Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illiyinə həsr edilmiş “Rəqabət dayanıqlı inkişafın mühüm amili kimi” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib
İqtisadiyyatda dayanıqlı inkişaf sosial-iqtisadi münasibətlərin ən mühüm müvəffəqiyyət meyarı kimi xarakterizə olunur. Bu isə ilk növbədə təsərrüfat subyektlərinin iqtisadi maraqlarının məcmusu, makroiqtisadi göstəricilərin dinamikası, iqtisadiyyatın idarə olunması ilə bağlı fəaliyyət göstərən institutların imkanları, iqtisadi əlaqələrin səmərəli xarakter daşıması və s. kimi amillərlə bilavasitə bağlıdır.
Artıq dünyanın əksər ölkələrinin dayanıqlı inkişaf proqramları mövcuddur və bu sahədə işlər “Dayanıqlı İnkişaf Məqsədləri” istiqamətində davam etdirilməkdədir. İqtisadiyyatda məhsul istehsalı və xidmətlərin fasiləsiz artımı, istehsal potensialından səmərəli istifadə, ekstensiv inkişafdan intensiv inkişafa keçid, elmi-texniki tərəqqinin nailiyyətlərinin istehsala tətbiqi, təsərrüfat fəaliyyətinin iqtisadi səmərəliliyinin dayanıqlı yüksəlişi, cəmiyyət üzvlərinin həyat şəraitinin yaxşılaşdırılması, iqtisadiyyatın sahələri və regional qeyri-tarazlı inkişafının aradan qaldırılması kimi prinsiplər “Dayanıqlı İqtisadi İnkişaf”ın məqsədləri hesab edilə bilər.
Dünya ölkələrinin təcrübəsi göstərir ki, “Dayanıqlı İnkişaf”ın təmin edilməsi üçün ölkənin əldə olunmuş inkişaf səviyyəsi, potensialı, institusional bazası ilə yanaşı, milli iqtisadiyyatın mövcud reallıqlarına uyğun, düzgün iqtisadi strategiyanın seçilməsi çox zəruridir. Belə ki, son yüzillikdə beynəlxalq səviyyədə rəqabət üstünlükləri əldə etmiş ölkələrin təcrübəsinin sistemli təhlili göstərir ki, onların uğurunu təmin edən əsas amil, hər şeydən əvvəl, düzgün iqtisadi inkişaf modelinin müəyyənləşdirilməsi və reallaşdırılması mexanizmlərinin seçilməsi olmuşdur.
Hazırda qloballaşan dünyaya fəal inteqrasiya olunan Azərbaycan milli iqtisadiyyatın rəqabət mübarizəsinə davam gətirmək üçün birincisi, iqtisadi inkişafın prioritetlərini düzgün müəyyənləşdirməli, ikincisi, onların həyata keçirilməsinin mövcud reallığa və imkanlara uyğun səmərəli üsul, vasitə və mexanizmlərini seçməlidir.
Ölkəmizdə milli iqtisadiyyatın rəqabətqabliyyətliliyini müəyyənləşdirərkən mövcud potensial, iqtisadi artım tempi, sənaye istehsalının səmərəliliyi və səviyyəsi, elmi-texniki nailiyyətlərin istehsala tətbiqi, ölkənin Beynəlxalq Əmək Bölgüsündə iştirak dərəcəsi, daxili bazarın həcmi və dinamikliyi, maliyyə sisteminin elastikliyi və dövlət tənzimlənməsinin iqtisadiyyata müdaxiləsinin səmərəliliyinin dərəcəsi və s. nəzərə alınmalıdır.
