MƏQALƏLƏR

Akademik Ziyad Səmədzadə: Azərbaycanı dünyaya daha yaxından tanıdan qlobal platforma

  • 20.04.2023

Əvvəlkilərdən fərqli olaraq VIII Qlobal Bakı Forumu Azərbaycanın Zəfərini dünyaya bəyan etdi

Bu, həm də Azərbaycanın Vətən müharibəsindəki qələbəsindən sonra keçirilən ilk Forum idi. Qeyd etmək lazımdır ki, əvvəlki forumlarda Prezident İlham Əliyevin diqqətə çatdırdığı, toxunduğu prioritet məsələlərdən biri Ermənistanın işğalçılıq siyasəti ilə bağlı olurdu. Bu mənada Forum Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından mükəmməl tribuna rolunu oynamışdı. VIII Qlobal Bakı Forumunda isə Prezident İlham Əliyev 44 günlük müharibənin nəticələri və regionda yaranan reallıqlar barədə məlumat verərək, bir daha beynəlxalq ictimaiyyəti məlumatlandırdı. Respublikamızda COVID-19-a qarşı mübarizə, eyni zamanda Azərbaycanın bu mübarizədə beynəlxalq həmrəyliyə verdiyi töhfələr barədə danışan Prezident İlham Əliyev daha sonra dedi: “Toxunmaq istədiyim digər bir mövzu, Birinci Bakı Qlobal Forumundan başlayaraq hər yeddi Forumda haqqında danışdığım mövzudur-Ermənistan-Azərbaycan münaqişəsi. Bu gün isə demək istəyirəm ki, münaqişə həll edilib. Azərbaycan özü münaqişəni həll etdi. Azərbaycan 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələri özü yerinə yetirdi. Təəssüflər olsun ki, həmin qətnamələr 27 il ərzində kağız üzərində qaldı və özünümüdafiə hüququnu ehtiva edən BMT Nizamnaməsinin 51-ci maddəsindən istifadə edən Azərbaycan özü ərazi bütövlüyünü bərpa etməsə idi, həmin qətnamələr növbəti 27 il ərzində də kağız üzərində qalacaqdı. Azərbaycan beynəlxalq hüquqi çərçivəni də istifadə etdi, çünki yalnız BMT Təhlükəsizlik Şurası deyil, digər aparıcı beynəlxalq təsisatlar Azərbaycanın ərazilərinin işğalı ilə bağlı bənzər qətnamə və qərarlar qəbul edib. BMT-nin Baş Assambleyası, ATƏT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti və Avropa Şurasının Parlament Assambleyası münaqişə ilə bağlı müxtəlif dövrlərdə buna bənzər qərar və qətnamələr qəbul edib ki, ötən il ərazilərimizi azad edərkən gördüyümüz işlər buna tam uyğun idi”.

2022-ci ilin iyun ayında keçirilən “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumunda dünyada təhlükəsizliyin və sülhün təmin olunması üçün perspektivlər, enerji təhlükəsizliyinə yaranan təhdidlərin həlli yolları, həssas bölgələrdə sülh, əməkdaşlıq və inteqrasiya, qloballaşan bəşəriyyətdə artan ədalətsizliklər, yoxsulluğun qarşısının alınması üçün qida və kənd təsərrüfatı sektorunun transformasiyası kimi mühüm mövzularda müzakirələr aparıldı. Təhlükəsizliklə bağlı yaranan problemlər beynəlxalq arenada və qlobal gündəlikdə duran əsas məsələlərdən biri kimi son dövrlər daha da aktuallaşmışdır. IX Qlobal Bakı Forumunda çıxışı zamanı bu barədə danışan Prezident İlham Əliyev bildirdi ki, Qlobal Bakı Forumu bunun üçün mükəmməl platforma olaraq çıxış edir: “Bu Forum müxtəlif tərəflərin fikirlərini toplayan inklüziv bir Forumdur və hesab edirəm ki, bu, belə də olmalıdır. Çünki biz hamımız dünyanı daha da təhlükəsiz etmək üçün bir-birimizlə daha yaxından çalışmalıyıq”.
IX Qlobal Bakı Forumunda iştirak etmək üçün 53 ölkədən 400-ə qədər nümayəndənin, o cümlədən dövlət və hökumət başçılarının, sabiq dövlət və hökumət başçılarının Azərbaycana gəlməsi bu tədbirin dünyada sülhə böyük töhfələr verən mühüm siyasi platfoma olduğunu bir daha nümayiş etdirdi.
Prezident İlham Əliyevin forumda diqqətə çatdırdığı həqiqətlərdən biri ATƏT-in Minsk qrupu barədə oldu. Qeyd edək ki, Minsk qrupu öz fəaliyyətində beynəlxalq hüquqa əsaslanırdı. Lakin bu missiya heç vaxt öz mandatına uyğun fəaliyyət göstərə, Dağlıq Qarabağ münaqişənin sülh yolu ilə həllinə nail ola bilmədi. Minsk qrupunun həll etməli olduğu problemi 2020-ci ilin Vətən müharibəsində Azərbaycan hərbi yolla həll etdi. Elə buna görə də hələ 2020-ci ilin dekabrında Minsk qrupunun Fransadan və ABŞ-dan olan həmsədrlərini qəbul edən Prezident İlham Əliyev Minsk qrupunun 28 il ərzində problemin həllində heç bir rol oynamadığını birbaşa onların özlərinin diqqətinə çatdırmışdı.
Daha Minsk qrupunun adı çəkilmir. ABŞ və Fransanın Minsk qrupu formatı çərçivəsində Rusiya ilə əməkdaşlığı dayanıb. Fransanın bu qrupu diriltmək cəhdləri isə əbəsdir. Forumda bu barədə danışan Prezident İlham Əliyev bildirdi ki, xüsusilə Rusiya-Ukrayna müharibəsindən sonra aydındır ki, Minsk qrupunun üç həmsədr ölkəsi bir araya gələ bilməz və biz bununla bağlı artıq mesajlar almışıq – bu qrupun həmsədrlik institutu fəaliyyət göstərməyəcək: “Yəni, Minsk qrupu funksiyasını itirib. Bunu yenidən dirçəltmək cəhdləri də səmərəsizdir. Düşünürəm ki, bunun ən yaxşı yolu Minsk qrupuna əlvida deməkdir. Təşəkkür edirik və əlvida deyil, yalnız əlvida demək olar. Yəni, 30 il kifayətdir, təqaüdə çıxmaq vaxtıdır”.

