İqtisadi inkişaf ixtisaslı kadrlara ehtiyacı artırıb
Azərbaycanda iqtisadiyyatın inkişafı, informasiya və kommunikasiya texnologiyalarının genişlənməsi, yeni istehsal sahələrinin yaranması və təkmilləşməsi öz növbəsində yeni peşəkar kadrların hazırlanması zərurətini ortaya çıxarır. İstənilən sahənin inkişafında ixtisaslı kadrların hazırlıq səviyyəsi və fəaliyyəti həlledici əhəmiyyət daşıyır. Ümumiyyətlə, hər hansı sahədə irəliləyişin əldə olunması üçün ən vacib məsələlər maddi-texniki bazanın və savadlı kadrların mövcudluğudur. Məlum olduğu kimi, iqtisadiyyatı sürətlə inkişaf edən, gəlirləri gündən-günə artan Azərbaycanda müxtəlif sahələrin inkişafı üçün büdcədən külli miqdarda maliyyə vəsaitləri ayrılır, müəssisələr ən müasir maddi-texniki avadanlıqlarla təmin olunur. Buna paralel olaraq, müasir elmi-texniki yeniliklərdən xəbərdar olan, iqtisadiyyatda idarəetmənin müasir metodlarına yiyələnən peşəkar kadrlara tələbat da artır. Təsadüfi deyil ki, ölkədə kadr hazırlığına xidmət edən təhsil sahəsinə çox böyük diqqət ayrılır. Bu istiqamətdə görülən işlər başlıca olaraq təhsildə kəmiyyət və keyfiyyət dəyişikliklərinə yönəlib. Belə ki, regionların sosial-iqtisadi inkişafı dövlət proqramları çərçivəsində hər il onlarla təhsil müəssisəsinin tikilməsi və təmir olunması ilə yanaşı, bu sahədə gerçəkləşdirilən islahatlar təlim-tədris prosesinin keyfiyyətcə növbəti mərhələyə yüksəlməsinə təkan verir.
Görülən işlərə nümunələrdən biri olaraq son illərdə yaradılan Azərbaycan Turizm İnstitutunu vaxtında atılmış addım kimi göstərə bilərik. Məlum olduğu kimi, hazırda turizm ölkəmizdə ən sürətlə inkişaf edən sahələrdən biridir və ildən-ilə artan turizm obyektləri bu sahədə ixtisaslı kadrlara olan ehtiyacı artırır. Digər tərəfdən, tədrisin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində görülən işlər texniki-peşə məktəblərində təhsil almaq istəyənlərin sayını artırıb ki, bu da müxtəlif peşələr üzrə kadr hazırlığına mühüm töhfədir. Həmçinin 2007-2015-ci illəri əhatə edən dövlət proqramı çərçivəsində minlərlə gəncin xarici ölkələrin ən qabaqcıl ali məktəblərində təhsil almasının dövlət hesabına reallaşdırılması ölkədə ən çox tələb olunan sahələrdə peşəkar kadrların yerləşdirilməsinə, həmin sahələrin inkişafına kömək edəcək. Artıq bu proqram əsasında təhsilini başa vurmuş gənclərin əksəriyyəti ölkəyə qayıdaraq qazandıqları biliyi müvafiq sahədə çalışmaqla təcrübədə tətbiq edirlər.
Mütəxəssislər, iş adamları Azərbaycanın ixtisaslı kadrlarla ehtiyacının böyük olduğunu qeyd edirlər. Dəfələrlə, həm ölkə prezidenti səviyyəsində, həm də ayrı-ayrı şirkət rəhbərləri tərəfindən kadr çatışmazlığı məsələsi gündəmə gətirilib.