Bazar iqtisadiyyatının inkişaf etdiyi müasir dövrdə, hökumət tərəfindən sosial-iqtisadi infrastrukturların inkişafına göstərilən diqqət və qayğı ölkəmizdə bazar konyukturasına cavab verəcək dayanıqlı inkişaf edən iqtisadi subyektlərin formalaşması üçün əlverişli şərait yaratmışdır. Belə bir şəraitdə milli iqtisadiyyatın müxtəlif sahələrində sürətli inkişaf dinamik xarakter almış, nəticədə ölkədə dayanıqlı inkişaf prosesləri başlamışdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının uğurla davam etdirdiyi sosial-iqtisadi siyasət nəticəsində son 20 ildə Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoymuş, iqtisadiyyatın davamlı inkişafı təmin edilmiş, ölkəmiz daha da qüdrətlənmiş, əhalinin sosial rifahı yüksəlmiş, Azərbaycan beynəlxalq əhəmiyyətli iri layihələrin təşəbbüskarına və əsas iştirakçısına, dünyada nüfuzu gündən-günə artan dövlətə və etibarlı tərəfdaşa çevrilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” Azərbaycanın gələcək inkişafında rəqabət imkanlarının yüksəldilməsi perspektivlərini müəyyən etməklə yanaşı, növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair aşağıdakı beş Milli Prioritetin reallaşdırılmasını qarşıya məqsəd qoyur:
1. dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat;
2. dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət;
3. rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı;
4. işğaldan azad olunmuş ərazilərə böyük qayıdış;
5. təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi.
Qeyd edilən Milli Prioritetlər, eyni zamanda, Birləşmiş Millətlər Təşkilatının “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”dən irəli gələn öhdəliklərin icrası istiqamətində də xüsusi əhəmiyyət kəsb edir.
Hazırda ölkə iqtisadiyyatında əldə olunmuş makroiqtisadi sabitlik, dinamik iqtisadi artım, yoxsulluğun azaldılması və əhalinin sosial rifahının yüksəldilməsi sahəsində qazanılan uğurlar Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən sistemli və ardıcıl fəaliyyətin nəticəsidir.
İqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması, makroiqtisadi sabitliyin qorunması, monetar və fiskal siyasətin koordinasiyasının gücləndirilməsi, biznes mühitinin yaxşılaşdırılması və özəl sektorun dəstəklənməsi, maliyyə xidmətləri bazarının inkişaf etdirilməsi, xarici ticarət və investisiya siyasətinin təkmilləşdirilməsi kimi istiqamətləri özündə cəmləşdirir.
Fikrimizcə, keçirilmiş konfrans da bu sahədə konkret bir addım kimi dəyərləndirilə bilər.
Dayanıqlı inkişafın təmin olunmasında sağlam rəqabətin rolu və əhəmiyyəti, haqsız rəqabət və dempinq hallarının aradan qaldırılması yolları, bu istiqamətdə preventiv tədbirlərin görülməsi vacib məsələlərdəndir.
Bu baxımdan, 2023-cü il 28 aprel tarixində Azərbaycan Respublikasının Auditorlar Palatası və İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illiyinə həsr edilmiş “Rəqabət – dayanıqlı inkişafın mühüm amili kimi” mövzusunda keçirilmiş beynəlxalq elmi-praktik konfrans iqtisadi inkişafda rəqabət strategiyasının müəyyən edilməsinə, dayanıqlı inkişafın təmin olunmasına, rəqabət sayəsində tələb və təklifin tarazlaşmasına, məhsul və xidmətlərin qiymətlərinin optimallaşmasına, səmərəsiz fəaliyyət göstərən və normal bazar münasibətlərinin genişlənməsinə əngəllər törədən istehsal subyektlərinin iqtisadi arenadan çıxarılmasına, daha keyfiyyətli və əlçatan nəticələr əldə olunmasına və ən nəhayətində haqsız rəqabət və dempinq kimi neqativ halların aradan qaldırılmasına, bu sahədə mövcud olan problemlərin və qarşıda duran vəzifələrin müəyyənləşdirilməsinə öz töhfəsini vermiş, səmərəli əməkdaşlıq çərçivəsində mütərəqqi dünya təcrübəsinin öyrənilməsi və tətbiqi üçün geniş imkanlar yaratmışdır.
Bakıda təşkil edilən konfrans çərçivəsində rəqabətə davamlı milli iqtisadiyyatın yaradılması, bu sahədə korrupsiyaya qarşı mübarizənin əhəmiyyəti, rəqəmsal iqtisadiyyatda rəqabət siyasətinə rəqəmsal baxış, dost vergi sistemi inkişafın əsas amili kimi, peşəkar xidmətlər sahəsində rəqabətlilik, Azərbaycanda auditor xidməti bazarında rəqabət, istehlak bazarında rəqabət üstünlüyünün təmin edilməsi, müəssisələrin rəqabətqabiliyyətliliyinin və dayanıqlılığının rəqəmsal transformasiya texnologiyaları vasitəsi ilə yüksəldilməsi, ölkə iqtisadiyyatının rəqabətqabiliyyətliliyinin artırılması, Azərbaycanda maliyyə inklüzivliyi və iqtisadi artım məsələlərinə dair məruzələr dinlənilib, təcrübə mübadiləsi və geniş müzakirələr aparılıb.