IX Qlobal Bakı Forumu maraqlı və səmərəli diskussiyalarla yadda qaldı. 50-dən artıq ölkədən nümayəndə heyətinin iştirak etməsi və aparılan müzakirələr bu platformanın vacibliyini bir daha təsdiq etdi.

Azərbaycan Prezidentinin verdiyi mesajlar

2023-cü ilin martında keçirilən X Qlobal Bakı Forumu “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusuna həsr olunmuşdu. Forum çərçivəsində keçirilən on bir panel iclasında dünyanı narahat edən aktual məsələlər və onların həlli yolları müzakirə edildi. Budəfəki Forumda müasir dünyanın çağırışlarından irəli gələrək, yeni dünya nizamına təhdid yaradan amillərə, o cümlədən təhlükəsizlik məsələsinə və sülhün təmin olunması üçün perspektivlərə, dünyada dayanıqlılığın qurulmasına, onun qlobal sülhə təsirinə nəzər salındı, qarşıda duran çağırışların həlli yolları müzakirə olundu. Eyni zamanda bu iclaslarda dünyanı narahat edən münaqişələrə, meqatəhdidlərə, o cümlədən iqlim, qida və nüvə təhlükəsizliyi məsələlərinə toxunuldu, postpandemiya dövründə görüləcək işlərlə bağlı fikir mübadiləsi aparıldı. Forumda çıxış edən ölkə başçısı İlham Əliyev də yeni reallıqlara uyğun olaraq irəli sürdüyü çağırışları, sülh təkliflərini tək Azərbaycan, Cənubi Qafqaz üçün deyil, bütün dünya üçün səsləndirdi.

Prezident İlham Əliyev münaqişələrin yaranmasından, onun həlli yollarından danışaraq, diqqəti Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi hərbi təcavüzə yönəltdi və işğal nəticəsində Azərbaycanda humanitar fəlakətin yarandığını, bir milyondan artıq azərbaycanlının öz ölkəsində qaçqın və məcburi köçkünə çevrildiyini, rəsmi İrəvanın azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti apardığını vurğuladı. Dövlətimizin başçısı, həmçinin münaqişəni sülhlə aradan qaldırmağı və erməni qoşunlarının Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə Ermənistan hakimiyyətinin məhəl qoymamasını, beynəlxalq hüquqa nümayişkaranə şəkildə hörmətsizlik etdiyini də diqqətə çatdırdı. Prezident İlham Əliyev bununla yanaşı, çıxışında problemi həll etməyə cavabdeh olan ATƏT-in keçmiş Minsk qrupunun da heç bir nəticəyə nail ola bilmədiyini söylədi. Qarşı tərəf bizə başqa seçim imkanı qoymadı. Belə olduğu təqdirdə, beynəlxalq hüququn verdiyi imkanlardan, legitim hüququmuzdan istifadə etməklə ərazilərimizi hərbi yolla azad etdik.
Prezident İlham Əliyev çıxışında o mesajı verdi ki, hansı coğrafiyada baş verməsindən asılı olmayaraq, ərazi bütövlüyünün pozulmasının və separatçılıq meyillərinin qəbuledilməz olduğu əvvəlcədən bilinməli, onlara qarşı ortaq beynəlxalq münasibət sərgilənməlidir. Bu xüsusda Azərbaycan Prezidenti nüfuzlu auditoriyanın diqqətinə bir daha onu da çatdırdı ki, Ermənistanın ölkəmizə qarşı üç onillik ərzində davam edən işğalçılıq siyasətinə, azərbaycanlılara qarşı apardığı etnik təmizləmə cinayətinə, məhz işğal dövründə şəhər və kəndlərimizi yerlə-yeksan etməsinə baxmayaraq, Azərbaycan savaş meydanında əldə etdiyi tarixi Zəfərdən sonra Ermənistana sülh müqaviləsini imzalamağı təklif edib. Ölkəmizin sülh təklifi yenə də ərazi bütövlüyünün toxunulmazlığını və suverenliyə hörməti ehtiva edən beş təməl prinsipə söykənir. Prezident İlham Əliyev açıq mətnlə bildirdi ki, Ermənistan hər dəfə bu təklifə hazır olduğunu bildirsə də, təəssüf ki, bu, yalnız görüntü xarakteri daşıyır. Çünki Ermənistan daha çox onun üçün vacib olan həyat əhəmiyyətli bu qərarı qəbul etməkdə sərbəst və müstəqil deyil. Elə bu səbəbdən dövlətimizin başçısı nüfuzlu qonaqların və dünya birliyinin diqqətinə bu acı reallığı da çatdırdı: “Ümid edirik ki, vasitəçiliyə cəhd göstərən beynəlxalq iştirakçılar Ermənistanı şansı əldən buraxmamaqda dilə gətirəcəklər. Onlar müstəqil ölkə olmaq şansını itiriblər. Onlar tamamilə asılı olan, digər ölkənin və hazırda, ola bilsin, digər ölkələrin müstəmləkəsinə çevriliblər. Beləliklə, onlar bizə qarşı təcavüz səbəbindən, həqiqətən, müstəqil olmaq, öz gələcəyini qurmaq şansını əldən buraxıblar”.

