MƏQALƏLƏR

BU TERRORU TÖRƏDƏNLƏR ÖZ MƏQSƏDLƏRİNƏ NAİL OLA BİLMƏYƏCƏKLƏR

  • 06.04.2023

Milli Məclisin sədri Sahibə Qafarova deputat Fazil Mustafanı müalicə olunduğu xəstəxanada ziyarət edib

Milli Məclisin sədri Sahibə Qafarova yaşadığı evin qarşısında terror aktına məruz qalmış deputat Fazil Mustafanı müalicə olunduğu xəstəxanada ziyarət edib, onun ailə üzvləri ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, Fazil Mustafanın vəziyyəti və müalicəsinin gedişi ilə maraqlanan spikerə onun tezliklə sağalması üçün tibb personalı tərəfindən bütün lazımi tədbirlərin görülməsi barədə məlumat verilib.
Sahibə Qafarova qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı müvafiq tapşırıqlarını verib və məsələ aidiyyəti dövlət qurumlarının diqqət mərkəzindədir. Spiker, həmçinin Prezident İlham Əliyevin Milli Məclisin deputatına qarşı bu xain terror aktını törətmiş şəxsin və ya şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb olunması istiqamətində təxirəsalınmaz əməliyyat-istintaq tədbirlərinin aparılması ilə bağlı hüquq-mühafizə orqanlarına göstəriş verdiyini xatırladıb.
Bir daha diqqətə çatdırıb ki, bu terroru törədənlər öz məqsədlərinə nail ola bilməyəcəklər.
Fazil Mustafa göstərilən diqqət və dəstəyə görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib. O, dövlətçilik mövqeyinə bundan sonra da sadiq qalacağını, bu terror aktının onu amalından çəkindirməyəcəyini söyləyib.
* * * * *
Daima dövlətimizin, xalqımızın xoşbəxtliyini düşünən görkəmli ziyalı, millət vəkili Fazil Mustafaya qarşı sui-­qəsd dövlətçiliyimizə yönəldilmiş terrordur. Fazil Mustafa öz fəaliyyətində cəmiyyətimizin maariflənməsinə, dünyəvi dəyərlərin təbliğinə üstünlük verirdi. Cəhalətə, xurafata qarşı kəskin çıxışları ilə seçilirdi. O, doğma Azərbaycanımızı təhdid edən, xalqı cəhalətə və xurafata sürükləyən şəxslərlə, böyük bir qüvvə ilə millətimizə zərbə vurmaq istəyənlərlə mübarizə aparırdı. Düşünürəm, Fazil Mustafaya atılan xain gülləsi müstəqil, günü-gündən inkişaf edən, qüdrətlənən Azərbaycana tuşlanıb. Ölkəmizdə sabitliyi pozmaq istəyən qüvvələr bilsinlər ki, heç vaxt buna nail olmayacaqlar.
Mən əminəm ki, çox qısa bir müddətdə hüquq-mühafizə orqanları cinayətkarların layiqli cəzalarına çatdırılmasını təmin edəcəkdir.
Çox hörmətli Fazil müəllimə şəfa diləyir, tezliklə sağalıb sıralarımıza qayıtmasını arzulayıram.

Milli Məclisin deputatı
Ziyad Səmədzadə


* * * * *
Mili Məclisin deputatı Fazil Mustafaya qarşı edilən sui-qəsdin məqsədi ölkədə xaos yaradılmasına, sabitliyin pozulmasına nail olmaqdır. Amma Azərbaycanın hüquq-mühafizə orqanları terror şəbəkəsinə imkan verməyəcək ki, meydan sulasınlar.

Azərbaycan Vətən müharibəsindən əvvəl Aprel döyüşləri ilə Ermənistana mesaj ötürdü. Ölkəmiz bu döyüşlərlə bildirdi ki, qarşı tərəf özünə yığışmasa, aqibəti ağır olacaq. Elə də oldu. Vətən müharibəsi ilə Ermənistanı yerində oturtduq, düşmən kapitulyasiya aktına qol çəkməli oldu.
İndi də ölkəmizdə xaos yaratmaq və sabitliyi pozmaq istəyənləri xəbərdar etmək lazımdır ki, artıq daşları yığmaq zamanıdır. Özlərini yığışdırsınlar, sonra pis olacaq.

Milli Məclisin deputatı
Əli Məsimli


* * * * *
Mili Məclisin deputatı Fazil Mustafaya qarşı edilən sui-qəsd Azərbaycan dövlətinə qarşı təhdiddir. Azərbaycan xalqını və dövlətini heç nə ilə qorxutmaq mümkün deyil. Xalqımız dəmir yumruq kimi birləşib və dövlətimiz çox güclüdür. Onlar belə çirkin hərəkətlərlə bizə heç nə edə bilməyəcəklər.
Azərbaycanın hüquq-mühafizə or­qan­ları terror şəbəkəsi ilə əlaqədə olan hər kəsi ortaya çıxaracaq və onlar layiq olduğu cəzanı alacaqlar.
Biz hamımız bilirik ki, xaricdən idarə olunan terror şəbəkəsinin üzvləri hansı məqsədə xidmət edirlər. Azərbaycan xalqı olaraq dövlətimizin yanında olmalıyıq.