Konfransda 6 ölkəni (Azərbaycan, Türkiyə, Rusiya, Belarus, Qazaxıstan və Özbəkistan) təmsil edən 100-ə yaxın nümayəndə iştirak etmişdir.
Tədbirə xarici qonaqlarla bərabər, ölkəmizin dövlət və qeyri-hökumət təşkilatlarını, özəl sektoru, kütləvi-informasiya vasitələrini, ali təhsil və elmi-tədqiqat institutlarını təmsil edən nümayəndələr, habelə Auditorlar Palatasının əməkdaşları və üzvləri qatılmışdır. Konfransı Azərbaycan Respublikasının Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli, Auditorlar Palatasının sədri, professor Vahid Novruzov açaraq, onun əhəmiyyətindən danışıb və konfransın işinə uğurlar arzulayıblar.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili hazırda bazarda özəl sektorla yanaşı, dövlət sektorunun da mühüm rol oynadığını bildirib.
T.Mirkişili əlavə edib ki, bu gün qarşıda duran əsas məsələlərdən biri özəl sektor üçün rəqabəti təmin etməkdir: “Son illərdə rəqabətin çox müzakirə edilməsi müsbət haldır. İqtisadiyyat Nazirliyinin gördüyü tədbirlər bu gün sahibkarlar arasında rəqabət aparmaq üçün elə də ciddi maneənin olmamasına gətirib çıxarır”.
Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli konfrans iştirakçılarına qurumun fəaliyyət istiqamətləri, xüsusilə rəqabətin təmin edilməsi sahəsində görülən işlər barədə məlumat verib.
Bildirilib ki, milli iqtisadiyyatın rəqabətqabiliyyətinin artırılması və iqtisadiyyatın müxtəlif sahələrində səmərəli rəqabət mühitinin formalaşdırılması məqsədilə “Rəqabətin inkişafı və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2023-2026-cı illər üçün Milli Fəaliyyət Proqramı”nın layihəsi hazırlanaraq aidiyyəti üzrə təqdim olunub. Dövlət Xidməti tərəfindən “Ticarət fəaliyyəti haqqında” yeni Qanun layihəsinin üzərində işlərin aparıldığı da vurğulanıb. Qeyd olunub ki, bu qanun ölkə ərazisində ticarət fəaliyyətinin təşkili və həyata keçirilməsinin hüquqi əsaslarını və bu sahədə sahibkarlıq subyektləri arasında yaranan münasibətləri tənzimləyəcək, mikro, kiçik və orta sahibkarlıq subyektlərinin bazara girişini asanlaşdıracaq, onların iri sahibkarlıq subyektləri qarşısında mənafelərini təmin edəcək.
Auditorlar Palatasının sədri, professor Vahid Novruzov bazar iqtisadiyyatı şəraitində rəqabətin inkişafının və səmərəliliyin əsas amillərindən biri olmasının inkar olunmaz fakt olduğunu bildirib.
V.Novruzov “rəqabət”i çox obrazlı şəkildə ifadə edən müstəqil Azərbaycanın memarı və dövlət quruculuğu konsepsiyasının müəllifi, ümummilli lider Heydər Əliyevin 2002-ci il aprel ayının 25-də Prezident sarayında yerli sahibkarlarla görüşündə “Bazar iqtisadiyyatı rəqabətdir”, başqa bir çıxışında isə “Azərbaycanda sağlam rəqabət əhval-ruhiyyəsi yaranmalıdır” ifadələrini konfrans iştirakçılarının diqqətinə çatdırıb.
Onun sözlərinə görə, məhz rəqabət sayəsində tələb və təklifin tarazlaşmasına, məhsul və xidmətlərin qiymətlərinin optimallaşmasına, səmərəsiz fəaliyyət göstərən və normal bazar münasibətlərinin genişlənməsinə əngəllər törədən istehsal subyektlərinin iqtisadi arenadan çıxarılmasına, daha keyfiyyətli və əlçatan nəticələr əldə olunmasına imkan yaranır.