Bakıdakı müzakirələr dünya gündəmində yer alan ən mühüm problemlərin araşdırılmasına və həllinə töhfə verir

Bu Forumun ölkəmizdə keçirilməsi beynəlxalq siyasi ictimaiyətin respublikamıza olan dərin etimadının, Azərbaycanın beynəlxalq siyasi münasibətlər sistemindəki roluna, habelə siyasi və humanitar dialoqun inkişafı istiqamətində irəli sürdüyü təşəbbüslərə və real töhfələrinə verilən qiymətin təcəssümüdür. 2013-cü ildən bəri keçirilən Forum artıq Davos Forumu, Münxen Təhlükəsizlik Konfransı kimi müasir dünyamızın aktual problemlərinin müzakirə olunduğu, perspektivi müəyyən edən ideyaların yarandığı və təşəbbüslərin irəli sürüldüyü, gələcəyə nəzər salmağa imkan verən beynəlxalq diskussiya platforması statusunu alıb. Ona görə bu gün Qlobal Bakı Forumu öz nüfuzuna görə dünyanın aparıcı beynəlxalq platformalarını kölgədə qoyub. Bakı Qlobal Forumunun iştirakçılarının təmsilçilik səviyyəsi və intellektual potensialı aparıcı beynəlxalq konfranslara uyğundur. Forum ilk dəfə keçiriləndə tədbirdə təxminən 20-yə yaxın ölkədən nümayəndə iştirak edirdi. Sonuncu Forumda isə iştirak edən dövlətlərin sayı 60-dan çoxdur. Göründüyü kimi, son 10 il ərzində Bakıda keçirilən qlobal forumlar diqqəti o qədər çəkib ki, iştirakçı dövlətlərin sayı 3 dəfədən çox artıb. Ötən dövrdə Bakı Forumu dünya cəmiyyətinin üzləşdiyi həssas mövzuların müzakirə olunduğu platforma kimi nüfuz qazanıb. Forumu digər platformalardan fərqləndirən əsas cəhətlərdən biri də coğrafi cəhətdən əhatəli olmasıdır.

Dünyanın müxtəlif yerlərindən gələn qonaqların fikir mübadiləsi üçün Bakını seçmələri Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasətin məntiqi nəticəsidir. Məhz buna görə də tədbirdə iştirak edən dünya şöhrətli xadimlər bu forumun başqa ölkələrdə baş verənləri öyrənmək baxımından əvəzedilməz platforma olduğunu etiraf edirlər. Şərq və Qərb ölkələrinin tanınmış nümayəndələrinin, sabiq dövlət və hökumət başçılarının bir araya gələrək, qlobal məsələlərin müzakirəsində fikirlərini açıq şəkildə bildirmələri tədbirin xüsusi əhəmiyyət kəsb etməsindən xəbər verir.
Qlobal Bakı Forumunda aparılan müzakirələr və fikir mübadilələri dünya gündəmində yer alan ən mühüm problemlərin araşdırılmasına və həllinə töhfə verir. Ötən forumların nəticələri bunu söyləməyə əsas verir. Müzakirələr nəticəsində hasil olan nəticəyə uyğun dünyaya yeni mesajların verilməsi faydalı olduğundan bir daha belə bir dialoq platformasına ehtiyacın olduğu ortaya çıxır.

 (son)

Ziyad SƏMƏDZADƏ,

akademik, Milli Məclisin deputatı