MƏQALƏLƏR

“Heydər Əliyev və müasir türk dünyası” beynəlxalq elmi-praktiki konfransı türk dünyası ölkələrinin birliyinin bariz nümunəsidir

  • 05.05.2023

Mayın 2-də Azərbaycan Ağsaq­qallar Şurası, Azərbaycan Koope­rasiya Universiteti və Azərbaycan İqtisadçılar İttifa­qının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və müasir türk dünyası” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilmişdir.
Tədbirdən əvvəl konfrans iştirakçıları Fəxri Xiyabana gedərək müasir, müstəqil dövlətimizin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad etmiş, məzarı önünə gül dəstələri qoymuşlar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılaraq, məzarı üzərinə tər güllər düzülmüşdür.
Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Şimali Kipr Türk Respublikası, Pakistan və Gürcüstandan olan görkəmli alimlərin, ictimai-siyasi xadimlərin, eləcə də respublikamızın tanınmış alimlərinin, ziyalıların iştirakı ilə keçirilən beynəlxalq elmi konfransın plenar iclası Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlamışdır.
Sonra Ulu Öndər Heydər Əliyevin keçdiyi şərəfli ömür yolunu və Türk dünyasının müasir əlaqələrini özündə əks etdirən videoçarx nümayiş olunmuşdur.
Konfransın təşkilat komitəsinin və Azərbaycan Ağsaqqallar Şurasının sədri, Azərbaycan Kooperasiya Universitetinin rektoru, Milli Məclisin Hesablayıcı komissiyasının sədri, iqtisad elmləri doktoru, professor Eldar Quliyev giriş nitqi ilə çıxış etmişdir. O, Ümummilli lider Heydər Əliyevin mənalı həyatı və ölkəmizin inkişafı yolunda yorulmaz fəaliyyətindən söz açmış, qeyd etmişdir ki, H.Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrlərdə Azərbaycanın Türkiyə Cümhuriyyəti və digər türkdilli dövlətlərlə sıx əlaqələri, dostluq və əməkdaşlıq münasibətləri formalaşıb, inkişaf edib, bu gün artıq yeni müstəvidə uğurla davam etməkdədir. Bu günlərdə böyük qürur və fəxarətlə qeyd etdiyimiz ulu öndərin 100 illik yubileyi münasibətilə təşkil olunan bu mötəbər tədbir möhkəm əsaslarla təməli qoyulmuş birliyin, qardaşlığın bariz nümunəsidir.
Tədbirdə Elm və təhsil nazirinin müavini Firudin Qurbanov çıxış edərək, tədbir işkirakçılarının diqqətini Ümmummilli Lider Heydər Əliyevin xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtdığı müstəqilliyimizin ilk illərinə yönəldib. O, qeyd edib ki, dövlət müstəqilliyimizin bərpasının ilk illərində Azərbaycanın dövlət büdcəsi təxminən 1 milyard manat təşkil edirdi. Dahi rəhbərin yorulmaz fəaliyyəti, uzaqgörən siyasəti düzgün və vaxtında qəbul etdiyi qərarların gerçəkləşməsi nəticəsində bu gün müasir Azərbaycanın dövlət büdcəsinin gəlirləri 33 milyard manatı keçmişdir. Vaxtilə alınmış borcların, beynəlxalq kreditlərin ödənilməsində çətinliklərlə üzləşən Azərbaycan bu gün özü borc verən ölkəyə çevrilmişdir.
Konfransda “Heydər Əliyev ideyaları və türk dünyasının inkişaf strategiyası barədə” məruzə ilə çıxış edən Azərbaycan İqtisadçılar İttifaqının sədri, Milli Məclisin deputatı, akademik Ziyad Səməd­zadə bildirmişdir ki, Türkiyənin Mustafa Kamal Atatürkü və Azərbaycanın Heydər Əliyevi türk dünyasının XX əsrdə yetişdirdiyi nadir şəxsiyyətlərdir - ümummilli liderlərdir. Bu iki görkəmli şəxsiyyətin dövlət başçıları kimi çox dəyərli iqtisadi platformaları, baxışları olub ki, bunların da ana xəttini Türkiyə və Azərbaycanın iqtisadi cəhətdən güclü dövlətlər səviyyəsinə yüksəlmələri təşkil edir.
