Bərdə rayonunda “Heydər Əliyev və Azərbaycanda pambıqçılığın inkişafı” mövzusunda konfrans keçirilib
“Azərbaycan Sənaye Korporasiyası” ASC, Bərdə rayon İcra Hakimiyyəti və “Azərpambıq ASK” MMC-nin birgə təşkilatçılığı ilə keçirilən konfransda dövlət və hökumət rəsmiləri, yerli icra hakimiyyəti və ictimaiyyət nümayəndələri, o cümlədən fermerlər iştirak edib.
Əvvəlcə tədbir iştirakçıları tərəfindən ümummilli lider Heydər Əliyevin Bərdə şəhər mərkəzində yerləşən abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub.
Konfransın davamı olaraq iştirakçılar Mədəniyyət Mərkəzinin foyesində görkəmli şəxsiyyət Heydər Əliyevin və ölkə Prezidenti cənab İlham Əliyevin Azərbaycanda pambıqçılığın inkişafındakı müstəsna xidmətlərinə həsr olunmuş fotostendlə tanış olublar.
Tədbir Dövlət Himninin səsləndirilməsindən sonra Ümummilli Lider Heydər Əliyev və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Konfrans “Heydər Əliyev və Azərbaycanda pambıqçılığın tarixi” adlı sənədli filmin nümayişi ilə davam edib.
Tədbiri giriş sözü ilə açan Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev ulu öndərin Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdən, onun yürütdüyü siyasi kursdan söz açıb, ölkəmizin sürətli və uzunmüddətli inkişafının, son onilliklər ərzində qazandığı uğurların ümummilli liderin adı ilə bağlı olduğunu vurğulayıb.
“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Baş direktoru Kamran Nəbizadə ümummilli lider Heydər Əliyevin mənalı həyat yolundan və misilsiz xidmətlərindən danışıb. Baş direktor bildirib ki, Heydər Əliyevin 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildikdən sonra kənd təsərrüfatını ölkənin inkişafında prioritet sahələrdən biri elan etməsi və aqrar sahədə, o cümlədən pambıqçılıqda həyata keçirdiyi islahatlar, verdiyi vacib qərarların nəticəsi olaraq ölkəmizdə pambıqçılığın sürətli inkişafı məhz ulu öndərin adı ilə bağlıdır. Qeyd edilib ki, ümummilli liderin mütəmadi olaraq rayonlara etdiyi səfərlər zamanı təsərrüfatla birbaşa yerindəcə tanış olması, zəhmətkeşlərlə keçirdiyi çoxsaylı səmimi görüşlər, bölgələrdə pambıqçılıq üzrə keçirilən ənənəvi zona müşavirələri kənd təsərrüfatının bu strateji sahəsində yeni inkişaf dövrünün başlanğıcı olub. Heydər Əliyev məktəbinin layiqli davamçısı, bütün sahələrdə uğurlara imza atan islahatçı lider Prezident İlham Əliyevin pambıqçılığın inkişafı ilə bağlı apardığı məqsədyönlü siyasətdən danışan “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Baş direktoru Kamran Nəbizadə ölkə rəhbərinin birbaşa tapşırıq və göstərişlərinə əsasən aqrar sektorun bu sahəsinin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu vurğulayıb.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ziyad Səmədzadə bildirib ki, müasir Azərbaycan dövlətinin qurucusu, memarı Heydər Əliyevin sayəsində ölkəmiz dünyada tanınan, inkişaf edən, çiçəklənən bir respublikadır.
Ziyad Səmədzadə qeyd edib ki, bu gün Azərbaycan Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasının həyata keçməsi nəticəsində yeni inkişaf mərhələsinə qədəm qoyub. Buna görə də Heydər Əliyev əbədiyaşar bir liderdir.
Sosialist Əməyi Qəhrəmanı, Prezident təqaüdçüsü Tərlan Musayeva ulu öndər Heydər Əliyev ilə bağlı xatirələrini konfrans iştirakçıları ilə bölüşərək, görkəmli şəxsiyyətin hər zaman pambıqçılara olan diqqət və qayğısından danışıb.
Konfransın sonunda 2022-ci ildə istehsalatda fərqlənmiş pambıqçı fermerlərə “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Baş direktoru Kamran Nəbizadə, Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ziyad Səmədzadə və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri cənab Rafail Quliyev tərəfindən Fəxri Fərmanlar təqdim olunub.