milyard ton neftin təxminən 700 milyon tonu müstəqillik dövründə hasil edilmişdir.
Heydər Əliyev öz ölkəsini qlobal sarsıntılar dövrünün fırtınalarından sağ-salamat və uğurla keçirərək, ölkənin milli dəyərlərinin, insanların mənəvi sağlamlığının, özlərinə inamının qorunub saxlanılmasına müvəffəq olmuşdur. Siyasətin ön səhnəsində olduğu dövr ərzində o, XX və XXI əsrlərin görkəmli siyasətçilərindən biri kimi, müasir dövrün böyük siyasi lideri kimi bütün dünyada tanınmışdır. Görkəmli siyasi xadim, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə sabiq köməkçisi Zbiqnev Bjezinski dövlətimizin başçısı haqqında bu fikirdə olmuşdur: “Heydər Əliyev siyasi cəhətdən möhkəm, məntiqli, zəkalı, istədiyini tez çatdıran şəxsiyyət - bir sözlə, şəksiz liderdir”.
Ankaradakı Bilkənd Universitetinin banisi, dünya şöhrətli alim İhsan Doğramacı Heydər Əliyev şəxsiyyətini qiymətləndirərkən demişdir: “Heydər Əliyev zəmanəmizin nadir yetişdirdiyi dövlət xadimlərindəndir. Heydər Əliyev yaşadığı fırtınalı həyatı boyu hər zaman xalqını, Vətənini düşünmüşdür.
(davamı 4-cü səhifədə)
(əvvəli 3-cü səhifədə)
Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi və öz xalqının xoşbəxtliyi üçün çırpınmışdır. Azərbaycanın ən çətin anlarında Vətəni xilas etmək üçün misilsiz fədakarlıqlar göstərmişdir... O, ölkəsini bəlalardan qurtaran dövlət başçısıdır”.
Heydər Əliyevin dövründə Azərbaycanı onun hüdudlarından çox-çox uzaqlarda tanıdılar. Mübaliğəsiz deyə bilərik ki, o, ölkəni siyasi təcriddən çıxararaq, xarici siyasətdə çox böyük irəliləyiş yaratdı. Azərbaycanın səsi mötəbər beynəlxalq təşkilatların və dövlət başçıları sammitlərinin tribunalarından getdikcə daha tez-tez və gur eşidilməyə başladı, Azərbaycan beynəlxalq strukturlara üzv qəbul edildi.
Hamıya məlumdur ki, Heydər Əliyev son dərəcə savadlı və yüksək erudisiyaya malik insan idi. Məhz buna görə də o, dövlət quruculuğunun elə bir konsepsiyasını işləyib hazırlaya bilmişdir ki, burada sosiologiya və fəlsəfənin bir çox mücərrəd problemləri ideyalar və elm sahəsindən əməli siyasət müstəvisinə keçmişdir.
Heydər Əliyev bizim müasirimizdir. Elə bircə bu faktın özü hər bir azərbaycanlı üçün qürur və iftixar mənbəyidir. Heydər Əliyev, eyni zamanda taleyin xalqımıza bəxş etdiyi dahi tarixi şəxsiyyətdir. Heydər Əliyev bütün varlığı ilə Azərbaycanın, onun bu gününün və gözəl gələcəyinin təcəssümüdür.
Dünyanın görkəmli siyasətçiləri, dövlət və hökumət rəhbərləri, tanınmış siyasi xadimləri, məşhur yazıçılar Heydər Əliyevi siyasət nəhəngi, nadir istedad sahibi, tarixi və əfsanəvi şəxsiyyət adlandırırdılar.
Yaşadığımız dövr tarixə Heydər Əliyev epoxası kimi daxil olacaqdır. Gələcək nəsillər taleyin bizə bəxş etdiyi bu tarixi dövrü böyük qibtə hissi ilə xatırlayacaq, öyrənəcək, təhlil edəcəkdir. Bizim hər birimiz isə bir vətəndaş kimi taleyin bizə bəxş etdiyi bu nadir imkandan ölkənin tərəqqisi naminə istifadə etməyə hazır və qadir olmalıyıq.
Heydər Əliyevin Azərbaycan tarixinə təsiri çox böyükdür. O, müstəqil Azərbaycan dövlətinin arxitekturasını yaratmış, milli dövlətçiliyimizin ideya təməlini qoymuşdur. İllər keçəcək və çiçəklənən Azərbaycanın vətəndaşları bir gün deyəcəklər: “Heydər Əliyev ölkəni idarə edir, onun ideyaları zamanın sınağından çıxmışdır və bu gün də insanların şüurunda və qəlbində yaşayır. Ölkədə fəaliyyət göstərən siyasi və iqtisadi sistem əsl Vətəndaşın, böyük Şəxsiyyətin, qüdrətli Liderin əməyinin bəhrəsidir”.
Ulu Öndərin Vətəni və xalqı qarşısında müstəsna xidmətlərindən biri İlham Əliyev kimi oğul yetişdirməsidir. Ulu Öndərin layiqli varisi Prezident İlham Əliyev 20 ildir ki, Azərbaycana bacarıqla rəhbərlik edir, onu inamla gələcəyə aparır. Yalnız Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra insanların qəlbində ümid çırağı yanmağa başladı. Ulu Öndərin söylədiyi “gün gələcək Azərbaycanın bayrağı Şuşada və digər işğal olunmuş ərazilərdə dalğalanacaq” sözləri xalqımızın inamını artırdı. Artıq işğaldan azad olunmuş bütün rayon, kənd və qəsəbələrdə geniş abadlıq quruculuq işləri aparılır. Hesab edirəm ki, biz 44 günlük möhtəşəm Qələbəyə görə həm də ümummilli lider Heydər Əliyevə borcluyuq. Çünki bizi 30 il ərzində qələbəyə yaxınlaşdıran ordu quruculuğunun əsasını məhz ümummilli lider Heydər Əliyev qoyub. Ümummilli lider təkcə Azərbaycan dövlətinin deyil, həm də qalib Azərbaycanın böyük Zəfərinin banisidir.
Ulu öndər Heydər Əliyevin xalqına, xalqın isə Ümummilli Liderinə olan sarsılmaz inamı və sonsuz sevgisi belə bir deyim yaratdı – “Heydər-Xalq, Xalq-Heydər”. Əslində, bu ifadə özündə bəlkə də bəşər tarixində indiyədək mövcud olmuş ən möhkəm və sarsılmaz xalq-iqtidar birliyini təcəssüm etdirir. Heç bir şübhə yoxdur ki, Azərbaycanın öz ərazi bütövlüyünü möhtəşəm tarixi Qələbə ilə təmin etməsi, bu gün də davam edən və günü-gündən daha da möhkəmlənən bu birliyin növbəti təntənəsidir. Azərbaycan xalqı öz xilaskar oğlu Heydər Əliyevin əziz xatirəsini daim yaşadacaq, Ümummilli Liderin müəyyənləşdirdiyi yolla bundan sonra daha böyük qələbələrə doğru inamla addımlayacaq.

Qəşəm BAYRAMOV,
Azərbaycan Respublikasının
Auditorlar Palatası Aparatının rəhbəri