Təəssüf ki, haqlı rəqabətin boğulması, bu zaman təkcə peşəkar etik qaydaların pozulması yox, hətta bəzən cinayət yollarından istifadə halları iqtisadiyyatın bütün sahələrində, o cümlədən auditor xidməti sahəsində də qalmaqdadır. Biz bu gün belə pozuntulara qarşı mübarizə yollarını birgə müzakirə edib, tədbirlər müəyyənləşdirib, tətbiq yollarını araşdırmalıyıq. Əks halda haqsız rəqabət və dempinq kimi neqativ hallar iqtisadi inkişafı, o cümlədən, bazar münasibətlərini əngəlləməsi ilə bir sıra mənfi nəticələrin törədicisinə çevrilə bilər.
V.Novruzov, eyni zamanda Prezident İlham Əliyevin təsdiq etdiyi Dövlət proqramlarında, Milli Fəaliyyət və Milli Prioritetlərə həsr olunmuş sənədlərdə, çoxsaylı məruzə, çıxış və görüşlərində rəqabət mövzusunu daim diqqət mərkəzində saxladığını qeyd edib.
Daha sonra konfrans öz işini məruzələrin təqdimatı ilə davam etdirib.
Milli Məclisin deputatı, Azərbaycan İqtisadçılar İttifaqının sədri, akademik Ziyad Səmədzadə “Rəqabətə davamlı milli iqtisadiyyatın yaradılması barədə” mövzusunda məruzə ilə çıxış edərək, Azərbaycanın dünyanın neft siyasətində, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan ölkələrdən biri olduğunu bildirib.
Z.Səmədzadə eyni zamanda Ulu Öndər Heydər Əliyevin düşünülmüş siyasəti, ölkənin iqtisadi təhlükəsizliyinin təmin edilməsi ilə bağlı gördüyü tədbirlər nəticəsində ərazisinin o qədər böyük olmamasına baxmayaraq, respublikamızın dünyanın mühüm nəqliyyat mərkəzlərindən birinə çevrildiyini vurğulayıb. Onun sözlərinə görə, 20 ilə yaxındır ki, Auditorlar Palatası ilə birlikdə ölkədə sahibkarlığın inkişafı, yeni iqtisadi sistemin qurulması ilə əlaqədar olaraq xeyli iş görülüb.
Z.Səmədzadə vurğulayıb ki, əgər bir ölkə özünün qlobal səviyyədə nəqliyyat təhlükəsizliyini təmin edə bilirsə, bu, onun ən böyük nailiyyətlərindən biri sayılır.
İqtisadiyyat Nazirliyi yanında İctimai Şuranın sədri, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov
“Rəqəmsal iqtisadiyyatda rəqabət siyasətinə rəqəmsal baxış” mövzusunda məruzə ilə çıxış edərək, sahibkarlığın azad və sağlam rəqabət mühitinin formalaşmasında rolundan bəhs edərək, rəqabətin biznes sektorunun səmərəliliyi və iqtisadi artıma təsirləri barədə fikirlərini bölüşüb.
“Dost vergi sistemi inkişafın əsas amili kimi” mövzusunda çıxış edən Türkiyə Sertifikatlı Mühasiblər Palataları Birliyinin (TÜRMOB) İdarə heyətinin üzvü, professor Cemal İbiş rəqabət, davamlı inkişaf və rəqabət qabiliyyətinin təmin edilməsində “İnkişaf Dostu Vergi Sistemi”ndən bəhs edib.
Cemal İbiş “İnkişaf Dostu Vergi Sistemi”ndən bəhs edərkən iqtisadi artımı həyata keçirmək və insanların rifahını yaxşılaşdırmaq üçün lazımi maliyyə tədbirləri görən ölkənin inkişafı üçün əlverişli vergi sistemi müəyyən edilə biləcəyini vurğulayıb.
O, TÜRMOB tərəfindən 2020-2022-ci illər ərzində hazırlanan “İnkişaf Dostu Vergi Sistemi”nin tətbiq edildiyi halda tərəflərin rəqabət mühitində davamlı inkişafla bağlı məqsədlərinə nail olacağını və insanların rifah səviyyəsinin yüksələcəyini bildirib.