Bu gün ölkəmizdə iri holdinqlər fəaliyyət göstərir. Onlar yeni istehsal müəssisələri açdıqda həmin müəssisəyə peşəkar rəhbər tapa bilmirlər. Bu rəhbər müvafiq sahəni yaxşı bilməli, xammalın alışından tutmuş satış bazarlarına qədər geniş məlumata malik olmalıdır. Həmçinin, hazırda bir çox yerli istehsal müəssisələri peşəkar marketinq və satış menecerləri olmadığından böyüməkdə gecikirlər, xarici bazarlara yol tapa bilmirlər.
1994-cü ildə “Əsrin müqaviləsi” imzalandıqdan sonra transmilli neft şirkətləri ölkəmizdə işləməyə başladılar. İri neft layihələrinin həyata keçirməsi ilə əlaqədar podratçı və subpodratçı şirkətlər işə cəlb edildi. Həmin ərəfədə şirkətlərdə Azərbaycan mütəxəssisləri ilə bərabər çoxlu sayda xarici mütəxəssislər də çalışdı. Bir müddət sonra isə əvvəllər xarici şirkətlərin gördüyü işləri həyata keçirə bilən yerli şirkətlər yarandı. Azərbaycan neft sənayesində bir sıra işləri özü görməyə qərar verdi. Belə vəziyyət ixtisaslı kadrlara tələbatı artırdı.
Həmçinin Azərbaycanın xarici dövlətlərə qoyduğu investisiyalar hər il artır. Xaricdə yaradılan şirkətlərimizin də ixtisaslı kadrlara ehtiyacı böyükdür.
Neft sektorunun inkişafı qeyri-neft sektorunun inkişafını da təmin etdi. Hazırda ölkədə aparılan islahatlar daha geniş vüsət almış və sosial-iqtisadi inkişaf sahəsində keyfiyyətcə yeni - davamlı inkişaf mərhələsinə keçidin təməli qoyulmuşdur. Yeni mərhələnin əsas hədəfi, iqtisadi səmərəlilik, sosial ədalətlilik və ekoloji təhlükəsizlik prinsiplərini rəhbər tutmaqla, milli iqtisadiyyatın rəqabətqabiliyyətliliyinin yüksəldilməsi və dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyası əsasında uzunmüddətli perspektivdə ölkədə əldə olunmuş dinamik sosial-iqtisadi inkişafın davamlılığını təmin etməkdən ibarətdir.
Ölkədə sahibkarlığın inkişafı məqsədilə biznes mühitinin daim yaxşılaşdırılması, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi, yerli və xarici investisiyaların, müasir texnologiyaların, idarəetmə təcrübəsinin cəlb edilməsi və bu yolla yüksək keyfiyyətli, rəqabətqabiliyyətli məhsulların istehsal edilməsi Azərbaycanın iqtisadi inkişaf strategiyasının prioritetlərindəndir.
Respublikamızda aparılan intensiv irimiqyaslı tikinti quraşdırma işləri, qabaqcıl Avropa texnologiyalarının gətirilməsi, onlar əsasında yeni zavodların yaradılması da kadrlara ehtiyacı artırıb. Xüsusilə, şirkətlərdə yüksək vəzifələrə təyin etmək üçün ixtisaslı menecerlərin olmaması ən mühüm problemlərdən biridir.
Ölkəmizin əlverişli coğrafi mövqeyi, zəngin təbii sərvətləri bizə imkan verir ki, bir çox məhsulların istehsalı və satışı prosesində dünya bazarında üstünlük əldə edək. Halbuki, bu gün dünyada əlverişli coğrafi mövqeyi, münasib iqlimi olmayan dövlətlərin şirkətləri məcazi mənada desək: Antaraktidada soyuducunu, Afrikada isə yun paltarları satmağı bacarırlar. Bəs, necə? Əlbəttə ki, çox vaxt buna bacarıqlı satış menecerləri sayəsində nail olurlar. Bu gün isə ölkəmizdə beynəlxalq bazarlardan yaxşı başı çıxan menecerlər olduqca azdır.
