MƏQALƏLƏR

Azərbaycanda BMT-nin İnkişaf Təşəbbüslərinin həyata keçirilməsində Heydər Əliyevin rolu

  • 11.05.2023

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar keçirilən və Azərbaycanda BMT-nin inkişaf təşəbbüslərinin həyata keçirilməsində Ümummilli Liderin roluna həsr olunmuş tədbirdə Ulu Öndərin Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin möhkəmlən­dirilməsi istiqamətində atdığı addımlar, regional və qlobal ener­ji layihələrində ölkəmizi etibar­lı tərəfdaş olaraq tanıtması, bey­nəl­­xalq təş­kilatlarla, xüsusilə BMT-nin ixtisaslaşmış qurumları ilə əlaqə­lərin yaradılması və möhkəmlən­dirilməsi istiqamətin­də misilsiz fəaliyyəti vurğulanıb.
2023-cü ildə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 ilinin tamam olması ilə əlaqədar İqtisadiyyat Nazirliyində “Azərbaycanda BMT-nin inkişaf təşəbbüslərinin həyata keçirilməsində Heydər Əliyevin rolu” mövzusunda Konfrans keçirilib.

“Azərbaycan son 30 ildə sürətlə inkişaf edən ölkələrdən biridir”
“Ulu Öndər Heydər Əliyevin xal­qımız qarşısında misilsiz xid­mət­ləri var. Heydər Əliyev müs­təqil Azərbaycan dövlətini qurarkən onun bir neçə xüsusi dəyərləri, hesab edirəm ki, indiki dünyanın qəbul etdiyi dəyərləri mənimsəməsi baxımından xüsusi əhəmiyyət kəsb edirdi”.
Bu barədə Baş nazirin müavini Əli Əhmədov mayın 11-də keçirilən “Azərbaycanda BMT-nin İnkişaf Təşəbbüslərinin həyata keçirilməsində Heydər Əliyevin rolu” mövzusunda tədbirdə deyib.
“Heydər Əliyev böyük müdrikliyə və təcrübəyə malik olduğundan öz ölkəsini qurarkən demokratiya yolunu təsadüfən seçməyib. Ümummilli Lider Heydər Əliyevin qarşıya qoyduğu əsas məqsədlərdən biri də Azərbaycanın beynəlxalq inteqrasiyasının təmin edilməsi idi. Azərbaycan BMT-nin bir sıra layihələrində yaxından iştirak edir. Hesab edirəm ki, bütün bunlar ölkəmizin hörmət və nüfuzunun, eləcə də iqtisadi potensialının artmasına töhfə verir. Azərbaycan son 30 ildə sürətlə inkişaf edən ölkələrdən biridir.
Heydər Əliyevin müəyyənləşdirdiyi yol bu gün də Azərbaycan cəmiyyətində qəbul edilir”, - deyə Ə.Əhmədov qeyd etmişdir.

