MƏQALƏLƏR

Akademik Ziyad Səmədzadə: Azərbaycanı dünyaya daha yaxından tanıdan qlobal platforma

  • 06.04.2023

Bu günlərdə respublikamız növbəti beynəlxalq tədbirə - X Qlobal Bakı Forumuna ev sahibliyi edir. “Dünya bu gün: çağırışlar və ümidlər” mövzusunda keçirilən budəfəki Foruma da qlobal miqyasda maraq olduqca böyükdür. Bunu Forumda iştirak etmək üçün Azərbaycana 4 prezidentin, 2 baş nazirin, 6 spiker və nazirin, BMT-nin 5 qurumunun rəhbərliklərinin, 25 sabiq prezidentin, 21 sabiq baş nazirin səfəri də təsdiq edir. Ümumilikdə Forumda 61 ölkədən 360-dək nümayəndə iştirak edir.
Azərbaycan yalnız bölgənin aparıcı dövləti olması, dünyada söz sahibi kimi çıxış etməsi və müstəqil siyasət kursu yürütməsi ilə tanınmır. Azərbaycanı dünyaya tanıdan digər bir səbəb öz təşəbbüsləri ilə qlobal səviyyədə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə, milli və ümumbəşəri dəyərlərin, multikulturalizm ənənələrinin qorunub saxlanmasına və inkişaf etdirilməsinə, problemlərin həllinə dəyərli töhfələr verməsidir. Uzun illərdir ki, ölkəmiz bütün dünyanın diqqət mərkəzində olan mühüm məsələlərin müzakirə olunduğu ünvan kimi tanınır.
Məmnunluqla qeyd edilməlidir ki, həmin tədbirlərin bir qisminin keçirilməsi artıq ənənə halını alıb və bunlardan biri də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə 2013-cü ildən bəri keçirilən Qlobal Bakı Forumudur.
Qlobal Forumun Bakı şəhərində keçirilməsi də dünya ictimaiyyətinin Azərbaycana olan hörmətinin, etimadının, ölkəmizin dünya siyasətində, beynəlxalq münasibətlər sistemində yerinə və roluna, habelə siyasi və humanitar dialoqun inkişafına verdiyi töhfələrin real ifadəsidir. Bu Forum dünyadakı aktual məsələlərin, bəşəriyyəti düşündürən mühüm hadisələrin və proseslərin müzakirə olunduğu qlobal platformadır. Xüsusilə qeyd edilməlidir ki, bu müzakirələrə onlarla ölkədən görkəmli dövlət xadimləri, tanınmış siyasətçilər, diplomatlar qoşularaq diskussiya və dialoq aparırlar ki, bu da Forumun nüfuzunu və çəkisini daha da artırır. Bu mənada Forum keçmiş və indiki liderlərə qlobal problemləri müzakirə etməyə, onların həlli yollarını tapmaq yolunda səylərə şərait yaradır. Forumun dövlətlərarası əməkdaşlığa, siyasi münasibətlərə konstruktiv töhfə verdiyi, qarşılıqlı siyasi anlaşma üçün əlverişli şərait yaratdığı şübhəsizdir.
Martın 9-da X Qlobal Bakı Forumunun açılışında çıxışı zamanı Prezident İlham Əliyev bu nüansa toxunaraq deyib: «Bakı Qlobal Forumunun iştirakçılarının təmsilçilik səviyyəsi və intellektual potensialı aparıcı beynəlxalq konfranslara uyğundur. Əlbəttə ki, bu, həmsədrlərin, bütün idarə heyətinin düşünülmüş və səmərəli fəaliyyətinin təzahürüdür. Burada 60 ölkədən 350 nəfər iştirakçı var. Onların sırasında 50-dən artıq hazırkı və sabiq prezident və baş nazir var. Beləliklə, təxmin edə bilərik ki, müzakirələrin səviyyəsi kifayət qədər yüksək olacaq. Əlbəttə, ən dəyərlisi beynəlxalq münasibətlərlə bağlı yeni yanaşmalara dair tövsiyələrdir. Mən Forumun proqramı ilə tanış oldum. O, hər zaman olduğu kimi, kifayət qədər genişdir. Proqram Yaxın Şərqi, Afrikanı və Qərbi Balkanları əhatə edir. Bununla yanaşı, bu gün dünya gündəliyinin aktual məsələləri də müzakirələr mövzusu sırasındadır».
