İqtisadi jurnalistikanın tədrisi və təbliğinin bəzi məsələləri ARAŞDIRMA
Azərbaycanın 1991-ci ildə dövlət müstəqilliyini bərpa etməsindən sonra iqtisadi sahədə çox ciddi addımlar atıldı. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin uzaqgörən siyasəti və gərgin zəhmətinin nəticəsi olaraq, ölkənin sosial-iqtisadi inkişafı və dünya birliyinə inteqrasiyası sahəsində çox böyük nailiyyətlər əldə olundu. Düşünülmüş iqtisadi siyasət nəticəsində makroiqtisadi sabitlik əldə edildi və iqtisadiyyatın bütün sahələrini əhatə edən ciddi addımlar atıldı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində mühüm işlər görüldü.
Heydər Əliyev strateji irsinin layiqli davamçısı olan Prezident İlham Əliyev tərəfindən bu gün ölkədə sahibkarlığın inkişafı, əlverişli biznes və investisiya mühitinin formalaşdırılması, qeyri-neft sektorunun inkişafı istiqamətində ciddi işlər görülür, iqtisadiyyat bütün sahələrə əsaslı şəkildə nüfuz edir. Bu isə öz növbəsində iqtisadi məsələlərin işıqlandırılmasında peşəkarlıq, jurnalist kadrları hazırlayan müəssisələrdə ixtisaslaşmasının vacibliyi məsələsini gündəmə gətirir. Çünki iqtisadi bilikləri cəmiyyətə çatdırmaq çox məsuliyyətli və maksimum diqqət tələb edir.
İqtisadi bilik və məlumatların çatdırılmasında dərin araşdırmaların aparılmasının vacibliyi, kadr məsələsi ilə bağlı özünü göstərən çətinliklərlə əlaqədar bir neçə mütəxəssislə görüşüb söhbət etdik. Ekspertlər kimi, “ARB 24” televiziyasının Baş redaktor müavini, filologiya üzrə fəlsəfə doktoru Aynur Nəsirova, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC Analitik qrupun rəhbəri, Azərbaycan Respublikasının Əməkdar jurnalisti, filologiya üzrə fəlsəfə doktoru Faiq Hüsiyev və AzTV-nin Sosial və iqtisadiyyat proqramları Baş Redaksiyasının Baş redaktoru Aytən Abdulovanın fikirlərini öyrəndik. Onlara Jurnalistika fakültəsinin tələbələrinin iqtisadi bilik səviyyəsi, bu sahədə mövcud hazırlığı və iqtisadi materiallarla işləmək bacarığı ilə əlaqədar suallar ünvanladıq.
ARB 24 televiziyasının nümayəndəsi işə qəbul prosesində sırf iqtisadi yönümlü proqramlar üçün jurnalistlərin seçimində uyğunsuzluqların, bunun isə əsas olaraq jurnalistika fakültəsinin məzunlarının iqtisadiyyatda baş verən real prosesləri işıqlandırmaqda çətinlik çəkməkləri ilə bağlı olduğunu qeyd etdi.
Sosial və iqtisadiyyat proqramları Baş Redaksiyasının baş redaktoru isə Jurnalistika fakültəsini bitirən tələbələrin iqtisadi bilik səviyyələrinin çox az, hətta bəzilərinin ümumiyyətlə olmadığını bildirmişdir. Onun sözlərinə görə, televiziya özünün şəxsi keyfiyyətləri baxımından operativlik tələb edən kütləvi informasiya vasitəsidir: “Belə bir KİV-də isə iqtisadi sahədə çalışan jurnalistdən ikiqat bacarıq tələb olunur. Çünki iqtisadi sahə maksimum dəqiqlik tələb edir. Ona görə də əslində jurnalistika fakültəsinin məzunlarının iqtisadi biliyinin olmasına çox böyük ehtiyac olsa da, təəssüf ki, onlarda bu ehtiyacı qarşılayacaq tələblərə rast gəlinmir.”
“Təcrübə göstərir ki,jurnalistika fakültəsinin məzunları sırf iqtisadi materialların hazırlanmasında dərin bacarığa malik deyillər”, - deyən Analitik qrupun rəhbəri jurnalistika fakültələrinin məzunlarının ümumiyyətlə müasir televiziya kadrları səviyyəsində hazırlanmadığını bildirmişdir: “Bu sahədə müəyyən boşluqlar var. Bu gün hətta pedaqoji təhsil müəssisələri də jurnalist hazırlayır. Bu nə dərəcədə düzgündür? Odur ki, bu mövzu böyük bir müzakirə tələb edir.”