Qazaxıstan Respublikası Auditorlar Palatasının icraçı direktoru Akan Arıstan “Auditor fəaliyyəti üzrə Peşəkar Şura - konsepsiya, məqsədlər, onların reallaşması və yeni addımlar” mövzusunda çıxış edərək, Qazaxıstan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş haqsız rəqabətin növlərindən, auditor xidməti bazarında haqsız rəqabət, onun həlli yollarından və haqsız rəqabətə qarşı mübarizədə Qazaxıstan Respublikası Auditorlar Palatasının rolundan bəhs edib.
Rusiya Federasiyasının “Sodrujestvo” Özünütənzimləyən Auditor Təşkilatları Assosiasiyasının Baş direktoru Olqa Nosova “Auditor xidmətlərinin göstərilməsi zamanı haqsız rəqabətlə mübarizədə Auditorların Peşəkar Birliklərinin fəaliyyəti haqqında (Rusiya Federasiyasının timsalında)” mövzusunda çıxış edərək, Rusiya Federasiyasında audit xidmətləri bazarında haqsız rəqabətin əlamətlərindən, haqsız rəqabətin mümkün nümunələrindən, auditor xidmətlərinin göstərilməsində haqsız rəqabət əlamətlərinin mövcudluğunu göstərən risklərin müəyyən edilməsi qaydalarından və metodlarından bəhs edib.
“Rəqabətlilik mühitinin təminində korrupsiyaya qarşı mübarizənin əhəmiyyəti” mövzusunda çıxış edən Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin rəisi Natiq Eyvazov ötən il yeni inki-
şaf mərhələsinin doğurduğu zərurətdən irəli gələrək təsdiq edilimiş növbəti konseptual sənədlərin - “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın və “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” rəqabətə mənfi təsirlərin qarşısının alınması baxımından mühüm əhəmiyyətə malik olduğunu və həmin sənədlərin uzunmüddətli perspektivdə ölkədə dinamik sosial-iqtisadi inkişafın davamlılığına böyük töhfə verəcəyini vurğulayıb.
“Deloitte and Touche” MMAC-nin Audit üzrə direktoru Elxan Əliyev “Peşəkar xidmətlər sahəsində rəqabətlilik” mövzusunda çıxış edərək bildirib ki, problemlərin həlli və haqsız rəqabətin minimuma endirilməsində həm xidmətləri alan şirkətlər, həm xidmətləri göstərən şirkətlər, həm də dövlətin nəzarətedici orqanı məsulliyyət daşıyır. Xidməti alan şirkətlər öz daxili nəzarət sistemini gücləndirməli və alınan xidmətlərin keyfiyyətinə mümkün qədər nəzarət etməlidir. Xidmətləri təklif edən şirkətlər daima qanunvericiliyin və standartların tələblərini layiqincə yerinə yetirməli və keyfiyyətli iş təhvil verməyə çalışmalıdır. Dövlətin nəzarətedici orqanları tərəfindən isə hüquqi baza təkmilləşdirilməli və nəzarət mexanizmi gücləndirilməlidir.
Auditorlar Palatasının Auditin innovativ inkişafı, operativ tənzimləmə və keyfiyyətin idarə edilməsi idarəsinin rəisi Qoşqar Əhmədov “Azərbaycanda auditor xidməti bazarında rəqabət” mövzusunda çıxış edərək, auditdə sağlam rəqabətin əsaslarından, haqsız rəqabətin audit peşəsinə təsirindən, haqsız rəqabətin qarşısının alınması üçün Auditorlar Palatası tərəfindən görülən tədbirlərdən, Auditorlar Palatası tərəfindən 2022-ci ilin “Haqsız rəqabətə qarşı mübarizə ili” elan edilməsindən, Haqsız Rəqabətə qarşı Mübarizə üzrə Komitənin yaradılmasından, “Auditor xidməti sahəsində haqsız rəqabət və reklam qadağası haqqında Əsasnamə”dən, “Auditor fəaliyyəti sahəsində haqsız rəqabət hallarının qarşısının alınmasına dair Prosedur Qaydalar”dan, Audit xidmətlərinin göstərilməsi üçün haqların müəyyən edilməsi prinsipləri haqqında Əsasnamədən, daxil olan sənədlərin dövriyyəsindən, “Haqsız rəqabətlə mübarizədə Qütb Ulduzumuz” kitabından, “Azərbaycan Respublikasının ərazisində göstərilən auditor xidmətlərinin dəyərinin minimum hədləri” və onun tətbiqi zamanı intizamın pozulmasına görə intizam məsuliyyətindən, rəqəmsallaşmada ədalətli rəqabətdən bəhs edib.