Qeyd etdiymiz kimi, bu tədbirin məhz Bakıda keçirilməsi Azərbaycana dünya miqyasında verilən böyük önəmin bariz nümunəsidir. Coğrafi baxımdan Şərq ilə Qərbin kəsişməsində yerləşən Azərbaycanın belə bir mötəbər forumlara ev sahibliyi etməsi ölkəmizin dünyada dialoqun qurulmasında mühüm rol oynadığını göstərir. O cümlədən, xalqımızın qədim tarixi, zəngin mədəniyyəti, tolerantlığı barədə vaxtilə yetərincə məlumatı olmayan dünya Azərbaycanı ildən-ilə daha yaxından tanıyır və onun artan gücünün, beynəlxalq nüfuzunun şahidinə çevrilir.
Eyni zamanda, bu cür forumlar Azərbaycanın üzləşdiyi haqsızlıqları, ölkəmizə qarşı beynəlxalq ikili standartları dünyaya çatdırır. Ola bilsin ki, hansısa tədbir iştirakçısı Azərbaycana dair məsələlərlə bağlı məlumatlıdır. Lakin Bakıya gəlməyi onun təsəvvürlərini tamamilə dəyişir və yeniləyir. Və nəzərə alsaq ki, bu cür forumların iştirakçıları əsasən ictimai rəyə təsir etmək iqtidarında olan insanlardır, o zaman onların əhəmiyyəti daha aydın görünər. Bu mənada Qlobal Bakı Forumu bütün parametrləri ilə yanaşı, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından ölkəmiz üçün olduqca mühüm platformadır.
2013-cü ildən keçirilən Qlobal Bakı forumlarında ictimaiyyəti dərindən narahat edən məsələlərin həlli yolları araşdırılıb, bu istiqamətdə müzakirələr aparılıb. O cümlədən dinlərarası, mədəniyyətlərarası dialoq, regionda gedən proseslər, bölgədəki digər münaqişə ocaqları ilə bağlı vəziyyət, etnik və digər zəmində baş verən münaqişələr və bir sıra digər qlobal problemlər geniş müzakirə edilib, onların həlli yollarının tapılması istiqamətində təhlillər aparılıb.
X Forumun gündəliyi isə “Dünya bu gün: çağırışlar və ümidlər” mövzusuna həsr olunub. Martın 9-dan başlayan Forumun panel iclasları bu baxımdan aktual məsələlərə həsr olunub. Bu iclaslarda müasir dünyanın çağırışlarından irəli gələrək, yeni dünya nizamına təhdid yaradan amillərə, o cümlədən təhlükəsizlik məsələsinə və sülhün təmin olunması üçün perspektivlərə, dünyada dayanıqlılığın qurulmasına, onun qlobal sülhə təsirinə nəzər salınır, qarşıda duran çağırışların həlli yolları müzakirə olunur. Eyni zamanda, bu iclaslarda dünyanı narahat edən münaqişələrə, meqatəhdidlərə, o cümlədən iqlim, qida və nüvə təhlükəsizliyi məsələlərinə toxunulur, postpandemiya dövründə görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılır. Həmçinin, qlobal yoxsulluğun, bərabərsizliyin, iqlim böhranının və münaqişələrin simptomu kimi miqrasiyanın qarşısının alınması üçün tədbirlər əsas müzakirə mövzularıdır.
Qlobal Bakı Forumunda aparılan müzakirələrin və fikir mübadilələrinin dünya gündəmində yer alan ən mühüm problemlərin araşdırılmasına və həllinə töhfə verəcəyi şübhəsizdir. Çünki ötən forumların nəticələri bunu söyləməyə əsas verir.
Eyni zamanda, Forum Vətən müharibəsindən sonra region­dakı yeni reallıqların, Azər­bay­canın sülh prosesi ilə bağlı təşəbbüslərinin, bu istiqamətdəki addımlarının bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu mənada X Qlobal Bakı Forumu həm də Azərbaycanın sülhpərvər siyasətini və bütövlükdə regionla bağlı həqiqətləri də dünyaya çatdıracaq.

