MƏQALƏLƏR

Müsabiqəyə yekun vurulmuşdur

  • 10.06.2011

Müsabiqəyə yekun vurulmuşdur

 «Azərbaycanın vergi xəbərləri» jurnalı ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə magistrantlar arasında «Vergilər və iqtisadi inkişaf» mövzusunda keçirdiyi referat yazılışı üzrə respublika müsabiqəsinə yekun vurmuşdur. Xatırladaq ki, müsabiqənin məqsədi Azərbaycanın ali təhsil müəssisələrinin magistrantları arasında vergi sahəsində araşdırmalar aparan ən yaxşı tədqiqatçıları üzə çıxarmaq, vergi mövzusunun gənc tədqiqatçılar arasında populyarlığını artırmaq və bu sahədə mütəxəssislərin hazırlığını stimullaşdırmaq idi.

Mayın 26-da Azərbaycan Dövlət İqtisad Universitetində müsabiqənin yekunlarına həsr edilmiş tədbir keçirilmiş, həmçinin, «Azərbaycanın vergi xəbərləri» jurnalının rəsmi veb-saytının təqdimatı olmuşdur.

Mərasimdə Vergilər Nazirliyi Aparatının rəhbəri, baş vergi xidməti müşaviri Asif Cahangirov, nazirliyin Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin rəisi, baş vergi xidməti müşaviri, AMEA-nın müxbir üzvü, professor Akif Musayev, Tədris Mərkəzinin rəisi, baş vergi xidməti müşaviri, iqtisad elmləri doktoru Yaşar Kəlbiyev, «Azərbaycanın vergi xəbərləri» jurnalının baş redaktoru, iqtisad  elmləri doktoru, professor Elşən Hacızadə, Azərbaycan Dövlət İqtisad Universitetinin Magistratura Hazırlığı Mərkəzinin direktoru iqtisad elmləri üzrə fəlsəfə doktoru, dosent Həsən İsrafilov, müsabiqəyə referat təqdim etmiş magistrantlar, respublikanın bir sıra ali məktəblərinin nümayəndələri iştirak etmişlər.

Mərasim başlanmazdan əvvəl ulu öndər Heydər Əliyevin büstü önünə təzə-tər gül dəstələri qoyulmuş, ümummilli liderin əziz xatirəsi ehtiramla yad edilmişdir.

«Azərbaycanın vergi xəbərləri» jurnalının baş redaktoru, iqtisad elmləri doktoru, professor Elşən Hacızadə müsabiqənin keçirilməsinin məram və məqsədlərindən danışmış, onun nəticələri barədə məlumat vermişdir. Bildirmişdir ki, layihənin tərəfdaşları jurnalın redaksiyası ilə birlikdə Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Universiteti və Vergilər Nazirliyinin Tədris Mərkəzidir. Müsabiqəyə magistr hazırlığını həyata keçirən Azərbaycanın bütün iqtisad yönümlü universitetləri cəlb edilmişlər. Müsabiqəyə referatların qəbulu bir aydan çox davam etmiş, Təşkilat Komitəsinə 23 referat daxil olmuşdur.

E.Hacızadə «Azərbaycanın vergi xəbərləri» jurnalının  rəsmi veb-saytı haqqında da tədbir iştirakçılarına ətraflı məlumat vermişdir. O, müasir dövrdə elmi nəşrlərin fəaliyyət missiyasının uğurla həyata keçirilməsində ən yeni informasiya texnologiyalarının, o cümlədən internetin mühüm rol oynadığını vurğulamış, respublikamızda çox az sayda elmi jurnalın ayrıca domendə veb-saytı olduğunu bildirmiş və  «Azərbaycanin vergi xəbərləri"nin  bu sırada öndə getdiyini diqqətə çatdırmışdır.

Vergilər Nazirliyinin Vergi Siyasəti və Strateji Araşdırmalar Baş İdarəsinin rəisi, jurnalın redaksiya heyətinin üzvü, AMEA-nın müxbir üzvü, professor Akif Musayev mərasimdəki çıxışında "Azərbaycanın vergi xəbərləri" jurnalının keçirdiyi müsabiqənin əhəmiyyətini vurğulayaraq demişdir ki, magistratura ali təhsilin idargedici kadrların hazırlanmasını təmin edən ən yüksək pilləsidir. Bu pillədə təhsil alanların yaradıcılıq qabiliyyətinin inkişaf etdirilməsi olduqca vacib məsələdir. Buna görə də magistraturada tədrisdən daha çox innovativ düşüncə tərzinin aşılanmasına, yaradıcılıq məsələlərinə ciddi diqqət yetirilməlidir.

Azərbaycan Dövlət İqtisad Univesitetinin Magistratura Hazırlığı Mərkəzinin direktoru Həsən İsrafilov universitetin rəhbərliyi adından müsabiqənin təşkilinə görə,  vergilər naziri Fazil Məmmədov başda olmaqla nazirliyin kollektivinə, həmçinin, jurnalın redaksiyasına təşəkkür bildirmiş, bütün qalibləri təbrik edərək, onlara gələcək işlərində uğurlar diləmişdir.

Tədbirdə referat müsabiqəsinin qalibləri elan edilmişdir: 1-ci yerə ADİU-nun 1-ci kurs magistrantı Orxan Əhmədov,  2-ci yerə ADİU-nun 1-ci kurs magistrantı İsmayıl Nəbiyev, 3-cü yerə ADİU-nun 2-ci kurs magistrantı Azad Musayev layiq görülmüşlər. Qaliblərə diplom və pul mükafatı verilmişdir.

Təşkilat Komitəsinin qərarına əsasən, müsabiqəyə referat təqdim etmiş, lakin mükafata layiq yer tutmamış magistrantlara da təşəkkürnamə və hədiyyələr təqdim olunmuşdur.

“İQTİSADİYYAT”