Mütəxəssislərin sözlərinə görə, iqtisadi proqramlar üçün jurnalistlər seçərkən Jurnalistika fakültəsinin tələbələrinə deyil, iqtisadi biliyə üstünlük verilir. A.Nəsirova bunu belə izah edir ki, iqtisadi məzmunlu verilişlərdə iqtisadi savad çox önəmlidir. Lakin burada da müəyyən problemlərə təsadüf olunur: ya iqtisadi savadı olan efirlə uyğunlaşa bilmir, yaxud da efirə uyğun namizədin iqtisadi biliyi kifayət etmir.
Baş redaktorun fikri isə bu yöndədir ki, mövcud reallıqlar baxımından iqtisadi təhsili və biliyi olanlara üstünlük verilməsi daha məqsədəuyğundur: “Çünki əgər bir jurnalistin içərisinə düşdüyü və haqqında yazacağı sahə haqqında informasiyası zəifdirsə, həmin sahəyə aid olan məlumatların üzərində işləməsi də mümkünsüzdür, yaxud arzuolunan səviyyədə olmayacaqdır. Təbii ki, zamanla bu problemlərin qaydaya düşməsi və həlli mümkündür. Lakin nəzərə alsaq ki, ölkədə jurnalist yetişdirən, bu sahədə tələbənin də kifayət qədər zamanını sərf etdiyi ali təhsil müəssisələri var, o zaman sonra yenidən əlavə vaxt sərf etmək sadəcə vaxt itkisi hesab oluna bilər.” F.Hüsiyevin fikrincə, “İstehsalat prosesinə, telekanallarda peşəkar jurnalistika fəaliyyətinə cəlb edilmiş universitet məzunları bir qayda olaraq ancaq və ancaq uzun bir müddətdən sonra konkret mövzunu, o cümlədən iqtisadi mövzuları mənimsiyə bilirlər. Nəzəri biliklərin azlığı, həmçinin öyrənmək həvəsinin məhdudluğu özünü göstərir”, lakin bununla belə “Spesifik mövzular hazırlayan müxbirlərin sırf jurnalistika fakültəsinin məzunları olması əslində o qədər də önəm daşımır. Yetər ki, konkret mövzunu mənimsəmiş olsunlar. İstiqamətləndirmək üçün isə kifayət qədər rəhbər heyət var.”
Bu gün universitetlərdə tədris olunan iqtisadi biliklərin jurnalistlərin iqtisadi materiallarla işləməsi üçün kifayət etmədiyini bildirən mütəxəssislər məsələnin uzun illərdən bəri var olsa da, hələ də həll olunmamasını mühüm bir problem olaraq vurğulamışlar. Analitik qrupun rəhbəri bunun həm də intellektual bazanın kasadlığı, mövzunu tam şəkildə mənimsəməmək, analitik uzlaşmanı aparmamaqla bağlı olduğunu bildirmişdir.
Gənc jurnalistlərdə iqtisadi sahədə mövcud olan əsas çatışmazlıqlar kimi mütəxəssislər tərəfindən bunlar qeyd olunmuşdur:
- Bir çoxlarının iqtisadi sahədə özünü təkmilləşdirməyə çalışmaması;
- İqtisadiyyatın spesifik sahə olduğundan çətin görünməsi və ondan uzaq durulması;
- Bir çox ali təhsil müəssisələrində bu yöndə təhsilin arzuolunan səviyyədə olmaması;
- Pedaqoqların tələbələri iqtisadi sahəyə yönləndirməkdə təşəbbüskar olmaması;
- Jurnalistika fakültəsinin tələbələrinə iqtisadi biliklərin kifayət edəcək dərəcədə aşılanmaması;
- Fəaliyyət prosesinə qədər ixtisaslaşmanın aparılmaması;
- İqtisadi bilik səviyyəsinin çox aşağı olması;
- Təqdim olunan xəbərdən lazım olan informasiyanı seçə bilmək bacarığının olmaması;
- İqtisadi terminlərə bələdsizlik və s.