2023-cü ilin mart ayında respublikamız bir neçə beynəlxalq tədbirə ev sahibliyi etdi ki, bunlardan biri X Qlobal Bakı Forumu idi. “Dünya bu gün: çağırışlar və ümidlər” mövzusunda keçirilən budəfəki Foruma da qlobal miqyasda maraq olduqca böyük idi. Bunu Forumda iştirak etmək üçün Azərbaycana 4 prezidentin, 2 baş nazirin, 6 spiker və nazirin, BMT-nin 5 qurumunun rəhbərliklərinin, 25 sabiq prezidentin, 21 sabiq baş nazirin səfəri də təsdiqləyir. Ümumilikdə Forumda 61 ölkədən 360-dək nümayəndə iştirak etdi.

Əməkdaşlıq məkanı olan Azərbaycan həm də birləşdiricilik və barışdırıcılıq missiyası həyata keçirir

Azərbaycanın mürəkkəb regionun liderinə, qlobal miqyasda söz sahibinə çevrilməsi dövlətimizin böyük nailiyyətidir. Bu yolda aşırımlardan inamla keçən, qarşıya çıxan maneələri uğurla dəf edən respublikamız bu gün öz siyasətinin prioritetlərini qətiyyət və inamla reallaşdırır.
Təcrübə göstərir ki, Azərbaycanın yürütdüyü siyasət həm region, həm də beynəlxalq səviyyədə pozitiv prosesləri stimullaşdırır. Belə ki, Azərbaycan öz müstəqil siyasəti ilə yalnız əməkdaşlıq və inteqrasiya istiqamətində fəaliyyət göstərir. Bütün bunların nəticəsi kimi Azərbaycan uzun müddətdir ki, aktual qlobal problemlərin həllində aktiv iştirak edən ölkə kimi tanınır. Məhz respublikamızın təşəbbüsü ilə həyata keçirilən enerji layihələri həm regionda, həm də Avropanın neftə və qaza olan tələbatını əhəmiyyətli dərəcədə yaxşılaşdırıb.
Düzgün və düşünülmüş siyasət, cəmiyyətdəki əmin-amanlıq, sabitlik, dünyanın müxtəlif qütblərində dayanan dövlətlərlə yaxşı münasibətlər, beynəlxalq təşəbbüslərimiz bu gün ölkəmizi dünyada yalnız sabitlik və inkişaf deyil, həm də əməkdaşlıq məkanı kimi təqdim edir. Təsadüfi deyil ki, hətta Rusiyanın və ABŞ-ın ali hərbi rəhbərlikləri də diaoloq və məsləhətləşmə üçün Bakını seçirlər. Bu, həm də Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin dünyanın beynəlxalq təşkilatları, güc mərkəzləri və böyük ölkələri tərəfindən hörmətlə qarşılanması və qəbul edilməsinin əyani təsdiqidir.
Azərbaycanın dünyanın ən etibarlı sülh və tərəfdaşlıq platforması olması artıq beynəlxalq səviyyədə qəbul olunan reallıqdır. Respublikamız bu sahədə daim öz təcrübəsini nümayiş etdirməklə və beynəlxalq səviyyədə mükəmməl nümunələr ortaya qoymaqla birləşdirici və barışdırıcı faktora çevrilib. Bu mənada respublikamızın müstəqillik illərində qazandığı ən mühüm nailiyyətlərdən biri böhranlara qarşı birgə beynəlxalq mübarizənin təşkili, bu istiqamətdə mövcud olan və ya yarana biləcək problemlərin aradan qaldırılması yollarının müəyyənləşdirilməsi ilə bağlı qlobal fəaliyyətin istinad nöqtəsinə çevrilməsidir.