“Bugünkü uğurlarımızın əsasında Ulu Öndərinmüstəsna xidmətləri dayanır”
“Xalqımızın Ümummilli Lideri, müasir, müstəqil dövlətimizin qurucusu Heydər Əliyev Azərbaycan tarixində ən yüksək yer tutan böyük şəxsiyyətlərdən biridir. Hamımız onun müasir Azərbaycan dövlətinin formalaşmasında, ölkəmizin sosial-iqtisadi inkişafında misilsiz xidmətlərini dərin rəğbətlə xatırlayırıq”.
Bu fikirləri tədbirdə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Nazir bildirib ki, Heydər Əliyevin 1969-cu ildə ilk dəfə Azərbaycanın rəhbəri təyin olunduğu vaxtdan ölkəmizin tərəqqi və rifah yolu başladı. 1969-1982-ci illərdə həyata keçirilən sosial-iqtisadi proqramlar nəticəsində Azərbaycan sürətlə inkişaf etdi və Sovet İttifaqında qabaqcıl respublikalardan birinə çevrildi. Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xalqımız qarşısındakı ən böyük xidmətlərindən biri Azərbaycan dövlətçiliyinin xilası və ölkənin siyasi tarixində yeni bir mərhələnin açılmasıdır. Müstəqilliyin ilk illərində Azərbaycanın qarşılaşdığı ağır siyasi və iqtisadi problemlər, Ermənistanın hərbi təcavüzü mövcud vəziyyəti daha da çətinləşdirmişdi. Bu çətin dövrdə məhz Heydər Əliyevin göstərdiyi liderlik məharəti, strateji qərarları sayəsində Azərbaycanda güclü və müstəqil dövlət, səmərəli, davamlı inkişaf edən iqtisadiyyat və rifahlı, azad cəmiyyət formalaşmışdır.
Diqqətə çatdırılıb ki, Heydər Əliyev özünün zəngin iqtisadi bilik və təcrübəsi əsasında Azərbaycanın yeni dövr üçün iqtisadi inkişaf yolunu dəqiq müəyyənləşdirmişdi. Demokratik inkişaf yolunu seçmiş bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da bazar iqtisadiyyatı prinsipləri - xüsusi mülkiyyətçilik, azad sahib­karlıq fəaliyyəti, özəlləşdirmə, qeyri-neft sektorunun, sənayenin inkişafı və sosial infrastrukturun yeniləşdirilməsi prioritet seçildi. “Əsrin müqaviləsi”nin imzalanması isə Azərbaycan iqtisadiyyatında əsaslı dönüş yaratdı. Uzaqgörən neft strategiyasının uğurla həyata keçirilməsi ölkəmizin gələcək dayanıqlı inkişafının əsasını qoydu.
“Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin möhkəmləndirilməsi Ulu Öndərin diqqət yetirdiyi əsas məsələlərdən idi. 1992-ci ildən üzv olduğu BMT ilə əməkdaşlığın inkişaf etdirilməsində də Ümummilli Liderin BMT Baş Məclisindəki çıxışlarının böyük rolu olub. Heydər Əliyev çıxışlarında Azərbaycanın siyasi-iqtisadi vəziyyəti və dünya birliyinə münasibətdə siyasətinin prinsiplərini bəyan edib və Ermənistanın Azərbaycana qarşı təcavüzü haqqında geniş məlumat verərək bunun nəticəsində Azərbaycanın düşdüyü çox ağır vəziyyəti BMT üzvlərinə çatdırıb. Bununla yanaşı, Heydər Əliyevin iştirakı ilə Azərbaycan 2000-ci ilin sentyabrında BMT-nin əksər üzv ölkələri ilə birlikdə Nyu-Yorkda “Minilliyin Sammiti”ndə 2015-ci ilədək olan dövrdə dünyada insanların yaşayışında əhəmiyyətli müsbət dəyişikliklər yaratmaq üçün ümumi çərçivəni müəyyən edən Minilliyin Bəyannaməsini qəbul etmişdir. Bu bəyannamədə səkkiz qlobal Minilliyin İnkişaf Məqsədi (MİM) əks olunmuşdu. Ölkəmizdə MİM-lərə nail olunması məqsədilə kompleks tədbirləri əhatə edən “2003–2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı”, “2008–2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf üzrə Dövlət Proqramı”, regionların sosial-iqtisadi inkişafı istiqamətində 3 dövlət proqramı (2004-2008, 2009-2013 və 2014-2018-ci illər üzrə) qəbul olunmuşdur. Nəticədə Azərbaycan Minilliyin İnkişaf