Ziyad Səmədzadə: “Heydər Əliyev türk dünyasının daha sürətlə inkişafıını arzulayırdı və Bakı-Tbilisi-Ceyhan neft-boru kəmərinin və digər neft-qaz marşrutlarının da bu baxımdan tarixi rolunu xüsusi vurğulayırdı. Onun Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan dövlət, hökumət rəhbərləri ilə səmimi dostluğu türk dünyası ölkələrinin birliyinə xidmət edirdi. Heydər Əliyev dəfələrlə qeyd edirdi ki, Azərbaycanın türk dünyası ölkələri ilə iqtisadi sahədə əməkdaşlığı daha da inkişaf etməlidir, investorlar hər iki ölkənin milli maraqlarına cavab verən layihələr həyata keçirməlidirlər. Bu, bir həqiqətdir ki, türk dünyası tarixin bir çox mərhələlərində bəşəriyyətin inkişafına güclü təkan vermiş, dünya siyasətinə, iqtisadiyyatına, mədəniyyətinə böyük təsir göstərmişdir. Bu gün altı müstəqil türkdilli dövlət - Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə və Türkmənistan BMT-nin və digər nüfuzlu beynəlxalq təşkilatların üzvü kimi bəşəri problemlərin həllində fəal iştirak edirlər. Əlverişli geostrateji və coğrafi mövqeyə malik olan türk dövlətlərinin dünyəvi əhəmiyyət kəsb edən inteqrasiya prosesləri üçün çox böyük potensialı vardır. Türk dünyası ölkələri özlərinin tarixi köklərini dərk etdikcə yaxınlaşacaq, birləşəcək, daha da güclənəcək, bir-birinə arxa olacaqlar. İqtisadi əməkdaşlıqdan başlanan yaxınlıq dostluğa, tərəfdaşlığa və birliyə çevriləcəkdir.
Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi, Xəzərin statusunun qəbul edilməsi, Yeni Bakı Limanının, Bakı Gəmiqayırma zavodunun fəaliyyətə başlaması, Xəzər Dənizçilik Donanmasının yeni müasir gəmilərlə təminatının ildən-ilə yaxşılaşması, Ələt Xüsusi İqtisadi Zonasının yaradılması, nəqliyyat kompleksinin inkişafına xidmət edən digər tədbirlər bütünlükdə əlverişli coğrafi məkanda yerləşən Azərbaycanın, türk dünyasının mühüm nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilməsini təmin edəcəkdir. Azərbaycan torpaqlarının erməni işğalından azad edilməsi, Zəngəzur dəhlizinin açılması türk dünyasının inkişaf imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcək”.
Tədbirdə çıxış edən Türk Dövlətləri Təşkilatının baş katibinin müavini Yerjan Mukaş, Özbəkistanın Qəhrəman Ali Məclisinin senatoru, respublika veteranlarının ictimai fəaliyyətinin dəstəklənməsi üzrə “Nuraniy” Fondunun İdarə Heyətinin sədri Sodiqjon Turdiyev, Türkiyənin görkəmli yazıçısı, publisist İmbat Muğlu, Qazaxıstanın Senatorlar Şurasının üzvü, TDT Ağsaqqallar Şurasının üzvü İkram Adırbek, Qırğız Respublikasının qəhrəmanı, parlamentin sabiq spikeri, TDT Ağsaqqallar Şurasının üzvü Medetxan Şerimkulov, Şimali Kipr Türk Respublikasının tanınmış ictimai-siyasi xadimi, görkəmli yazıçı, TDT Ağsaqqallar Şurasının üzvü Tansel Fikri, filologiya üzrə elmlər doktoru, professor Adil Axmet və digərləri görkəmli dövlət xadimi Heydər Əliyevin bütövlükdə türk dünyası üçün göstərdiyi tarixi xidmətlərdən danışmış, onu böyük qürur və iftixar hissilə yad etmişlər.
Natiqlərin çıxışlarında Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın və türk dünyasının çoxəsrlik dövlətçilik tarixinin nadir simalarından biri olduğu, Ulu Öndər Heydər Əliyevin yaşadığı dövrün real mahiyyətini dərindən görərək, özünün aydın siyasi mövqeyi, möhkəm iradəsi və uzaqgörənliyi ilə zamanı irəli aparmaq qüdrətinə malik olduğu vurğulanmışdır.
Tədbirdə Azərbaycanın müasir türk dünyası dövlətləri ilə əlaqələrinin qurulmasında, münasibətlərin dərinləşməsində, ha­belə ölkəmizdəki tolerantlıq mü­hiti və azərbaycançılıq ideo­lo­giyasının inkişafında Heydər Əliyevin əvəzsiz rolu xüsusi qeyd edilmiş, bu siyasətin bu gün Azərbaycan Respublikasının Prezidenti, ulu öndərin layiqli davamçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi xüsusi vurğulanmışdır. Plenar iclasdan sonra konfrans işini bölmələr üzrə davam etdirmişdir.
Sonda bölmə rəhbərlərinin hesabatları təşkilat komitəsi tərəfindən qəbul olunmuş, irəli sürülən təklif və tövsiyələr nəzərə alınmaqla məruzələr, məqalələr və tezislərin toplu şəklində çap edilməsi qərara alınmışdır.
Bununla da konfrans öz işini yekunlaşdırmışdır.