Qlobal hərəkata çevrilən “Bakı prosesi”

Bu mövzudan bəhs edərkən xüsusilə qeyd etməliyik ki, Azərbaycanı dünyaya tanıdan əsas səbəblərdən biri də təşəbbüsləri ilə qlobal səviyyədə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə, milli və ümumbəşəri dəyərlərin, multikulturalizm ənənələrinin qorunub saxlanmasına və inkişaf et­dirilməsinə, problemlərin həllinə dəyərli töhfələr verməsidir. Uzun illər­dir ki, ölkəmiz bütün dünyanın diqqət mərkəzində olan mühüm mə­sə­lələrin müzakirə olunduğu ünvan kimi tanınır.
Məsələn, Bakı Beynəlxalq Humanitar Forumu, Mədəniyyətlərarası Dialoq Forumu və digər tədbirlər məhz Azərbaycanda keçirilir. Azərbaycanın təşəbbüsü ilə yaranan «Bakı Prosesi» qlobal hərəkata çevrilmişdir və BMT tərəfindən dəstəklənir. Prezident İlham Əliyev bildirmişdir: “Azərbaycan 2008-ci ildə çox vacib prosesin təşəbbüskarı olmuşdur və o, sonradan “Bakı prosesi” adlandırılmışdır. Bu gün həmin təşəbbüs beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. Bu təşəbbüs də artıq çıxışımda qeyd etdiyim amillərdən qaynaqlanırdı. Bununla yanaşı, Azərbaycan həm İslam Əməkdaşlıq Təşkilatının, həm də Avropa Şurasının üzvü olan məhdud sayda dövlətlərdən biridir. Avropa Şurası ölkələrinin nazirlərinin 2008-ci ildə toplantısını təşkil edərkən biz İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin müvafiq nazirlərini də dəvət etdik. Yəni, ilk dəfə idi ki, belə böyük tədbir təşkil edildi və 100-dən artıq dövlətin nümayəndəsi mədəniyyətlərarası münasibətlər mövzusunu müzakirə etmək üçün bir araya gəldi. İslam Əməkdaşlıq Təşkilatının üzvü kimi Azərbaycan 2009-cu ildə nazirlər səviyyəsində toplantıya ev sahibliyi etdi. O vaxt biz Avropa Şurasına üzv dövlətlərin nazirlərini Bakıya dəvət etdik. Bu təşəbbüs və format sonradan “Bakı prosesi” adlandırıldı və biz bununla fərəhlənirik. Birincisi, ona görə ki, bu, bizim təşəbbüsümüz idi. İkincisi isə ona görə ki, Bakı və Azərbaycan mədəniyyətlərarası dialoqun mərkəzi olmağa layiqdir”.
“Bakı prosesi”nə dünyanın dörd bir yanından elm adamları, siyasətçilər qoşulublar. Ötən dövr ərzində ölkədə “Bakı Prosesi” çərçivəsində, həmçinin bu təşəbbüsün məqsədləri istiqamətində çoxsaylı beynəlxalq tədbirlər və layihələr gerçəkləşdirilmişdir. UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Ümumdünya Turizm Təşkilatı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası və ISESCO-nun tərəfdaşlığı ilə keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq forumları BMT və strukturlarının mədəniyyətlərarası dialoqun qurulması və inkişafı, irqi ayrı-seçkiliyə və dözümsüzlüyə qarşı mübarizə sahəsində qlobal platforma statusu qazanmışdır.