Özbəkistanın Milli Mühasiblər və Auditorlar Assosiasiyasının sədri Münəvvər Tulaxocayeva “Özbəkistanın auditor xidmətləri bazarında haqlı rəqabətin inkişafı üçün vektor” mövzusunda çıxış edərək, Özbəkistanda audit xidmətləri bazarından, Özbəkistan Respublikasının “Rəbabət haqqında” Qanunundan, Özbəkistanda auditor xidmətləri bazarının inkişafının əsas mərhələlərindən, 2021-ci ildən yeni qüvvəyə minən Özbəkistan Respublikasının “Auditor fəaliyyəti haqqında” Qanununda haqsız rəqabətin qarşısının alınmasına dair müddəalardan bəhs edib.
Azərbaycan Kooperasiya Universitetinin Tədris işləri üzrə prorektoru Fikrət Quliyev “Marketinq istehlak bazarında rəqabət üstünlüyünün təmin edilməsi vasitəsi kimi” mövzusunda çıxış edərək, bildirib ki, şirkətlərdə marketinq strategiyalarının uğurla reallaşdırılması sahəsində sağlam rəqabət mühitinin olması da vacib məsələlərdəndir. Belə mühitin formalaşması üçün müvafiq qanunvericilik bazası iqtisadi inkişafın çağırışlarına uyğun olaraq davamlı şəkildə təkmilləşdirilməli və Rəqabət Məcəlləsi qəbul edilməlidir. Rəqabət Məcəlləsinin qəbul edilməsi Azərbaycanda rəqabət mühitində və antiinhisar siyasətində rəqabəti və azad sahibkarlığı təşviq etməklə, həm iqtisadiyyatın inkişafını, həm də istehlakçıların rifahını, məhsul və xidmətlərin keyfiyyətini təmin edəcək.
“Belarus Respublikasında audit xidmətləri bazarında rəqabət: haqlı rəqabət peşənin inkişafına necə kömək edə bilər?” mövzusunda çıxış edən Belarus Respublikası Auditorlar Palatasının Beynəlxalq Standartların tətbiqi üzrə komitəsinin sədri Aleksandra Qridyuşko Belarus Respublikasında auditor xidmətləri bazarının hazırkı vəziyyətini nəzərə alaraq, islahatların aparılmasının zərurətindən, onun rəqabətqabiliyyətli vəziyyətə gətirilməsi üçün əhəmiyyətli səylərə ehtiyac olduğundan bəhs edib. Eyni zamanda, tədbir zamanı başqa ölkələrin nümayəndələri tərəfindən səsləndirilən qabaqcıl xarici təcrübələrin ölkədə tətbiqinin qarşıya qoyulan vəzifələrin icrasını xeyli sürətləndirəcəyini bildirib.
AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, professor Əlövsət Əliyev “Müəssisələrin rəqabətqabiliyyətliliyinin və dayanıqlılığının rəqəmsal transformasiya texnologiyaları vasitəsi ilə yüksəldilməsi məsələləri” mövzusunda çıxış edərək, rəqəmsallaşmanın iqtisadiyyatın dayanıqlılıq və modernizasiya amili olmasından, rəqəmsal transformasiyalar şəraitində rəqabətqabiliyyətlilik və dayanıqlılıq problemlərindən, müəssisələrin fəaliyyət səmərəliliyinin yüksəldilməsində Sənaye 4.0 platformasının tətbiqi məsələlərindən, rəqəmsal innovasiyaların transferi şəraitində müəssisələrin dayanıqlı fəaliyyəti və rəqabətqabiliyyətliliyinin yüksəldilməsi istiqamətlərindən, rəqəmsal texnologiyaların və transformasiyaların rəqabətliliyə təsiri aspektlərindən danışıb.
Azərbaycan İqtisadçılar İttifaqının sədr müavini, Beynəlxalq Menecment Akademiyasının müxbir üzvü, dosent Elşad Səmədzadə “Haqsız rəqabətlə mübarizə iqtisadi inkişaf amili kimi” mövzusunda çıxış edərək rəqabət termininin müxtəlif dillərdə anlamından, mənşəyindən, cəmiyyətin iqtisadi məqsədlərinə rəqabətli şəkildə çatmağın yollarından, rəqabətlə bağlı müxtəlif aforizmlərdən və Azərbaycan Respublikasının qanunvericiliyində sahibkarlıq fəaliyyəti sahəsində rəqabətə dair müddəalardan, Azərbaycanda maliyyə bazarında rəqabət indekslərindən bəhs edib.