Məqsədləri üzrə bir çox hədəflər, xüsusilə yoxsulluğun azaldılması, təhsil səviyyəsinin yüksəldilməsi, gender bərabərliyi və ətraf mühitin qorunması sahəsində vəziyyətin yaxşılaşdırılması, uşaq və ana ölümü hallarının azaldılması, təhlükəli yoluxucu və digər xəstəliklərə qarşı mübarizənin gücləndirilməsi və tərəqqi naminə qlobal tərəfdaşlıqda iştirakın genişləndirilməsi üzrə mühüm nailiyyətlər əldə etmişdir”, - deyə nazir qeyd edib. Bildirilib ki, ən mühüm nəticə kimi, Azərbaycan Minilliyin İnkişaf Məqsədləri çərçivəsində yoxsulluğun yarıya qədər azaldılması öhdəliyini götürən 128 ölkə arasında bu öhdəliyi yerinə yetirən 18 ölkədən biri olmaqla yanaşı, dünyada yoxsulluğun 5 faizdən aşağı endirilməsinə nail olan 29 ölkə sırasında yer alıb. Ölkəmiz 2010-cu ildə “orta insan inkişafı” statusuna malik ölkələr qrupundan çıxaraq “yüksək insan inkişafı” kateqoriyasına daxil olub.
Minilliyin inkişaf bəyannaməsinin davamı olaraq Respublikamız 2015-ci ilin sentyabr ayında “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”dən irəli gələn Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) qoşulmuşdur: “Dayanıqlı İnkişaf Məqsədlərinin icrası ölkədə uğurla davam etdirilir, biz artıq bu istiqamətdə dünyada 10 ölkədən biri, regionda ilk ölkə olaraq BMT-nin Yüksək Səviyyəli Siyasi Forumuna 3 hesabat təqdim etmişik, növbəti hesabatın gələn il təqdim olunması nəzərdə tutulur. DİM-lərin icrası eyni zamanda, bizim ölkəmiz üçün çox uğurlu bir tarixi dövrə təsadüf edir. Heydər Əliyevin müəyyən etdiyi strategiya üzrə Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə Vətən müharibəsi Zəfərlə başa çatdı və torpaqlarımız işğaldan azad olundu. Azad olunan Şuşada biz keçən ilin martında BMT ilə əməkdaşlığımızın 30 illiyini ən yüksək səviyyədə qeyd etdik”.
İqtisadiyyat naziri deyib: “Şüb­həsiz ki, yaxın gələcəkdə qarşımızda duran əsas məsələ işğaldan azad edilmiş ərazilərimizin bərpası ilə bağlıdır. Bu proses soydaşlarımızın əzəli torpaqlarımıza Böyük qayıdışı ilə üst-üstə düşür. Sahibkarlara və investorlara Qarabağda biznes qurmaqda dövlət tərəfindən zəruri dəstək təmin edilir, güzəşt və imtiyazlar verilir, mühüm infrastruktur layihələri həyata keçirilir. Ancaq azad edilmiş torpaqların reabilitasiyasına mane olan əsas məqam bu ərazilərin minalanmasıdır. Bu, sürətli reinteqrasiyaya əngəl törədir. Minatəmizləmə ilə bağlı Azərbaycanda fəaliyyət göstərən BMT Agentlikləri ilə bu istiqamətdə layihələrin icrasının daha da genişləndirilməsi mühüm əhəmiyyət kəsb edir.
Bu il martın 2-də Bakıda keçiril­miş Qoşulmama Hərəkatının COVID-19-a Qarşı Mübarizə üz­rə Təmas Qrupunun Zirvə Görüşündə Prezident tərəfindən minatəmizləmə fəaliyyətinin 18-ci Dayanıqlı İnkişaf Məqsədi kimi BMT-nin 2030 Gündəliyinə əlavə edilməsi təşəbbüsü irəli sürülmüşdür. Artıq bu istiqamətdə İqtisadiyyat Nazirliyi tərəfindən aidiyyəti orqanlarla birlikdə milli, 18-ci Dayanıqlı İnkişaf Məqsədinin layihəsi hazırlanıb və Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasına təqdim edilib. Bu gün biz ərazi bütövlüyünü bərpa etmiş, güclü, dünyada nüfuzlu və etibarlı tərəfdaş ölkədə yaşayırıq. Ehtiramla yad etdiyimiz Ulu Öndər Heydər Əliyev məhz belə qüdrətli bir Azərbaycanı görmək arzusunda idi. Bugünkü uğurlarımızın əsasında Ulu Öndərin müstəsna xidmətləri dayanır. Ümummilli Liderin əziz xatirəsi hər birimizin qəlbində daim yaşayır və bundan sonra da əbədi olaraq yaşayacaqdır!”