2009-cu ilin oktyabrında "Bakı - İslam Mədəniyyətinin Paytaxtı-2009" mə­də­­niy­yət ili çərçivəsində dünyanın 45-dən çox ölkəsindən, eləcə də ISESCO, Avropa Şurası, TÜRKSOY və di­gər təşkilatlardan 200-dən çox nümayəndənin iştirakı ilə Bakıda İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin VI konfransının, 2011-ci il aprelin 7-də Bakıda 20 ölkədən 435 qonağın, o cümlədən AŞPA, ISESCO, Dünya İctimai Forumu, UNESCO və BMT rəsmilərinin iştirakı ilə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun, 2016-cı ilin aprelində BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Fo­rumunun Bakıda keçirilməsi bu uğur­lu prosesin və fəaliyyətin nəticəsidir.
Birləşmiş Millətlər Təşkilatı Baş katibinin 2017-ci ilin sentyabrında BMT Baş Assambleyasının 72-ci sessiyasındakı “Dünyanın rifahı naminə sülh mə­dəniyyətinin, dinlərarası və mədə­niyyətlərarası dialoqun, qarşılıqlı anlaşmanın və əməkdaşlığın təşviqi” adlı məruzəsində 2008-ci ildən etibarən müvəffəqiyyətlə reallaşdırılan “Bakı Prosesi”ni xüsusi vurğulaması sivilizasiyalar arasında qədim dövrlərdən bəri körpü rolunu oynamış Azərbaycanın mədəniyyətlərarası dialoqa hazırkı mərhələdə verdiyi töhfələrin beynəlxalq miqyasda etirafı olaraq qiymətləndirilməlidir.
Humanitar mövzulu forumların keçirilməsi üçün Azərbaycanın seçilməsi təsadüfi deyil. Çünki qədim və zəngin mədəniyyətə malik, müxtəlif ənənələrin, sivilizasiya və konfessiyaların əsrlər boyu dinc yanaşı mövcud olduğu Azərbaycan bu formatda tədbirlərin keçirilməsi üçün, həqiqətən də, əvəzsiz məkandır. Xalqımızın qədim tarixi, zəngin mədəniyyəti, tolerantlığı barədə vaxtilə yetərincə məlumatı olmayan dünya dinamik inkişafın nəticəsi olaraq Azərbaycanı ildən-ilə daha yaxından tanıyır və onun artan nüfuzunun şahidinə çevrilir. Elə bu amillər də humanitar dialoqa mühüm töhfə verən ölkə statusunu daha da möhkəmləndirir və bu mövzuda dünyanı düşündürən məsələlərin müzakirə edildiyi beynəlxalq tədbirlərin məhz ölkəmizdə keçirilməsini şərtləndirir.
Bir faktı xüsusi qeyd etmək lazımdır - Azərbaycan dünyada analoqu olmayan nadir ölkələrdəndir ki, o, eyni zamanda, həm Avropa, həm də Asiyanı təmsil edən müxtəlif beynəlxalq qurumlarda, o cümlədən Avropa Şurasında, İslam Əməkdaşlıq Təşkilatında təmsil olunur. Bu baxımdan Azərbaycanın humanitar əməkdaşlığa, sivilizasiyalararası və mədəniyyətlərarası dialoqa verdiyi töhfələr, bu istiqamətdə təşkil etdiyi tədbirlər sanballı olmaqla bərabər, çağdaş çağırışlarla daha çox adekvatdır.