Azərbaycan Respublikası Mərkəzi Bankının Tədqiqatlar Departamentinin Makroiqtisadi tədqiqatlar şöbəsinin iqtisadçısı Zübeydə İmanova “Azərbaycanda maliyyə inklüzivliyi və iqtisadi artım” mövzusunda çıxış edərək, maliyyə inklüzivliyi və iqtisadi artım arasındakı əlaqədən, Maliyyə İnklüzivliyi İndeksindən danışaraq, Azərbaycanda həyata keçirilən maliyyə islahatlarının həm qısa, həm də uzunmüddətli perspektivdə iqtisadi artıma təsirindən bəhs edib. Konfransın yekununda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, müvafiq təkliflər verilmişdir.
Konfransa bağlanış nitqi ilə yekun vuran Auditorlar Palatasının sədri, professor Vahid Novruzov tədbirdə səsləndirilən fikirlərin reallaşdırılmasının ölkə iqtisadiyyatının səmərəli təşkili və dayanıqlı inkişafına, haqsız rəqabət və dempinq hallarının aradan qaldırılmasına və bu istiqamətdə qabaqlayıcı tədbirlərin görülməsinə, habelə inhisarsızlaşdırma mühitinin təmin edilməsinə öz müsbət töhfəsini verəcəyini vurğulayıb.
O, həmçinin konfrans gününün Azərbaycanın görkəmli alimi, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əziz qızı Əliyevanın anadan olmasının 100 illiyinə təsadüf etdiyini qeyd edərək, konfrans iştirakçılarına bildirib ki, Akademik Zərifə Əliyeva zəngin mənəviyyata sahib əsl ziyalı kimi mənalı ömür yolu keçmiş, əhatəli elmi fəaliyyəti ilə ölkəmizdə tibb sahəsinin inkişafına əhəmiyyətli töhfələr vermişdir. Alimin oftalmologiyanın aktual məsələlərinə dair uzunmüddətli araşdırmalarının uğurlu nəticəsi olan sanballı əsərləri həmişə təqdirlə qarşılanmış və yüksək qiymətə layiq görülmüşdür.
Konfrans çərçivəsində Azərbaycan Respublikasının Auditorlar Palatası ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti arasında Əməkdaşlıq Sazişi imzalanıb. Sazişə əsasən tərəflər auditor xidmətlərinin dövlət satınalmaları zamanı rəqabət prinsiplərinin təşviqi və bu istiqamətdə sahibkarlıq subyektlərinin maarifləndirilməsi məqsədilə birgə tədbirlər həyata keçirəcək, metodiki təlimatlar hazırlayacaq və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlıq edəcəklər.
Tədbirin gedişi ölkəmizdə fəaliyyət göstərən KİV-də, o cümlədən televiziya kanallarında, saytlarda və digər mediada geniş işıqlandırılmışdır.
Hal-hazırda konfransa təqdim edilən məqalələr, məruzə və tezislər Auditorlar Palatası tərəfindən təhlil olunur, yaxın günlərdə konfransın materialları dərc ediləcək və tövsiyələr hazırlanaraq müvafiq qurumlara təqdim ediləcəkdir.
Əminik ki, “Rəqabət dayanıqlı inkişafın mühüm amili kimi” mövzusunda keçirilmiş beynəlxalq elmi-praktik konfrans və əldə edilmiş qabaqcıl beynəlxalq təcrübəyə dair materiallar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin proqram xarakterli göstəriş və tövsiyələrini rəhbər tutaraq, ölkədə rəqabətə davamlı və dayanıqlı milli iqtisadiyyatın yaradılmasında, azad sahibkarlığın inkişafında, auditor xidmətlərinin keyfiyyətinin artırılması və bu sahədə haqsız rəqabətin qarşısının alınmasında, habelə ölkə rəhbərliyi tərəfindən qarşıya qoyulan məsələlərin həllində mühüm rol oynayacaqdır.
Fəqan Qarayev,
Azərbaycan Respublikasının
Auditorlar Palatası sədrinin müşaviri