MƏQALƏLƏR

Əziz ANA - Zərifə xanım Əliyeva

  • 20.04.2023

O böyük və şərəfli ömür yolu keçmiş, həyatı, əməlləri ilə başqalarının da ömrünü işıqlandırmışdı. Bu dünyaya insanlara nur paylamaq, xeyirxahlıq etmək üçün gələn görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 62 illik ömür yolu nəsillərə örnəkdir. Zərifə xanım çağdaş, güclü Azərbaycan dövlətçiliyinin memarı, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyət – Ümummilli Lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu idi.
O, hər zaman Ulu Öndərimizin yaxın sirdaşı, həyat dostu, ən böyük mənəvi dayağı olub.
Zərifə xanım Əliyeva 1923-cü il aprelin 28-də, təravətli bir yaz günündə qədim Naxçıvanın Şərur elinin Şaxtaxtı kəndində, görkəmli dövlət və elm xadimi, tibb elmləri doktoru, professor Əziz Əliyevin ailəsində dünyaya göz açmışdı. Atasının örnək davranışları və yaşam tərzi onun üçün əsl həyat məktəbi olmuş, zəngin və mənalı ömür yaşamağın sirlərini ondan öyrənmişdi. Ailədə böyüyən dörd övladın üçü – Zərifə Əliyeva, Tamerlan Əliyev, Cəmil Əliyev atalarının yolunu davam etdirərək həkimlik ixtisasını seçmiş, bu sahənin görkəmli mütəxəssisləri kimi tanınmış, Gülarə Əliyeva isə şöhrətli musiqiçi olmuşdur. Zərifə xanım 1932-1942-ci illərdə orta məktəbdə təhsil almışdır. 1942-ci ildə orta məktəbi bitirərək, Azərbaycan Tibb İnstitutunun (indiki ATU) Müalicə-profilaktika fakültəsinə daxil olmuş və 1947-ci ildə təhsilini uğurla başa vurmuşdur. İnsanlara həyat işığı bəxş etmək arzusu onu 1948-ci ildə Moskva Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutuna gətirib çıxarmış, burada oftalmologiya ixtisası üzrə kurs keçərək, göz xəstəliklərinin profilaktikası və müalicəsinin incəliklərini mənimsəmişdir.
Zərifə xanım Əliyeva 1950-1953-cü illərdə aspirantura təhsili almış, 1957-ci ilədək Azərbaycan Elmi Tədqiqat Oftalmologiya İnstitutunda elmi işçi kimi fəaliyyət göstərmişdir. 1960-cı ildə uğurla dissertasiya müdafiə edib, tibb elmləri namizədi elmi dərəcəsi aldığı vaxtdan 1967-ci ilədək bu institutun böyük elmi işçisi, 1967-ci ildən isə Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunun “Göz xəstəlikləri” kafedrasının dosenti vəzifəsində çalışmışdır.
İllər boyu apardığı müşahidələrin, klinik tədqiqatların və təcrübələrin nəticələri Zərifə xanım Əliyevanın dünyada ən məşhur oftalmologiya mərkəzlərinin birində - H.Helmqolts adına Moskva Göz Xəstəlikləri Elmi Tədqiqat İnstitununda müdafiə etdiyi “Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanlarının vəziyyəti” mövzusunda doktorluq dissertasiyasının əsasını təşkil etmişdi. O, 1977-ci ildə tibb elmləri doktoru elmi dərəcəsi alaraq, Əziz Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunun professoru, Görmə orqanının peşə patologiyası laboratoriyasının müdiri, Oftalmologiya kafedrasının müdiri (1982-1985) vəzifəsində çalışmışdır. Zərifə xanım Azərbaycan tibb elminə və səhiyyəsinə önəmli töhfələr vermişdir.
Akademik Zərifə Əliyevanın alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələni təşkil edir. Onun elmi fəaliyyəti zəngin və əhatəli olmuş, oftalmologiyanın ən aktual mövzularına həsr edilmiş çoxşaxəli, konseptual tədiqatları tibb elmimizi zənginləşdirmişdir. Bir-birindən dəyərli 150-dən çox elmi əsər, 10 monoqrafiya, 12 səmərələşdirici təklif və dərs vəsaitlərinin müəllifi olan, Azərbaycan oftalmologiya elmini bütün dünyada tanıdan Zərifə Əliyevanın açdığı elm yolu bu gün də yeni nəsilləri elmin zirvəsinə doğru aparmaqdadır. Alimin zəngin elmi irsi ilə yanaşı, pedaqoji fəaliyyəti də çoxsaylı araşdırmaların mövzusu olaraq tədqiq edilir, yeni tədqiqatlara stimul və material verir.