Azərbaycanın nüfuzunu yüksəldən Nizami Gəncəvi Beynəlxalq Mərkəzi

Məmnunluqla qeyd edilməlidir ki, respublikamızda ənənəvi şəkildə həmin tədbirlərin bir qisminin keçirilməsi artıq ənənə halını alıb və bunlardan biri də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə 2013-cü ildən bəri keçirilən Qlobal Bakı Forumudur. Bu Forum dövrümüzün aktual məsələlərinin, dünyada baş verən mühüm hadisələr və cərəyan edən proseslərin müzakirə olunduğu mühüm platformadır. İndiyə qədər Bakıda müxtəlif mövzulara həsr olunmuş 10 forum keçirilib. Prezident İlham Əliyevin himayəsi altında keçirilən forumlarda hər zaman onlarla ölkənin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.
Qeyd etdiyimiz kimi, Qlobal Bakı Forumu Prezident İlham Əliyevin himayəsi altında keçirilir. Forumun təşkilatçısı isə Nizami Gəncəvi Beynəlxalq Mərkəzidir. Mərkəz dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubiley tədbirləri çərçivəsində 30 sentyabr 2012-ci il tarixində şairin vətəni Gəncə şəhərində keçirilmiş xüsusi toplantıda təsis edilmişdir. Bakı şəhərində yerləşən Mərkəz qeyri-hökumət təşkilatı olaraq ətrafında müxtəlif xarici ölkələrin keçmiş dövlət və hökumət başçılarını və nüfuzlu beynəlxalq ekspertləri birləşdirir.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin əsas məqsədi dünyada sülh, dinc birgəyaşayış, ədalətin bərqərar olunması naminə həyata keçirilən qlobal tədbirlərə, həmçinin fəaliyyətlərə töhfə verməkdir. Eyni zamanda, Azərbaycan elm və mədəniyyətinin görkəmli nümayəndəsi, dahi şair və mütəfəkkir Nizami Gəncəvinin irsinin araşdırılması, dünyada təbliği, eləcə də dialoq, tolerantlıq, qarşılıqlı anlaşma və mədəniyyətlərarası dialoqun təşviq edilməsidir. Həmçinin Nizami Gəncəvinin ədəbi irsinin araşdırılması və təbliği məqsədilə nüfuzlu yerli və xarici alimlərdən ibarət alimlər şəbəkəsi formalaşdırılmışdır.
Bu istiqamətdə uğurlu fəaliyyətinə görə Mərkəz qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran mühüm beynəlxalq platformaya çevrilib. Fəaliyyət göstərdiyi 11 il ərzində Mərkəz 20-dən çox ölkədə (o cümlədən Azərbaycan, Belçika, Çin, Misir, Yunanıstan, İtaliya, İordaniya, Latviya, Polşa, İsveçrə, Türkiyə, ABŞ və s.) 24 ali səviyyəli görüşlərə, 10-dan çox faktaraşdırıcı missiyaya və 20-dən çox koordinasiya görüşlərinə ev sahibliyi edib. Ən mühümü odur ki, Mərkəzin təşkil etdiyi tədbirlərə maraq ildən-ilə artmaqdadır.
Göründüyü kimi, Prezident İlham Əliyevin himayəsi altında fəaliyyət göstərən Nizami Gəncəvi Beynəlxalq Mərkəzi 10 ildən çoxdur ki, qlobal fəaliyyətlə məşğuldur. 2022-ci il oktyabrın 26-da Mərkəzin həmsədri İsmail Serageldini, İdarə Heyətinin üzvlərini, keçmiş dövlət və hökumət başçılarını qəbul edən Prezident İlham Əliyev qurumun beynəlxalq səviyyədə əməkdaşlığının genişlənməsindən, dünyada rolunun və nüfuzunun artmasından məmnunluğunu ifadə edib. Dövlət başçısı Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin müxtəlif ölkələrində tədbirlər keçirməsini təşkilatın artan nüfuzunun göstəricisi kimi dəyərləndirib. “Azərbaycan xalqının çoxəsrlik qədim mədəniyyətinin və zəngin tolerantlıq ənənələrinin təbliğinə töhfə verən qurumlardan biri kimi Nizami Gəncəvi Beynəlxalq Mərkəzi dünyanın nüfuzlu beynəlxalq təşkilatları, aparıcı elmi-mədəni mərkəzləri ilə səmərəli əməkdaşlıq münasibətləri yaratmışdır. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəal iştirakı və yüksək təşkilatçılığı ilə ümumbəşəri məsələlərin ətraflı müzakirəsinin aparıldığı və sivilizasiyalararası dialoqun qurulması, eləcə də qlobal əhəmiyyətli layihələrin dəstəklənməsi baxımından mühüm əhəmiyyətə malik bir sıra mötəbər forumlar keçirilmişdir”, - deyə İlham Əliyev bildirmişdir. Dövlətimizin başçısı həmçinin forumların birinin açılış mərasimindəki nitqində qeyd etmişdir ki, iştirakçıların, çıxışçıların, Foruma müraciət edəcək mötəbər şəxslərin siyahısına baxmaq kifayət edər ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nisbətən qısa müddətdə ziyalıların, dövlət məmurlarının, siyasətçilərin, jurnalistlərin, dövlət xadimlərinin və vətəndaş cəmiyyəti üzvlərinin biliklərini, təcrübəsini və baxışını toplayan, böyük potensialı olan çox azsaylı aparıcı beynəlxalq təsisatlardan birinə çevrildiyini deyək.