“Düşünürəm ki, təhsilin sonuncu kursundan etibarən tələbələr arasında ixtisaslaşdırılma aparılmalı və onlar müvafiq redaksiyalarda bir-neçə aylıq təcrübəyə cəlb edilməlidirlər. Mütərəqqi televiziyaçı tipi deyəndə, həmin adamın hərtərəfli bilik səviyyəsinə və peşəyə yiyələnmək potensialına, həmçinin dünyagörüşünə də baxmaq lazımdır.Təəssüflər olsun ki, hətta indinin özündə belə ədəbi dil normalarını bilməyən, ekvatorla Ekvadoru dəyişik salanlar, Luvr kəlməsinin qız adı olduğunu zənn edənlər, Süveyş kanalının Fars körfəzində olduğunu yazanlar istehsalat prosesində çalışırlar. Odur ki, savadlı məzunlar arasından seçim etmək bizim üçün prioritetdir. Doğrudan da, hər şeyi peşəkar kadrlar həll edirsə, deməli, onları layiqlilərin sırasından seçib hazırlamaq lazımdır”, - deyə Əməkdar jurnalist əlavə etmişdir. ARB 24 kanalının nümayəndəsi onu da qeyd edir ki, jurnalist iqtisadiyyatı bilirsə, əlbəttə, cəmiyyətə də xeyri dəyəcəkdir,çünki iqtisadiyyatı bilməyən birinin bu sahədə süjet hazırlaması sadəcə plan doldurmağa hesablanıb, auditoriyaya heç bir xeyri olmayacaqdır. Jurnalist iqtisadi sahədə biliklidirsə, o, məlumatı sadə dildə tamaşaçıya çatdırmağı bacaracaq, bununla da onların maarifləndirilməsinə dəstək verməklə, cəmiyyətə lazımi informasiyanı verə biləcəkdir.
“İqtisadi sahədə maarifləndirmə prosesində jurnalistlərin çox böyük rolu vardır. Çünki, məsələn, ölkədə pensiya islahatı həyata keçirilib və jurnalist onu qısa, konkret və aydın şəkildə çatdırmalıdır. Burada jurnalistin rolu əldə etdiyi məlumatı sadələşdirərək çatdırmaqdır. Lakin təəssüflər olsun ki, bəzən bu tipli sosial-iqtisadi məlumatlar dolaşıq və uzun-uzadı şəkildə cəmiyyətə təqdim olunur, anlaşılmasında da kifayət qədər çətinliklər özünü göstərir”, - deyən baş redaktor onu da əlavə etmişdir ki, müxtəlif iqtisadi terminlərin cəmiyyət tərəfindən anlaşılması çox zaman problemlər yaradır. Bu kimi məsələlərdə televiziya jurnalistinin üzərinə çox böyük məsuliyyət düşür.
Mövcud çatışmazlıqların həlli məsələsinə toxunduqda isə mütəxəssislər çıxış yolu olaraq bunları qeyd edirlər:
- İqtisadi savadlılığın artırılması istiqamətində lazımi addımların atılması;
- Zəif kadr potensialı probleminin ortadan qaldırılması;
- Jurnalistika fakültəsində iqtisadi biliklər sadəcə bir yarım il deyil, daha uzun müddət tədris olunmalıdır;
- Təhsil müddətdində son tədris illərində ixtisaslaşmanın həyata keçirilməsi;
- Təqdim olunan xəbərdən lazım olan informasiyanı seçə bilmək bacarığının formalaşdırılması.
Məsələ ilə əlaqədar uzun illər KİV-də, televiziya kanallarında iqtisadi mövzularda geniş çıxışlar edən millət vəkili, akademik, “İqtisadiyyat” qəzetinin təsisçisi Ziyad Səmədzadə isə bu fikirdədir ki, gənc jurnalistlərin iqtisadi sahədə biliklərinin təkmilləşdirilməsinə, xüsusi kursların təşkilinə, iqtisadi jurnalistika ilə əlaqədar ədəbiyyatların sayının artırılmasına, dərs vəsaitlərinin hazırlanmasına ehtiyac var. Ən başlıca məsələ isə bütün bu proseslərin mərkəzində Vətənə sevgi, ölkəyə bağlılıq dayanmalıdır. Qalib dövlətin uğurlarını təmin edən siyasətin incəliklərinə bələd olaraq, milli-mənəvi dəyərlərin də təbliğinə çalışmaq lazımdır.
Araşdırma nəticələrinin ümumiləşdirməsinə əsasən, belə qənaətə gəlmək mümkündür ki, ölkədə jurnalistika ixtisasını tədris edən fakültələrdə iqtisadi sahədə ixtisaslaşmaya ehtiyac var. Bu, ali təhsil ocaqlarını bitirən jurnalistlər üçün də önəmlidir.
Mətanət HÜSEYNOVA