Milli Məclisin Mədəniyyət
komitəsinin sədri Qənirə Paşayeva


* * * * *
Milli Məclisin deputatı Fazil Mustafaya qarşı törədilən sui-qəsd terror aktı idi. Təbii ki, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının peşəkar fəaliyyəti nəticəsində bu terror aktının üstü çox qısa zamanda açıldı və hüquqi qiymət verildi. Terrorun həyata keçirildiyi yerə diqqət yetirəndə görürük ki, bu, öncədən planlaşdırılmış və hətta kameralardan uzaq bir yerdir. Amma buna rəğmən Azərbaycan təhlükəsizlik orqanları kifayət qədər peşəkar fəaliyyət həyata keçirib. Məhz bu peşəkarlıq nəticəsində biz Azərbaycanda baş verən bu tip cinayətlərin üstünün qısa zamanda açıldığını müşahidə edirik.
Ölkəmizə qarşı təhdid yolunu seçmiş ölkələr, xüsusilə də Tehran rejimi başa düşməlidir ki, Azərbaycanın təhlükəsizlik orqanları kifayət qədər peşəkar və güclü, sistemli fəaliyyət həyata keçirirlər. Bütövlükdə Azərbaycan bu təhdidlərə cavab vermək gücündə olan bir ölkədir. Son hadisə bir daha təsdiq edir ki, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidmətinin peşəkar fəaliyyəti nəticəsində həm bu tip halların qarşısının alınması, həm də terror halı baş veribsə, daha qısa zamanda üstünün açılması reallaşır. Azərbaycanın təhlükəsizlik sistemi bu cür təhdidlərə vaxtında cavab vermək gücündədir.

Milli Məclisin deputatı
Vüqar Bayramov


* * * * *
Fazil Mustafaya qarşı terror aktı törədənlərin məqsədi cəmiyyətdə qorxu, inamsızlıq və xaos yaratmaq, ictimai-­siyasi sabitliyi pozmaq, deputatları, ictimai və siyasi xadimləri susdurmaq və milli maraqlarımızı açıq müdafiə etməkdən çəkindirmək, reallıqda təsir göstərə bilmədiyi dövlətimizə terror yolu ilə təsir etməkdən ibarət idi.
Ancaq bunların heç biri baş vermədi, çünki bu cür alçaq hücumlarla nə dövlətimizi, nə xalqımızı, nə də biz deputatları qorxutmaq mümkün deyil. Bu çirkin terror aktını sifariş edənlər hələ də anlamırlar ki, 44 günlük Vətən müharibəsini Zəfərlə başa çatdıran, dünyaya əsl güc və birlik nümayiş etdirən Azərbaycan xalqı və dövləti bu kimi xain planların və təxribatların qarşısını almağa qadirdir.

Milli Məclisin deputatı
Azay Quliyev


* * * * *
Milli Məclisin deputatı Fazil Mustafaya qarşı sui-qəsd cəhdi, bu terror aktı müstəqillik qazanandan Azərbaycana qarşı əvvəl bir az örtülü, İkinci Qarabağ savaşından sonra isə açıq şəkildə yeridilən düşmənçilik siyasətinin tərkib hissəsidir. Yəni, sərhədlərimiz boyunca keçirilən hərbi təlimlərin, hətta onların özlərində belə təəccüb və tərəddüd doğuran təkidli dəstək təkliflərinin, Tehrandakı səfirliyimizdə törədilən terrorun, dayanmadan bura narkotik maddələrin göndərilməsi kimi təxribatların arxasında hansı niyyət gizlənirsə, haqqında danışdığımız olayda da məqsəd eyni olub. Amma bu terror aktını planlaşdıranların tez bir zamanda təsbit edilmələri, icraçıların artıq tutulmaları faktı da göstərdi ki, Tehran dövləti öz məqsədinə çatmayacaq, Azərbaycanı yolundan döndərə bilməyəcək, dövlətimizə qarşı yönələn təxribatlarının qarşısı qətiyyətlə alınacaq, buradakı nökərləri qanunun sərt üzünü də görəcəklər.

Milli Məclisin deputatı
Sahib Alıyev


* * * * *
Milli Məclisin deputatı Fazil Mustafaya qarşı cinayətlə bağlı 4 nəfər tutulub, Bakının bir neçə istiqamətində polis postları quraşdırılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib. O deyib ki, Qaradağ rayonunda polisin atəş açması ilə bağlı məlumatlar yayılıb. Bakının bir neçə istiqamətində polis postları quraşdırılması və nəzarət yoxlama tədbirləri keçirilir.
Elşad Hacıyevin sözlərinə görə, deputat Fazil Mustafaya qarşı cinayət hadisəsi ilə əlaqədər Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti və Baş Prokurorluğun birgə keçirdiyi əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri çərçivəsində 4 nəfər müəyyən olunaraq saxlanılıb.