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev bir neçə dəfə kadr hazırlığı məsələsinə toxunaraq bildirmişdir ki, ölkəmizdə biznesin inkişafı, yeni müəssisələrin yaradılması prosesi sürətlə gedir və yeni müəssisələrdə peşəkar kadrlar işləməlidir: “Bizə həm texniki mütəxəssislər lazımdır, həm də menecerlər lazımdır. Dünya təcrübəsi onu göstərir ki, aparıcı transmilli şirkətlərdə bu gün bir adam hansısa neft şirkətinin başındadırsa, sabah telekommunikasiya şirkətinin başındadır, ondan sonra böyük bir qida məhsulu istehsalı şirkətinin başındadır. Bax, bizdə də belə olmalıdır. Ona görə biz peşəkar menecerlərin hazırlanması işinə çox böyük diqqət göstərməliyik. Menecerlərə olan tələbatımız getdikcə daha da artacaqdır. Çünki ölkə iqtisadiyyatı o qədər sürətlə inkişaf edir ki, o qədər yeni müəssisələr, müasir istehsallar yaradılır. Bilirəm ki, bəzi hallarda yeni müəssisələrə xaricdən menecerlər gətirilir. Mən buna etiraz etmirəm, bu, təbiidir. Azərbaycan dünya birliyinin bir parçasıdır. Burada işləmək üçün gələnlər, əlbəttə ki, ancaq qonaqpərvərlik görürlər və görəcəklər. Amma elə etməliyik ki, öz kadrlarımızı da sürətlə hazırlayaq”.
“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda Sumqayıt Texnologiyalar Parkının söylədiyi fikirlər də Azərbaycanda kadr çatışmazlığı problemini açıqlığı ilə göstərir: “Əldə etdiyimiz uğurlarla yanaşı, bəzi problemlərlə də üzləşirik. Belə ki, Sumqayıt Texnologiyalar Parkında “Liebherr”, “Komatsu”, “Hitachi”, “Bomag”, “Borg”, “Mercedes” və s. kimi dünyanın qabaqcıl texnikasından, maşın və mexanizmlərindən istifadə edilir. Amma bu avadanlığın istismarı üçün yüksək dərəcəli maşinist-operatorlar, qaynaqçılar, çilingərlər və elektrik quraşdırıcıları çatışmazlığı hiss olunur. Bu qıtlığı aradan qaldıra biləcək texniki təlim-təhsil bazasının yaradılması zəruri insan resurslarının yetişdirilməsində məqsədyönlü addım olardı”.
1991-ci ildə Azərbaycan müstəqillik əldə etdikdən sonra bazar iqtisadiyyatı yoluna qədəm qoyduğu üçün kadrların da müvafiq tələblərə uyğun hazırlanması tələb olunurdu. Bunu nəzərə alaraq ölkəmizdə fəaliyyət göstərən universitetlər bazar iqtisadiyyatının tələblərinə uyğun bir sıra yeni ixtisaslar yaratdılar və ya mövcud ixtisasların təyinatı dəyişdirildi. Lakin qlobal iqtisadi, siyasi və texnoloji proseslərin necə işlədiyini və hansı istiqamətdə inkişaf etdiyini öyrənmək, hadisələrə, proseslərə və problemlərə yeni və yaradıcı perspektivlərdən baxmağı öyrənmək baxımından xaricdə təhsilin də faydası böyükdür. Xaricdə təhsilin ən vacib və faydalı cəhətlərindən biri də budur ki, burada sadəcə hansısa bir sahə və ya ixtisas haqqında bilik və bacarıqlar öyrədilmir, burada eyni zamanda hər bir tələbəyə universitetdən və ya təhsil müəssisəsindən kənarda da özünü yetişdirmək, yeni bilik və bacarıqları öyrənmək, tətbiq etmək və bu bilik və bacarıqları inkişaf etdirmək də öyrədilir.
Seymur Yunusov
|