MƏQALƏLƏR

Lətif Səfərov (1920-1963)

  • 27.04.2023

Azərbaycan aktyoru, rejissor, ssenarist, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1960) Lətif Səfərov 1920-ci il sentyabrın 30-da Şuşada doğulmuşdur. 7 yaşında ikən rejissor Leo Murun “Gilan qızı” (“Tunc ay”) filmində çəkilmiş, sonra yaradıcı heyətlə birlikdə Bakıya gələrək studiyada ştata qəbul olunmuşdur. 1928-1931-ci illərdə “Sevil”, “Lətif”, “Şərqə yol”, “Qızıl kol” filmlərində uşaq rollarını oynamışdır. Ancaq sonradan xəstələndiyi üçün Bərdəyə gəlmiş, 1931-ci ildə Gəncə Pedaqoji Texnikumuna daxil olmuş və qiyabi təhsil almışdır. Yenə Bakıya qayıdıb, əvvəl studiyanın dublyaj şöbəsində, sonra isə filmlərdə rejissor assistenti kimi çalışmışdır.
1940-cı ildə Moskvadakı Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutuna daxil olmuş, Rus kinorejissoru Qriqori Kozintsevdən sənətin sirlərini öyrənmişdir. Müharibə başladığı üçün təhsilini yarımçıq qoyaraq Bərdəyə qayıtmış və 1941-1946-cı illərdə burada müəllimliklə məşğul olmuşdur. 1946-cı ildə Moskvaya geri dönərək təhsilini davam etdirmişdir. 1950-ci ildə təhsilini başa vurub və peşəkar kinematoqrafçı kimi Bakıya dönüb, kinostudiyada işləməyə başlamış, 50-ci illərin əvvəllərində bir neçə sənədli filmə quruluş vermişdir. 1955-ci ildə ona “Sevimli mahnı” (“Bəxtiyar”) filmini çəkmək həvalə olunmuşdur. Bu lentlə o, böyük kinoda ilk filmini yaratmışdır. Filmin ssenarisini Boris Laskin və Nikolay Rojkov qələmə almışdı və ssenari nə qədər beynəlmiləl ruhlu idisə, film bir o qədər milli alınmışdı. O, baş rola Rəşid Behbudovu dəvət etmişdi. Çünki filmin bəstəkarı Tofiq Quliyevin lirik mahnıları məhz belə bir müğənninin rola dəvət olunmasını tələb edirdi. Rəşid Behbudovun “Arşın mal alan” filmindəki uğuru onun özünü də kinoya bağlamışdı. Beləliklə, Rəşid Behbudov bu filmilə özünün yeni bir ekran triumfunu etmiş oldu. “Bəxtiyar” filmi Azərbaycan kinosunda musiqili bədii filmin ən layiqli nümunəsinə çevrildi. Tofiq Quliyevin filmdəki “Zibeydə”, “Qızıl üzük”, “Bakı” mahnıları dillər əzbəri oldu. Rejissor bu filmdə həm də çox maraqlı bir aktyor ansamblı yarada bilmişdi. Rəşid Behbudovla yanaşı, aktyorların - Ağasadıq Gəraybəyli, Ağahüseyn Cavadov, Münəvvər Kələntərli və digərlərinin oyunu filmin ümumi ahənginə xüsusi təsir göstərmişdi.
“Qızmar günəş altında”, “Leyli və Məcnun” kimi filmləri ilə Azərbaycan kinosuna yeni nəfəs gətirən Lətif Səfərov ekranın estetik funksiyası ilə bağlı nəzəri görüşlərini müəyyən qədər də olsa, reallaşdıra bilmişdir. Lətif Səfərov 1958-ci ildə Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilib. Sonra “Koroğlu” filmini lentə almağa başlamışdır. 1963-cü ildə Azərbaycan Kinematoqrafçılar İttifaqının katibliyindən çıxarılmış, həmin il dekabrın 9-da ov tüfəngi ilə intihar etmişdir.
Müğənni Şövkət Ələkbərovanın həyat yoldaşı olmuşdur.
Azərbaycan Dövlət Film Fondunda rejissor Lətif Səfərovun şəxsi arxivi yaradılmışdır.