Uğurlu fəaliyyətinə görə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nüfuzu ildən-ilə yüksəlib, beynəlxalq təşkilatlar və bir sıra ölkələrin aparıcı institutları ilə birbaşa əlaqələr yaranıb. Podgoricki Klubu (Bosniya), Marianna V.Vardinoyannis Vəqfi (Yu­nanınstan), Quqenhaym (ABŞ), Çin İnnovasiya və İnkişaf Strategiyası İnstitutu (ÇXR), Çin Xalq Xarici İşlər İnstitutu (ÇXR), Taihe İnstitu­tu (ÇXR), Amerika Xarici Siyasət üz­rə Milli Komitə (ABŞ), Berqqruen İnstitutu, Robert F.Kennedy İnsan Hüquqları (ABŞ), Schwarzman Alimləri (ÇXR), İtalyan Beynəlxalq Təşkilatları Cəmiyyəti (İtaliya), Dünya Sənət və Elm Akademiyası (WAAS) kimi nüfuzlu beynləxalq və regional təşkilatlarla sıx əməkdaşlıq Mərkəzin uğurlu fəaliyyətinin göstəricisidir.
1999-2007-ci illərdə Latviya Respublikasının Prezidenti olmuş Vayra Vike-Freyberqanın və 1992-2000-ci illərdə Dünya Bankının vitse-prezidenti olmuş İsmail Serageldinin Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri olması, habelə 2012-2017-ci illərdə Bolqarıstanın Prezidenti olmuş Rosen Plevneliyevin, 1997-2002-ci illərdə Bolqarıstanın Prezidenti olmuş Petar Stoyanovun, 2005-2010-cu illərdə Ukraynanın Prezidenti olmuş Viktor Yuşenkonun, 2003-2018-ci illərdə Monteneqronun Prezidenti olmuş Filip Vuyanoviçin, 2004-2012-ci illərdə Serbiyanın Prezidenti olmuş Boris Tadiçin, 2010-2015-ci illərdə Xorvatiyanın Prezidenti olmuş İvo Yosipoviçin, 2008-2011-ci illərdə Belçikanın Baş naziri olmuş İv Letermenin, 2001-2002-ci illərdə Bosniya və Herseqovinanın Baş naziri olmuş Zlatko Laqumciyanın, 2001-2011-ci illərdə Ərəb Dövlətləri Liqasının Baş katibi olmuş Əmr Musanın Mərkəzin idarə heyətində olması onun mühüm siyasi çəkisindən xəbər verir.
Martın 9-da X Qlobal Bakı Forumunun açılışında çıxışı zamanı Prezident İlham Əliyev bu nüansa toxunaraq deyib: “Bakı Qlobal Forumunun iştirakçılarının təmsilçilik səviyyəsi və intellektual potensialı aparıcı beynəlxalq konfranslara uyğundur. Əlbəttə ki, bu, həmsədrlərin, bütün idarə heyətinin düşünülmüş və səmərəli fəaliyyətinin təzahürüdür. Burada 60 ölkədən 350 nəfər iştirakçı var. Onların sırasında 50-dən artıq hazırkı və sabiq prezident və baş nazir var. Beləliklə, təxmin edə bilərik ki, müzakirələrin səviyyəsi kifayət qədər yüksək olacaq. Əlbəttə, ən dəyərlisi beynəlxalq münasibətlərlə bağlı yeni yanaşmalara dair tövsiyələrdir. Mən Forumun proqramı ilə tanış oldum. O, hər zaman olduğu kimi kifayət qədər genişdir. Proqram Yaxın Şərqi, Afrikanı və Qərbi Balkanları əhatə edir. Bununla yanaşı, bu gün dünya gündəliyinin aktual məsələləri də müzakirələr mövzusu sırasındadır”.
Əvvəldə qeyd etdiyimiz kimi, paytaxtımız Bakı aktual qlobal problemlərin həlli ilə bağlı müzakirələrin keçirildiyi beynəlxalq ünvana çevrilib. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi isə Azərbaycanın bu istiqamətdə təşəbbüslərinə beynəlxalq tədbirlərin keçirilməsi ilə layiqli töhfələr verir. Mərkəz qlobal məsələləri müzakirə edən və geniş beynəlxalq birliyi öz sıralarına qata bilən aparıcı beynəlxalq institutlardan birinə çevrilmişdir. Ənənəvi olaraq Bakıda təşkil olunan Qlobal Bakı Forumuna və dünyanın üzləşdiyi problemlərin müzakirə olunduğu müxtəlif yüksək səviyyəli görüşlərə ev sahibliyi edən Mərkəz ən yüksək səviyyəli əməkdaşlıq platforması kimi tanınır.

(ardı var...)

 

Ziyad SƏMƏDZADƏ,

akademik, Milli Məclisin deputatı