“Heydər Əliyevin ideyaları Azərbaycanın davamlı və keyfiyyətli inkişafının əsasıdır”
Bu fikirləri tədbirdə Akademik Ziyad Səmədzadə səsləndirib. O qeyd edib: “Azərbaycanın müs­tə­qilliyinin ilk illərində başabəla islahatçıların professionallıqdan uzaq, reallığı nəzərə almayan addımları nəticəsində respublikamızın sosial-iqtisadi göstəricilər 70-ci illərdəki göstəricilərlə müqayisədə xeyli pisləşdi. 1993-cü ilin may-iyununda hökumət böhranının son dərəcə kəskinləşməsi nəticəsində Azərbayca­nın müstəqilliyinin itirilməsi təh­­lükəsi yarandıqda xalqımızın tə­­ləbi ilə zəngin dövlətçilik təcrübəsinə malik olan Heydər Əliyev yenidən böyük siyasətə qayıtdı. O, Azərbaycanı ağır fəlakətdən qurtarmaq üçün Azərbaycanın dövlətimizin milli mənafelərinə uyğun inkişaf strategiyasını hazırladı.
Heydər Əliyev böhran vəziyyətində olan iqtisadiyyatı dirçəltmək və bununla da ölkənin müstəqilliyini qorumaq, iqtisadi təhlükəsizliyini təmin etmək üçün neft amilini ön plana çəkdi. Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il 20 sentyabrda “Əsrin müqavilə”si imzalandı.
2002-ci ildə ümummilli lider Heydər Əliyevin davamlı səyləri, sözün əsl mənasında əzmkarlığı, qətiyyəti nəticəsində çoxla­rı­nın əfsanə hesab etdiyi əsas Bakı-Tbilisi-Ceyhan boru kəmərinin təməli qoyuldu. 2006-cı ildə Türkiyənin Ceyhan limanından Azərbaycan neftinin dünya bazarlarına nəqlinə başlanıldı. Azərbaycan “Əsrin müqavilə”sinin davamı olan digər srtateji layihələrə da imza atdı.
Prezident İlham Əliyev bu möhtəşəm uğurlar barədə danışaraq demişdir: “1993-cü ildə, o ağır, məşəqqətli günlərdə Ulu öndər ikinci dəfə hakimiyyətə gəlməsəydi və 1994-cü ildə “Əsrin müqaviləsi” imzalanmasaydı, Azərbaycanın taleyi çox müəmmalı olacaqdı. Ancaq Heydər Əliyevin hakimiyyətə qayıdışı, 1994-cü il sentyabrın 20-də tarixi “Əsrin müqaviləsi”ni imzalaması ilə Azərbaycan müstəqilliyinin, bugünkü uğurlarının, dinamik inkişafının əsası qoyulmuş oldu”. Beynəlxalq təşkilatlarla, o cümlədən BMT ilə əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində xeyli işlər görüldü.
Heydər Əliyev ciddi narahatlıq keçirirdi ki, əhalinin xeyli hissəsi işsizlik, yoxsulluq şəraitində yaşayır, doğma yurdlarından er­məni millətçiləri tərəfindən qo­vulmuş azərbaycanlılıar ağır çətin­liklərlə üzləşirlər. Yaranmış vəziyyətdən mühüm çıxış yolu kimi 2002-ci il oktyabrın 25-də BMT-nin dəstəyi ilə hazırlanmış “Yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı” təsdiq olundu.
Görülmüş tədbirlər yoxsulluğun səviyyəsinin 1993-cü ildəki 80-85 faizdən 2001-ci ildə 2 dəfə azalmasını təmin etdi.
Prezident İlham Əliyev dövlət başçısı kimi fəaliyyətinin ilk günlərindən başlayaraq Ulu öndərin yoxsulluğun azaldılması ilə bağlı arzularının həyata keçirilməsi məqsədilə yeni iş yerlərinin yaradılması, əmək haqlarının artırılması, iqtisadi inkişafı sürətləndirmək üçün bütün imkanlardan istifadə edilməsinə xidmət edən tədbirlərin görülməsi hökumətin vacib vəzifəsi kimi qiymətləndirildi.
Ötən illər ərzində yoxsulluğun azaldılması istiqamətində birmənalı şəkildə qeyd etmək istərdim ki, fundamental işlər görüldü ki, bu da yoxsulluğun dəfələrlə aşağı salınmasını şərtləndirdi. 2022-ci ildə yoxsulluğun səviyyəsi 5% olmuşdu. Əlverişli demoqrafik şəraitə malik olan respublikamızda məşğulluğun artırılması, iqtisadiyyat sahələrinin elmi-texniki səviyyəsinin yüksəldilməsi, peşəkar kadrla təminatın yaxşılaşdırılması istiqamətində böyük işlər görülmüşdür ki, bütün bunlar da insan kapitalından daha səmərəli istifadə olunmasını təmin edəcəkdir”.