O, bir çox fəxri adlar, elmi titullar və mükafatlara layiq görülmüşdür. Qürur mənbəyi olan bu adların hər biri uzun illərin fədakar alim zəhmətinin bəhrəsi idi. Zərifə xanımın həyatda qazandığı ən möhtəbər, şərəfli ad isə Ana adıdır. Zərifə xanım Əliyeva Ümummilli Liderimiz Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin anasıdır.
Onun adı Azərbaycan oftalmologiya elmi tarixində misilsiz xidmətləri ilə yadda qalmışdır. Zərifə Əliyeva vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, dünya təcrübəsində birincilər sırasında olan peşə fəaliyyəti ilə (özəlliklə kimya və elektron sənayelərində çalışanlarla) bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə həsr etdiyi tədqiqatları ilə elmə ciddi yeniliklər gətirmişdir. Oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatlar ərsəyə gətirən alim, həmçinin “Terapevik oftalmologiya”, “İridodiaqnostikanın əsasları” kimi nadir elmi əsərlərin müəlliflərindən biridir.
Alimin tədqiqatlarının nəticələri yalnız Azərbaycan və ya keçmiş SSRİ səhiyyəsində deyil, bütövlükdə dünya oftalmologiyasında yeni cığırlar açmışdır. O, dünyada ilk dəfə görmə orqanının peşə patologiyasını araşdıran elmi tədqiqat laboratoriyası yaratmış və praktiki olaraq elm aləmində yeni istiqamətin – “peşə oftalmologiyası”nın əsasını qoymuşdur. Oftalmologiyada peşə xəstəlikləri problemlərinin öyrənilməsi məhz Zərifə xanım Əliyevanın adı ilə bağlıdır.
O, elm tarixində ilk dəfə olaraq yod və şin sənayesi işçilərinin görmə orqanında yaranan peşə xəstəliklərini öyrənmiş, bu xəstəliklərin profilaktikası tədbirlərini işləyib hazırlamışdır. Böyük alimin uzun illər respublikanın 10-dan artıq iri sənaye müəssisəsində apardığı genişmiqyaslı elmi tədqiqat işləri nadir araşdırmalar sırasındadır. Həmin tədqiqatların nəticələri onun “Şin istehsalında gözün peşə patologiyası”, “Xroniki yod intoksikasiyası zamanı oftalmologiya”, “Yod sənayesində gözün peşə xəstəliyinin profilaktikası” adlı qiymətli monoqrafiyalarında öz əksini tapmışdır.
Akademik Zərifə Əliyeva elm təşkilatçısı və ictimai xadim kimi də Azərbaycana böyük xidmətlər göstərirdi. O, Ümumittifaq Oftalmologiya Cəmiyyəti Rəyasət Heyətinin, “Sovet Sülhü Müdafiə Komitəsi”nin, Azərbaycan Oftalmologiya Cəmiyyəti İdarə Heyətinin, “Vestnik oftalmoloqii” (“Вестник офтальмологии», Moskva) jurnalının redaksiya heyətinin üzvü idi. Yüksək elmi uğurlarına görə keçmiş SSRİ-nin Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına, Azərbaycanın “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdü.
Vəfalı ömür-gün yoldaşı, gözəl ana, yüksək intellektual səviyyəsi ilə hələ gənclik illərindən sayılıb-seçilən alim Zərifə xanım Əliyevanın həyatı, elmi uğurları və həkimlik fəaliyyəti təsəvvürümüzdə mükəmməl bir şəxsiyyətin əzəmətli portretini canlandırır. Atası – görkəmli dövlət və elm xadimi, bütün bilik və bacarığını xalqa xidmətə sərf etmiş Əziz Əliyevdən əxz etdiyi ali mənəvi keyfiyyətlər onu xalqcanlı bir vətənpərvər aydın kimi yetişdirmişdi. Zərifə xanım ata-anasına layiqli övlad, tələbkar və yüksək erudisiyalı alim, tanınmış həkim, sədaqətli həyat yoldaşı və çox qayğıkeş ana idi. Pak mənəviyyatı, bütün ruhu ilə öz işini sevən, ailəsinə bağlı, böyük ürəyi vətən sevgisiylə döyünən Zərifə Əliyevanın mənalı ömrü, keçdiyi şərəfli həyat yolu Azərbaycan xanımları, hər bir alim və həkim üçün örnəkdir.
Zərifə xanım zəngin elmi irs, dəyərli fundamental tədqiqatlar və onu tanıyanların yaddaşında gözəl xatirələr yadigar qoyaraq əbədiyyətə qovuşdu. Akademik Zərifə Əliyeva 1985-ci il aprel ayının 15-də Moskva şəhərində vəfat etdi. Məzarı Bakıda, I Fəxri Xiyabandadır. Görkəmli heykəltaraş Ömər Eldarovun yaratdığı, Zərifə xanımın məzarı üstündə ucaldılan mükəmməl tunc heykəl onun kübarlığını, xarakterik cizgilərini incəliklərinə qədər özündə əks etdirir.

Mənbə: Qənirə Paşayeva
“Tarixə adını yazan Azərbaycan qadınları” I cild, Bakı, 2023