“BMT-Azərbaycan tərəfdaşlığı 30 ildən artıq müddətdə uğurla davam edir”

Bu fikri tədbirdə BMT-nin Qaç­qınlar üzrə Ali Komissarının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Bik Lum deyib. O, Heydər Əliyevin Azərbaycan- BMT münasibətlərinin inkişafında, ölkəmizin sosial-iqtisadi sferada əsas hədəflərinə nail olunmasında mühüm xidmətlərini vurğulayıb, BMT-Azərbaycan tərəfdaşlığının 30 ildən artıq müddətdə uğurla davam etdiyini bildirib.
Qeyd olunub ki, Minilliyin İnkişaf Məqsədlərinin icrasına böyük töhfə verən Heydər Əliyevin başladığı təşəbbüslər nəticəsində Azərbaycanda yoxsulluq səviyyəsi 49%-dan 5%-ə enmiş, ölkənin İnsan İnkişafı İndeksində göstəriciləri isə 30 faiz artmışdı. Bik Lum, həmçinin bildirib ki, hazırkı əməkdaşlıq çərçivəsini icra etmək və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün BMT Azərbaycanın bütün səylərini dəstəkləyəcək.


“Ulu Öndər Heydər Əliyev Azərbaycan-BMT əlaqələrinin formalaşmasına və inkişafına olduqca qiymətli töhfə verib”

Bunu BMT-nin Əhali Fondunun (UNFPA) Azərbaycandakı nü­ma­­yəndəliyinin rəhbəri Fərid Ba­ba­yev “Azərbaycanda BMT-nin İn­ki­şaf Təşəbbüslərinin həyata ke­çi­rilməsində Heydər Əliyevin ro­­lu” mövzusunda tədbirdə deyib.

“Heydər Əliyevin hakimiyyəti döv­ründə BMT-nin inkişaf tə­şəb­büslərinin icrasının mühüm fəaliyyət istiqamətləri müəyyən edilib və Azərbaycanın dünya ölkələri ilə daha sıx əlaqələrinin qurulması, humanitar və iqtisadi sahələrdə inkişafı üçün tədbirlər həyata keçirilib. Heydər Əliyevin həmin dövrdə yenicə müstəqillik əldə etmiş ölkənin rəhbəri olaraq sosial siyasəti və onun rəhbərliyi altında başlamış inkişaf prosesləri sayəsində bu gün Azərbaycan bu və bir çox digər sosial-iqtisadi sahədə şübhəsiz parlaq inkişaf göstəriciləri nümayiş etdirir”, - o deyib.
O, UNFPA-nın Azərbaycanda 30 ildən artıq fəaliyyət göstərən nümayəndəliyinin, həmçinin bu inkişafı dəstəklədiyini qeyd edib.
“Azərbaycan hələ 1994-cü ilin sentyabrında əhali və demoqra­fiya sahəsində ən nüfuzlu bey­nəlxalq platforma olan və Qahi­rədə keçirilən “Əhali və inkişaf” üzrə beynəlxalq konfransda iştirak edib. Konfransın nəticələrinə əsasən qəbul edilmiş sənəd BMT-nin Əhali Fondunun növbəti müddət üçün fəaliyyətini yönləndirən əsas çərçivə hesab olunur. Ötən təqribi 30 illik müddət ərzində UNFPA-nın Azərbaycanda fəaliyyəti geniş mənada milli kontekstdə, bu çərçivələrdən irəli gələn çağırışların həllində hökumətə köməklik göstərməkdən ibarət olub. Əhaliyə və onun strukturuna aid göstəricilər hər bir ölkənin təhlükəsizliyinin əsas elementlərini təşkil edir. Bu, həmçinin xalqın genefondunun qorunması, miqrasiya və demoqrafiya kimi məsələlərin həllində mühüm əhəmiyyət kəsb edir. Heydər Əliyevin rəhbərliyi dövründə qəbul edilmiş Azərbaycanın milli inkişaf konsepsiyasının əsasında məhz sosial faktor dayanır - qoyulmuş bütün məqsədlər və görülmüş tədbirlər son nəticədə əhalinin rifahı, sosial müdafiənin gücləndirilməsi, insan kapitalının inkişafı üçün əlverişli şərait yaradıb”, - deyə o əlavə edib.

* * * *

Konfransda BMT-nin Ölkə üzrə Rezident Əlaqələndiricisi xanım Vladanka Andreyeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri xanım Bahar Muradova, millət vəkili cənab Məzahir Əfəndiyev, Dövlət İdarəçilik Akademiyasının rektoru cənab Urxan Ələkbərov çıxış etmişlər.
Konfransda müstəqillik əldə etdikdən sonra ümummilli liderin Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin möhkəmləndirilməsi istiqamətində atdığı addımlar, regional və qlobal enerji layihələrində ölkəmizi etibarlı tərəfdaş olaraq tanıtması, beynəlxalq təşkilatlarla, xüsusilə BMT-nin ixtisaslaşmış qurumları ilə əlaqələrin yaradılması və möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyi fəaliyyətlərə dair müzakirələr aparılmışdır.